• çərşənbə axşamı, 23 aprel, 17:47
  • Baku Bakı 24°C

Tural Abbaslı AXH-dəki qarşıdurmanın səbəbini açıqladı

22.04.19 18:52 618
Tural Abbaslı AXH-dəki qarşıdurmanın səbəbini açıqladı
Bir neçə müxalifət partiyasının yaratdığı Azərbaycan Xalq Hərəkatında (AXH) mübahisələr səngimək bilmir. Hətta qurumun İdarə Heyətindəki üzvlər arasında mübahisələr qarşıdurmaya qədər gəlib çatıb. AXH-nin dönəm sədri, AĞ Partiya başqanı Tural Abbaslı ilə sabiq daxili işlər naziri İsgəndər Həmidov arasındakı dava ilə başlanan qarşıdurma faktiki olaraq qurumu iki hissəyə parçalayıb. Elə bunun nəticəsidir ki, aprelin 18-də hərəkat daxilindəki bir-birinə qarşı duran iki qrup ayrı-ayrılıqda toplantı keçirib. T.Abbaslının sədrliyi ilə baş tutan iclasda əks qanaddan Valeh İbadov və Ağasif Şakiroğlu İdarə Heyətindən uzaqlaşdırılıb. Sabiq daxili işlər naziri İsgəndər Həmidov və Ramiz Tağıyevə xəbərdarlıq edilib. Süleyman Kərimov, Salman İmanlı, Yavər Mikayılov və Firudin Əhmədlinin hərəkatın İdarə Heyətinin üzvü olmadığı elan olunub.
Bundan sonra isə qarşı tərəf iclas keçirib və qəbul edilən bütün qərarlar qeyri-legitim elan edilib.
İndiki halda AXH daxilində baş verənlərin təsadüf olmaması ilə bağlı fikirlər də səsləndirilir. Qurum daxilindəki gərgin vəziyyət, onu yaradan səbəblər və "AXH” gələcək fəaliyyəti diqqət mərkəzindədir.
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında AXH-nin dönəm sədri, "Ağ” Partiya başqanı Tural Abbaslı bildirdi ki, təşkilatda radikal və ya konstruktiv tərəf yoxdur: "Kənardan necə göründüyünü, qiymətləndirildiyini deyə bilmərəm. Amma bu konflikt radikal və ya loyal addımların atılması ilə bağlı deyil və heç belə bir müzakirə də olmayıb. Bu məsələnin əsas yaranma səbəbi bu günə qədər Azərbaycan Xalq Hərəkatının idarəçiliyində olan boşluqlara olan etiraz idi. Bu da aradan qaldırılmalı idi və qarşı tərəfin bu boşluqları aradan qaldırmaq istəməmək həvəsi özünü göstərirdi. Belə deyək də, dolayısı ilə idarəçilikdə çatışmazlıqların müzakirəsi zamanı ikitirəlik yaranıb. Təbii ki, biz istəməzdik yaransın, amma yaranıbsa da, biz fəaliyyətimizə davam edəcəyik. Kimin haqlı olduğunu zaman göstərəcək”.
Partiya sədri bir sıra partiya sədrlərinin ona qarşı qeyri-etik davranışları ilə bağlı suala cavabında qeyd etdi ki, bu qurumda toplananlarının hər birinin özünə görə siyasi keçmişi var: "Hər biri ayrı-ayrı partiyaların sədridir. Bilirik ki, iclaslarımız sosial şəbəkə üzərindən canlı yayımlanır və hər kəs atdığı addımlara özü cavabdehdir. Siyasi etikaya görə şəxsimə yönəlik qeyri-etik davranışlar doğru deyil. Əgər kimsə hesab edirsə ki, doğrudur, bu, onun şəxsi işidir. Amma xalq bütün bunlara qiymət verəcək. Bilinəcək ki, hansı addımlar doğrudur, hansı yox, iclasda özünü necə aparmaq lazımdır, diskussiya hansı qaydada aparılır və s. Odur ki, bu məsələlərdə xalqın qiymət verməsinin tərəfdarıyam”.
AXH-də ikitirəliyin aradan qaldırılması üçün anlaşmanın mümkün olub-olmamasına toxunan T.Abbaslı vurğuladı ki, İdarə Heyətindən çıxarılan bir neçə nəfər var: "Bunlardan 4-ün üzvlüyü əsasnaməyə uyğun deyildi, 2 nəfər də İdarə Heyətindən kənar fəaliyyətə görə uzaqlaşdırılıb. Həmin altı nəfər xaric, digər İdarə Heyətinin üzvlərinə təklif etmişəm ki, birgə iclas keçirək. İsgəndər Həmidov təkid etdi ki, hamı bir yerdə, yəni çıxarılan altı nəfər də daxil olmaqla məsələləri müzakirə etməliyik. Onda mən sual etdim ki, çıxardığımız adamlarla nəyi və necə müzakirə edə bilərik? Yəni, dolayısı ilə hərə öz fikrində qaldı və ona görə də ümumi razılığa gəlinmədi. Aprelin 25-də növbəti iclasımız var və onları yenə də dəvət edəcəyik. İstəyirlərsə, gəlib iştirak edə bilərlər, təbii ki, çıxarılanlardan başqa”.
"Ağ” Partiya sədri ona qarşı səsləndirilən ittihamlara da toxunaraq əlavə etdi ki, bu ittihamları hər kəs öz siyasi və şəxsi əxlaqına uyğun edir: "Bizim Allahdan başqa heç kimi qarşısında gözüm kölgəli deyil, kim nə istəyir deyə bilər. Bu ittihamları səsləndirilənlərdən və aqressivlik edənlərdən soruşmaq lazımdır ki, niyə belə edirlər. Mənim fəaliyyətim göz önündədir, qeyri-qanuni bir işim olmayıb”.
T.Abbaslı bildirdi ki, indiki halda qurumun parçalanması rəqiblərinə sərf edir: "Belə başa düşürəm ki, ortada şəxsi eqoizm, mənəm-mənəmlik və öz bildiyini diktə etmək sevdası var deyə, birlik baş tutmur. Yoxsa, arada bölünməli nə var ki, qırğın düşür? Ortada vəzifə, pul-para yox. Odur ki, bu məsələdə birgə fəaliyyətin tərəfdarıyam. Amma hansısa diktə ilə, "belə olmalıdır” fikri razı deyiləm. Reallıqları nəzərə alaraq birgə fəaliyyətin tərəfdarıyam, amma bu olacaq-olmayacaq, bilmirəm”.

BƏXTİYAR
banner

Oxşar Xəbərlər