Türkiyənin 2022 prioritetləri
Ekspertlərin
gəldiyi əsas qənaət budur ki, ABŞ-la münasibətlərin normallaşması, Ermənistan
və digər qonşularla əməkdaşlığın bərpası əsas xətt kimi keçəcək. Mərkəzi
Asiyanın türk dövlətləri ilə əməkdaşlıq da diqqət mərkəzində olacaq.
2021-ci ildən fərqli olaraq 2022-ci il bir
çox dövlətləri, o cümlədən qardaş Türkiyəni xarici siyasətinə yenidən baxmağa
və beynəlxalq aləmdə mövqelərini tənzimləməyə məcbur edəcək. Strateji müttəfiqimiz
olan qardaş Türkiyəni yeni ildə ciddi sınaqlar gözləyir. Bu sınaqlar
hansılardır və əsas nələrə diqqət yetirilməlidir? SETA – Siyasət, İqtisadiyyat
və Cəmiyyət Araşdırmaları Fondunun hazırladığı hesabatda bu və digər suallara cavab
axtarılır.
Yeni strategiya hazırlanır
Beləliklə, hesabatda
vurğulanır ki, Türkiyə 2022-ci ildə artan qlobal və regional rəqabət mühitinə
hazır olmaq üçün yeni strategiya hazırlayır. Bu kontekstdə Türkiyə öz
strategiyasını möhkəmləndirmək və yaxın gələcəkdə yarana biləcək mümkün
risklərdən qaçmaq üçün resurslarından necə istifadə edəcəyini planlaşdırmağa
başlayıb. Bundan əlavə, qeyd etmək lazımdır ki, regional və beynəlxalq
siyasətdə dəyişən geosiyasi dinamika şəraitində Türkiyə müəyyən təhlükəsizlik
zonasına üstünlük verməklə, öz strateji sabitliyini və dayanıqlığını qoruya
bilməz. Hökumət də bundan tam xəbərdardır. Türkiyənin geosiyasi portfeli makro
səviyyədə qlobal və regional inkişaflardan təsirləndiyindən və müəyyən
dövlətlər və qeyri-dövlət aktorları tərəfindən "məhdudlaşdırıldığı” üçün yaxın
bölgələrdə təhlükəsizlik təhdidlərinin bir-biri ilə əlaqəli olduğu aydındır.
Türkiyənin bu gün üzləşdiyi risklərin Qara dəniz, Şərqi Aralıq dənizi və Orta Şərq
daxil olmaqla çoxölçülü olduğu görünür. 2022-ci ildə bu ərazilərdə ciddi
hərəkət gözlənilmir. Orta Şərqdə yumşalma il boyu davam edə, Türkiyə ilə Misir,
İsrail və Səudiyyə Ərəbistanı arasında müsbət irəliləyişlər baş verə bilər.
Yunanıstanla yeni gərginlik dövrünün başlanma ehtimalı var. Hələlik ABŞ-la
münasibətlərdə oyunu dəyişən bir inkişaf yoxdur, lakin F-16 döyüş
təyyarələrinin tədarükü məsələsi ikitərəfli əlaqələr baxımından ən mühüm
sınaqlardan biridir. Moskva-Ankara münasibətləri də 2022-ci ildə ciddi sınaqdan
keçəcək. Qlobal sistemdə güc rəqabəti artmaqda davam edərkən, Türkiyənin xarici
siyasətinin bu rəqabətdən təsirlənməməsi qeyri-mümkündür.
Ermənistanla bağlı proses
Əsas diqqət
Ermənistanla münasibətlərə yönələcək. Artıq Türkiyə-Ermənistan xüsusi
nümayəndələrinin ilk görüşü keçirilib. Türkiyə mediası yazır ki, bu
normallaşmada Azərbaycanın rolu inkar edilə bilməz. "Qarabağda hərbi uğur baş
verməsəydi, normallaşma hərəkətlərinə yol açılmazdı. Münasibətlərimizi
normallaşdırmağı planlaşdırdığımız dövlətlərlə yaşadığımız problemlərin
səbəblərini xatırlayanda görürük ki, bu dövlətlərin əvvəlki münasibətləri köklü
şəkildə dəyişməyib. Məsələn, Ermənistan Azərbaycanın qələbəsindən sonra Qarabağ
üzərində haqq iddia edəcək vəziyyətdə olmaya bilər, lakin Türkiyə ərazisinin
bir hissəsi hələ də bu ölkənin konstitusiyasında "Qərbi Ermənistan” kimi qeyd
olunur. 1915-ci il hadisələrinin "soyqırım” olması iddiası Ermənistanın
mövcudluğunun, demək olar ki, daimi səbəbi olaraq qalır”, - deyə "Hürriyet”
qəzeti yazır. Bu misal həm də onu göstərir ki, "normallaşma” səyinin
motivasiyası keçmişdəki problemlərin aradan qalxması deyil. Birinci səbəb
iqtisadidir. Türkiyə iqtisadi baxımdan həssas olduğu bir vaxtda, həm xarici
siyasətində böhranlı bölgələrin sayını azaltmaq, həm də xarici ticarətinə mənfi
təsir göstərən prosesləri sıfıra endirmək istəyir.
Normallaşma impulsu haradan gəlib?
Normallaşma
məqsədinin arxasında duran əsas motiv ABŞ-la münasibətləri yoluna qaytarmaq
niyyətidir. Ötən il iki dövlət başçısı arasında keçirilən görüşlərdə Türkiyə
ilə ABŞ arasında dialoq mexanizmlərinin yaradılması qərara alınıb. "2021-ci
ilin son günlərində Türkiyə ABŞ-a diplomatik sənəd göndərərək bu mexanizmin
necə qurulacağı ilə bağlı öz təkliflərini təqdim etdi. İndi biz Amerika
tərəfinin buna cavab verməsini və nümayəndə heyətləri arasında danışıqların
gecikmədən başlamasını gözləyirik. Ancaq bir həqiqət var ki, ağır zədələnmiş
Türkiyə-Amerika münasibətlərini bərpa etmək o qədər də asan olmayacaq. Bu
məqamda Türkiyə bəzi ölkələrlə münasibətlərini normallaşdırmaqla ABŞ-dakı
lobbilərindən istifadə etmək və ya ən azından onların Türkiyə əleyhinə
kampaniyalara dəstəyini azaltmasını təmin etmək məqsədi güdür. İsrail
lobbisinin Türkiyə əleyhinə işlədiyi bir vaxtda ABŞ-da Türkiyənin xeyrinə
nəticə əldə etməyin çətin olduğu göz qabağındadır. Eyni şəkildə Səudiyyə
Ərəbistanı və BƏƏ-nin kirayə götürdüyü lobbi firmalarının Türkiyə əleyhinə
fəaliyyətlərinin qarşısının alınması da hədəflənir” - deyə qəzet yazır.
Türkiyənin bəzi
xarici siyasət ekspertləri Avropa İttifaqının da normallaşma "radarında”
olduğunu deyirlər. Amma o da aydındır ki, Ankara istəsə belə Aİ
"normallaşma”dan çox uzaqda qalır. İlk növbədə Aİ-nin lokomotivi olan
Almaniyanın yeni hökumətinin Türkiyəyə necə baxdığını görməliyik.
Əsas sütunlardan biri Ukrayna böhranıdır
Yeri gəlmişkən, bu
il Türkiyənin xarici siyasət gündəmi gözləniləndən daha sürətli başlayıb.
Moskvadan Ankaraya edilən telefon zəngi yanvarın Türkiyə xarici siyasəti üçün
çətin ay olacağının ilk işarəsini verib. Bazar günü Rusiya prezidenti Putin
prezident Ərdoğana zəng edib. Telefon danışığından sonra verilən açıqlamalarda
iki liderin Suriya, Liviya və Ukrayna məsələlərini müzakirə etdiyi açıqlanıb.
Türkiyənin xarici siyasət gündəminin əsas sütunlarından biri Ukrayna böhranıdır. Böhranın necə
inkişaf edəcəyi Ankaranı çox maraqlandırır. Türkiyənin NATO ölkəsi olması ilə
yanaşı, Ukrayna ilə son silah satışı əlaqələri də Ankaranın, əslində, harada
olduğunu açıq şəkildə göstərir.
Azər NURİYEV