• şənbə, 20 Aprel, 02:42
  • Baku Bakı 15°C

Türkiyə hökumətinin biganəliyi mənfi nəticələr verə bilər

18.10.17 10:00 2884
Türkiyə hökumətinin biganəliyi mənfi nəticələr verə bilər
Türkiyə ilə Azərbaycan arasında münasibətlərə xələl gətirmək istəyən və sifariş yerinə yetirən qüvvələr yenidən gündəmə gəlməyə çalışırlar. Bu qüvvələr xüsusən də qardaş saydığımız ölkədə aktivləşiblər. Bu fitnəkarlar əvvəlcə işğal altında olan ərazilərimizə qeyri-qanuni səfərlər təşkil etdilər, sonra isə ölkəmizə qarşı AŞ PA-nın bədnam qətnaməsinin qəbulunda yardımçı oldular. Özü də Qarabağa səfər edən Türkiyə vətəndaşları ermənilərə məxsus "Agos” qəzetində ölkəmizə qarşı hədyanlar yağdırmaqdadırlar. İki ölkə arasındakı mövcud dostluq və qardaşlıq münasibətlərinə zidd fəaliyyət nümayiş etdirən bu şəxslər istər dövlətlərarası münasibətlərin, istərsə də Türkiyə-Azərbaycan qardaşlığının ruhuna uyğun olmayan hərəkətlər etməkdədirlər.
Türkiyə hökumətinin bu xəyanətkarlara qarşı ciddi tədbir görməməsi Azərbaycan ictimaiyyətində dərin təəssüf və narahatlıq hissi doğurmaqdadır. Ölkəmizdə böyük əksəriyyət hesab edir ki, Türkiyə hökuməti ən qısa zamanda Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmiş vətəndaşları haqqında hüquqi prosedur başlatmalı və beləliklə, gələcəkdə Qarabağa səfər etmək istəyən digər vətəndaşlarını da belə qeyri-qanuni, ziyanlı addımlardan çəkindirməlidir. Əks halda, bu cəzasızlığın yarada biləcəyi presedentlərdən yararlanmağa çalışan bəzilərinin hərəkətləri Azərbaycan-Türkiyə münasibətlərinə kölgə salma təhlükəsi yarada bilər.
Yeri gəlmişkən, AŞ PA-da Azərbaycanla bağlı aparılan müzakirələrdə Türkiyə Böyük Millət Məclisinin Cümhuriyyət Xalq Partiyasından (CHP) olan deputatları - Dəniz Baykal, Gülsün Bilgəhan, İlhan Kəsicinin Azərbaycanın öhdəliklərinə dair həmməruzəçilər Stefan Şennax və Sezar Florin Predanın hazırladıqları "Azərbaycanda demokratik təsisatların vəziyyəti” adlı qərəzli hesabat üzrə qətnamənin lehinə səs verməsi də Azərbaycan cəmiyyəti tərəfindən birmənalı qarşılanmayıb. Türkiyə Böyük Millət Məclisində (TBMM) Rizə şəhərini təmsil edən millət vəkili, AKP üzvü Hikmət Ayar "Report”a açıqlamasında CHP-dən olan həmkarlarının belə bir addım atmasına təəccüblənmədiyini bildirib. H.Ayar deyib ki, onlar Türkiyənin AŞPA-dakı nüfuzuna xələl gətirməklə yanaşı, rəsmi Ankaranın tutduğu mövqeyə də qarşı çıxıblar: "Azərbaycan bizim qardaş ölkəmizdir. Biz ətlə dırnaq kimiyik. Azərbaycanın əleyhinə olan bir sənəd elə Türkiyəyə qarşı yönəlib. Bu millət vəkillərinə münasibətimiz sərtdir. Onları Türkiyə Cümhuriyyətinin vətəndaşları hesab etmirəm. Ona görə də bir daha düşünsünlər, çünki törətdikləri əməllər vətəndaşlıq sərhədlərini aşmaqdadır”.
Parlamentdə Girəsun şəhərini təmsil edən millət vəkili, AKP üzvü Sabri Öztürk bildirib ki, Türkiyə vətəndaşı olan siyasətçilərin AŞPA-da belə bir addım atması qəbuledilməzdir: "Azərbaycanlılarla bizim soykökümüz eynidir və bizləri bir-birimizə qan bağı, tarixi köklərimiz birləşdirir". S.Öztürk vurğulayıb ki, Azərbaycan yaxşı və pis günündə hər zaman Türkiyənin yanında yer alıb: ""Bir millət, iki dövlət”, deyirik, bundan böyük bağlılıq ola bilərmi? Biz də həmçinin çətin günlərində Azərbaycanın yanında yer almışıq və bundan sonra da belə olacaq”.
Öz növbəsində siyasi şərhçi Qabil Hüseynli də hesab edir ki, rəsmi Ankaranın qeyd olunan məsələlərə hüquqi qiymət verməməsi və sərt addımlar atmaması gələcəkdə də belə halların yaşanmasına şərait yaradır. Onun sözlərinə görə, əgər məsələyə qarşı hökumət sərt tədbirlər görsəydi, Türkiyə ictimaiyyətində də həmin şəxslərə qarşı ciddi ictimai qınaq formalaşardı.
Ekspert hesab edir ki, indi sözdən əməli tədbirlərə keçməyin zamanıdır. Əks təqdirdə, bu, başqaları üçün pis bir presedent ola bilər. Qabil Hüseynli türkiyəli deputatların AŞPA-da Azərbaycan əleyhinə qəbul edilən qətnaməni dəstəkləməsini biabırçı addım kimi qiymətləndirib. Onun sözlərinə görə, bu şəxslərin Azərbaycanın əleyhinə olan bir qətnaməyə səs verməsi heyrət doğurmaya bilməzdi. Onun qənaətincə, Türkiyə hökumətinin biganəliyi səbəbindən iki ölkə arasında soyuqluq yarana bilər.
Öz növbəsində politoloq Fikrət Sadıqovdeyib ki, Dağlıq Qarabağa Azərbaycandan icazəsiz gedən Türkiyə vətəndaşları ilə Dəniz Baykalın AŞPA-da Azərbaycanın əleyhinə səs verməsinin bir-biri ilə əlaqəli olmasına əmin deyil. "Buna baxmayaraq, hər iki fakt bizim üçün xoşagəlməz olaylardır. Eyni zamanda, hər iki addım Azərbaycanın maraqlarına cavab vermir. Dəniz Baykalla bağlı bir neçə ehtimal var. Guya deyilir ki, səsvermə zamanı texniki səhvlər baş verib. İnanmıram ki, o cür siyasətçilər bu cür texniki səhv buraxsınlar”.
Kamran
banner

Oxşar Xəbərlər