Tümen vilayətinin biznes missiyası “Azərsun” Holdinqdə olublar
Tümen vilayətinin İxraca Dəstək Mərkəzinin
sədri Sergey Poluxinin rəhbərlik etdiyi nümayəndə heyəti "Azərsun” Holdinqdə
olub. Tümen vilayətinin iş adamlarından ibarət nümayəndə heyəti ilə "Azərsun
Holdinq rəhbərliyi arasında iki tərəfli görüş keçirilib. Azərbaycanın ixrac
potensialının artmasında, yerli məhsulların dünya bazarlarına çıxarılaraq
istehlakçılar tərəfindən böyük rəğbətlə qarşılanmasında müstəsna rol oynayan Azərsun Holdinq barədə məlumat
verildikdən sonra, qonaqlara şirkətlər qrupunun tanıtım videoçarxı nümayiş
etdirilib. Tümen vilayətinin iş adamlarından ibarət nümayəndə heyətinə rəhbərlik
edən Sergey Poluxin bildirib ki, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və
qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm addımlar atan Azərsun
Holdinqə səfərində məqsəd şirkətlər qrupunun fəaliyyəti ilə yaxından tanış
olmaq, gələcək ikitərəfli əməkdaşlığın müzakirəsi və işbirliyinin qurulmasıdır.
Tümen vilayətində "Jizn” şirkətinin təsisçisi, idarə heyətinin sədri Oleq
Dedkov öz çıxışında görüşdə iştirak edən Azərsun Holdinq rəhbərliyini
salamlayaraq, belə böyük şirkətlər qrupu ilə gələcəkdə əməkdaşlıq etmək istədiklərini
və bundan məmnunluq duyacaqlarını söyləyib. Görüşün sonunda qonaqlara Azərsun
Holdinqin məhsullarında ibarət hədiyyələr təqdim olunub, xatirə fotosu çəkilib.
Qeyd edək ki, Tümen vilayətinin Azərbaycanda
səfərdə olan biznes missiyasının
iştirakçıları "Tümen Cihaz” , "Tümen
maşınqayırma zavodu”, "Jizn” , "SİBNA”
qurumlarının rəhbərləri, Azərsun Holdinq tərəfindən isə "Azərsun Kənd Təsərrüfatı
Məhsulları”nın baş direktoru Məhəmməd Gozal, "Azərsun Kənd Təsərrüfatı Məhsulları”nın
direktor müavini Akif Əsgərov, "Azərbaycan Şəkər istehsalat
Birliyi”nin (AŞİB) direktoru Mehran Məmmədov, "Azərsun” Holdinqin baş direktor
müavini Nazim Quliyev və İctimaiyyətlə Əlaqələr direktoru
Kazım Babayev iştirak ediblər.