Türkdilli dövlətlərin vahid media məkanı
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk
Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli
rəsmilərinin II toplantısında səslənən təkliflər və müzakirə edilən məsələlər Türk
Şurasına üzv ölkələrin çoxdan haqqında danışılan vahid informasiya mərkəzinin
yaradılması məsələsini yenidən gündəmə gətirib.Xatırladaq ki, on il bundan əvvəl Naxçıvanda
yaradılan Türk Şurası üzv dövlətlərin maraqlarını ifadə edərək müxtəlif
aspektlər üzrə fəaliyyət göstərir. Türk Şurasının informasiya və media üzrə
məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin I toplantısı Qazaxıstanın
Astana şəhərində keçirilib. Həmin toplantıda üzv dövlətlərin televiziya və
informasiya qurumları arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ilə
bağlı mühüm qərarlar qəbul edilib və bu istiqamətdə xeyli iş görülüb. Bakıdakı
toplantıda da müzakirə olunan əsas məsələ dövlətlərimiz arasında media
sahəsində əməkdaşlığın inkişaf etdirilməsi olub.
Bakıda keçirilən toplantıda çıxış edən Prezidentin ictimai-siyasi məsələlər üzrə
köməkçisi Əli Həsənov əməkdaşlıq mühitinin Şuranın əldə etdiyi ən böyük
nəticə olduğunu qeyd edib: "Televiziya sahəsində qarşılıqlı əlaqələr
genişləndirilməli və dövlətlərin milli bayramları da efir vasitəsilə
yayımlanmalıdır. Türk Şurasına üzv dövlətlərin aparıcı mətbuat orqanları,
televiziyaları bir-biri ilə əlaqə qurub. Nəyə görə bizim televiziya
kanallarının yerli kabel şəbəkələrində təmsilçiliyi təmin olunmur? Təəssüflər
olsun ki, Azərbaycan televiziyalarının verilişlərinin nə Qazaxıstanda, nə də
Qırğızıstanda yayımlanmasına rast gəlinir. Təklif edirəm ki, Azərbaycanın
dövlət və ictimai televiziyalarının verilişləri Türk Şurasına üzv dövlətlərdə
yayımlansın. Eyni zamanda, həmin ölkələrin də dövlət və ictimai
televiziyalarının verilişləri Azərbaycanda yayımlansın”. Prezidentin köməkçisi vahid
türkdilli televiziyanın yaradılması təşəbbüsünün dörd ildir ki, müzakirə olunduğunu
qeyd edib: "Təəssüflər olsun ki, bu məsələ həllini tapmayıb. Mövcud
televiziyalardan birinin türkdilli dövlətlərin vahid kanalına çevrilməsi, bu
funksiyanın hansısa formada icra edilməsi gündəlikdədir. TRT AVAZ kanalı bu
mənada müzakirə obyektidir”.
Ə.Həsənov Türk Şurasına üzv dövlətlər arasında
informasiya sahəsində inteqrasiyanın gücləndirilməsinin labüd olduğunu vurğulayıb:
"Dağlıq Qarabağ münaqişəsi regionun və dünyanın ən çətin həll olunan
münaqişələrindən biridir. Burada işğalçı və işğala məruz qalan tərəf var, hər
şey aydındır. Bizim türkdilli dövlətlərin informasiya dəstəyinə ehtiyacımız
var. Ona görə hesab edirəm ki, Türk Şurasına üzv dövlətlər belə məqamlarda bir-birinə
dəstək verməlidir”. Bu gün dünyada islamofobiya meyillərinin gücləndiyini, İslam
dininə qarşı çirkin kampaniya aparıldığını qeyd edən Ə.Həsənov bildirib ki, müsəlman
ölkələri, xalqları terrorla eyniləşdirilir, onların mövcud multikultural dəyərləri,
mədəniyyətləri, gözəl adət-ənənələri mənfi çalarda təqdim edilir: "Biz bu
məsələdə də vahid mövqedən çıxış etməliyik”.
Türk coğrafiyasının dünyanın tanımalı olduğu
şəxsiyyətləri olduğunu qeyd edən Prezidentin köməkçisi bildirib ki, dünya bu
cür şəxsiyyətləri daha yaxşı tanımalıdır. Bu tarixi şəxsiyyətlərlə bağlı
filmlər türk, rus və ingilis dillərində olmalıdır. Ortaq türk kanalı ilə bağlı danışan
Ə.Həsənov TRT AVAZ-ın tərkibində belə bir kanalın yaradılması məsələsinin
prezidentlərin qərarından asılı olduğunu deyib və "Euronews” nümunəsini misal
çəkərək bu kanalda müxtəlif dövlətlərin səhmləri olduğunu deyib. Türk Şurasına
üzv dövlətlər arasında xəbər platformasının yaradılmasının vacibliyinə toxunan
Prezidentin köməkçisi qeyd edib ki, mətbuat nümayəndələrinin media forumlarının
keçirilməsi tərəflər arasında əməkdaşlığı daha da gücləndirər. Belə ki, Azərbaycan
türkdilli dövlətlərin media forumunun Bakıda keçirilməsinə hazırdır: "Forumda
təkcə telekanallarla bağlı məsələ deyil, ümumilikdə jurnalistlər arasında
əməkdaşlığın gücləndirilməsi istiqamətində müzakirələr aparılmalıdır.
İnformasiya agentliklərinin jurnalist və təcrübə mübadiləsinin əhəmiyyəti
böyükdür”.
Türk Şurasının vahid media məkanının yaradılması
ideyası, bu sahədə görüləcək işlər ziyalılar arasında müzakirələrə yol açıb.
Türk dünyasındakı yerimiz
Bakı Dövlət
Universitetinin Jurnalistika fakültəsinin professoru Cahangir Məmmədlivahid türkdilli kanalın yaradılmasını son dərəcə vacib və əhəmiyyətli addım
kimi dəyərləndirir: «Başımıza gələn hadisələrin, məsələn, Qarabağ hadisələrinin
yalnız bizim telekanallarda özümüz üçün yayımlanması o qədər də səmərə vermir.
Ancaq vahid kanalın türk dünyası arealında yayımlanması, bu tip hadisələrin
geniş ictimaiyyətə çatdırılması yaxşı təşəbbüs və ideyadır. Bir neçə il bundan
əvvəl TRT AVAZ kanalı ilə İctimai TV-nin ortaq layihəsinin davam etdiyi
müddətdə bizim verilişlərə Orta Asiya ölkələri, Türkiyə tamaşaçıları baxırdı.
Orta Asiya ölkələrində – türk dünyasının ciddi bir nöqtəsində Azərbaycana aid
verilişlərin yayımlanması çox vacibdir. Türkiyə bizə nə qədər doğmadırsa,
bütövlükdə türk dünyası da o qədər doğmadır. Ona görə telekanallarımızın bu
areallarda yayımlanması çox əhəmiyyətli olar. Gəlin, etiraf edək ki, Azərbaycan
telekanalları peyklə yayılsa belə, dünyadakı telekanal çoxluğunun içərisində
ciddi şəkildə seçilmək məsələsi çətindir. Ancaq türk dünyasında bizim yerimiz
var, türk dünyası bizim doğma diyarımızdır. Bu baxımdan Türk Şurasının
toplantısında səsləndirilən bütün ideyaların tərəfdarıyam».
Ortaq keçmişdən
ortaq gələcəyə gedən yol
"Bu mühüm təklifin gec olmayan zaman içində və müvafiq
mexanizmlər əsasında gerçəkləşəcəyinə çox inanıram” - deyən Azərbaycanda ATATÜRK Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu İdarə
Heyətinin üzvü Əkbər Qoşalı hesab edir ki, təklif gerçəkləşəcəyi halda,
qardaş ölkələr bir-birinin informasiyasını üçüncü ölkə informasiya resurslarından
deyil, birbaşa əldə etmək imkanına malik olacaq: "Bundan başqa, qardaş ölkə və
topluluqlar bir-birinin ictimai həyatı, mədəni irsi, başqa yenilikləri, habelə
televiziya işi sahəsində təcrübə mübadiləsi aparmaq, bir sözlə, bütün əməli
fəaliyyət sahələri üzrə bilgiləri gündəlik və birbaşa əldə etmək imkanına
yiyələnəcək. Bu isə ortaq türkcə, ortaq əlifba yolunda, ümumən ortaq keçmişdən
ortaq gələcəyə gedən şərəfli və məsuliyyətli yolda daha konkret nəticələrə
gətirib çıxara biləcək. Mən öz fəaliyyətimlə əlaqədar qardaş ölkələrdə və
topluluqlarda tez-tez səfərlərdə oluram və əlbəttə, tələbə-gənclərlə,
yazarlarla, ictimai fikri qidalandıran insanlar və başqaları ilə fikir mübadiləsinə
qatılıram. Bu anlamda, Azərbaycan Prezidentinin köməkçisi tərəfindən irəli
sürülmüş təklifin nə qədər coşqu və sevgi ilə qarşılanacağını aydın təsəvvür
edirəm”.
Ə.Qoşalının fikrincə, ərazi bütövlüyü pozulmuş,
elan olunmamış müharibəyə cəlb edilmiş ölkə olaraq, bizim belə bir gündəlik
tele-mübadiləyə çox ehtiyacımız var: "Ancaq Türk Şurasının üzvü olan digər
ölkələrin də öz həqiqətlərini, problem və uğurlarını yaymaq, turizm axınını
gücləndirmək və s. baxımından qazanacaqları az olmayacaq. Bir də, "niyə”siz,
"necə”siz bir yanaşma ilə söyləsək, axı biz canbir, qanbir qardaşlarıq. Qardaş
qardaşını başqaları vasitəsi ilə deyil, birbaşa tanımalıdır, özü də yaxşı
tanımalıdır, ruhubir olmalıdır. İndiki dövrdə isə bir-birini yaxından tanımaq
önəmli dərəcədə televiziyalardan, virtual aləmdən, İKT-dən keçir.Bu mənada ortaq telefilmlərin, sənədli filmlərin
çəkilməsi, ümumən kino təsərrüfatımızın bir-birinə qaynayıb-qarışması ayrı bir
hadisə olardı. Çünki filmlərin yaddaşda buraxdığı iz, film qəhrəmanlarının
adlarından tutmuş həyat kredolarının, mübarizələrinin yayılmasınadək heç bir
şey gözdən kənarda qala bilməz. Belə yayılma bizlər üçün bir neçə mənada önəm kəsb
edə bilər. Həm yabançı axınlara qarşı duruşumuzu gücləndirərik, həm ümumtürk
immunitetini qüvvətləndirərik, həm də ortaq dəyərlərimizi təbliğ edər,
universallaşdırarıq”.
Ə.Qoşalı hesab edir ki, belə addımlar müəyyən fikir
ayrılıqlarına, anlaşmazlıqlara da izah verər, tarixə və gələcəyə ortaq baxışın
formalaşmasına ciddi kömək edər. Belə ki, müstəqillik illərində qazanılmış
uğurlarla yanaşı, artıq zamanı çatmış növbəti addımları atmaqla (ortaq
proqramlar, dərsliklər, yeni filmlər, davamlı tele-radio yayımları və s.) bu
məqsədə nail olmaq olar: "Beləliklə, bir neçə ildən sonra biz bir-birimizi
sözün bütün mənalarında daha yaxşı anlaya biləcəyik. Ortaq kanalın
yaradılmasına gəldikdə, deməliyəm ki, belə bir addım TRT AVAZ-ın timsalında
müəyyən qədər ənənə qazanıb; artıq Türk Şurasına üzv dövlətlərin birgə
formalaşdıracağı büdcə ilə - ayrıca qərargahı, studiyaları, xüsusi seçilmiş
kollektivi olan kanal yaratmaq ümumi işin xeyrinə olardı. Elə başa düşürəm,
belə bir kanal üçün ortaq məkan Bakı ola bilər. Hər türk ölkə və topluluğunda
isə nümayəndəliklər açıla bilər”.
"Euronews”
nümunəsi
Türkiyə səfirliyinin
mədəniyyət və tanıtım müşaviri İrfan Çiftçi toplantıda
səsləndirilən təklifləri yüksək dəyərləndirərək, türk dünyasının ortaq
mediasının yaradılmasının vacibliyini bildirir: «Bu gün sosial media, Youtube
kimi platformalara, mobil telefonlarına inteqrasiyaya qədər bütün media
sahələrini əhatə edən ortaq media yaratmaq, o cümlədən TRT AVAZ-ın da onun içərisində
olması lazımdır. Ortaq televiziyanın olması üçün Azərbaycan, Türkiyə, Qazaxıstan,
Qırğızıstan, Özbəkistan, Tatarıstan və s. ölkələrin media işçilərinin,
rejissorların, prodüserlərin iştirakı və onların öz proqramlarını təqdim etməsi
önəmlidir. Yəni, tutaq ki, Azərbaycandan
və ya Özbəkistandan hazırlanan proqramlar bu kanaldan efirə getsə, daha faydalı
olar. Bu həm yayımın izlənməsi, həm aktuallıq baxımından önəmlidir, həm də türk
toplularının bir-birini daha yaxından tanınması müstəvisində faydalı olar. Ona
görə hər ölkənin iştirak edə biləcəyi ortaq bir yayımın olması lazımdır”.
Müşavirin sözlərinə görə, Azərbaycanın tarixi
hadisələri – 28 May Respublika Günü, Xocalı faciəsi, Yanvar hadisələri və s. haqda
Türkiyə əhalisi o qədər də məlumatlı deyil. O cümlədən digər türkdilli ölkələrin
insanlarının da bu barədə bilgiləri azdır. Bunların bir-birlərinə həm də öz dillərindən
çatdırılması lazımdır. Avropanın ortaq televiziyası - "Euronews” nümunəsi şəklində
həm aktual, həm daimi xəbər axını olan, də həm fərqli ləhcələri efirə çıxaran, hər
kəsə alt yazı ilə anlaşılan televiziyaya ehtiyac var. TRT AVAZ-ı bu şəkildə inkişaf
etdirib o səviyyəyə çatdırmaq lazımdır”.
İ.Çiftçi hesab edir ki, bu əlaqələr təkcə
televiziya ilə məhdudlaşmamalıdır: "Mətbuat, sosial media ilə birlikdə bir
layihə kimi həyata keçirilməlidir. Bəlkə bu layihənin mərkəzi də Azərbaycan
olmalıdır. "Euronews”un mərkəzi Lion şəhərində olduğu kimi, bu televiziyanın
mərkəzi də mütləq paytaxtda deyil, Azərbaycanın hər hansı bir regionunda ola
bilər”.
Təranə Məhərrəmova