• cümə, 29 Mart, 01:35
  • Baku Bakı 7°C

Turistlər üçün əski cığırların bərpası

23.01.18 09:30 5926
Turistlər üçün əski cığırların bərpası
Son zamanlar turizm sektoru Azərbaycanda inkişaf dövrünü yaşayır. Dünyanın bir sıra ölkələrindən turistlərin ölkəmizi seçməsi, Azərbaycanın dünya miqyasında tanınmasına əhəmiyyətli təsir göstərir. Hazırkı vəziyyətdə turizm qeyri-neft sektorunun ən aktiv sahəsidir. Sahənin aktivliyi ona olan tələbatı artırır. Bu aktivliyin daimiliyinə nail olmaq üçün tələbi ödəyən təkliflər irəli sürülməlidir. Belə ki, Azərbaycanda sovet dövründə olan turizm marşrutlarının bərpası təklif edilir. Təklifin turizm sahəsinin inkişafına necə təsir edəcəyini, hansı effektləri verəcəyini öyrənməyə çalışdıq.
Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov bildirdi ki, sovet dövründə Azərbaycana gələn turistlər üçün bir çox maraqlı marşrutlar olsa da, bu gün həmin marşrutlar üzrə turlar təşkil edilmir: "Məsələn, sovet dövründə Bakı-Şamaxı-Şəki-Gürcüstan turu təşkil olunurdu. Albaniya turistləri bu tura çox maraq göstərirdilər və buna görə ölkəmizə səfər edirdilər. Bundan başqa, indi elə turizm marşrutları var ki, onlar yeni istiqamət kimi qəbul edilir, amma sovetlər vaxtı da populyar olub. Məsələn, sovet dövründə Qubanın Təngəaltı, Afurca kəndlərinə, eləcə də Qusarda Laza şəlaləsinə səfərlər çox olurdu. İndi də turistlər bu yerlərə səfər etməyə maraq göstərirlər”.
M.Ağakərimov qeyd etdi ki, yay mövsümündə Azərbaycana gələn əcnəbi turistlər ölkəmizin regionlarına daha çox maraq göstərirlər. Onun sözlərinə görə, son illərdə Azərbaycana Rusiya, İran və ərəb ölkələrindən gələn turistlərin sayı artıb. Turistlər daha çox Şamaxı, Qəbələ, Şəki, Qax, Quba və Qusar rayonlarına səfər edirlər. Sədrin müşaviri qeyd etdi ki, əvvəllər mövcud olmuş bütün turizm marşrutlarını bərpa etmək lazımdır: "Bu tip marşrutları genişləndirmək vacibdir. Əvvəllər İrana avtobusla getmək olurdu. Düşünürəm ki, dəmiryolu turizmi də açılsa, daha yaxşı olar. Bundan başqa, birbaşa yox, dairəvi xarakterli marşrutların da fəaliyyətə başlaması turizmə müsbət təsir edər. Məsələn, Qəbələ-Şəki-Zaqatala-Qax marşrutu. Yəni bu tip marşrut bir deyil, bir neçə bölgəmizi əhatə edir. Belə turizm marşrutları həm yerli əhali, həm də xarici turistlər üçün maraqlı olardı. Xarici turistlər bu marşrutlar sayəsində bizim maddi və mənəvi irsimizlə yaxından tanış ola bilərlər”.
Müsahibimizdən bu kimi turizm marşrutlarını bərpa etmək üçün hansı işlərin görülməli olduğunu soruşduq: "Bu işdə əsas yük turizm şirkətlərinin üzərinə düşür. Onlar xüsusi turlar tərtib etməlidirlər. Hətta lazım gələrsə, bu marşrutlar üzrə qonşu ölkələrlə də müqavilə imzalaya bilərlər. Bundan başqa, bizim qərb bölgələrimizə də turların təşkil olunması məqsədəuyğundur. Maraqlı, əyləncəli tur-paketlərlə həmin zonalara daha çox turist cəlb etmək olar. Mən bunu hər zaman qeyd etmişəm ki, Azərbaycanın turizm potensialı bundan artığına qadirdir və tükənməzdir. Bu potensialdan da səmərəli istifadə etmək çox vacibdir. Bunun üçün də yeni marşrutlar yaradılmalıdır. Xüsusi araşdırmalar aparılmalıdır ki, turistlər hansı yerləri görmək istəyir, onlara ölkəmizdə daha çox nə maraqlı gəlir. Həmçinin qiymətlər də münasib olmalıdır. Əgər biz daha çox turist qəbul etmək istəyiriksə, bu zaman kompleks şəkildə işlər görməliyik. Yəni münasib qiymətə keyfiyyətli xidmət göstərməliyik”.
"Çox gəzən bilər” verilişinin aparıcısı Mirsəməd Cəfərli qeyd etdi ki, kənd turizminə də xüsusi önəm verilməsi vacibdir: "Sovet dövründə "İnturist” adlanan böyük bir şəbəkə var idi. Həmin şəbəkə vasitəsilə xaricdən turistləri qəbul edirdilər. Təkcə sosialist yox, həm də kapitalist ölkələrindən də turistlər gəlirdi. Onların yerləşdirilməsi, ölkə ilə tanış edilməsi ilə "İnturist”in Azərbaycan bölməsi məşğul olurdu. Həmin dövrdə rayonlara xüsusi olaraq tematik səyahət turları hazırlayırdılar. Yəqin ki, həmin o marşrutları yenidən istifadəyə vermək istəyirlər. Ümumiyyətlə, əvvəlki turizm cığırlarını yenidən bərpa etmək çox yaxşı fikridir. Həmçinin yaxşı olardı ki, qonşu ölkə Gürcüstanda olduğu kimi, bizdə də kənd, aqrar turizm sahələrinə də xüsusi önəm verilsin, inkişaf etdirilsin”.
Turizm üzrə ekspert Rüfət Məmmədov deyir ki, köhnə nostalji reyslər turistlərin marağını cəlb edə bilər: "Sovet dövrü turizm marşrutu deyiləndə, əsasən Orta Asiya ölkələri nəzərdə tutulur. Bu marşrutun fəaliyyətə başlaması, az da olsa, turizmin inkişafına öz təsirini göstərəcək. Çünki hazırda statistikaya baxsaq, görərik ki, ölkəmizə Orta Asiyadan gələn turistlərin sayı artır. Həmçinin bu ölkələrə gediş-gəliş vizasız olduğu üçün daha çox turistin gəlmə ehtimalı böyükdür. Bundan başqa, Bakı-Qars dəmiryolunun da açılması buna bir təkan verə bilər. Düşünürəm ki, köhnə nostalji reyslər turistlərin marağını cəlb edə bilər. Reyslərin də ucuz olması bu sahəyə marağı olan turistlər üçün ciddi şəkil stimullaşdırıcı rol oynayacaq. Bundan əlavə, otellərdə, restoranlarda da qiymətlər münasib olmalıdır ki, turistlər üçün cəlbedici olsun”.
Günel Azadə
banner

Oxşar Xəbərlər