• cümə, 19 Aprel, 18:43
  • Baku Bakı 24°C

Türkiyənin 150 illik xəyalı reallaşdı

30.10.13 16:45 1557
Türkiyənin 150 illik xəyalı reallaşdı
Türkiyə Cümhuriyyətinin qurulmasının 90-cı ildönümündə İstanbul boğazının altından keçməklə Asiya və Avropa arasında dəmir yolu əlaqəsini təmin edəcək “Marmaray” tunel-keçidinin açılış mərasimi olub. Üsküdar meydanında təşkil edilən mərasimdə prezident Abdulla Gül, Türkiyə Böyük Millət Məclisinin rəhbəri Cəmil Çiçək, baş nazir Rəcəb Tayyib Ərdoğan ilə kabinet üzvləri, Somali prezidenti Həsən Şeyx Mahmud və Rumıniya baş naziri Viktor Ponta ilə 8 ölkədən 9 nazir iştirak edib. Onların arasında nəqliyyat naziri Ziya Məmmədov da olub. Yaponiyanın baş naziri Shinzo Abe də açılışda iştirak edib.
Qeyd edək ki, Yaponiya Bankı layihənin əsas maliyyə dəstəkçisidir. Azadlıq himninin oxunması ilə başlayan mərasimdə göstərilən qısametrajlı film ilə “Marmaray”ın təqdimatı keçirilib. Prezident Gül mərasimdə etdiyi çıxışda bildirib ki, “Marmaray” yalnız İstanbul üçün deyil, dünya üçün əhəmiyyətli bir layihədir. Prezident “Türkiyədə belə nəhəng layihələrin həyata keçirilməsi bizi qürurlandırır. Ölkəmizdə mövcud sabitlik, dinclik davam edərsə, bir çox nəhəng layihələrə imza atılacağına inanıram” deyib. Baş nazir Ərdoğan isə deyib ki, “Marmaray” təkcə İstanbulun deyil, ümumilikdə ölkənin 81 vilayətinin layihəsidir. O, qlobal miqyaslı layihələrə yenilərinin də əlavə ediləcəyini vurğulayıb. “Dənizaltı marşrutun dəstəyi ilə İstanbulda mənzil başına çatmaq asanlaşacaq” - deyə R.T.Ərdoğan vurğulayıb. “Marmaray” xətti ilə ilk səfərini reallaşdıran baş nazir jurnalistlərin suallarını da cavablandırıb.
O, 2015-ci ildə üçüncü boğaz körpüsünün açılmasıyla boğazdakı nəqliyyat problemini azaldacaqlarını və ictimai nəqliyyatın inkişafında əhəmiyyətli addım atacaqlarını bildirib. “Marmaray Tuneli” adlanan çox yüksək keyfiyyətə malik layihənin uzunluğu 13.6 kilometr və ən dərin nöqtəsi İstanbul Boğaz səviyyəsindən 56 metr aşağıdadır. Tunel İstanbulun yeraltı nəqliyyat qatarlarını birləşdirəcək. Rəsmilər bununla yollardakı tıxacı azaldacaqlarına ümid edirlər. Hazırda İstanbul boğazını keçmək üçün iki körpü və dəniz nəqliyyat vasitələrindən istifadə olunur. Türkiyə hökuməti bildirir ki, tunel beş milyard dollarlıq “Marmaray” layihəsinin bir hissəsidir. Layihəyə mövcud dəmiryollarının təkmilləşdirilməsi də daxildir. AFP yazır ki, tunel rəsmən açılsa da, hələlik tam istifadəyə verilməyəcək: “Xidmət göstərməyə hazır hissələr məhduddur”. “Hər şey çox gecikdirilib” - deyə İstanbul Şəhər Planlaması Şöbəsinin prezidenti Tayfun Kahraman deyib. “Biz açılışın belə tezləşdirilməsindən narahatıq” - deyə o bildirib. Şəhər rəsmiləri də deyir ki, tunel mövcud iki körpüyə olan yüklənməni, həmçinin tıxacları və ətraf mühitin çirklənməsini azaldacaq. Layihə tamamlandıqdan sonra ümumi xəttin uzunluğu 76 kilometr olmaqla gün ərzində 1.5 milyon sərnişin daşınması nəzərdə tutulur.
Tunelin inşası 2004-cü il Yapon-Türkiyə müştərək konsorsiumu tərəfindən başladılıb. Layihəni Beynəlxalq Əməkdaşlıq üçün Yaponiya Bankı və Avropa İnvestisiya Bankı maliyyələşdirib. Türkiyənin baş naziri Rəcəp Tayyip Ərdoğan 1860-ci ildə Osmanlı sultanının düşündüyü bu sualtı layihə ideyasının həyata keçməsi üçün illərlə mübarizə aparıb. İşlərə 2004-cü ildə başlanılsa da, arxeoloji tapıntılar tikintini gecikdirib. Qeyd edilir ki, Yaponiya ümumi dəyəri 5 milyard dollar olan tunelin 1 milyardını onun zəlzələlərə davamlılığı üçün maliyyələşdirib. BBC müxbiri James Reynolds İstanbuldan yazır ki, Türkiyə hökuməti Bosfor altından keçən yeni xəttin Çindən bütün Qərbi Avropaya gedən əhəmiyyətli ticarət xəttinə keçəcəyinə ümid edir. “Dənizin 65 metrə altından keçən dəmiryolu. Asiya və Avropa qitələrini dənizin altından birləşdirən ilk yol. Pekinlə Londonu bir-birinə bağlayan dəmiryolu. Mühəndislik və texnologiya möcüzəsi. Sürətli, rahat, etibarlı. İki qitəni 4 dəqiqəyə birləşdirən, gündə 1 milyon sərnişin daşıyan – Marmaray”. Türkiyədə layihə məhz bu cür təqdim olunur. Tuneldə gediş haqqı 1,95 lirə (74 qəpik) müəyyənləşdirilib. Dəmiryolu 15 gün pulsuz işləyəcək.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər