• cümə axşamı, 28 mart, 18:39
  • Baku Bakı 13°C

Traktor istehsalı zavodunun açılması ölkə iqtisadiyyatı üçün əhəmiyyətli olacaq

26.04.19 15:15 521
Traktor istehsalı zavodunun açılması ölkə iqtisadiyyatı üçün əhəmiyyətli olacaq
Dövlət başçısı İlham Əliyevin Azərbaycan müəssisə və şirkətlərinə, iş adamlarına məhsulların ixrac edilməsi ilə bağlı verdiyi tövsiyələrə əsasən üçüncü ölkələrin bazarına çıxış məqsədilə Belarusun "Minsk Traktor Zavodu" ilə "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyi arasında memorandum imzalanıb. Bu gün traktorların hissələri Belarusdan tədarük olunur. Türk sahibkarları isə traktorların yığılması ilə məşğul olan zavod açıblar. Gəncə Avtomobil Zavodu traktor istehsalı ilə uzun müddətdir məşğul olan bir müəssisə kimi yeni yaradılan Azərbaycan-Türkiyə İstehsalat Birliyinə öz təcrübəsi və yüksək ixtisaslı kadrları ilə köməklik göstərəcək. Bu müəssisənin ərsəyə gəlməsində bizim müəssisənin də dəstəyinin olması məni çox sevindirir. Ümidvaram ki, Gəncə Avtomobil Zavodu İstehsalat Birliyinin fəaliyyətinin genişlənməsində yardımçı olacaq.
Bunu Trend-ə "Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Xanlar Fətiyev söyləyib.
Millət vəkilinin sözlərinə görə, Azərbaycan həm qardaş Türkiyə, həm də ən etibarlı tərəfdaş dövlətlərdən biri olan Belarusla əməkdaşlıq əlaqələrini dərinləşdirərək üçtərəfli formatda yeni bir münasibət modeli ortaya çıxarıb ki, bu da özünü Azərbaycan-Türkiyə İstehsalat Birliyində (ATİB) göstərir:
"Azərbaycan-Türkiyə-Belarus birgə əməkdaşlığının nəticəsində inşa edilən "Belarus” markalı traktor istehsalı zavodu müştərək əməkdaşlığın bariz nümunəsidir. Birgə istehsal olaraq qurulan yeni zavodda iki traktor modelinin istehsalı nəzərdə tutulur. Bu müəssisəyə Gəncə Avtomobil Zavodunun da komplekləşdirici hissələr göndərəcəyini və əməkdaşlıq edəcəyini nəzərə alsaq bu layihənin Azərbaycan iqtisadiyyatı üçün də çox əhəmiyyətli olacağı danılmazdır”.
Məlumat üçün bildirək ki, bu günlərdə Türkiyənin Kırıkkale bölgəsində Azərbaycan-Türkiyə İstehsalat Birliyi (ATİB) tərəfindən idarə olunacaq "Belarus” markalı traktor istehsalı zavodunun açılış mərasimi keçirilib.
Tədbirdə Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bəkir Pakdemirli, Türkiyə Böyük Millət Məclisinin üzvü Ramazan Can, Belarusun Baş nazirinin müavini İqor Lyaşenko, bu ölkənin sənaye naziri Pavel Utupin, sənaye nazirinin müavini Dmitriy Korçik, Belarusun Türkiyədəki səfiri Aleksandr Savinih, "Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Xanlar Fətiyev, "Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin direktoru Kamran Nəzərov, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, ATİB-ün direktoru Murad İsmayılov, Gəncə şəhər Nizami rayon bələdiyyəsinin sədri Amin Əliyev iştirak ediblər.
banner

Oxşar Xəbərlər