• cümə, 19 Aprel, 12:47
  • Baku Bakı 25°C

Turizm dəhlizi boyunca qurulan infrastruktur

10.12.19 09:30 1168
Turizm dəhlizi boyunca qurulan infrastruktur
Əgər turizmi inkişaf etdirmək, marşrutlar üzrə turist axınını təmin etmək istəyiriksə...
"Ölkənin ən vacib məsələlərindən biri turizm dəhlizləri boyunca restoran və kafelərin xidmət səviyyəsinin aşağı olması, sanitar qovşaqların olmamasıdır”. Bir neçə gün əvvəl Azərbaycan Turizm Sammitində səslənən bu fikirlər həqiqətən təkcə ölkə əhalisini deyil, həm də gələn turistləri narazı salan məqamları bir daha gündəmə gətirdi. "Bu, regionlara gedən turistləri çox narahat edir. Sevindirici haldır ki, artıq bununla bağlı işlər görülür və yekunlaşmaq üzrədir. Turizm dəhlizləri boyu müəyyən olunmuş sahələrdə sanitar qovşaqların tikintisi nəzərdə tutulub. Bu istiqamətdə çox sayda infrastruktur tikiləcək"- sammitdə qeyd edildi. Həqiqətən də, xüsusən, regionlara gedən yollar boyunca kafe və restoranların xidmət səviyyəsinin aşağı olması, sanitar qovşaqlarının çatışmazlığı və natəmizliyi narahatlıq yaradan məsələlərdəndir.
Xarici ölkələrin təcrübəsinə istinad etsək, turizm marşrutları boyunca və ya bir şəhərdən digər bir şəhərə, yaxud bir ölkədən digər bir ölkəyə avtobus və ya şəxsi maşınla hərəkət edərkən, müəyyən nöqtələrdə kafe və restoranlar və sanitar qovşaqları fəaliyyət göstərir. Yolçular həmin nöqtələrdə yüksək standartlara cavab verən kafe və restoranlarda yemək yeyir, çay və ya kofe içir, dincəlir, müəyyən ərzaqlar alır, təmiz sanitar qovşaqlarından istifadə edirlər. Nəzərə alsaq ki, bu model Avropa ölkələrində yüksək səviyyədə qurulub və gedən turistləri son dərəcə razı salır, onda belə bir təcrübənin bizim turizm marşrutları üzrə də tətbiqinin vacibliyi qaçılmazdır.
Dövlət Turizm Agentliyinin turizm siyasəti və strategiyası şöbəsi, regional turizm və qoruqların inkişafı sektorunun böyük məsləhətçisi Könül Nuriyeva qəzetimizə açıqlamasında qeyd etdi ki, xidmət keyfiyyətinin artırılması ilə bağlı turistlərin səfər etdikləri 25 rayonda təlim ehtiyaclarının ödənilməsi üçün restoranlara, otellərə, şərab zavodlarına səfərlər edilib: "Həmin səfərlərdə hansı turizm müəssisəsinin hansı təlimlərə ehtiyacı olduğu ilə bağlı qiymətləndirmə aparıldı. Bu təlimlər üzrə hesabat hazırlandı. Növbəti ilin mart-aprel aylarından etibarən təlim ehtiyacları üzrə təkcə otel, restoran və şərab zavodları ilə kifayətlənmirik. Eyni zamanda, kənd qonaq evləri, turist qəbul edən kurort və sanatoriyalarına, fermer təsərrüfatlarına təlimlərin verilməsi, həmçinin milli park ərazisində fəaliyyət göstərən bələdçilərə də müxtəlif istiqamətlərdə təlimlərin verilməsini planlaşdırırıq”. K.Nuriyeva turizm marşrutları boyunca yol kənarında sanitar qovşaqlarının düzəldilməsinin qarşıda duran vacib məsələlərdən olduğunu bildirir. Belə ki, ilkin mərhələdə Şamaxı, İsmayıllı, Oğuz və Qəbələ istiqamətində yer alan restoranların ətrafında sanitar qovşaqlarının yaradılması təklifləri edilib ki, onların strukturunun təkmilləşdirilməsi ilə bağlı işlər həyata keçiriləcək”. Bu zonaların hansı kriteriyalar üzrə seçilməsinə gəlincə, turistlərin ən çox səfər etdikləri yerlər olaraq nəzərdə tutulub.
"Millenium” TurizmKonqres DMC şirkətinin rəhbəriRuslan Quliyev bildirdi ki, yol kənarlarında kafe və restoranların xidmət səviyyəsinin yaxşılaşdırılması və sanitar qovşaqların yerləşdirilməsi məsələləri "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin müddəalarında da yer alıb: "Bundan əvvəl turizm sektoru təmsilçiləri arasında "hansı nöqtələr üzərində sanitar qovşaqların olması vacibdir?” sualı ilə bağlı keçirilən sorğular, eyni zamanda bölgədə mehmanxana təmsilçiləri ilə söhbətlər əsnasında söylənilən marşrutlar üzərindəki yerlər nəzərə alınmalıdır. Məsələn, Cənub, Şimal, Qərb marşrutları, eyni zamanda, Bakı-Abşeron marşrutları, həmçinin İpək yolu üzərində yerləşən bütün nöqtələrdə bu tip təsərrüfatların yaradılması vacibdir. Sanitar qovşaqlarının ən azı 50 km-dən bir olması zəruridir”.
Turizmçi Ceyhun Aşurov da bildirir ki, turizm üzrə Strateji Yol Xəritəsində bu tip məsələlərin həlli nəzərdə tutulub. "Turistlər marşrut boyu gedərkən əvvəllər kafe və restoranlar müasir standartlara cavab vermirdi, sanitar-gigiyena qaydaları elementar tələblərə uyğun deyildi və yaxud müasir standartlara uyğun restoran və kafelərin sayı çox məhdud sayda idi. Xüsusən bura sanitar qovşaqlarını da əlavə etsək, yolboyu onların ciddi qıtlığı hiss olunurdu. Əgər turizmi inkişaf etdirmək, marşrutlar üzrə turist axınını təmin etmək istəyiriksə bu tip məsələlər gündəmdə həllini tapmalıdır. Turist marşrutları üzrə bir neçə dayanacaq nəzərdə tutulursa, bu, ölkəmiz, turistlərin gedəcəyi məkanlar haqqında təsəvvürlərinin formalaşmasına ciddi təsir edir. Təsəvvür edin, Bakıdan hər hansı bir rayon istiqamətində 2-3 saatlıq bir tur ərzində avtobus ən azı iki dəfə dayanmalı olursa, insanların istər oturacaqları, yeyib-içəcəkləri məkanlar və sanitar qovşaqları təmiz, müasir standartlara cavab verən vəziyyətdə olmalıdır. Bütün bunlar ümumi turizm zəncirinin bir həlqəsidir. Bunlar bir-birilərini tamamlamalıdır. Bu baxımdan, bunlar ciddi məsələdir. İstər sanitar qovşaqları, istərsə də restoran və kafelərin xidmət səviyyəsi olsun, bu problemlər, inanıram ki, yaxın gələcəkdə öz həllini tapacaq”.
Turizmçinin sözlərinə görə, bu istiqamətdə yerli icra hakimiyyəti orqanları ilə birlikdə ciddi işlər görülür. Bundan sonra mövcud və yaradılacaq turizm marşrutları üzrə obyektlərin də müəyyən standartlara cavab verməsi üçün müəyyən tələblər və ya tövsiyələr olacaq”.
Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov hesab edir ki, yol kənarlarında yerləşən ictimai iaşə müəssisələrinin xidmət səviyyəsinin yaxşılaşdırılması və sanitar-gigiyenik normalara əməl edilməsi vacib məsələlərdir: "Xüsusən, sanitar-gigiyenik normalara əməl olunmur, sanitar qovşaqları pis vəziyyətdədir. Fəaliyyət göstərən iaşə müəssisələri bu qaydalara xüsusi fikir verməlidir. Bu da turistlərdə təbii narazılıq yaradır. Həmçinin bunlar bizim imicimiz, ümumən turizm strukturu haqqında fikirlər formalaşdırır. O cümlədən, şəhərdə də sanitar qovşaqları çox olmalıdır ki, gələn turistlər ekskursiyalar vaxtı bu qovşaqlardan istifadə edə bilsinlər”. M.Ağakərimov kafe və restoranlarda xidmət səviyyəsinin aşağı olduğunu qeyd edir: «Bununla bağlı çoxlu narazılıqlar var. Həmçinin, qiymət siyasətində də dəyişiklik lazımdır. Çünki qiymətlər çox bahadır. Qəribə bir paradoks yaranır: iaşə müəssisələri qiyməti qaldırırlar, amma xidmət yoxdur. İnsanda narazılıq o zaman yaranır ki, göstərilən bir manatlıq xidmətə görə on manat tələb edirlər. Xüsusən, bəzən kafe və restoranlarda, çayxanalarda müştəri oturmamışdan depozit tələb edirlər. Bu da turistlərin narazılığına səbəb ola bilər. Ölkəyə turistlərin cəlbi istiqamətində bu kimi xidmətlərin səviyyəsinin qaldırılması vacib məsələlərdəndir».
Hərçənd ölkəmizdə yeni yaranan bəzi nümunələr var. Məsələn çay içmək, qidalanmaq üçün yeri, təmiz sanitar qovşağı, tibb məntəqəsi və s. xidmətlərə malik müasir tipli obyektlər olsa da, onların sayının genişləndirilməsinə və ölkə boyu - turizm marşrutları boyunca fəaliyyətinə şərait yaradılmasına ehtiyac var. Necə deyərlər, bir güllə bahar olmur...
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər