• cümə axşamı, 28 mart, 17:22
  • Baku Bakı 16°C

Türkiyənin ikinci böyük qaz tədarükçüsü, Avropa üçün yeni qaz təchizatçısı

08.06.20 15:23 1801
Türkiyənin ikinci böyük qaz tədarükçüsü, Avropa üçün yeni qaz təchizatçısı
Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi və hazırda uğurla həyata keçirilən uzaqgörən neft strategiyası Azərbaycanla bərabər Türkiyə və Gürcüstan üçün də həyatı əhəmiyyətə malik inkişaf dinamikası yaradıb. Bu strategiyanın mühüm elementlərindən biri də TANAP layihəsidir. İyun ayı TANAP-ın istifadəyə verilməsi baxımından tarixi zamandır. Mövzu ilə bağlı oxucuları ətraflı məlumatlandırmaq üçün Türkiyədə fəaliyyət göstərən TANAP şirkətinin baş direktoru Saltuk Düzyola müraciət etdik.
- Saltuk bəy, TANAP şirkətinin fəaliyyəti və əhəmiyyəti barədə ümumi məlumat vermənizi xahiş edirəm. Hazırda şirkətdə ümumilikdə, o cümlədən Azərbaycandan gələn neçə mütəxəssis çalışır?
- 6,5 milyard dollarlıq sərmayə ilə həyata keçirilən, Azərbaycan və Türkiyənin bu günə qədər enerji sahəsində davam edən uğurlu əməkdaşlığının strateji önəmə sahib layihələrindən olan TANAP layihəsi istər Türkiyənin, istərsə də Avropa İttifaqının təbii qaz mənbəyi və marşrutlarını şaxələndirməsini artırması baxımından böyük bir önəm daşımaqdadır. Bu layihə Türkiyəni regionun enerji koridoruna, Azərbaycanı isə Avropanın və Türkiyənin yeni və önəmli qaz təchizatçısına çevirib.Dünya enerji bazarlarında xüsusi yeri olan, Azərbaycan təbii qazını Türkiyə və Avropaya nəql edən 3500 kilometrlik Cənub Qaz Dəhlizinin ən önəmli seqmenti olan TANAP-ın Azərbaycan, Türkiyə və ümumilikdə regionun iqtisadi inkişafında əhəmiyyətli rolu var. Azərbaycanın "Şahdəniz-2” yatağından çıxarılan və digər sahələrdən də hasil ediləcək təbii qazın ilk növbədə Türkiyəyə, ardınca da Avropa bazarına çatdırılmasını təmin edən TANAP layihəsi 1850 kilometr boru xətti, 2 gücləndirici kompressor stansiyası, 4 sayğaclı məntəqə, 49 blok vana birləşməsi, 13 pig stansiyasından ibarətdir. Bu xətt üzərində Türkiyənin Əskişəhər və Trakya bölgələrində 2 qazpaylayıcı stansiya qurulub. Mövcud ötürücülük gücü 16 milyard kubmetr olan TANAP-ın nəqletmə imkanlarını əlavə sərmayə qoyaraq 31 milyard kubmetrə çatdırmaq mümkündür. TANAP-la nəql edilən qazın 6 milyard kubmetri Türkiyədə istifadə olunacaq, 10 milyard kubmetri isə Avropaya ötürüləcək.Türkiyənin 20 vilayəti, 67 rayonu və 600 kəndindən keçən bu xəttin Türkiyə-Gürcüstan sərhəddindən Əskişəhər vilayətinə qədər olan hissəsi 56 düym ölçüsündə, həmin məntəqədən Yunanıstan sərhəddinə qədər olan hissə isə 48 düymlük inşa edilib. Çanaqqala boğazının altı ilə keçən 17,6 kilometrlik qoşa boru xətti isə 36 düym ölçüsündədir.Boru xəttinin "Faza-0” olaraq adlandırılan 56 düymlük hissəsinin açılışı 2018-ci il iyunun 12-də keçirilib və nəql edilən qazın Türkiyədə paylanmasına bundan 18 gün sonra başlanıb. Boru xəttinin "Faza-1” olaraq adlandırılan 48 düymlük hissəsi isə ötən il iyulun 1-də tamamlanıb və Avropaya qaz nəqli üçün hazır vəziyyətə gətirilib.Türkiyə, Yaxın Şərq və Avropanın ən uzun və diametrinə görə ən enli boru kəməri olan TANAP Türkiyənin Şərq-Qərb enerji dəhlizi olmaq hədəfinə çatmaq üçün ehtiyacı olan təbii qaz nəqletmə infrastrukturunun onurğa sütununu formalaşdırır.Bu layihə Azərbaycanla Avropa İttifaqının mövcud iqtisadi və siyasi əməkdaşlığının daha da inkişaf etməsi üçün geniş imkanlar yaratmaqla bərabər, Azərbaycanı Türkiyənin ikinci böyük qaz tədarükçüsü və Avropa üçün yeni bir qaz təchizatçısı halına gətirib. Məhz TANAP sayəsində qarşıdakı illərdə Türkiyə və Avropa İttifaqı əvvəllər hasil edilməyən potensial mənbələrdən də qaz tədarük etmək fürsəti əldə edə bilər.TANAP layihəsinin yaratdığı yeni iş imkanları ilə ümumi iqtisadiyyata önəmli faydalar verib. Tikinti işləri zamanı qaz boru xəttinin keçdiyi 20 vilayətdə ümumilikdə 13 min insana qısamüddətli və uzunmüddətli iş yeri yaradılıb. "SOCAR Turkey”in iştirak etdiyi bütün layihələrdə olduğu kimi TANAP şirkətində də, həm rəhbərlikdə, həm də digər sahələrdə xidmət edən mütəxəssislər arasında Azərbaycandan xeyli sayda işçi var. Layihənin icrasında fəaliyyət göstərən işçilərimiz mühəndislik, satınalma və inşaat işlərində əldə etdikləri yüksək bilik və təcrübə sayəsində bundan sonra da planlaşdırılacaq nəhəng layihələrdə təmsil olunmaq imkanına malik olacaqlar. Bu mənada layihələrimizdə iştirak edən mütəxəssislərdən digər işlərimizdə istifadə olunur və onların təcrübəsinə hər zaman yüksək dəyər veririk.
- TANAP-ın Azərbaycan və Türkiyənin iqtisadi inkişafına təsiri necədir?
- Bildiyiniz kimi, TANAP Azərbaycandan Avropaya qədər uzanan Cənub Qaz Dəhlizinin tərkib hissəsi olmaqla, bu enerji ixrac xəttinin ən uzun və mühüm hissəsidir. Cənub Qaz Dəhlizi və TANAP sayəsində tarixdə ilk dəfədir ki, Azərbaycan qazı birbaşa Avropaya çatdırılacaq. Bu baxımdan sözügedən layihə Azərbaycan üçün strateji əhəmiyyət daşıyır. Layihə Türkiyə və Avropanın enerji təhlükəsizliyində önəmli rol oynamaqdadır. Bütün bunlar deməyə əsas verir ki, TANAP Azərbaycan və Türkiyə üçün iqtisadi və strateji əhəmiyyətə malik layihədir. Boru kəmərinin tikintisi zamanı yeni iş yeri imkanları ilə bərabər, kiçik və böyükölçülü istehsal müəssisələrinə yeni iş fürsətləri yaranıb. Xəttin keçdiyi ərazilərin sosial-iqtisadi inkişafında özünəməxsus dirçəlmə müşahidə olunub. Layihə çərçivəsində çox sayda Azərbaycan və Türkiyə şirkət və müəssisələri inşaat, tədarük və xidmət sahələrində fəaliyyət göstərib. Bu şirkət və müəssisələr götürdükləri öhdəlikləri uğurla başa çatdırma sertifkatları ilə digər nəhəng iqtisadi layihələrdə iştirak şansı qazanıb. Şirkət və müəssisələr əldə etdiyi təcrübə onların rəqabətədavamlı fəaliyyət göstəricisidir. TANAP yeni iş yeri imkanlarına müsbət töhfələr verməklə sənaye və ticarət müəssisələrinin iş imkanlarının artırılmasına təkan verib, eləcə də boru xətti boyunca bölgələrdə yerli xalqa iqtisadi fayda gətirən 1000-dən çox sosial-iqtisadi, mədəni və ətraf mühitlə əlaqədar layihələrə maliyyə dəstəyi göstərib.
- Son aylar beynəlxalq aləmdəki problemlər, o cümlədən məlum yeni növ koronavirus (COVID-19) pandemiyasının yaratdığı çətinliklər TANAP-ın fəaliyyətinə nə kimi təsir göstərib?
- TANAP-da 2018-ci il iyunun 30-dan başlayaraq ticarət əməliyyatları planlaşdırılmış qrafik üzrə heç bir ləngimə olmadan davam etməkdədir. Boru xətti sistemi bu günə qədər 100 faiz məhsuldarlıqla işləyir. Daşıma miqdarı və tarifləri əvvəlcədən müəyyənləşdirilmiş, 15 illik qaz tranzit müqavilələri çərçivəsində hər il sabit gəlirin zəmanət altına alınması səbəbindən dünyada yaşanan iqtisadi və sosial böhranlar ticarət fəaliyətlərimizdə hər hansı bir maneələrə səbəb olur. Bütün dünyanı təsiri altına alan məlum epidemiya dövrü də daxil olmaqla, həyata keçirdiyimiz planlama və aldığımız tədbirlərin ciddi şəkildə tətbiq olunması sayəsində iş davamiyyəti fasiləsiz şəkildə həyata keçirilir.
- Hazırda TANAP-ın maliyyə göstəriciləri hansı vəziyyətdədir?
- Layihə planlaşdırılan təqvimə uyğun olaraq tam vaxtında və proqnozlaşdırılan ilkin sərmayənin 45 faizinə qənaət olunaraq başa çatdırılıb. Bu baxımdan da TANAP layihəsi fərqlənir. Layihənin maliyyələşdirilməsi üçün Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur İnvestisiya Bankı, eləcə də Avropa Yenidənqurma və İnkişaf Bankı kimi beynəlxalq maliyyə qurumlarından kredit almaqla həyata keçirilib. Bundan başqa, TANAP Avropa İttifaqının "Ortak məqsədli layihələr”i (PCI) çərçivəsində 10,2 milyon avro qrant qazanıb. 2018-ci il iyunun 30 -dan başlayaraq ticarət əməliyyatları planlaşdırılmış qrafik üzrə davam edir. Cari il mayın ortalarınadək TANAP-la Azərbaycandan Türkiyəyə daşınan qazın həcmi 5,13 milyard kubmetr olub.
banner

Oxşar Xəbərlər