Türkiyə ilə Ermənistanı yaxınlaşdıra biləcək şərtlər
Deyəsən,
İrəvan anlamağa başlayır ki, imperialist güclərin əlaltısı olmaq yox,
qonşularla yaxşı münasibət inkişafa səbəb olacaq. Türkiyə ziyalıları Ermənistanın
müəyyən şərtləri yerinə yetirməli olduğunu bildirirlər.
13 il
sonra Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndələrin
Moskvada görüşü müsbət hal olsa da, bu, sərhədlərin açılması və iki ölkə
arasında diplomatik əlaqələrin inkişafı üçün kifayət etmir. Prezident Ərdoğan
oktyabr ayında işğaldan azad edilən Füzuliyə səfəri zamanı bildirmişdi ki, Ermənistan
Azərbaycanla münasibətlərdə səmimi iradə nümayiş etdirərsə, normallaşmaya heç
bir maneə olmayacaq. Ermənistan bəzi məsələlərin həllində, xüsusilə Zəngəzur dəhlizi,
sərhədlərin dəqiqləşdirilməsi, Azərbaycanın ərazi bütövlüyünün tanınması və
regional normallaşmanı təmin edəcək məsələlərdə müsbət addımlar atmır.
Prezident İlham Əliyev isə "Anadolu” agentliyinə müsahibəsində Azərbaycanın
Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasının əleyhinə olmadığını
bildirib və əlavə edib: "Ermənistan konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiası
var. Ermənistan bundan imtina etməlidir. Onlar öz konstitusiyalarını yenidən
yazmalı, Azərbaycana qarşı iddialarından əl çəkməlidirlər”. Bəs İlham Əliyevin qeyd etdiyi kimi, rəsmi İrəvan
iki ölkə arasında münasibətlərin normallaşması üçün zəruri olan bu addımları
atacaqmı?
Koordinasiyalı
siyasətin uğuru
Düzdür,
iki ölkə arasında normallaşma prosesinin uğurlu olmaq şansı əvvəlkilərdən daha
yüksəkdir. Və bunun səbəbi təkcə Azərbaycan torpaqlarının işğaldan azad edilməsi
deyil, həm də Ermənistanın Türkiyə və Azərbaycanla münasibətləri
normallaşdırmadan yaxşı yaşaya bilməyəcəyini anlamasıdır. Əslində, bu, Türkiyə
ilə Azərbaycanın koordinasiyalı siyasətinin uğurlu olduğunun göstəricisidir.
Ermənistanla diplomatik münasibətlərin qurulması Türkiyənin regionda
effektivliyini artıracaq və onu daha da gücləndirəcək. Ermənistan isə xarici və
daxili siyasəti ilə diasporun təsirinin artmasına, Türkiyə və Azərbaycana qarşı
düşmən olan ziyalıların, idarəçilərin və elitaların təsirinə imkan verməməlidir.
Türkiyəyə qarşı ərazi iddiaları ilə bağlı maddə Ermənistan konstitusiyasından
çıxarılmalı və ya beynəlxalq aləmdə Türkiyəyə qarşı qondarma soyqırımın haqsız
olaraq tanınması siyasətindən imtina edilməlidir. Lakin bu prosesdə daha bir
mühüm məsələ var ki, o da tərəflər arasında danışıqların normal gedişindən
narahat olanların Azərbaycanla Ermənistan arasında təxribat törədə bilməsidir.
Son zamanlar Ermənistan daxilində və xaricdə belə təşəbbüslər edilir.
Tələt
Paşanı aşağılayan heykəl götürüləcək?
Qondarma
erməni soyqırımı ilə bağlı yaradılan Tələt Paşa Komitəsinin mövqeyi maraq
doğurub. Komitə münasibətləri normallaşdırmağa başlayan Ankara və İrəvana mühüm
xəbərdarlıqla çıxış edib. 4 bəndlik təkliflə çıxış edən komitə sədri Həsən
Qorxmazcan, ilk növbədə Ermənistanın qondarma soyqırımı yalanından əl çəkməli
olduğunu, Şirak şəhərində Tələt Paşaya hörmətsizlik olan heykəlin tez bir
zamanda götürülməsini tələb edib. Korkmazcan Türkiyə ilə Ermənistan arasında
münasibətlərin sağlam şəkildə inkişaf etməsi üçün qarşıdakı dövrdə atılacaq
addımları 4 maddə ilə yekunlaşdırıb:
1. Ermənistan
2020-ci il noyabrın 10-da Rusiya və Azərbaycanla imzalanmış üçtərəfli atəşkəs
sazişindəki öhdəlikləri qeyd-şərtsiz yerinə yetirməlidir.
2. Ermənistan
və Türkiyə qarşılıqlı suverenlik və ərazi bütövlüyünü tanımalı və sülh şəraitində
yaşayacaqlarını bəyan etməlidir.
3. Ermənistan
AİHM-in Perinçek-İsveçrə Qərarında müəyyən edilmiş "soyqırım yalanından” imtina
etməlidir.
4. İki ölkə
arasında qarşılıqlı düşmənçiliyə yol verilməməlidir. Bu kontekstdə Ermənistanın
Şirak vilayətində Tələt Paşanın timsalında bütün türk millətini aşağılayan heykəl
dərhal götürülməlidir. Bu addımların Ermənistan tərəfindən atılmasının təmin
edilməsi Türkiyə-Ermənistan münasibətlərini normallaşdıracaq və qarşılıq verəcək.
Unudulmamalıdır ki, Ermənistanın Qərb siyasətindən istifadə etməsi ən çox Ermənistana
ziyan vurub. ABŞ və Fransa kimi imperialist qüvvələrin oyundan kənarda qaldığı
bu dövrdə, region ölkələrini bir araya gətirəcək formulların həyata keçirilməsi
bölgədə sülh və sabitliyi təmin edəcək.
Qarsda
sökülən abidə bərpa ediləcək?
Türkiyənin
"Habertürk" qəzetinin köşə yazarı Ayşe Özek Karasu ikitərəfli münasibətlərlə
bağlı birmənalı qarşılanmayacaq məsələ qaldırıb. "Məni maraqlandıran odur
ki, münasibətlər normallaşarsa, Qarsda
sökülən abidə bərpa ediləcək? Yerinə qaytarılacaq demirəm, çünki o hissə
problemlidir. Mehmet Aksoya məxsus əsər estetik zövqə uyğun gəlmədiyi üçün
sökülmüşdü. Üzü Ermənistana çevrilmiş bir insanın əzabını əks etdirən heykəl
2011-ci ildə götürülüb”, - deyə müəllif yazır.
Qeyd edək
ki, Ermənistanla barışıq ümidini simvolizə edən abidə o vaxt Qarsın bələdiyyə sədri
Naif Əlibəyoğlunun təşəbbüsü ilə qoyulmuş və Qars Mədəni İrsin Qorunması
Regional Şurası tərəfindən təsdiq edilmişdi. İndi bu abidə ilə bağlı məsələnin
təkrar gündəmə gətirilməsi anlaşılan deyil.
Beləliklə,
yekun olaraq qeyd edə bilərik ki, proses qarşısıalınmaz mərhələyə daxil olub və
ciddi problem qalmayıb. Ermənistan, deyəsən, anlamağa başlayıb ki, regionun və
elə özünün rifahlı gələcəyi millətçilik, ərazi iddiasından yox, sülh və əmin-amanlıqdan
keçir.
Azər
NURİYEV