Turizm şirkəti seçərkən hansı amillərə üstünlük verməli? - Fotolar

Son vaxtlar qeyri-neft
sektorunun ən çox inkişaf edən sahələrindən biri də turizmdir. Beynəlxalq
səviyyəli tədbirlərin ölkəmizdə keçirilməsi, onun daha geniş arenada
tanınmasına şərait yaratdı. Bununla da Azərbaycan digər ölkələrin vətəndaşları
üçün maraqlı ölkəyə çevrildi. Beləcə, ölkəyə turist axını baş verdi. Nəticə
etibarı ilə həm yerli, həm də xarici turistlərə xidmət göstərən həddən artıq
turizm şirkəti fəaliyyətə başladı. Amma təəssüf ki, bu turizm şirkətlərinin
kəmiyyət göstəriciləri ilə keyfiyyət göstəricilərinin düz mütənasib olduğunu
deyə bilmərik. Bu sahədə ciddi problemlərin olduğu hər kəsə bəllidir. Digər
tərəfdən də, şirkət açmaq, onu idarə etmək elə də asan deyil. Ona görə də,
bütün bu məsələləri nəzərə alaraq, yerli turizm şirkətlərindən birinin təcrübəsi
ilə tanış olmaq qərarına gəldik.

Həmsöhbətim "Casablanca Travel” turizm şirkətinin
direktoru Xəyal Həmidovdur. Orta təhsilini Ağdaş-Türk Azərbaycan liseyində alıb,
ali təhsilini isə İstanbul Dövlət Universitetində iqtisadiyyat sahəsi üzrə
bitirib. 2011-ci ildən turizm sahəsində təcrübəyə malik olan Xəyal bəy, 2013-cü
ildə "Casablanca Travel” şirkətini təsis edir. Şirkət aviabiletlərin satışı,
getmə və gəlmə, daxili, müalicəvi turizmin qrup və fərdi şəkildə təşkili ilə
məşğuldur. Bununla bərabər, xaricə getmək üçün ən əsas vasitə olan vizanın
alınması prosesinə də dəstək göstərirlər. 3000-dən çox insana viza almaqda
kömək edib, onlara viza dəstəyi xidməti göstəriblər. Viza əldə edən insanların
(turistlərin) 90%-dən çoxunda bu, ilk viza alışı olub.

Şirkətlərə
nəzarət mexanizmi lazımı səviyyədə deyil
Söhbətə isə hazırda turizm
şirkəti açmağın asan və çətin məqamlarından danışmaqla başladıq. Xəyal bəy
deyir ki, indiki dövrdən fərqli olaraq, 2013-cü ildə lisenziya alıb şirkət
açmaq çətin idi: "Bu, əslində, mənim yaralı yerimdir. "Casablanca Travel”
şirkətini təsis edərkən lisenziya məsələsində bəzi problemlərlə üzləşdik. Yəni
həmin dövrdə şirkət açmaq elə də asan deyildi. Amma biz lisenziya alandan 1 il
sonra yeni fəaliyyətə başlayan turizm şirkətlərindən lisenziya tələb edilmədi.
Bəlkə də bunun nəticəsidir ki, bu gün həddindən artıq irili-xırdalı turizm
şirkəti fəaliyyət göstərir və onların qeydiyyatının harada cəmlənməsi haqqında
məlumatlı deyiləm. Yəni hazırda şirkət açmaq üçün turizmi bilməyə ehtiyac
yoxdur, hər hansı bir məhdud məsuliyyətli cəmiyyət açıb fəaliyyətə başlamaq
olar. Lisenziyaların ləğv edilməsi bazar iqtisadiyyatı şəraitində rəqabətin
güclənməsi üçün atılmış doğru addım idi. Əslində, şirkətin çox olmağı pis
deyil. Məsələ bu şirkətlərə nəzarət mexanizminin lazımı səviyyədə olmamağındadır.
Turizmə olan nəzarət sistemi güclənməlidir. Bütün şirkətlərin fəaliyyəti
qanunvericiliklə yoxlanılmalıdır. Dövlət Turizm Agentliyinin bu sahədə ciddi
addımlar atacağına əminik” .

Müştərilərimizin
etimadı bizim üçün çox dəyərlidir
Turizm sahəsinə yaxından
bələd olduğunu deyən həmsöhbətim qeyd edir ki, işə başlayarkən ciddi bazar
araşdırması etməsələr də, nələrin çatışmadığını və hansı xidmətləri göstərərək
bu çatışmazlığı aradan qaldıracaqlarını bilirdilər: "Çox səmimi bir şəkildə
deyirəm ki, ciddi bir araşdırma mexanizmi həyata keçirmədik. Çünki müəyyən
müştəri bazamız mövcud idi və yeni müştərilər cəlb edə biləcəyimizə inanırdıq.
Amma təbii ki, görüşdüyümüz, fikir mübadiləsi etdiyimiz şirkətlər oldu. Biz 5
il ərzində həmişə müştərilərimizə yüksək xidmət göstərmək üçün çalışmışıq.
Hətta, şirkətimizin əməkdaşlarına da həmişə deyirəm ki, biz pulumuzu itirə
bilərik, amma etibarımızı itirməməliyik. Bacardığımız qədər işimizi mükəmməl
bir şəkildə qurmağa cəhd göstəririk. Müştərilərimizin etimadı bizim üçün çox
dəyərlidir, bu etimadı itirməmək üçün xidmət səviyyəmizi daim yüksək tutmağa və
iş siyasətimizi onların istəklərinə uyğun qurmağa çalışırıq”.

Müştəri
məmnuniyyəti bizim üçün yeganə ölçü meyarıdır
Hazırda ölkəmizdə turizm
şirkətlərinin kəmiyyət və keyfiyyəti arasındakı tərs mütənasibə baxmayaraq,
müştərilərinə bu qədər önəm və dəyər verən bir turizm şirkətinin olması çox
yaxşıdır. Həmsöhbətimdən onlar üçün müştəri məmnuniyyətinin nə məna verdiyini
soruşan zaman, aldığım cavab şəxsən məndə tam güvən hissi yaratdı. İndiki
dövrdə insanlara bu qədər dəyər verən bir turizm şirkətinin olması, ölkəmizdə
bu sahənin inkişafı istiqamətində atılan ən gözəl addımdır: "Bunu tam səmimi
şəkildə deyə bilərəm ki, müştəri məmnuniyyəti bizim üçün yeganə ölçü meyarıdır.
Şirkətimizin 5 illik təcrübəsinə əsasən deyirəm ki, əgər müştəri ilk dəfədən
göstərilən xidmətdən razı qaldısa, növbəti səyahətlərini də eyni turizm
şirkətinə həvalə edir. Əməkdaşlarımızla birlikdə əlimizdən gələn qədər
çalışırıq ki, müştəri, göstərilən xidmətdən məmnun olsun. Məmnun qalan müştəri
şirkət və xidmət haqqında, tanıdıqlarına, ətrafındakı insanlara məlumat verir.
Nəticədə müştəri məmnuniyyəti yeni müştəri qazandırır. Bütün proseslər hüquqi
müstəvidə həyata keçirilir. Daim müştərilərimizlə əlaqədə oluruq. Yəni "turu
aldı və hər şey bitdi” demirik. Həm səyahətdə olduğu, həm də qayıtdığı zaman
əlaqə saxlayıb təəssüratlarını öyrənirik. Təbii ki, hər bir xidmətdə bizdən
asılı olan və ya olmayan problemlər yarana bilər. Biz müştərilərimizə həmişə
bildiririk ki, səyahət zamanı hər hansı problem baş verərsə, həmin an bizimlə
əlaqə saxlasınlar. Bu zaman dərhal problemi aradan qaldırmağa və növbəti dəfə
belə bir halın baş verməməyinə çalışırıq”.

Bədahətən
ağıla gələn ad
Bildiyimiz kimi, hər bir şirkət üçün əsas olan məqamlardan biri də ad
seçimidir. Ad seçimini özü etdiyini deyən Xəyal bəy bildirir ki, seçim zamanı
bəzi nüansları nəzərə almaq lazımdır: "Seçim edərkən düşündüm ki, həm coğrafi,
həm də yadda qalan ad olsun. Məncə, çox uğurlu alınıb (gülür). Kasablanka
Mərakeşin böyük şəhərlərindəndir. Yəni çox düşünmədim, bədahətən ağlıma gəldi. Başqa
ad təklifləri olsa da mənim seçimim "Kasablanka” (Casablanca Travel) oldu. Onu
da deyim ki, bu adın müsbət tərəfləri də var. Belə ki, Mərakeşin Azərbaycandakı
səfirliyi sırf bu ada görə bizimlə əməkdaşlıq edir. Adımızın xarici şəhərdən
götürülməsinə baxmayaraq, şirkətimiz tam olaraq yerli şirkətdir”.

"Etibarlı,
peşəkar və innovativ”
"Casablanca Travel”
haqqında heç vaxt eşitməyən, bilməyən birinə şirkətinizi 3 kəlmə ilə necə izah
edərsiniz” sualını verdikdə, "etibarlı, peşəkar və innovativ” cavabını verən
həmsöhbətim qeyd edir ki, turizm dinamik inkişaf edən bir sahədir və xidmət
səviyyəsinə çox böyük önəm verən bir şirkət olaraq, bu inkişafla ayaqlaşmaq üçün
daim öz üzərilərində çalışırlar: "İmkan daxilində əməkdaşlarımızı infoturlara
göndəririk, digər tərəfdən, onların hər hansı bir məqamda çatışmayan
tərəflərini gördükdə, məsələn, dil baxımdan zəiflik hiss etdikdə, dil kursuna
göndəririk. Yaxud da, texniki baxımdan kompüterdə hər hansı bir proqramı
bilmədikdə, istər özümüzün köməkliyi, istərsə də kursa göndərməklə bu
çatışmazlığı aradan qaldırırıq. Xidmətimizin daimiliyinə nail olmaq üçün həm
texnologiya, həm də turizm sahəsində gedən inkişafla ayaqlaşmağa çalışırıq”.

Tur-paketin
qiymətinə əsas təsir edən amil
Hədəf ölkələr sırasında ən
çox səyahətlərin Türkiyəyə təşkil olunduğunu deyən şirkət rəhbəri bildirir ki,
turları əsas etibarilə müştərinin istəyinə uyğun hazırlayırlar. Turlar fərdi və
qrup şəklində təşkil edilir. Turlar haqqında daha geniş məlumatı şirkətin rəsmi
internet səhifəsi www.casablanca.az
saytından və rəsmi sosial şəbəkə ünvanlarından əldə etmək olar. Xəyal bəy həmçinin
onu da əlavə etdi ki, hazırda getmə turizminə təsir edən əsas amil
aviabiletlərin qiymətidir. Təəssüflər olsun ki, bu sahədə rəqabətin olmaması
biletlərin yüksək qiymətlə satışına səbəb olur. Qiymətlərdən söz düşmüşkən, tur-paketlərin
qiyməti ilə maraqlanmasaq olmazdı: "Tur-paketlər iki cür olur. Hazır tur-paketlərdə
aviabiletlər, gediləcək yerlər, qalınacaq otellər bir neçə ay əvvəldən bron
edilir və bu tura adamlar cəlb edilməyə başlanılır. Belə turlar daha ucuz olur.
Amma yenə də tur-paketin qiymətinə əsas təsir edən amil aviabiletdir.
Ümumilikdə, paketlərin qiyməti 2 cür formalaşır: daha əvvəl bronlaşdırılmış
stabil və o an sorğu əsasında formalaşan qiymətlər”.
Müştərilər
düşünür ki, getmədikləri təqdirdə, həmin pullar bizə qalır
Müştərilərlə müqavilə
prosesində innovativ yeniliklər tətbiq edən "Casabalanca Travel” şirkətinin bu
məsələdə heç bir problem yaşamadığı bildirilir: "Hələ ki bu məsələdə bir
problem yaşamamışıq. Çünki ödənişi yüz faiz alırıq. Əgər hər hansı bir problem
olarsa, biz müştəriyə pulunu geri qaytarırıq. Erkən rezervasiya olunanda isə
uçuşa qədər hissə-hissə ödəmə şansı veririk. Misal üçün, tur paketi əldə
edərkən turun ümumi qiymətinin 30%-ni, səyahətə 3 ay qalmış ümumi məbləğin 50,
2 ay qalmış isə ümumi məbləğin 70% faiz ödənişi həyata keçirilməlidir. Bəzən
müştərilər düşünür ki, getmədikləri təqdirdə, həmin pullar bizə qalır. Amma
əslində elə deyil. Onlardan alınan pullar otel və xidmət təchiz edən
şirkətlərin hesablarına köçürülür.
Bir
telefon qədər sizə yaxın
Xəyal bəydən "booking”
varsa, turizm şirkətinə ehtiyac varmı” deyə soruşduq: "Şirkətimizdən otel və ya
digər xidmətləri sifariş edən müştərilərimizə deyirik ki, istədiyiniz qədər
araşdırma aparıb qiymətləri müqayisə edin. Nəticədə isə bizdən alın. Çünki biz
daha ucuz qiymətə veririk. Şirkətimiz müştərilərə tur və ya hər hansı oteli
təklif edərkən mütləq şəkildə "booking.com” saytında olan qiymətlərə baxıb, mövcud
qiymətlərlə bizim təklif edəcəyimiz qiymətlərin müqayisəsini aparırıq,
müştərilərə ən optimal qiyməti təklif edirik. Bir çox dostumuza, tanışımıza
deyirik ki, "booking.com”dan 100 dollara aldığınız turu, ən pis halda biz də
həmin qiymətə veririk. Amma çox hallarda bizim qiymətlər daha ucuz olur.
Aradakı digər fərq isə bizim etibarımızdır. Yəni hansısa bir problem yarandığı
zaman, bir telefon qədər sizə yaxınıq. 24 saat telefonumuz aktivdir”.
2019-cu
il üçün möhtəşəm innovativ yenilik
Həmsöhbətimiz 2019-cu ilin
tur-paketlərindən, yeniliklərindən danışarkən bildirdi ki, bir neçə ay sonranın
turları artıq şirkətin saytında yerləşdirilib: "Hazırda saytımızda mart, aprel,
iyun və təxminən önümüzdəki 1 il üçün nəzərdə tutulan turlar haqqında geniş
məlumat var. Yanvar ayından etibarən isə çimərlik turlarına erkən rezervasiya
başlayacaq. 2019-cu il üçün isə möhtəşəm bir innovativ yeniliyimiz olacaq.
Hansı ki, artıq 6 aya yaxındır ki, bu məsələnin üzərində işləyirik. Çox güman
ki, yaxın günlərdə təqdimatını edəcəyik. Həmçinin gəlmə turizm departamentimizi
genişləndirməyi, yeni işçilər cəlb etməyi düşünürük”.
Turizm şirkəti seçərkən qiymət əsas və yeganə
göstərici olmamalıdır
Son olaraq
həmsöhbətimizdən "müştərilər şirkət seçimində hansı nüanslara fikir
verməlidirlər” sualına da cavab aldıq: "Biz çox istərdik ki, müştərilər turizm
şirkətinə müraciət etməzdən öncə, ciddi araşdırsınlar. Bazarda o şirkət
haqqında hansı fikrilərin formalaşdığını, xidmət səviyyələrinin necə olduğunu
analiz etsinlər. Ən yaxşı variant kimi, həmin şirkətin xidmətindən faydalanan
digər şəxslərin, yaxınlarının, tanışlarının düşüncələrini öyrənsinlər. Hansı
xidmətlərdən razı, hansılardan narazı qaldıqlarını soruşsunlar. Bilmədən,
tanımadan şirkətə müraciət etməsinlər. Turizm şirkətinin sosial media
səhifələrini izləsinlər. Orada yazılan müsbət və mənfi rəyləri oxuyub nəticə
çıxarmağa çalışsınlar. Əlbəttə, qiymət əhəmiyyətli bir göstəricidir, ancaq
düşünürəm ki, turizm şirkəti seçərkən qiymət əsas və yeganə göstərici
olmamalıdır. Yəni ucuzdur deyə, yanlış seçim etməsinlər. Biz də otellərlə
işləyərkən araşdırma edirik. Qiymət fərqlərinə baxırıq. Əgər qiymətlər arasında
ciddi fərq varsa, biri digərlərinə nisbətən kəskin şəkildə ucuzdursa, həmin
otelin və ya təchizatçının xidmətindən istifadə etmirik. Bu işdə əsas nüans
güvəndir. İnandığımız, güvəndiyimiz xidmət müəssisələri ilə işləməyi seçirik.
Bizim üçün də eynisi keçərlidir. Biz də turizm şirkəti olaraq ilk olaraq
etibarlı və güvənli olmağa çalışırıq”.
Günel
Azadə
