• çərşənbə axşamı, 23 aprel, 15:19
  • Baku Bakı 24°C

Türk əsrinin müjdəçisi

28.04.14 13:39 2314
Türk əsrinin müjdəçisi
“...Miskin bir məcmuə məni – mən qəzetlər padşahı Rza bəyi tənqid etsin?! Mən o “Molla Nəsrəddin”ə göstərərəm, mən onu darmadağın elətdirərəm!..”

Deyilənə görə, Üzeyir bəy Hacıbəyli “O olmasın, bu olsun” oprettasındakı qəzetçi Rza bəy surəti ilə, böyük Azərbaycan mütəfəkkiri, XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən olan Əli bəy Hüseynzadənin obrazını yaradıb. Bu maraqlı gümanı mümkün qədər dəqiqləşdirmək ümidi ilə qeydlərimizin əvvəlində Üzeyir bəyin “Seçilmiş əsərləri”ni təkrar vərəqlədik.
İlk dəfə 1918-ci ildə dərc edilən və motivləri əsasında 1956-cı ildə Azərbaycan kinosunun ən baxımlı nümunələrindən biri lentə alınan oprettada Rza bəyə aid bəzi replikalar ekran variantındakından fərqlidir. Elə yazıya müqəddimə kimi daxil etdiyimiz iki emosional replika da, görünür, filmin ssenari müəllifi Sabit Rəhmanın qələminin məhsulu kimi ortaya çıxıb. Burada əsas niyyətin XX əsrin əvvəllərində Əli bəy Hüseynzadənin təmsil etdiyi düşüncə cərəyanı ilə “Molla Nəsrəddin”çilər arasındakı ixtilafları əks etdirmək niyyəti daşıdığı da əsla şübhə doğurmur.
Amma bu imporovizələrin bizi düşündürən mətləbə az dəxli var. Üzeyir bəy Hacıbəylinin “Molla Nəsrəddin” məktəbinin parlaq təmsilçilərindən biri kimi Əli bəy Hüseynzadənin bir sıra görüşlərinə tənqidi münasibət bəsləməsi qəzetçi Rza bəy surətinin həyatdakı prototipinin məhz Əli bəy Hüseynzadə olması ehtimalını qüvvədə saxlayır.
Bu, Azərbaycan ictimai fikir tarixində qoşa zirvə kimi ucalan, bir zamanlar Bakıdakı “Səadət”məktəbinin müəllimləri kimi çiyin-çiyinə çalışan, müsəlman Şərqinin ilk operasının - “Leyli və Məcnun” səhnə tərtibatını birgə ərsəyə gətirən iki dahidən birinin digərinə qarşı haqsızlığı deyildi. Bunu, toplumun gələcəyi ilə bağlı narahat sualların intellektual dava meydanına daşınması, böyük zəka sahiblərinin düşüncə qarşıdurmasında tərəflərdən birinin digərinin mövqeyini zəiflətmək məramı ilə ona qarşı ədəbi hücumu, ümumilikdə isə saysız-hesabsız fərqli həqiqətlər arasından ən doğru olanların seçilməsi cəhdi kimi dəyərləndirsək, daha doğru olar. Elə böyük insanların böyüklüyü də bundadır ki, onların hətta bir-birinə atmacaları belə öz səviyyəsi, intellektuallığı ilə ictimai dəyər kəsb edir.
O illərdə Üzeyir Hacıbəylinin aid olduğu “Molla Nəsrəddin” məktəbinin həqiqəti hələ adını belə bilməyən xalqın maarifləndirilməsi üçün ən ibtidai üsulların, xalqın anlayacağı saya dilin seçilməsi idi.
Mükəmməl təhsil alan, bir müddət Avropada yaşayan və bir sıra Avropa maarifçilərinin dünyagörüşü ilə yaxından tanış olan Əli bəy Hüseynzadənin həqiqətləri - İttihadi lisan (ortaq dil), İttihadi din (ortaq din), İttihadi kültür (ortaq mədəniyyət) isə o illər üçün təkcə Azərbaycan milli burjuasiyasının savadsız təmsilçisi Məşədi İbada deyil, çoxlarına qəliz görünürdü. Amma görkəmli mütəfəkkir məsələlərə qlobal miqyasda yanaşmaqla, xalqın milli ruhuna da inanır, öz qələmi ilə ümumtürk mənəvi dəyərlərini tədqiq və təbliğ edir, təkcə Azərbaycan toplumunun deyil, ümumilikdə türk dünyasının bu üç dəyərin işığında tərəqqi tapması naminə öz parlaq istedadının bütün gücünü ortaya qoyurdu.
Dünyanın ən yüksək inkişaf səviyyəsinə gəlib çatmış bütün cəmiyyətləri bu inkişafı, tərəqqini öz zəka sahiblərinin bu cür fikir toqquşmalarına borcludurlar. Bu başqa məsələ ki, Əli bəy Hüseynzadənin ictimai portretinin türkçülüyə düşmən kəsilmiş sovet ideologiyasının “O olmasın bu olsun” filmində cızdığı Rza bəy obrazına zərrə qədər oxşarlığı yoxdur.
***
Ucundadır, dilimin həqiqətin böyüyü
Nə qoyurlar deyəyim, nə kəsirlər dilimi...

O çıxılmazlıq ki, Əli bəy Hüseyzadəyə aid bu beytdə öz poetik ifadəsini tapmışdı, həmin durumun yaşandığı zaman türk tarixinin narahat suallarla zəngin bir əyyamı idi. Yəqin, bütün xalqlar tarixində belə mərhələlər adlamalı olur. Və saysız-hesabsız ictimai sualların əhatəsində qalmış toplumun düşünən kəsimi görkəmli rus mütəfəkkiri N.Çernışevskinin məşhur romanına ad qoyduğu “Nə etməli?” sualının cavabını Əli bəy Hüseynzadə kimi aydınların qələmindən gözləyir.
Əli bəy Hüseynzadə dilinin ucundakı böyük həqiqətləri hayqırmağa başlayarkən biz də oxşar durumda idik. Azərbaycanda xalq öz adını belə bilmirdi. Savadsızlıq, cəhalət və üstəlik çarizmin məqsədli siyasəti nəticəsində kütlə öz adını yaddan çıxarmışdı. Tatar, müsəlman adları ilə bu coğrafiyada türk adını çoxlarına unutdurmuşdular. Bakıda açılmış məktəb rus-tatar məktəbi adlanırdı. Birindən milli mənsubiyyətini soruşanda “Əlhəmdüllilah müsəlmanam” cavabını eşidirdin.
Belə bir zamanda Əli bəy Hüseynzadə "Həyat "qəzetinin səhifələrində işıq üzü görmüş "Türklər kimdir və kimlərdən ibarətdir?" adlı əsəri ilə bu acınacaqlı reallıqların üzərinə yeridi. Türk xalqlarına, o cümlədən Azərbaycan türklərinə üz tutaraq "Biz tatar deyilik, biz türkük"- həqiqətini səsi yetdikcə aləmə car çəkdi. Bununla mürgülü başları oyatmağa, yetərincə dolaşıq zamanın fərqli məfkurələr səmtində pərən-pərən saldığı kütləni vahid bir ideya - türkçülük məfkurəsi ətrafında bir araya gətirməyə çalışdı. Təsadüfi deyil ki, görkəmli Amerika tarixçilərindən olan Tadeuş Svyatoçovski haqlı olaraq Əli bəy Hüseynzadəni XX əsrin əvvəllərində türk xalqlarına kimliyini bildirən yeganə insan adlandırırdı.
Tarix boyu milli ideologiya səviyyəsində türkçülüyün "Ana Yasası" misalında dəyərləndirilərək yeni inkişaf istiqamətlərinə yol açan "türkləşmək, islamlaşmaq, avropalaşmaq (müasirləşmək)" triadası, milli bayrağımızdakı rənglər simvolikası, bu gün geniş çevrələrdə gündəmə gətirilən ortaq türk dili ideyası məhz Əli bəy Hüseynzadə zəkasının məhsuludur.
Türkiyədə türkçülüyün böyük ideoloqu kimi tanınan Ziya Göyalp Əli bəyi özünün ustadı sayaraq sonralar həmin üçlü qayənin sosioloji baxımdan "millətini tanı, ümmətini tanı, mədəniyyətini tanı!" anlamını verən "türk millətindənəm, islam ümmətindənəm, Batı (qərb, Avropa) mədəniyyətindənəm" şəklində formula edəcəkdi...
Tarixi soraqlar milli şüurun oyanışına xidmət edən bu düşüncənin erməni millətçiləri arasında böyük narahatlıq doğurduğunu təsdiqləyir. Təsadüfi deyil ki, erməni xəfiyyələrinin "Həyat" qəzeti barədə donoslarının biri üzərində Qafqaz canişini təcili olaraq "Həyat"ın sərlövhəsindəki "türk" sözünün silinməsi, əvəzinə "tatar" sözünün yazılması"nı əmr edən dərkənar qoymuşdu. Amma Əli bəy Hüseynzadə nəinki "türk" sözünü "tatar"la əvəzlədi, əksinə, "bu məsələ qayət mühümdür",- deyərək "Biz ki, türk oğlu türkük, biz ki, millətlərin ən qədimi və ulusuyuq", -deyə türklüyün təqdirində davam etdi. "Həyat" qəzetinin bivaxt qapanma səbəbi də elə bu idi.
Çox keçmədən, böyük maarifçi, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin maliyyə yardımı və Əli bəy Hüseynzadənin redaktorluğu ilə 1906-cı ildə "Füyuzat" dərgisi nəşrə başladı. Əli bəy "Həyat"da başladığı türkçülük ideyalarını "Füyuzat"da da davam etdirərək, türkçülüyün siyasi proqramı olan "türkləşmək, islamlaşmaq, avropalaşmaq" formulunu bitkin bir sistem halına gətirdi.
Əli bəy Hüseynzadənin ötən əsrin əvvəllərində əvvəlcə “Həyat”, ardınca “Füyuzat”da irəli sürdüyü "türkləşmək, islamlaşmaq, avropalaşmaq (müasirləşmək)" məramı elə uğurlu bir həll modeli idi ki, türkçülük düşüncəsinin görkəmli təmsilçilərindən olan Yusif Akçura 1928-ci ildə dərc etdirdiyi məqalələrindən birində bunu xoşbəxtlik düsturu adlandırırdı. Söz yox, Əli bəy Hüseynzadəyə qədər də türk dünyasında bu üçlü düsturun müxtəlif istiqamətlərinin təbliğinə ömür sərf etmiş mütəfəkkirlər olmuşdu. Məsələn, ayrılıqda Mirzə Fətəli Axundov avropalaşmaq, Seyid Cəmaləddin Əfqani sonradan islam fundamentalizmi kimi dəyərləndiriləcək islamlaşmaq təlimlərini irəli sürmüşdü, eyni zamanda görkəmli türk ziyalılarından olan Əli Suavi bu məsələlərin hər biri ilə bağlı aydın və prinsipial fikirlər yürütməyə çalışmışdı.
Əli bəy Hüseynzadə isə ilk dəfə bu istiqamətləri vahid bir ideyada birləşdirərək bunu türk dünyasının inkişaf məfkurəsinə çevirdi. Türkçülük düşüncəsini şəkilləndirdi, ona nəzəri biçim verib türk fikir həyatına aşıladı və yüz ildir ki, türk dünyasının mənəvi problemləri onun yandırdığı ideoloji çırağın işığında çözülür.
Onun irəli sürdüyü məfkurənin cəlediciliyi bu məfkurənin yönəldiyi hədəflərə doğru aparan yolların aydınlığıdır. Əli bəy Hüseynzadə öz təlimində cavabsız suallara yer qoymur. "Türk xalqları birinci dövrdə qılıncla, ikinci dövrdə dinlə parlamışdırsa, indi isə, yəni üçüncü dövrdə elm və biliklə parlamalıdırlar...", "Bizə qılınc deyil, əhli-maarif lazımdır..." yazır. "Bilgi və elmin lisan (dil ) ilə olduğunu göstərir: “Bir əcnəbi lisanında dəxi elm təhsil oluna bilər. Fəqət bu surətlə təhsil olunan elm məhdud fərdlərin beynində qalır. Millətin əksəriyyəti arasında yayılmır. Elm və maarif əksəriyyət beynində inkişaf etmək üçün lazımdır ki, millətin öz ana dili maarif təhsilinə alət (vasitə) olsun...";
Əli bəy Hüseynzadənin yaşayıb-yaratdığı dövrdə qloballaşma adlı zaman seli hələlik dünyanı ağuşuna almamışdı. Amma onun müəyyən etdiyi prinsiplər əsrin bu üzündə yaşanacaq qlobal proseslərdə bizlərə yol göstərib “Şərqə, yoxsa Qərbə” doğru sualı qarşısında bizlərə aydın istiqamət verir: "Avropa elminə, maarifinə, ədəbiyyatına, sənət və sənayesinə bələd olmağa (öyrənməyə) və millətimiz beynində yaymağa çalışmalıyız... Biz avropalıların ədəbiyyatlarına, sənayelərinə, elm və maariflərinə, kəşfiyyat və ixtiralarına müraciət etmək istəyirik,, özlərinə deyil! Biz istəyirik ki, islam ölkəsinə onların beyinləri girsin, boğazları, mədələri girməsin. Biz istərik ki, ölkəmiz onların beyinlərini həzm etsin, yoxsa mədələrində həzm olunmasın ... ".
Bütün bunlarla Əli bəy Hüseynzadə türk millətinin müasir milli şüurunu sistemləşdirdi, turançılıq düşüncəsini türk millətinin yeganə xilas imkanı kimi nişan verdi. Çar müstəmləkəçiliyindən müstəqil Azərbaycan dövlətinə, eyni zamanda, xilafət və səltənət sistemindən milli Türkiyəyə keçidi öz universal zəkasının doğurduğu əsərlərlə təmin edən ideoloqların elçisi olan Əli bəy Hüseynzadənin gördüyü işin miqyası o qədər əhatəlidir ki, bu prosesin nəticəsi olaraq, təkcə Azərbaycanda və Türkiyədə deyil, türkçülüyün təşəkkülü ilə, ümumiyyətlə, dünyada XX əsrdən sonrakı yeni tarix başlanır.
Ötən ilin 16 avqustunda Qəbələ şəhərində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısındakı çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qloballaşan dünyada güman ki, yaxın onilliklər üçün bizləri gözləyən tarixi perspektivlər üçün açar rolunu oynayacaq maraqlı bir fikir səsləndirdi: «Dünyanın müxtəlif yerlərində, əfsuslar olsun ki islam dünyasında vəziyyət fərqli istiqamətdə gedir. Qarışıqlar, vətəndaş müharibələri, xoşagəlməz hallar baş verir. Bizim türkdilli coğrafiyada isə inkişaf prosesi gedir. Bu, böyük sərvətdir. XXI əsr türk dünyası əsri olmalıdır. Biz bütün müsbət meylləri gücləndirməliyik”.
Dünyanın siyasi xəritəsində müstəqil Azərbaycan məmləkətinin mövcudluğu, bu məmləkətdə türk dövlət rəhbərlərinin bir araya gəlməsi və bir əsr əvvəl Əli bəy Hüseynzadənin uğrunda ömrünü şam kimi əritdiyi bu amalın Azərbaycan Prezidenti səviyyəsində bütün dünyaya bəyan edilməsi, yəqin ki, böyük mütəfəkkirin ruhunun rahatlıq tapdığı an idi.
Samir MUSTAFAYEV,
“Vergilər” qəzetinin müxbiri,
filologiya elmləri üzrə fəlsəfə doktoru

Yazı Azərbaycan Mətbuat Şurasının və Azərbaycanlıların və digər Türkdili Xalqların Əməkdaşlıq Mərkəzinin “Əli bəy Hüseynzadə və Türk dünyası” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur
banner

Oxşar Xəbərlər