• çərşənbə axşamı, 23 aprel, 20:18
  • Baku Bakı 20°C

Türkiyə ilə Avropa Birliyi arasında “buzlar” əriyir

16.01.14 08:05 1325
Türkiyə ilə Avropa Birliyi arasında “buzlar” əriyir
Türkiyə ilə Avropa Birliyi arasında “buzlar” ərimək üzrədir. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan 5 illik fasilədən sonra nəhayət Avropa Birliyinə üzv ölkələrin dövlət başçılarının sammitində iştirak etmək qərarına gəlib. “Zaman” qəzetinin internet saytında yerləşdirilən məlumatda qeyd edilib ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan yaxın günlərdə Brüsselə səfər edəcək və orada Avropa Şurası, Avropa Komissiyası və Avropa Parlamentinin sədrləri ilə görüşəcək. Ötən illərdə ilk dəfədir ki, AB rəsmiləri ilə birliyə qoşulmaq istəyən bir ölkə arasında belə bir görüş keçirilir. Bəlli olduğu kimi, Fransa, Almaniya və Kipr Türkiyənin bu birliyə qoşulmasının əleyhinə olan ölkələrdirlər, bunun müqabilində İngiltərə, İspaniya, İtaliya və Polşa da Türkiyənin bu birliyə qoşulmasını dəstəkləyir. Artıq Türkiyənin AB işləri üzrə yeni naziri Mövlud Çavuşoğlu Avropa Birliyi və Türkiyə arasında danışıqlar əvvəlki tempdə davam edəcəyini bəyan edib. Nazir səlahiyyətlərini qəbul edərkən deyib ki, Türkiyə Avropa Birliyi ilə danışıqlarda ciddi irəliləyişlərə nail olub: “Türkiyə Avropa Birliyinə bərabərhüquqlu üzvü olmasına heç vaxt olmadığı qədər çox yaxındır. Türkiyə 11 il ərzində AB-yə üzv olmaq üçün qətiyyətlə can atır. Hazırda biz buna çox yaxınıq”. Nazirin sözlərinə görə, bu gün Türkiyə Avropa Birliyinin üzv ölkələrindən iqtisadi, siyasi və ya ictimai-hüquqi baxımdan geridə qalmır.
Məlumat üçün bildirək ki, Türkiyə hökuməti Avropa Birliyinə üzvlüklə bağlı danışıqlarda yaranmış durğunluqla əlaqədar narazılığını dəfələrlə ifadə edib. Rəsmi Ankara ölkənin gələcəyinin Avropa Birliyi ilə bağlı olmaya biləcəyinə dair xəbərdarlıqlar da səsləndirib. Avropa Birliyinə üzvlük məsələsinin durğunluq dövründə olduğu bir zaman Türkiyənin qurumda naziri Egemen Bagış ölkəsinin bu istəyinin baş tutacağına inanmadığını da demişdi. Bundan sonra isə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan qəfil sərt bəyanat səsləndirərək ölkəsinin prioritetinin dəyişə biləcəyini barədə bəyanat səsləndirmişdi. Baş nazir bəyan edib ki, Avropa Birliyi əslində Türkiyəni unudub. O hesab edir ki, Ankaranın başına sığal çəkməkdənsə, “üzvlüyə almırıq” fikri açıqlansa, daha münasib olar. Hökumət rəhbərinin qınağından NATO da kənarda qalmayıb. Ərdoğan bildirib ki, vaxtı ilə müsəlman Türkiyəni sıralarına qəbul edən hərbi alyans, hazırda yeni müsəlman ölkəsinin quruma üzvlüyünə sədd çəkməkdədir. Avropa Birliyini NATO-nun düşdüyü səhvdən dərs almağa çağıran Türkiyə rəsmisi xatırladıb ki, ölkəsinin Şanxay beşliyinə qəbul edilməsi barədə Rusiya prezidenti Vladimir Putinə bir təklif irəli sürüb. Ərdoğan açıq şəkildə ifadə edib ki, Türkiyə Şanxay Əməkdaşlıq Təşkilatının üzvlüyünə alınarsa, rəsmi Ankara Avropa Birliyinə “xudahafiz” deyər. Sözügedən təşkilatı daha güclü qurum kimi qələmə verən baş nazir Pakistan və Hindistanın buna dair istəyini də gizlətməyib.
Türkiyənin bu mövqeyindən sonra AB gözlənilmədən ötən ilin sonlarında qardaş ölkə ilə miqrantların deportasiyası və vizasız gediş-gəlişə dair saziş imzalamağa məcbur oldu. İmzalanmış sənəd Avropa Birliyi ölkələri ərazilərinə Türkiyədən daxil olan qeyri-leqal miqrantları geri göndərmək imkanı verəcək. Eyni zamanda saziş Türkiyə vətəndaşlarına 3 ildən sonra AB-yə vizasız gedib-gəlmək imkan yaradır. Türkiyə Asiya və Afrika ölkələrindən Avropaya can atan insanlar üçün əsas tranzit ölkələrdən biri sayılır. Minlərlə Suriya qaçqını üçün Ankara tərəfindən Türkiyədə çadır düşərgələri qurulub, lakin digər miqrantlar böyük çətinliklərlə üzləşməkdədir. Türkiyə və qonşu Yunanıstanda qaçqın miqrantlar üçün yaradılmış qəbul mərkəzləri tam doludur, bu səbəbdən rəsmi Afina 2012-ci ilin avqustunda Türkiyə ilə sərhədlərini möhkəmləndirib. AB-nin Frontex sərhəd agentliyinin məlumatına əsasən, ötən il Egey dənizinin Türkiyə ilə Yunanıstan arasında olan hissəsində qayıqlarda Avropaya çatmaq istəyən qeydə alınmış qeyri-leqal miqrantların sayı 912 faiz artıb. Ötən illər ərzində miqrantları geri qaytardıqlarına görə Yunanıstan və İtaliya insan haqları təşkilatları, o cümlədən, BMT UNCHR qaçqınlar agentliyi tərəfindən tənqid edilib. Türkiyənin “Hurriyet” qəzetinin bildirdiyinə görə, AB Ankaranı arxayın edib ki, türklərin vizasız gediş-gəlişinə Avropa ölkələrindən etiraz edilərsə, o zaman Ankara qeyri-leqal miqrantların Türkiyəyə qaytarılması sazişini qüvvədən sala bilər.
Öz növbəsində “Taraf” qəzetində siyasi şərhçi Çengiz Aktar Ankaranın hazırda Avropa Birliyinə üzvlük məsələsində geri çəkilməyə hazır olmadığını bildirib. Lakin o, Avropa Birliyi əleyhinə açıqlamaların nəticələri ola biləcəyilə bağlı xəbərdarlıq edir: “Hər şey ritorika səviyyədə qalacaq. Belə bəyanatlar verənlər fikirləşir ki, Avropa Birliyi əleyhinə danışmaqla onlar ictimaiyyətin gözündə xal qazanır. Bu isə onsuz da soyuq münasibətlərə öz təsirini göstərir. Avropa Birliyinin bəzi üzvlərinin müxalifliyi Türkiyədə son üç ildə bu istiqamətdə heç bir inkişafın olmaması ilə nəticələndi. Bu da öz növbəsində Türkiyə ictimaiyyəti arasında Avropa Birliyinə üzvlük məsələsinə dəstəyin azalmasına gətirib çıxarıb”.
Tükiyə-Asiya Beynəlxalq Araşdırmalar Mərkəzində təhlilçi Murat Bilhan isə hesab edir ki, Avropa Birliyi və Türkiyə arasında məsafə son iki-üç ildə daha da artıb: “Türkiyə ictimaiyyəti də Avropa Birliyinə üzvlük məsələsində təslim oldu. Sorğulara əsasən, əhalinin yalnız 3-40 faizi Türkiyənin üzvlüyünə dəstək verir”.
Müşahidəçilərin fikrincə, iqtidarda olan Ədalət və İnkişaf partiyası qarşıdan gələn bələdiyyə və prezident seçkiləri ərəfəsində Avropa Birliyinə üzvlük məsələsindən məharətlə istifadə edə bilər.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər