Türkiyənin faktaraşdırıcı missiyasının Ağdama səfəri başlayıb
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) dəvəti ilə ölkəmizdə səfərdə olan Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun nümayəndə heyəti işğaldan azad olunmuş Ağdama gəlib.
"Report"xəbər verir ki, səfərin məqsədi Ermənistan hərbi-siyasi rəhbərliyinin törətdiyi müharibə cinayətləri, dağıdılmış tarixi, dini, mədəni, təhsil, səhiyyə, sosial obyektlərlə bağlı birgə faktaraşdırıcı missiya həyata keçirməkdir.
Nümayəndə heyəti ermənilərin törətdikləri vəhşiliklərlə tanış olub.Nümayəndə heyətinə Ağdam şəhərinin təməlinin qoyulduğu ərazidə Ağdamın tarixi, indiki vəziyyəti, burada törədilən erməni faşizmi, eləcə də həyata keçiriləcək quruculuq işləri barədə də ətraflı məlumat verilib.
Bildirilib ki, Ermənistanın işğalına qədər Ağdam nəinki Qarabağ bölgəsinin, eləcə də respublikanın ən böyük, inkişaf etmiş şəhərlərindən idi. Burada sənaye və kənd təsərrüfatı inkişaf etmişdi. Ermənilər 1993-cü il iyulun 23-də Ağdamı işğal etdikdən sonra Ağdam şəhərində və rayonun kəndlərində yaşayış evlərini, ictimai binaları, məktəbləri, mədəniyyət ocaqlarını, uşaq bağçalarını, xəstəxanaları, istehsalat müəssisələrini talan edib, dağıdıb və yandırıblar. Ağdamda qəbiristanlıqlar, tarixi, mədəni abidələr də erməni vandalizminə məruz qalıb. Vaxtilə Azərbaycanın ən gözəl şəhərlərindən olan Ağdamın yerində indi talan edilərək viranəyə çevrilmiş xarabalıqlar qalıb.
Diqqətə çatdırılıb ki, Azərbaycan Ordusunun ötən ilin payızında 44 günlük müharibədə qazandığı zəfər nəticəsində Ağdam da işğaldan azad edilib. İndi Ağdamın yeni bərpa, quruculuq dövrü başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Ağdama səfəri zamanı avtomobil yolunun, yaşayış binasının, Sənaye Parkının, 1 saylı məktəbin yeni binasının təməlinin qoyub, park-meşədə ağac əkib.
Baş plana əsasən Ağdam şəhərinin ərazisi 1750 hektar, şəhərətrafı bağlar 2450 hektar olacaq. Burada ağıllı və dayanıqlı sosial infrastruktur yaradılacaq. Şəhərdə 15 ədəd məktəb və uşaq bağçasının inşası nəzərdə tutulub. Məktəb və uşaq bağçalarının əhatə dairəsi 500 metr təşkil edir. Ağdamda ilkin olaraq şəhər sakinləri və qonaqları üçün 125 hektarlıq böyük meşə parkı salınacaq. Həmçinin Ağdamda Sənaye Parkı da yaradılacaq.
Nümayəndə heyəti stendlərdə Ağdam şəhəri üçün yeni məscid nümunələri, yaşayış binaları, şəhərətrafı obyektlər, yol-nəqliyyat infrastrukturunun layihələri ilə tanış olublar.