Türk mədəniyyətinin bənzərsiz ləzzətləri təqdim edildi

Türk mədəniyyətinin bənzərsiz ləzzətləri təqdim edildi

Mədəniyyət
14 İyun 2019, 19:55 625
İyunun 13-də "Fairmont Baku Flame Towers” otelində "Türk mədəniyyətinin bənzərsiz ləzzətləri” adlanan festivala start verildi. Belə ki, Türkiyə Səfirliyi və Türk Hava Yollarının dəstəyi ilə 8-16 iyun tarixləri arasında Türkiyənin məşhur Aila Restoranının aşpazları bir həftə boyunca Alov mətbəxində Anadolu yeməklərini həqiqi İstanbul ləzzəti və Türk kulinariya mədəniyyətinin vəhdətində təqdim edəcək.
 
Festivalın açılış günündə media nümayəndələri türk mətbəxi ilə daha yaxından tanış olmaq imkanı qazandılar. Bildirildi ki, Türkiyənin Fairmont Quasar İstanbul otelində yerləşən Aila restoranının aşbazları bir həftə ərzində festivalın xüsusi qonaqlarına Anadolu yeməklərini həqiqi İstanbul ləzzəti və Osmanlı kulinariya mədəniyyətinin vəhdətində təqdim edəcəklər.

Qonaqları salamlayan Türkiyə Səfirliyinin Mədəniyyət və Təbliğat Müşaviri İrfan Çiftçi Türkiyə turizminin yeni təbliğat meyarlarına uyğun olaraq belə festivalların keçirilməsinin vacibliyindən danışdı. Qeyd etdi ki, bu festivalın keçirilməsində məqsəd Türk kulinariya mədəniyyəti, Osmanlı mətbəxini Azərbaycanda daha yüksək səviyyədə tanıtmaqdan ibarətdir: "Osmanlı mədəniyyətinin mirasçısı olan türk mətbəxi çox zəngindir. Biz də bu mətbəxi qardaş Azərbaycanda təqdim etmək qərarına gəldik. Bir başlanğıc olaraq bir həftə davam edən festivalla müəyyən kütlələrə xitab etmək qərarına gəldik. Belə ki, Türkiyədən təşrif buyurmuş şef aşbazlarımızın hazırladıqları Osmanlı mətbəxi "Fairmont Baku Flame Towers”də səfirlər, özəl dəvətlilərə təqdim olunacaq. Qeyd edim ki, bu ənənəvi türk mətbəxi deyil. Sizləri bu festival çərçivəsində Osmanlı mətbəxi ilə daha yaxından tanış edəcəyik”.
İ.Çiftçi Türkiyə turizminin dünyanın 6-cı böyük turizmi halına gəldiyini vurğulayaraq Osmanlı mətbəxinin buradakı misilsiz xidmətlərindən bəhs etdi.   

Aila restoranının aşbazı Əmrə İnanır çıxışı zamanı festival ərzində qonaqlara zəngin Osmanlı mətbəxinə aid təamları yeni yanaşmada, daha müasir ovqatda təqdim edəcəyini dedi.  İlk dəfədir ki, Azərbaycana gəldiyini deyən Əmrə İnanır Azərbaycanın modern bir şəhər olduğunu, burada Osmanlı mətbəxini təqdim etmək üçün iştirakına görə qürur duyduğunu dedi: "Festivalda unudulan Osmanlı saray mətbəxində ləzzətləri və müasir türk mətbəxi qonaqlarımıza təqdim olunacaq. Türk mətbəxi çox zəngindir. Zamanla bu mətbəxə əlavələr olunub, yeməklərimizə ağız dadına uyğun olaraq müxtəlif əlavələr olunub.  Ancaq biz o tarixi məlumatları, kitabları əldə etdik və əsil Osmanlı mətbəxinin sirrlərini öyrənib onu olduğu kimi təqdim etməyə çalışdıq. Onu bugünüzə daşıdıq”.

Layihənin kuratoru, tanınmış rəssam Günay Mehdizadə isə hər bir ölkənin mədəniyyəti onun mətbəxindən yol aldığını və bu baxımdan qardaş Türkiyənin olduqca zəngin mətbəxə sahib olduğunu bildirdi: "Dünyanın məşhur ən gözəl mətbəxi  sırasında Türkiyə ön sıralarda yer alır. Bu layihəni həyata keçirməklə istədik ki, ölkəmizdə Osmanlı mətbəxi ilə tanış olsun. Hər bir ölkənin mətbəxi onun mədəniyyətinin xəbərçisidir. Belə ki, mətbəx təkcə xörəklər, onların hazırlanma texnologiyasının üsulları deyil, həm də maddi mədəniyyətin əsas hissəsidir. Bu baxımdan, Osmanlı dövrünün mətbəxinin məhz Azərbaycanda təbliğ olunması mühüm və bir o qədər də önəmli hadisədir. Bu festivalın keçirilməsində isə dəstəyini əsirgəməyən Türkiyə Səfirliyinin Mədəniyyət müşavirliyinə və Fairmont otelinin rəhbərliyinə təşəkkürümü bildirirəm”.
 
Fairmont otelinin PR və Marketinq meneceri Zümrüd İsmayılova indiyədək müxtəlif ölkələrin mətbəxlərinə aid festivallara ev sahibliyi etdiklərini bildirdi. Türkiyə Səfirliyi ilə belə bir tədbir keçirdikləri üçün şad olduqlarını bildirdi.

Qeyd edək ki, türkiyəli aşpazlar məharətlərini festivalın son günündə - 16 iyun tarixində baş tutacaq eksklüziv İstanbul brançında ən yüksək səviyyədə göstərəcəklər.

Xəyalə Rəis