• cümə, 29 Mart, 09:51
  • Baku Bakı 5°C

TÜRKSOY yeni mədəniyyət paytaxtını elan edir

18.12.18 18:51 777
TÜRKSOY yeni mədəniyyət paytaxtını elan edir
Türk Dilində Danışan Ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının qərarı ilə 2018-ci il Türk Dünyası Mədəniyyət Paytaxtı seçilən Türkiyənin Kastamonu şəhəri mədəniyyət paytaxtı ünvanını təhvil verməyə hazırlaşır. Bu münasibətlə dekabrın 18-də Kastamonuda TÜRKSOY Mədəniyyət Nazirlərinin Daimi Şurasının 36-cı Toplantısı keçirildi. Tədbirdə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, Türk Akademiyasının prezidenti Darhan Kıdralı, Kastamonu şəhər valisi Yaşar Qaradəniz, türkdilli ölkələrin nümayəndələri, mədəniyyət və ictimaiyyət nümayəndələri və b. iştirak edirdi. Tədbirdən öncə türk dünyasının mədəniyyətinə həsr edilən kitab və rəsm sərgisinə baxış keçirildi.
Tədbiri giriş sözü ilə açan Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy 2018-ci il üçün Türkiyənin Kastamonu şəhərinin türk dünyası mədəniyyət paytaxtı layihəsinin uğurla başa çatdığını qeyd etdi: "Bir il ərzində Kastamonu ortaq dəyərlərimizin önə çıxarılmasında mühüm rol oynadı. Bu şəhərdə türk dünyasının ortaq mədəni dəyərlərinin yaşadılması və bu dəyərlərin bir araya gətirilməsi üçün önəmli tədbirlər həyata keçirildi. Kastamonu müxtəlif musiqi tədbirlərinə, ədəbi tədbirlərə, festival və konfranslara, yarışlara, sərgilərə, təqdimatlara ev sahibliyi etdi. Bütün bu kimi əhəmiyyətli tədbirlər TÜRKSOY-un yüksək təşkilatçılığı ilə gerçəkləşdirildi”.

Nazir öz çıxışında TÜRKSOY-un fəaliyyətlərinə də xüsusi toxundu və bildirdi ki, yaranmasının 25 illiyini qeyd edən qurum, bu illər ərzində öhdəsinə düşən vəzifələri uğurla yerinə yetirib, ortaq türk mədəniyyəti və tarixinin dünyada tanıdılmasına nail olub: "Bundan sonra da türk dünyasının ortaq dəyərlərinin tanıdılması və qorunması istiqamətində TÜRKSOY-un daha uğurla fəaliyyət göstərəcəyinə inanırıq”.

TÜRKSOY-un baş katibi Düsen Kaseinov qurum adından tədbir iştirakçılarını salamladı. Baş katib qonaqlara 25 illik yubileyini qeyd edən qurumun həyata keçirdiyi layihələrdən qısaca bəhs etdi: "İl boyunca yüzlərlə tədbir keçirdik. Bu işlərdə əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm. Qardaş cümhuriyyətlər də "Mədəniyyət paytaxtı” layihəsinin uğurla keçməsində böyük rol oynadılar”. Baş katib il boyu keçirilən tədbirlərə də toxundu və bunların türk dünyası mədəniyyətinin bir araya gəlməsində, eləcə də dünyada təbliğatında mühüm rol oynadığını vurğuladı.
Kastamonu valisi Yaşar Karadəniz isə il boyu qonaqlara ev sahibliyi etməkdən məmnun olduğunu qeyd etdi. Vali Kastamonun Türk Dünyası Mədəniyyət Paytaxtı olduğu müddətdə keçirilən tədbirlərdən bəhs etdi: "Kastamonunun paytaxt elan olunduğu müddətdə türk dünyasının hər yerindən çox sayda tanınmış incəsənət nümayəndələri gəldi. Qəlblər birgə döyündü. Şəhərimiz ötən bir il müddətində nüfuzlu mədəni tədbirlərə də ev sahibliyi etmənin qürurunu yaşadı: TÜRKSOY-un mətbuat ödülləri verildi, Mahmut Kaşğarlı mükafatının təqdimatı da bu günə təsadüf etdi. Beləliklə də, Kastamonu türk dünyasının ortaq dəyərlərini dünya coğrafiyasına tanıtdı. Bu sırada həm də şəhidlərimizin ruhu yad edildi”. Vali İstanbulda "Kastamonu günü”nün keçirilməsini də xüsusi vurğuladı və bildirdi ki, bu tədbir kastamonuları bir araya gətirdi: "Bir sözlə, şəhərimizin təbii gözəlliyi, mədəni dəyərləri hərtərəfli təbliğ edildi. Keçən bir il müddətində bizimlə bir olduğunuz üçün hər birinizə təşəkkürlərimi bildirirəm!”

Kastamonu bələdiyyə sədri Tahsin Babaş şəhərin 2018-ci ildə Türk dünyası mədəniyyət paytaxtı seçilməsindən qürur duyduğunu dedi: "Belə bir ünvana sahib olduğumuza, mövcud mədəni varlığımızı tanıtmaq üçün əldə etdiyimiz bu fürsətə görə hər kəsə təşəkkür edirik. Bu bir il ərzində Kastamonunun mədəniyyətini və tarixini bütün dünyaya nümayiş etdirə bildik. Həm də evliyalar şəhəri olan Kastamonu mənəvi özəllikləri ilə tanınır. Bu layihələrin, tədbirlərin gerçəkləşməsində Düsen Kaseinov başda olmaqla TÜRKSOY-un böyük zəhməti oldu. Türk dünyasının UNESKO-su olan TÜRKSOY mənəvi bağlarımızın möhkəmlənməsində böyük rol oynamaqdadır”.

Qırğızıstan mədəniyyət və turizm nazirinin müavini Bakıtbek Sekimov isə öz çıxışında ötən 25 il ərzində TÜRKSOY-un türk dünyasına böyük töhfələr verdiyini bildirdi. Sonra nazir müavini 2018-ci ilin Qırğızıstan üçün əhəmiyyətli il olduğunu bildirdi: "2017-ci ildə TÜRKSOY tərəfindən "Çingiz Aytmatov” ili elan olunmuşdu. Bu çərçivədə Azərbaycanda, Türkiyə daxil olmaqla, bir çox türkdilli dövlətlərdə tədbirlər keçirildi. Bütün bunlar həm də qırğız xalqına hörməti ifadə edir. Bu baxımdan, Türk Dünyası Mədəniyyət Paytaxtı estafetini qəbul etməyimiz bizim üçün böyük qürurdur”.

Türkmənistanın mədəniyyət nazirinin müavini ölkəsinin TÜRKSOY-la sıx əməkdaşlıq etdiyini qeyd etdi: "Biz də öz növbəmizdə türk dünyasının ortaq dəyərlərinin qorunmasında və inkişafında yaxında iştirakımıza görə məmnunluq hissi keçiririk”.

Azərbaycan Mədəniyyət Nazirliyinin nümayəndəsi Günay Əliyeva türk dünyasının mədəniyyət paytaxtlarının seçilməsinin Türk mədəniyyəti və irsinin qorunması və təşviqinə mühüm töhfələr verdiyini qeyd etdi: "Bu layihənin gələcəkdə də davam etdirilməsi, türk xalqları arasında həmrəyliyi və qarşılıqlı anlaşmanı daha da möhkəmləndirmək, beynəlxalq miqyasda ümumtürk mədəniyyətinin inkişafına kömək etmək, adət-ənənələrin, mədəni irsin, incəsənətin, ədəbiyyatın qorunması istiqamətində mühüm nailiyyətlərin əldə olunmasına səbəb olacaq”.

Nazirlik rəsmisi xatırlatdı ki, Azərbaycanın 5 min illik şəhər mədəniyyətinə malik olan Naxçıvan şəhəri 2018-ci il üçün "İslam Dünyasının Mədəniyyət Paytaxtı” elan olunub. "İl çərçivəsində Azərbaycanda bir sıra mühüm tədbirlər keçirilib. Qədim sivilizasiyanın beşiklərindən biri olan Naxçıvanın bu statusu daşıması İslam mədəniyyətinə və bəşəri dəyərlərinə, insani dəyərlərə verilən bir töhfədir”.

G.Əliyeva TÜRKSOY tərəfindən ənənəvi olaraq hər il keçirilən "Türk dünyası Öncülləri” layihəsi çərçivəsində Azərbaycan şəxsiyyətlərinə həsr edilən tədbirlərə də toxundu: "Bu mənada "Qara Qarayev İli” qurum tərəfindən yüksək səviyyədə qeyd olundu. 2019-cu ilin isə TÜRKSOY layihəsi çərçivəsində böyük Azərbaycan şairi İmaməddin Nəsimiyə həsr olunmasını da əhəmiyyətli hesab edirik”.

G.Əliyeva qeyd etdi ki, 2018-ci il UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası Azərbaycanda keçiriləcək: "Fürsətdən istifadə edib TÜRKSOY-a üzv ölkələrinə öz təşəkkürümü bildirib və hamınızı gələn il növbəti 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda və YUNESKO-nun 43-cü sessiyasında iştiraka dəvət edirəm”.

Konfransda Azərbaycanın, 2019-cu ildə böyük şairimiz İmaməddin Nəsiminin anadan olmasının 650 illiyi çərçivəsində "Nəsimi İli”nin keçirilməsi təklifi qəbul olundu. Həmçinin Türkiyənin "Aşıq Veysəlin anadan olmasının 125 illiyi” çərçivəsində "Aşıq Veysəl ili” keçirilməsi təklifi də dəstəkləndi.

Qeyd edək ki, gün boyu davam edəcək tədbir çərçivəsində Kastamonunun Türk Dünyası Mədəniyyət Paytaxtı estafetinin Qırğızıstanın Oş şəhərinə təhvil verilməsi mərasimi keçiriləcək. Mətbuat nümayəndələri ilə xüsusi görüş nəzərdə tutulub. Axşam isə "Mədəniyyət Paytaxtı İli”nin təntənəli bağlanış mərasimi baş tutacaq.

Təranə Məhərrəmova

Kastamonu





banner

Oxşar Xəbərlər