AZE | RUS | ENG |

Turizmin inkişafına dəstək olacaq daha bir təşkilat yaradıldı

Turizmin inkişafına dəstək olacaq daha bir təşkilat yaradıldı
Azərbaycan Turizm Agentlikləri Assosiasiyası bu sahədə olan problemlərin dinlənilməsi üçün platformaya çevrilməyi planlaşdırır

Ölkədə turizm agentliklərinin fəaliyyətinə dəstək göstərmək, mövcud çatışmazlıqları aradan qaldıraraq birgə inkişafa nail olmaq və əməkdaşlıq imkanlarını genişləndirmək məqsədini daşıyan Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının təqdimatı keçirildi. Turizm sənayesindəki mövcud problemlərin dinlənilməsi üçün platformaya çevriləcək assosiasiya, turizm şirkətlərinin şikayət, rəy və təkliflərini dövlət qurumlarına və digər üst qurumlara çatdıran təşkilat funksiyasını həyata keçirəcək.
 
Assosiasiyanın təqdimat mərasimindəki çıxışında turizmin prioritet sahələrdən birinə çevrilməsi üçün çalışdıqlarını deyən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev son illərdə bu sahədə kifayət qədər işlərin görüldüyünü, bununla belə problemlərin də mövcud olduğunu qeyd etdi: "Mövcud problemlərin aradan qaldırılması, turizmin inkişaf etdirilməsi kimi bir vəzifə Agentliyin əsas işidir. Turizm kompleks xidmət sahəsidir və inkişafı da birbaşa xidmət sferasının keyfiyyətindən və inkişaf səviyyəsindən asılıdır”. Turizm Agentlikləri Assosiasiyasının fəaliyyətə başlamasını, formalaşan turizm sənayesinin inkişafı istiqamətində atılan vacib addımlardan biri hesab edən F.Nağıyev qeyd etdi ki, qurum, xidmət sahəsinin keyfiyyətini artırmaq üçün turizm agentliklərini bir araya toplayan güclü platforma rolunu oynayacaq: "Assosiasiyanın fəaliyyətinin əsas məqsədi turizm agentliklərini bir araya gətirərək mövcud potensialı inkişaf etdirməkdir. Hazırda mövcud problemlərin optimal həlli istiqamətində işlər görülür. 2015-ci ildə lisenziyaların ləğvi həmin dövr üçün uğurlu oldu, turizm sənayesində canlanma yaratdı.
 
Təəssüf ki, bundan sui-istifadə edən qüvvələr də az olmadı. Bu isə bütövlükdə ölkə turizminin imicinin zədələnməsinə yol vermək deməkdir. Buna görə də, turizm şirkətlərinin fəaliyyətinə ümumi nəzarət mexanizminə yenidən zərurət yarandı. Agentlik, hazırda dövlət reyestrinin yaradılması üzərində çalışır. Əlbəttə, bu məsələdə turizm şirkətlərinin maraqları nəzərə alınacaq, qanunla tənzimlənən işlək mexanizmlər hazırlanacaq. Həmçinin kiçik və orta biznesin inkişafı üçün turizm sahəsinə investisiya qoyuluşlarını stimullaşdırmağa çalışırıq”. F.Nagıyev qeyd etdi ki, ixtisaslı kadrların hazırlanması və onların peşəkar kimi yetişməsi də əsas vəzifələrdən biridir. Belə ki, Azərbaycanın bütün dünyada turizm istiqaməti kimi tanıdılması və xarici bazarlarda ölkənin turizm imkanlarının tətbiqində səyləri birləşdirmək, turistlərə göstərilən xidmətin səviyyəsinin artırılması, onların ölkəmizdən məmnun qayıtması və s. kimi məsələlər turizm sahəsində çalışan hər kəsin marağında olmalıdır”.
 
F.Nağıyev bildirdi ki, DTA dövlət və özəl biznes əməkdaşlığını əsas tutaraq, biznes qurumları ilə faydalı münasibətlərin inkişafında maraqlıdır: "Biz sağlam rəqabət mühitinin tərəfdarıyıq. İctimai təşəbbüsləri dəstəkləyirik və hesab edirik ki, ictimai nəzarət və birgə fəaliyyət bazar üçün önəmlidir. İnanırıq ki, yeni yaranan qurum proseslərin inkişafına öz töhfəsini verəcək”.      
 
Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid qarşıya qoyulan hədəflərdən danışdı: «Təkcə kəmiyyət deyil, keyfiyyət baxımından məhsullarımızı artırmalıyıq. Qarşıda bir çox çətinliklər durur. Hazırda yaranan geopolitik situasiyadan istifadə etməliyik. Həm cənub qonşumuz İran, həm şimal qonşumuz Rusiya tərəfindən təşəbbüslər yaranır. Biz mütləq onları dəyərləndirməliyik. Bizim üçün vacib olan amil müxtəliflikdir”. Turizm sənayesinin təşkilatlanmasının ümumi hədəflərə çatmaq üçün xüsusi əhəmiyyət kəsb etdiyini deyən F.Zenqstşmid Azərbaycan Hotel Assosiasiyasının və Azərbaycan Bələdçilər Assosiasiyasının, həmçinin Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının yaradılmasının bu istiqamətdə atılmış uğurlu addımlardan olduğunu qeyd etdi: "Yalnız birlikdə turizm sənayesini inkişaf etdirə bilərik”.
 
Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının sədri Rüfət Hacıyev yeni yaranan qurumun turizm agentliklərinin maraqlarını təmsil edərək, dövlət-özəl sektor əməkdaşlığının təşviqinə xidmət edəcəyini qeyd etdi, görüləcək işlər, məqsədlər və gələcək fəaliyyət haqqında məlumat verdi: "Son illər turizm sektorunun inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Ölkə başçısının bu sahəyə ayırdığı xüsusi diqqət nəticəsində Azərbaycan turizmin inkişaf etdiyi ölkələrdən birinə çevrilib. Belə ki, turizmin inkişafı həm regionların inkişafı, həm də ölkənin iqtisadi potensialının möhkəmlənməsi, Azərbaycanın imicinin dünyaya inteqrasiya prosesi üçün mühüm bir vasitədir. Məqsəd dövlət başçısının tapşırıq və göstərişlərinə uyğun formalaşan turizmə yeni fəlsəfə gətirməkdir. Həmçinin turizmə peşəkar və kreativ yanaşmalar, bir sözlə, inkişafda olan turizmə yeni nəfəs bəxş etməkdir”. Turizm sahəsinin özündə 50-dən artıq sektoru birləşdirən sənaye olduğunu qeyd edən qurum rəhbəri bildirdi ki, assosiasiyanın əsas məqsədi rifah və nəticəyə hədəflənməkdir: "Məqsədimiz sahibkarlar və dövlət qurumları arasında daimi sıx əlaqələri formalaşdırmaqdır. Artıq turizm şirkətlərinin rəhbərləri öz təklif və rəylərini bildirmək üçün peşəkar bir platforma ilə əlaqə quracaqlar. Assosiasiyanın yaradılması ilə turizm şirkətlərinin rəy və təkliflərini bildirməsinə imkan yaranacaq”.
 
Qeyd edildi ki, Assosiasiyanın yaradılması ilə bağlı işlərin ilin sonuna qədər planlaşdırılması və agentliyə təqdim olunması nəzərdə tutulub.  
Tədbirin sonunda Dövlət Turizm Agentliyinin və Azərbaycan Turizm Bürosunun rəhbər şəxsləri turizm agentlikləri və sahibkarları maraqlandıran sualları cavablandırdılar.
 
Təqdimatda iştirak etdi
Təranə Məhərrəmova

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9027
GEL 1 1 Gürcüstan larisi 0.5913
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1179
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1802
CHF 1 1 İsveçrə frankı 1.7276
KWD 1 1 Küveyt dinarı 5.5868
TRY 1 1 Türkiyə lirəsi 0.2989