Tunelin sonundakı işıq? - ARAŞDIRMA
Həkimlər deyir ki, "omikron” ştammına yoluxanların
xəstəxanada müalicəsinə və oksigen balonuna ehtiyacları yoxdur. Bu xəstələr 2-3 gün ərzində sağalırlar.
Dünya "omikron” ştammı ilə çalxalanır.
Koronavirusun mutasiyası nəticəsində yaranan yeni variant bütün dünyada olduğu
kimi Azərbaycanda da ciddi narahatlıq doğurur. Hətta Azərbaycan Respublikasının
Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi
Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayaraq, vətəndaşlarımızı yeni ştammdan
qorunmaq üçün vaxt itirmədən gücləndirici (buster) doza ilə peyvənd olunmağa çağırıb.
Cənubi Afrikada aşkarlanan "omikron” ştammına qısa
müddətdə bir çox ölkələrdə rast gəlinib. Alimlərin fikrincə, koronavirusun yeni
mutasiyası bütün əvvəlki variantlardan çox fərqlidir. Yeni variantın ən
narahatedici xüsusiyyəti isə peyvəndlərə qarşı davamlı olma iddiasıdır.
Daha yoluxucu olsa da...
Virusla bağlı ortaya atılan ikinci iddia isə bu ştammın
pandemiyanın sonunu gətirəcəyidir. İsrailli professor Zvika Qranot "omikron”u
tunelin sonundakı işıq adlandırıb: "Omikron ştammının yayılması nə qədər təəccüblü
olsa da, pandemiya ilə mübarizəyə kömək edə bilər. Yeni ştamm daha yoluxucu
olsa da, aqressivliyinə görə əvvəlkilərdən daha zəifdir. "Omikron” ştammına
yoluxanlarda çox yüngül simptomlar müşahidə edilir. Bu insanların tənəffüs çətinliyi
olmur. Kütləvi yoluxmadan sonra koronavirus mutasiyaya uğrayaraq zəifləyəcək”.
"Xəstəliyin ağır gedişi müşahidə olunmayıb”
Almaniya xəstəxanasında ağciyər xəstəlikləri və
süni tənəffüs şöbəsinin həkimi Elvin Hüseynov qəzetimizə açıqlamasında bildirdi ki, xəstəliyin
gedişi ağır formada müşahidə olunmayıb: "Omikron” virusunun çaxnaşma
yaratmasının səbəbi peyvəndə qarşı dayanıqlı olması iddialarıdır. Lakin bu hələ
sübut olunmayıb. Sadəcə, laboratoriya şəraitində virusun strukturunun bir neçə
hissəsində mutasiya aşkarlanıb və ona görə belə güman edilir ki, peyvəndlərə
dayanıqlı ola bilər. İkinci ehtimal isə virusun delta ştammından daha yoluxucu
olması ilə bağlıdır. Bu, hələ dəqiq deyil, tədqiqatlar aparılır. İndiyə qədər aşkar
olunan hallarda xəstəliyin gedişi orta ağır formada müşahidə olunub”.
Pandemiyanın sonu ola bilərmi?
Həkim vurğulayır ki, xəstəliyin yüngül gedişi davam
etsə, pandemiyada yolun sonuna çata bilərik: "Virus belə davam etsə, daha çox
insan yoluxacaq, yüngül keçirəcək və kütləvi immunitet yaranacaq. Lakin bu da hələ
sübut olunmayıb, sadəcə iddiadır. Analizlərin, tədqiqatların nəticəsini gözləyirik”.
"Lokdaun” qaçılmaz olacaq”
Dünyada yenidən qapanma məsələsinə gəldikdə isə həkim
vurğulayır ki, ağır xəstələrin sayı kəskin çoxalsa, qapanma qaçılmaz olacaq: "Hər
bir ölkə özü virusun vəziyyətindən asılı olaraq qərar verəcək. Almaniyada yeni
yoluxma sayında artım müşahidə olunduğu üçün maarifləndirmə işləri genişləndirilib.
Təklif edirlər ki, tədbirlər təxirə salınsın, insanlar peyvənd olunsun. Maskalardan
istifadə olunur. Əgər reanimasiya şöbələrində çarpayılarının sayı tamamilə dolsa
və yeni xəstələrə tibbi yardım göstərmək mümkün olmasa, "lokdaun” qaçılmaz
olacaq”.
"Omikron”un əlamətləri
nələrdir?
Cənubi Afrika Tibb Assosiasiyasının sədri Anjelik
Kutze Yeni COVID
ştammına yoluxmanın əlamətlərini açıqlayıb. Onun sözlərinə görə, koronavirusun
"omikron” ştammı ilə yoluxmanın ilk və əsas əlamətləri kəskin yorğunluq və baş
ağrılarıdır. Qızdırma və ya boğaz ağrısı isə nadir hallarda müşahidə olunur:
"Omikron” gənclərdə qeyri-adi, nisbətən yüngül simptomlara səbəb olur. Həddindən
artıq yorğunluqdan şikayətlənən müxtəlif etnik və sosial statuslu gənclər də
var idi. Onların heç biri dad və qoxu hisslərinin itirilməsi və ya dəyişməsindən
şikayətlənməyib. Simptomları əvvəllər qarşılaşdıqlarımdan çox fərqli və yüngül
idi”.
Həkim bildirib ki, "omikron” ştammına yoluxanların
xəstəxanada müalicəsinə və oksigen balonuna ehtiyacları yoxdur. Bu xəstələr 2-3
günə sağalırlar.
Hansı şəxslər "omikron”a yoluxa bilər?
Köln Universiteti Klinikasının tibb elmləri doktoru
Nuran Abdullayevdeyir ki, Cənubi Afrikada "omikron” xəstəliyi
daha öncə keçirmiş və peyvənd olunan insanlarda da müşahidə olunub. Bu da təbii
ki, insanlara çox təhlükəli görünə bilər: "Amma analiz etdikdə görünür ki, bu,
daha çox 6 ay öncədən xəstələnən, yaxud da 6 ay əvvəl peyvənd olunan insanlarda
rast gəlinir. Bu da onu deməyə əsas verir ki, bizim daha öncədən də bildiyimiz kimi,
peyvəndlərin müəyyən zamandan sonra yüksək effektivliyi azalır. Yəni bu o demək
deyil ki, peyvənd alan şəxs bir də yoluxmayacaq. Əgər üzərindən 6 ay vaxt
keçibsə, həmin adamların "omikron” ştammına yoluxma riski var”.
Peyvəndlər nə dərəcə təsirlidir?
Həkim vurğulayır ki, peyvənd xəstəlik üzərində öz
effektini tamamilə itirə bilməz: "Delta” variantında da gördük ki, müəyyən faiz
etibarı ilə effektivlik aşağı düşə bilər. Amma bu o demək deyil ki, peyvəndlər
tamamən effektivliyini bu ştamma qarşı itirəcək. Belə araşdırma yoxdur. Tədqiqatlar
aparılır və nəticə ictimaiyyətə açıqlanacaq. "Buster” dozanın effektivliyi, təxminən
20 dəfəyə qədər yüksək olduğu üçün əminliklə demək olar ki, bu ştamma təsir edəcək”.
"Yeni vaksinə ehtiyac yoxdur”
Məlumat üçün bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatının
(ÜST) rəsmiləri bildirib ki, "omikron”a
qarşı yeni vaksinə ehtiyac yoxdur. Təşkilatın məlumatına görə, mövcud peyvəndlər
"omikron” ştammına qarşı kifayət qədər effektivdir.
ÜST əczaçılıq şirkətlərinə mövcud dərmanların tərkibində
yalnız kiçik dəyişikliklər etməyi tövsiyə edir. Ümumi tədbirlər isə eynidir.
ÜST tibbi maskadan istifadə etməyi, sosial məsafəyə və şəxsi gigiyena
qaydalarına riayət etməyi tövsiyə edir. Vaksinasiya isə xəstəliyə qarşı ən
böyük silahdır.
Aygün ƏZİZ