• çərşənbə axşamı, 16 aprel, 23:40
  • Baku Bakı 18°C

Türk dilinin işığına toplaşanlar Fotolar

28.05.13 08:24 1889
Türk dilinin işığına toplaşanlar Fotolar
Ötən həftənin sonu dünyanın 140 ölkəsindən olan şagirdlər İzmirə toplaşdılar. Türk dilinin işığına yığışan şagirdlər öz mədəniyyətlərini, tarixlərini nümayiş etdirməklə yanaşı, həm də türkcə şeirlər deyir, rəqs edir, mahnı oxuyurdular. Azərbaycanlı şagirdlər də öz məharətlərini göstərmək üçün burada idilər.
17 ölkədən 140 ölkəyə
Qeyd edək ki, bu il İzmir Fuar Mərkəzi Atatürk adına Açıq Hava Anfi-teatrında təşkil olunan 11-ci Beynəlxalq Türk Dili Olimpiadasına Azərbaycandan da jurnalistlər, dövlət məmurları, tələbə və şagirdlər qatılmışdılar. Biz də Qafqaz Universitetinin təşkilatçılığı və maliyyə dəstəyi ilə sözügedən tədbirdə iştirak etmək imkanı qazandıq.
Onu da deyək ki, türk dilinin, türk dilləri qrupuna daxil olan dillərin bütün dünyada tanınmasına və yayılmasına nail olmaq məqsədi daşıyan olimpiadalar bundan 11 il əvvəl 17 ölkədən olan 62 şagirdin iştirakı ilə başlayıb. Bu ilki tədbirə 140 ölkədən 2 min şagird qatılıb.
Şəkərbura və paxlavanın dadı damaqlarda qaldı
Mayın 23-dən başlayan tədbirdə orta məktəb şagirdləri öz fərasətlərini göstərməmişdən əvvəl fərqli ölkələrdən olan nümayəndələr İzmir Sərgi, Açıq Hava teatrında öz adət-ənənələrini, milli geyimlərini, mətbəxlərini, tarixi abidələrini və s. nümayiş etdirirdilər. 140 ölkə arasında ən böyük stend Azərbaycana məxsus idi. Çox gözəl interyerdə qurulan stend qalanı xatırladırdı. Divar boyu uzanan stenddə Qız Qalası, Möminə Xatun türbəsi, İçərişəhər, Nizaminin türbəsi, Qoşa Qala qapıları, Yəhya Bakuvi türbəsinin maketləri yer almışdı. Azərbaycan milli geyimlərində olan çalğıçılar isə Azərbaycan mahnıları ilə sərgiyə gələnləri əyləndirirdi. Azərbaycan xalçasından tutmuş, nehrəyə, yun əyirmək üçün qoyulan cəhrəyə kimi müxtəlif qədimi əşyalar tamaşaçılarda maraq oyadırdı. Müxtəlif ölkələrdən olan ziyarətçilər həm də Azərbaycan paxlavası, şəkərburasının dadına baxmaq imkanı qazanırdılar. Tədbir təşkilatçılarının sözlərinə görə, mayın 23-dən qurulan Azərbaycan stendində 3 gün ərzində 50 min Azərbaycan bayrağı, 50 min üzərində Azərbaycan sözünün yazıldığı şar, 50 min üzərində Azərbaycanın xəritəsi olan yelpik, 20 min tanıtım braşürü, 50 min banka qoz mürəbbəsi, 20 min Azərbaycan paxlavası və 20 min şəkərbura sərgiyə gələnlərə paylanıb.
“Əziz dostum” uqandalının dilində
Sərginin son günü, yəni mayın 25-də İzmir Fuar Mərkəzi Atatürk adına Açıq Hava Anfi-Teatrında “Azərbaycan gecəsi” keçirildi. Ölkəmizi olimpiadada təmsil edən nümayəndə heyətinin çıxışları bir-birindən gözəl oldu. Müxtəlif ölkələrin, xüsusilə də Türkiyə türkləri tərəfindən xüsusi coşqu ilə qarşılanan çıxışlar arasında Azərbaycan və qardaş ölkənin sevilən mahnıları səsləndirildi, milli rəqslərimiz nümayiş olundu, eyni zamanda türk dilində şeir səsləndirildi. Tədbirin ən maraqlı və qürurverici hissəsi gecədə iştirak edən 2 mindən çox insanın əlində Azərbaycan bayrağının dalğalanması idi.
“Çağ” Öyrətim İşlətmələri Şirkətinin prezidenti Envər Özeren və Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova da çıxış edərək iştirakçılara uğur dilədi.
Tədbir bir neçə il öncə Olimpiadanın qalibi olmuş Uqanda təmsilçisinin Azərbaycan türkcəsində oxuduğu “Əziz dostum” mahnısı ilə yekunlaşdı.
İyunun 9-a qədər davam edən tədbirdə münsiflər heyəti hansı ölkənin neçənci yerə çıxdığına qərar verəcək.
Qeyd edək ki, ötən il olimpiadanın final mərhələsində Türkiyənin baş naziri Recep Tayyip Erdoğan da iştirak edib. Hətta türk dilində deyilən şeirləri dinləyən baş nazir göz yaşlarını saxlaya bilməyib.
Lalə Musaqızı

banner

Oxşar Xəbərlər