• çərşənbə, 17 Aprel, 02:30
  • Baku Bakı 14°C

Türkiyə-Azərbaycan təlimləri Rusiya mediasında

29.07.20 18:05 878
Türkiyə-Azərbaycan təlimləri Rusiya mediasında
"Komsomoskaya pravda”: "Ermənistan yalnız çətinə düşəndə KTMT-ni yadına salır”

Azərbaycan ordusu tək regionda deyil, ümumilikdə postsovet məkanına daxil olan dövlətlər içərisində ən güclüsu və müasiridir. Bu faktı əksər ölkələrin hərbi ekspertləri də təsdiq edir. Sərhəddə erməni təxribatlarına verilən layiqli cavablar da bunu bir daha təsdiq etdi. Bu gün ordumuz qısa müddət ərzində işğal altında olan torpaqlarını azad etmək iqtidarındadır. Ən müasir silahlarla təchiz olunan ordumuzun döyüş qabiliyyəti də yüksək qiymətləndirilir. Bu nailiyyətlərin əldə olunmasında isə sözsüz ki, qardaş Türkiyənin də rolu vardır. Təsadüfi deyil ki, iki qardaş və strateji tərəfdaş olan ölkənin mütəmadi olaraq birgə hərbi təlimləri keçirilir. Sözsüz ki, budəfəki təlimlər də ölkələrimizin düşmənləri üçün çoxmənalı siqnal olacaq. Bununla yanaşı, ölkələrimiz arasında hərbi əməkdaşlıq yalnız sülh maraqlarına xidmət edir, ölkələrimiz arasında tərəfdaşlığın möhkəmliyini, həmrəyliyini nümayiş etdirir.
Yeri gəlmişkən, hərbi təlimlər və ona hazırlıq neçə gündür ki, Rusiya mediasının səhifələrində yer alıb. Həmin materialların bəzilərində qısqancılıq açıq şəkildə əks olunsa da, ümumən bunun kimsəyə qarşı yönəlmədiyi vurğulanır. Məsələn, "Kommersant” yazır ki, Ankara və Bakı həmrəylik nümayiş etdirərək birgə hərbi təlimlər keçirmək qərarına gəliblər. Təlimlər praktiki olaraq ölkənin bütün ərazisini - Bakıdan Naxçıvaa kimi, o cümlədən işğal altında olan Azərbaycan torpaqları ilə sərhəd əraziləri əhatə edir. Nəşr yazır ki, qonşu dövlət - Ermənistanda bu hərbi təlimlər təxribat adlandırılsa da, qarşı tərəf bunu rədd edir. Azərbaycan Müdafiə Nazirliyindən qəzetə bildiriblər ki, "təlimlərin keçirilməsi barədə qərar hələ ötən il qəbul edilib və son sərhəd gərginliyi ilə heç bir əlaqəsi yoxdur. Təlimlərin iyulun 29-dan avqustun 10-a kimi keçiriləcəyi bildirilib. İştirak edəcək hərbçi sayı, hərbi texnika barədə nə Azərbaycan, nə də Türkiyə mənbələrində hər hansı bir məlumat verilmir. Lakin Azərbaycan MN-nin yaydığı videomaterialdan aydın olur ki, Türkiyədən Azərbaycana bir neçə yüz türk əsgəri, onlarla döyüş maşını və bir neçə hərbi vertolyot gətirilib. Təlimlər Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlaxda keçiriləcək. Quru qoşunları isə Bakı və Naxçıvanda döyüş təcrübəsi əldə edəcəklər. Quru qoşunların təlimləri hərbi-hava hücumlarından bir qədər az – avqustun 1-dən 5-nə kimi davam edəcək”. Müəllif diqqəti ona yönəldir ki, təlimlər Gəncə, Yevlax və Kürdəmirdə və Ermənistanla sərhədin yaxınlığında keçiriləcək: "Gəncə və Yevlaxdan erməni mövqelərinə olan məsafə 40-50 km-dir. Gəncədən 70 km. şimalda isə son döyüşlərin getdiyi Tovuz rayonu yerləşir”. Materialda Türkiyənin Azərbaycana Ermənistanla münaqişədə tam dəstək verdiyi xüsusi vurğulanır. Prezident Rəcb Tayyib Ərdoğanın "Türkiyə Ermənistanın dost və qardaş Azərbaycan torpaqlarına hücumunu qəti şəkildə pisləyir. Ermənistanın məqsədi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına mane olmaq və yeni münaqişə ocaqları yaratmaqdır” fikirləri də məqalədə xüsusi vurğulanır. Eləcə də Türkiyə müdafiə nazirinin dəstək bəyanatı da xatırladılır. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev qəzetə müsahibəsində bildirib ki, "Türkiyənin iki ölkə arasında münaqişəyə hər hansı müdaxiləsindən söhbət getmir”. Müəllif yazır ki, Hikmət Hacıyev bunun gələcəkdə hətta ən ciddi toqquşmalar zamanı mümkün olmadığını bildirib. O, Azərbaycan ordusunun düşmənin öhdəsindən gəlmək iqtidarında olduğunu bəyan edib. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı da qəzetə təlimlərin cəbhə xəttində vəziyyətin gərginləşməsi ilə hər hansı bir əlaqəsinin olmadığını və ötən ildən planlaşdırıldığını bildirib. Maraqlıdır ki, müəllif Ermənistanın Kollektiv Təhlükəsizlik üzrə Müdafiə Təşkilatı (KTMT) üzrə müttəfiqi olan Rusiyanın da hərbi toqquşmalardan sonra belə bir təlimlər keçirdiyinə toxunur. Qəzetə açıqlamasında "Valday” diskussiya klubunun eksperti Fərhad Məmmədov bildirib ki, Azərbaycan-Türkiyə təlimləri əvvəldən planlaşdırılsa da, onu "rəsmi Bakının düşməni tükəndirmək” kontekstində nəzərdən keçirmək lazımdır. "Biz Ermənistana onun mövqeyini dəyişmək üçün təzyiq edirik. Bu diplomatik, iqtisadi və bir sıra hallarda hərbi rıçaqlarla həyata keçirilir”, - deyə ekspert fikrini tamamlayıb.
Başqa bir Rusiya nəşri - "Komsomoskaya pravda” isə mövzuya həsr etdiyi məqalədə təxribatçı suallar qoyur: Azərbaycan və Ermənistan arasında müharibə başlarsa, Türkiyə ilə döyüşəcəyikmi? Cənubi Qafqazda gərginliyin arxasında nə durur? Maraqlıdır ki, erməni təsiri altında olan bu orqan işğal altında olan Azərbaycan torpaqları, düşmənin sərhəd müdaxiləsinin üstündən keçir. Ermənilər isə xüsusi formada aşağılanır. Qeyd edilir ki, Ermənistan yalnız çətinə düşəndə KTMT-ni yadına salır: "2018-ci ildə inqilab yolu ilə hakimiyyətə gələn Nikol Paşinyan dərhal ölkəsinin Qərblə yaxınlaşma kursu götürdüyünü elan etdi. KTMT-nin baş katibi Yuri Xaçaturova və eks-prezident Robert Koçaryana qarşı həbs qərarı çıxarıldı. Bu qərarlar siyasi idi. Uzun müddət də yeni baş katibin təyin olunmasına maneçiliklər yaratdı. Paradoks ondadır ki, bu gün Moskvanın Bakıya münasibəti Yerevanla müqayisədə daha istidir”. Müəllif daha sonra xüsusi qeyd edir ki, bu gün Azərbaycan ordusu Ermənistan ordusundan daha müasir və güclüdür.
Rusiyanın başqa bir nəşri - "Svobodnaya pressa” də Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinə yer verib. Bu təlimlərin indiyə qədər keçirilən təlimlər içində ən irimiqyaslısı olduğu, o cümlədən aviasiyanın aktiv iştirakı ilə keçirildiyi qeyd edilib. "Bu hərbi təlimlər yalnız və yalnız Bakının son gərginlik fonunda dəstəklənməsinə yönəlib” - deyə müəllif gəldiyi qənaəti bölüşür.
Başqa bir Rusiya nəşri - "Nezavisimaya qazeta” da birgə təlimlərdən bəhs edib: "Türkiyə ordusunun lokal münaqişələrdə (məsələn, Suriya, Liviya və İraqda) döyüş tətbiqinin müasir təcrübəsi göstərir ki, Ankara çoxdandır sayla yox, ağılla, bacarıqla döyüşür. Türkiyə Silahlı Qüvvələri zərbə pilotsuz aparatlarını, təyyarələri və vertolyotları, HHM vasitələrini, habelə düşmən arxasında diversiya əməliyyatları həyata keçirən xüsusi təyinatlı bölmələri geniş tətbiq edir. Türkiyə öz təcrübəsini Azərbaycana öyrətməyə hazırdır. Görünür Azərbaycan və Ermənistan sərhədindəki toqquşmalardan sonra iyulun 16-da Bakı və Ankara hərbi rəhbərlikləri arasında gedən danışıqlarda da bu müzakirə olunub”, - deyə materialda qeyd edilir. Müəllif daha sonra yazır ki, Azərbaycan və Türkiyə silahlı qüvvələrinin birgə irimiqyaslı manevrlərinin Ermənistanla mümkün müharibəyə məşq olduğu məlum deyil. "Lakin bu təlimlər postsovet dövrünün ən irimiqyaslı təlimləridir və Azərbaycanla Ermənistan arasında münaqişənin qızışdığı bir vaxtda keçirilir”,- qəzet yazır.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər