Türk azlığın triumfu
"Bolqar Dodon” adlandırılan
Bolqarıstan prezidenti Rumen Radevin Krımı Rusiyanın ərazisi sayması ciddi
rezonans doğurub. Bəzi ekspertlər iddia edirlər ki, Bolqarıstan on iki illik
fasilədən sonra xarici siyasətdə köklü dəyişiklik edərək Rusiya xəttini
götürür.
Şərqi Avropanın ən sabit
ölkəsi kimi tanınan Bolqarıstan sürətlə bu statusu itirmək üzrədir. Gərginliyə
səbəb isə təkrar prezident seçilən Rumen Radevin səsləndirdiyi qalmaqallı
bəyanatlardır. "Moskva düşmən deyil” deyən, ən əsası, Krımı Rusiyanın ərazisi
sayan prezidentin qalmaqallı bəyanatı həm Ukraynada, həm də Birləşmiş Ştatlarda
ciddi tənqid olunub. Qarşılıqlı etiraz notaları səslənib, Sofiyanın Kiyevdəki
səfiri Ukrayna XİN-ə çağırılıb. Dərhal da ekspert dairələrində tələm-tələsik
belə bir fikir səslənib ki, Bolqarısan on iki illik fasilədən sonra xarici siyasətdə
köklü dəyişiklik edərək Rusiya xəttini götürüb. Baş verənlərin Bolqarıstanın
Rusiya, Ukrayna, eləcə də, Qərblə münasibətlərdə hansı nəticələrə gətirib
çıxaracağı çoxsaylı suallar doğurub. Lakin Bolqarıstan əhalisinin rusiyayönümlü
xarici siyasəti dəstəklədiyini də iddia etmək düz deyil. Birincisi, bolqarları
hazırda xarici siyasətdən çox, ölkə iqtisadiyyatı və sosial problemlər
maraqlandırır. Vəziyyət o qədər ağırlaşıb ki, ölkə iqtisadi cəhətdən Avropa
İttifaqının üzvü olmayan Albaniyadan da geri qalır.
Moldova təcrübəsi yaşanacaq?
Bir faktı da qeyd edək ki,
"Bolqar Dodonu” adlandırılan prezident Radevin vəziyyəti elə də qənaətbəxş sayılmır.
Parlament respublikası olan ölkədə prezident ciddi səlahiyyətlərə malik deyil.
Artıq çoxları ölkədəki vəziyyətin Moldovanı xatırlatdığını da deyir. Bəllidir
ki, orada da uzun müddət qərbpərəst baş nazir Mayya Sandu ilə prezident İqor
Dodon arasında qarşıdurma yaşanmışdı və proses bu yaxınlarda birincinin
qələbəsi ilə başa çatıb. İndi Bolqarıstanın Moldova təcrübəsini yaşayacağını
söyləmək çətin olsa da, hər halda, belə bir ssenarinin baş verəcəyi istisna
edilmir. Maraqlıdır ki, "ağıl və vətənpərvərlik apatiya və yalanı üstələdi”
deyən prezidentin bu pafoslu sözlərini elə də ciddi saymırlar. Radev isə iddia
edir ki, seçkilər bolqarların
dəyişikliklərə can atmasını, korrupsiya, qarət və qanunsuzluqlara son qoymaq,
mafiyanı aradan qaldırmaqda israrlı olduğunu təsdiqləmiş oldu.
Türklərin qazandığı 44 mandat
Yeri gəlmişkən, seçkilərdə
türk azlığın əldə etdiyi nəticə də sensasiya hesab edilir. Belə ki, üçüncü yeri
13 faiz səslə və 44 mandatla türk azlığın "Hüquq və Azadlıq uğrunda Hərəkat”ı
qazanıb. Diaspora partiyaları içərisində bu partiya lider olub. Ötən ilin
dekabrında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ilk dəfə bu partiyanın
onlayn konfransında iştirak etməsinin də mühüm amil olduğu bildirilir. Bu
səbəbdən də, Qərbdə çoxları hesab edir ki, bu siyasi qurum ölkədə Türkiyənin
təsir rıçaqına çevrilə bilər. Bolqarıstan hakimiyyəti dərhal iddia edib ki,
Ankara yerli seçkilərə fəal şəkildə müdaxilə edib. Maraqlıdır ki, bu iddia
ölkədəki türk azlığın maraqlarını müdafiə edən partiyanın qələbə qazanmasından
sonra baş verib. Bu partiyanın sədri,
xatırladaq ki, Bolqarıstan prezidentliyinə namizəd Mustafa
Karadayıdır. 51 yaşlı Mustafa Karadayı Sofiyada Beynəlxalq İqtisadiyyat
Universitetini bitirib. Universitet illərindən siyasi fəaliyyətlə məşğul olub.
1998-2003-cü illərdə partiyanın gənclər təşkilatlarının rəhbəri olub. Bir
müddət Bolqarıstanın Özəlləşdirmə Agentliyində işləyib. 2010-cu ildə partiyanın
təşkilatlanmasına məsul baş katib olub. 2013-cü ildə millət vəkili seçilib.
2016-cı ildə partiyanın başqanı olub.
Sofiya qəzəblidir
Belə deyək ki, Sofiya
qəzəblənib və çaşqınlıq içərisindədir - 2011-ci ilin siyahıya alınmasına görə
Bolqarıstan əhalisinin 8,5%-ni (588 000 nəfər) təşkil edən etnik türklər,
bolqar siyasətçilərin gözləmədiyi halda ciddi siyasi qüvvəyə çevrilib. Axı
Türkiyənin özündə də Bolqarıstan vətəndaşlığı olan, yəni seçkilərdə səsvermə
hüququna malik 350 min etnik türk yaşayır. Bolqarıstan hakimiyyətinin bu
rəqəmlərdən istifadə edərək Amerika ssenarisi ilə getmək, yəni üçüncü tərəfi
seçkilərə müdaxilədə ittiham etmək cəhdləri elə də inandırıcı görünmür. Və bu,
daha çox Ankaranın hər hansı bir niyyətini yox, Bolqarıstan isteblişmentinin
etnik və dini mənsubiyyətindən asılı olmayaraq ölkənin bütün vətəndaşlarını
təmin edəcək inkişaf proqramını formalaşdıra bilməməyini nümayiş etdirir.
Görünən odur ki, 350
minlik Bolqarıstan vətəndaşı olan etnik türklər ölkədə baş verənlərlə bağlı
məlumatlara ehtiyac duyub və Türkiyə mətbuatı da bu məlumatı onlara obyektiv şəkildə
təqdim edib. Hər şey hüquqi prosedurlar çərçivəsində olub - seçimi də
Bolqarıstan vətəndaşları edib. Və onlar Bolqarıstan prezidentliyinə və
vitse-prezidentliyinə 24 namizəddən yalnız Mustafa Karadayını və etnik bolqar
İskra Mixaylovanı millətin vəhdət rəmzi kimi dəyərləndiriblər.
Hansı müdaxilədən danışmaq olar?
Bununla da
"bolqarlaşdırma” adlanan, yaxud Todor Jivkovun kommunist rejimi zamanı "etnik
türklərin özlərinin bolqar köklərinə qayıtması” kimi qələmə verdiyi faciəvi
tarixçəyə nöqtə qoyulub. Həmin hadisələr hələ yaddaşlardan silinməyib. Köklü
bolqarların türk azlığa ehtiyatlı münasibəti qalmaqdadır, isteblişmentin
müəyyən hissəsi isə Bolqarıstan türklərinin qanuni hüquqlarının reallaşmasına
hər yolla mane olur. Odur ki, seçkilərə hansı müdaxilədən danışmaq olar?
Bolqarıstan türkləri, sadəcə özlərinə olan ədalətsiz münasibətdən hüquqi çıxış
yolu axtarırlar.
Azər NURİYEV