Türkiyə ilə İsrail arasında buzlar əriyir
"Jerusalem Post”: "Azərbaycan
həm İsrail, həm də Türkiyə ilə güclü əlaqələri olan nadir ölkələrdən biridir. Rəsmi
Bakı müxtəlif ölkələr arasında sülh prosesinə dair əlverişli mühit yarada biləcək
potensialının olduğunu da nümayiş etdirib”
Ötən həftə Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğan israilli həmkarı İsaak Hersoqun Türkiyəyə səfər
edəcəyini bildirib. İsrail prezidentinin başçılıq edəcəyi nümayəndə heyətinin Türkiyəyə
martın ortalarında səfəri gözlənilir. İsrailin baş naziri Naftali Bennet də
İsaak Hersoqun Rəcəb Tayyib Ərdoğanla görüşünün mümkün olduğunu bəyan edib.
İndi Türkiyə, İsrail və Qərb siyasi ekspertləri iki dövlət arasında münasibətlərin
yenidən yaxşılaşa biləcəyini qeyd edirlər.
Normallaşma
istiqamətində yeni addımlar
Burhanettin Duran Türkiyənin
nüfuzlu "Daily Sabah” nəşrində dərc olunan məqaləsində qeyd edir ki, hazırda
Ankara Təl-Əvivlə münasibətləri normallaşdırmaq məqsədilə səyləri ikiqat
artırır: "Ötən il Türkiyənin ABŞ, Avropa İttifaqı (Aİ), Yunanıstan, Ermənistan,
İsrail, BƏƏ, Misir və Səudiyyə Ərəbistanı ilə əlaqələrdə yeni səhifə açmağa
çalışması sirr deyil. Ankara ilə Vaşinqton, Brüssel və Afina arasında gərginlik
azalsa da, hələ də müsbət addımlar atılmayıb. Əksinə, görünən odur ki, Türkiyənin
Yaxın Şərq və Cənubi Qafqaz ölkələri ilə münasibətlərin normallaşdırması prosesi
daha sürətlə gedir”.
Müəllifin fikrincə, ABŞ-ın
"EastMed” layihəsinə dəstək göstərməyəcəyini bəyan etməsindən bir neçə həftə
sonra Türkiyə liderinin İsrail prezidentinin səfəri ilə bağlı çıxışı təsadüfi
deyil: "Sanki ABŞ bu addımı Türkiyə ilə İsrail arasında münasibətlərinin
normallaşdırılması üçün atıb. Başqa sözlə desək, indi Təl-Əviv Ankara ilə
enerji əməkdaşlığına dair perspektivləri müzakirə edə bilər”.
Obyektiv səbəblər
Türkiyə hazırda İsrail də daxil
olmaqla, Yaxın Şərq ölkələri ilə, Təl-Əviv isə Əbu-Dabi və Ankara ilə münasibətləri
normalaşdırmağa can atır. Bəs bunun səbəbi nədir? B.Duran hesab edir ki,
sadalanan dövlətlər regional və qlobal dəyişiklər fonunda siyasi qərarlarını
yenidən nəzərdən keçirir: "COVID-19 pandemiyası üzündən fövqəldövlətlər
arasında rəqabət daha da güclənib. Məsələn, Pekinlə Vaşinqton arasında. Üstəlik,
ABŞ Prezidenti Co Baydenin Vaşinqtonun Yaxın Şərq siyasətini yenidən nəzərdən
keçirməsi, Rusiyanın son addımları, həmçinin İran və Fars körfəzi hövzəsində
yerləşən ölkələrin regionda münasibətləri normallaşdırmağa çalışması bölgədə dəyişikliklərin
baş verdiyini göstərir. Əslində, bu dəyişikliklər qeyri-müəyyən və riskli vəziyyətin
yaranmasına səbəb olur”.
Onun sözlərinə görə,
hazırda yəhudi dövləti də Türkiyə ilə münasibətlərin normallaşmasında
maraqlıdır: "Doğrudur, İsrailin ərəb ölkələri ilə İbrahimi sazişini imzalaması
onun regionda mövqeyini gücləndirib. Amma ABŞ ilə İran arasında yeni nüvə
sazişinin imzalanması bölgədə güc balansını dəyişə bilər. Odur ki, İsrail
Türkiyə ilə münasibətləri normallaşdırmağa çalışan sonuncu dövlət olmaq istəməzdi”.
"Jerusalem
Post” Azərbaycanın vacib rolu haqqında
Bu arada, hazırda Azərbaycanın
Türkiyə və İsraillə sıx, strateji əhəmiyyət kəsb edən əlaqələri var. Odur ki,
Bakı Ankara ilə Təl-Əviv arasında münasibətlərin bərpasında maraqlıdır. Üstəlik,
o, bu iki dövlət arasında əlaqələrin normallaşmasında vasitəçi ola bilər.
İsrailin nüfuzlu "The
Jerusalem Post” nəşrində amerikalı siyasi ekspert Ceykob Kamarasın dərc edilən
məqaləsində qeyd olunur ki, əhalisinin əksəriyyəti müsəlman olan Cənubi Qafqaz
ölkəsi – Azərbaycanla İsrail arasında hələ 1992-ci ildən bəri, yəni yəhudi dövlətinin
ərəb ölkələri ilə İbrahimi sazişi imzalamasından uzun illər öncə sıx münasibətlər
mövcuddur: "Odur ki, Bakı Ankara ilə Təl-Əviv arasında razılaşmanın
imzalanmasında vacib rol oynaya bilər. Azərbaycan həm İsrail, həm də Türkiyə ilə
güclü əlaqələri olan nadir ölkələrdən biridir. Rəsmi Bakı müxtəlif ölkələr
arasında sülh prosesinə dair əlverişli mühit yarada biləcək potensialının
olduğunu da nümayiş etdirib”.
Məqalədə qeyd edilir ki, Azərbaycan
Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri
şöbəsinin müdiri Hikmət Hacıyev hələ ötən ilin aprelində bildirmişdi ki, Bakı
Türkiyə və İsrailin iştirakı ilə üçtərəfli sammitin təşkilinə hazırdır: "Onun
sözlərinə görə, Türkiyə Azərbaycanla qardaş ölkədir, İsrail isə strateji tərəfdaşımızdır:
"Biz dostlarımızın bir-biri ilə dostluq münasibətlərində olmasını istəyirik. Əgər
tərəflər bizim təşəbbüsümüzlə bağlı razılığa gələrsə, Azərbaycan bunu hər zaman
alqışlayacaq”.
Türkiyə-İsrail əməkdaşlığının
üstünlükləri
C.Kamaras qeyd edir ki, Azərbaycan
rəhbərliyi İsraillə sıx əlaqələrin üstünlüklərini başa düşür: "Bakı yəhudi dövlətinə
neft, İsrail isə Azərbaycana silah tədarük edir. Lakin onlar arasında daha dərin
münasibətlər mövcuddur”. Məqalədə Azərbaycan ilə yəhudilər arasında 2500 illik
tarixi əlaqələrin olduğu vurğulanır.
Müəllif xatırladır ki, yəhudilər
Türkiyədə 2000 ildən çoxdur ki, yaşayır: "Son illərdə diplomatik münasibətlərdə
gərginliyə baxmayaraq, Türkiyə ilə İsrail arasında güclü iqtisadi əlaqələr var.
Məsələn, 2021-ci ilin noyabrında Türkiyədən İsrailə 595 milyon dollar dəyərində
məhsul ixrac edilib”.
Amerikalı siyasi ekspert
sonda vurğulayır ki, Türkiyə ilə İsrail arasında isti münasibətlərin yaranması
üçün təməl mövcuddur: "İbrahimi sazişi göstərib ki, bu proses nəticəsində hər
iki ölkəyə böyük miqdarda investisiyalar cəlb oluna bilər”.
Sənan Ağamalızadə