• çərşənbə axşamı, 23 aprel, 13:12
  • Baku Bakı 24°C

“Tramp prezident seçildikdən sonra bu kitab kütləvi oxundu” – Kitab rəfi

08.02.20 12:00 7400
“Tramp prezident seçildikdən sonra bu kitab kütləvi oxundu” – Kitab rəfi
Kitab insanın özünü inkişaf etdirməkdə əvəzsiz rola malikdir. Ancaq müasir dövrdə vaxt az olduğu üçün insanlar daha faydalılarını seçib oxumağa üstünlük verirlər. Ona görə, bu cəhətdən başqalarının məsləhətlərini diqqətə alırlar. Bu dəfə Azərbaycan Televiziyasının sosial-iqtisadi proqramlar redaksiyasının baş redaktoru Aqil Məmmədovun məsləhət gördüyü 5 kitabı təqdim edirik.
A.Məmmədov deyir ki, ixtisası politologiya olduğundan, siyasi motivli kitabların oxunmasına üstünlük verir.
Onun hər bir kəsə oxunması üçün məsləhət gördüyü ilk kitab Qustav Lebonun "Xalqların və kütlələrin psixologiyası” kitabıdır: "Bu kitab böyük kütlələrin psixologiyasını tədqiqi əsasında ərsəyə gəlib. Xüsusilə də mütəşəkkil qrupların ideologiyaları, onların davranışlarına təsirləri təsvir edilir. Kitabın yazı dili elmi olsa da, oxunduqda, bir çox mənzərə insan üçün tam aydın olur”.
İkinci tövsiyəsi Ruçir Şarmanın "Dövlətlərin inkişafı və tənəzzülü” kitabı oldu: "Ruçir Şarma əslən Hindistandan olsa da, ABŞ-da yaşayıb və formalaşan birja əməkdaşı olub. Ekspert kimi bir çox ölkələrdə iqtisadi prosesləri təhlil edib və bunun da nəticəsində gələcək strategiyanı formalaşdırmaq üçün əla yol xəritəsi cızıb. Bu kitabı oxuduqda, hansı sahələrə investisiyaların lazım və gələcəyə yönəlik olduğunu və hansılara yatırımların effekt verməyəcəyini anlamaq mümkündür. Xüsusən də gənc iş adamlarına bu kitabı oxumağı tövsiyə edirəm”.
Ceyms Rikardsın "Valyuta müharibələri” kitabı onun üçüncü seçimi oldu: "Müasir zamanda qlobal güclər arasında mübarizə hərb meydanından iqtisadi meydana keçid edib və burada valyutalar arasında gedən mübarizə təkcə bir xalqın deyil, ümumilikdə dünyanın iqtisadi mənzərəsini dəyişmək qabiliyyətindədir. Tarixən ticarət müharibələri bir alqoritm üzərindən gedib və bu gün də bu müşahidə edilməkdədir. Məhz bu əsər kitab sektorunda "Oscar” hesab edilən "Top Economic Award” mükafatını alıb və "Bloomberg” və "Financial Times” nəşrləri tərəfindən oxunması vacib əsərlər sırasında göstərilib”.
Dördüncü oxunması vacib hesab etdiyi kitab isə Stivin Kovinin "Bacarıqlı insanın 7 vərdişi”dir: "Bu kitab betseller olmaqla yanaşı, işdə, evdə, düzgün davranış qaydalarını izah edir. Hesab edirəm ki, digər şəxsi inkişaf kitabları ilə müqayisədə daha effektiv təsirə malikdir. Bu kitabın, sadəcə iş adamları deyil, həm də hər bir ailə başçısı tərəfindən oxunmasını tövsiyə edirəm”.
Sonda uzun müddət təsirindən çıxa bilmədiyi kitabı qeyd etdi. Bu, Corc Ourelin "1984” kitabıdır: "Kitab uzun illər öncə yazılsa da, ABŞ-da Donald Tramp prezident seçildikdən sonra, səhv etmirəmsə, "New York Times” yazarlarından biri bu kitabdan sitat gətirmişdi. Məhz bundan sonra kitab kütləvi oxunmağa başlandı. Ağır kitabdır, ancaq ağır olduğu qədər də insanın şüuruna, düşüncəsinə təsir edəcək və hətta onu dəyişəcək gücə malikdir”.
banner

Oxşar Xəbərlər