• çərşənbə, 20 Noyabr, 22:22
  • Baku Bakı 13°C

Türkiyə və İsrail üçün yeni dövr

16.07.21 19:00 1454
Türkiyə və İsrail üçün yeni dövr
"Milliyet”: "İki ölkənin Şərqi Aralıq dənizindən Azərbaycana qədər geniş bir bölgədə ortaq maraqları var”
Türkiyə ilə İsrail arasında illər uzunu yaşanan gərginlik getdikcə arxa plana keçir. Prezident Rəcəb Tayyib Ərdoğanla yeni seçilən İsrail prezidenti İshak Hersoq arasındakı son telefon danışıqları və müzakirə olunan məsələlər artıq münasibətlərin normallaşma astanasında olduğunu deməyə əsas verir. Türkiyə prezidenti telefon danışığı zamanı "bütün fikir ayrılıqlarına baxmayaraq, İsrail ilə təmasların və dialoqun davam etdirilməsinə böyük əhəmiyyət veririk” deməsi və Hersoqun da öz növbəsində Türkiyə-İsrail münasibətlərinə böyük önəm verdiyini deməsi böyük əhəmiyyət kəsb edir. Bu onu deməyə əsas verir ki, Türkiyə İsraillə xarici siyasətini yenidən nəzərdən keçirir və bu telefon danışığı çox vacib bir yeni başlanğıcdır.
Gəlinən qənaət budur ki...
Yeri gəlmişkən, Türkiyə mediası yazır ki, Benyamin Netanyahunun istefası belə bir normallaşmanın sürətlənməsini mümkün etdi. Gəlinən qənaət budur ki, Türkiyə və İsrailin telefon danışıqları ilə bağlı yaydıqları açıqlamalar iki ölkə arasındakı münasibətlərin sürətlə bərpa olunacağına ümid verir. "İki ölkənin Şərqi Aralıq dənizindən Azərbaycana qədər geniş bir bölgədə ortaq maraqları var. İkinci Qarabağ müharibəsində İsrailin qardaş Azərbaycana ədalətli müharibəsində nə qədər dəstək verdiyini hamımız müşahidə etdik. Amerikadakı İsrail lobbisinin Azərbaycana qarşı erməni diasporunun fəaliyyətinin tarazlaşdırılmasında da nə qədər faydalı olduğunu müşahidə etdik. Digər tərəfdən, vaxtilə Yunanıstan və Cənubi Kiprə yaxınlaşan və Türkiyəyə qarşı hərbi ittifaq quran İsrailin mənafelərimizə nə dərəcədə zərər verə biləcəyini gördük. Bundan əlavə, Amerikadakı İsrail lobbisinin, yunan və erməni lobbiləri ilə birlikdə Konqresdə Türkiyə əleyhinə bir blok yaratmasının da Türkiyəyə problem yaratdığını müşahidə etdik”, - deyə qardaş ölkənin "Milliyet” qəzeti yazır.
Vaxt və etibar tələb olunur
Qeyd olunur ki, bütün bunlara baxmayaraq, İsrail Yunanıstana ciddi dəstək vermədi. Yunan Kiprinə 1997-ci ilin əvvəlində S-300 raketlərinin verilməsi Türkiyənin diplomatik və hərbi təzyiqləri üzündən baş tutmadı. O zaman da bu raketlərin adaya gətirilməməsi üçün İsrail Türkiyənin yanında oldu. "Bu gün münasibətlərin əvvəlki normal vəziyyətə birdən-birə qayıtmasını gözləmək real görünməsə də, hər halda, şanslar yüksəkdir. Unutmaq lazım deyil ki, Türkiyə ilə İsrail arasında uzunmüddətli "soyuq müharibə” yaşandı. Bunun təsirləri və qalıqları iki ölkə arasındakı münasibətlərə müəyyən bir müddət təsir edəcək. Məsələn, İsrailin birdən-birə Yunanıstandan və yunan Kiprindən uzaqlaşaraq 1997-1999-cu illər "S-300” böhranında olduğu kimi Türkiyəni müdafiə edəcəyini gözləməməliyik. Ən əsası İsrailin Yunanıstanla antitürk hərbi əlaqələr quraraq, Ankara ilə dostluğunu qorumağın mümkün olmadığını başa düşməsi vacibdir. Bu kimi məsələlər vaxt tələb edir və etibar tələb olunur”- deyə məqalədə vurğulanır.
İlk müsbət nəticələr var
Enerji sektorundakı əməkdaşlığın iki ölkə arasındakı münasibətlərin normallaşma prosesini sürətləndirə biləcəyi də qeyd olunur. İqtisadi cəhətdən əlverişli şərtlər yaranarsa, İsrailin Şərqi Aralıq dənizi hövzəsindən çıxardığı və yaxud çıxaracağı qazın Türkiyəyə nəqli münasibətlərə əhəmiyyətli bir töhfə verə bilər: "Artıq turizm və ticarət sahələrində mövcud olan məhdud əməkdaşlığın daha da inkişafı ilə iki ölkə arasındakı münasibətlər tədricən strateji səviyyəyə yüksələ bilər. İsrail ilə ikitərəfli münasibətlərin normallaşması, Ankaranın Misir, Səudiyyə Ərəbistanı və bölgədəki digər ölkələrə qarşı diplomatik təşəbbüslərinin bir hissəsi kimi qəbul edilməlidir. Artıq bu sahədə ilk müsbət nəticələr var. Şərqi Aralıq dənizindən çıxarılan təbii qaz Türkiyəyə nəql oluna bilər”.
Məqalədə eyni zamanda vurğulanır ki, risklər də gözardı edilməməlidir. "Məsələn, Türkiyə Fələstin-İsrail münaqişəsində gərginlik yaratmamalıdır, ərəb dövlətləri ilə birlikdə problemin həll yolunu dəstəkləməlidir. Son hadisələr bizi bu məsələdə müsbət nəticələr çıxarmağa təşviq edir. İsrail ərəb dövlətlərinin əksəriyyəti ilə münasibətlərini normallaşdırıb. Türkiyə də bunu görməli və nəticə çıxarmalıdır” - deyə məqalənin sonunda bildirilir.
Azər
banner

Oxşar Xəbərlər