Total iflas
Həm daxili, həm də xarici borc artır. Üç ildə Ermənistandan, təxminən
4 milyard dollar çıxıb, müharibənin nəticələri ölkənin iqtisadi və sosial vəziyyətinə təsir
göstərməkdə davam edir
İyunda Ermənistanda keçirilən parlament seçkilərindən sonra
çoxlarında belə ümid var idi ki, siyasi vəziyyət sabitləşəcək, ölkə
iqtisadiyyatında pandemiya və 44 günlük müharibənin yaratdığı böhran səngiyəcək.
Amma iqtisadi göstəricilər əks prosesin getdiyini üzə çıxarır.
Bütün istehlak mallarının qiyməti qalxıb
Ermənistan Milli Statistika Xidmətinin məlumatlarına istinadən bu
qənaətə gəlmək olar. Məsələn, həmin rəqəmlərdə qeyd olunur ki, iyul ayında
illik inflyasiya 8,2 faiz təşkil edib. Bütün ərzaq məhsullarının çoxu
bahalaşıb. İyul ayında ərzaq qiymətləri ilk dəfə olaraq əvvəlki ayla müqayisədə
4,9 faiz artaraq 13,9 faizlik ikirəqəmli səviyyəyə çatıb. Demək olar ki, bütün
istehlak mallarının qiyməti qalxıb. Düyü 13,4, çörək 8,6, donuz əti 32,2, quş
əti isə təxminən 24,3 faiz bahalaşıb. Ən yüksək artım yumurtanın qiymətlərində
qeydə alınıb - 51 faizdən çox. Kartof və kərə yağı kimi vacib ərzaq
məhsullarının qiymətləri təxminən 38,4 və 15,9 faiz artıb. Bu məhsullar
istehlak səbətinin böyük hissəsini təşkil etdiyindən, qiymətlərin artması
əhalinin həyat səviyyəsinə və rifahına əhəmiyyətli təsir göstərir. İyul ayında
qiymət artımı inflyasiya proseslərinin sürətlənməsinin nəticəsidir. 2020 -ci
ilin sonunda inflyasiya cəmi 1.23 idisə, iki ay sonra 5.3 faizə çatıb.
Əkin sahələrinin 90 faizdən çoxu itirilib
Ermənistanda ərzaq məhsullarının bahalaşması birbaşa müharibənin
iqtisadi nəticələri ilə əlaqədardır. Azərbaycanın öz torpaqlarını azad etməsi Ermənistanın
işğal etdiyi kənd təsərrüfatı ehtiyatlarına girişini bağladı. 44 günlük müharibədən sonra Ermənistan əvvəllər işğal olunmuş ərazilərdə
90 min hektar və ya əkin sahələrinin 90 faizdən çoxunu itirdi. Hər il bu
torpaqlarda, təxminən 150 min tona yaxın müxtəlif taxıl məhsulları istehsal
olunurdu ki, bunun da 66 faizi Ermənistana ixrac edilirdi. Bu da yerli
tələbatın, təxminən 25 faizini təmin edirdi. Buna görə də, müharibədən sonra
Ermənistan ərzaq qıtlığı ilə üzləşib və taxıl və digər kənd təsərrüfatı
məhsullarının idxalını artırmaq məcburiyyətində qalıb.
Ciddi miqrasiya böhranı
İdxalın artması ilə yanaşı,
2021-ci ilin fevralından etibarən elektrik tariflərinin artması inflyasiyaya da
təsir edib. İqtisadi böhranın başqa bir əlaməti, əhalinin kütləvi şəkildə
xaricə mühacirət etməsidir – bu da Ermənistan üçün ənənəvi problemdir. 1990-cı
illərin əvvəllərində, Qarabağ müharibəsindən sonra iqtisadi və siyasi
qeyri-sabitlik səbəbindən Ermənistan ciddi miqrasiya böhranı ilə üzləşdi.
Eyni proses 44 günlük müharibədən sonra da başlayıb. Siyasi xaos və
iqtisadi problemlər əhalinin axını prosesini sürətləndirib və rəsmi məlumatlara
görə, 2021-ci ilin yanvar-mart aylarında 63.700 vətəndaş Ermənistanı tərk edib.
Beləliklə, ilin ilk 5 ayında sərnişin axınının mənfi saldosu 90 minə
yaxınlaşıb.
Dövlət borcu artır
Bundan əlavə, Ermənistan hökuməti büdcə xərclərini ödəmək üçün dövlət
borcunu rekord templərlə artırır. "Joğovurd” nəşri yazıb ki, son 1 ildə
Ermənistan 1 milyard 370 milyon dollar borc toplayıb. İqtisadiyyatın vəziyyəti
pisdir, borc da artır və bu, ağır yük olacaq. İyun ayının sonuna olan vəziyyətə
əsasən, Ermənistanın dövlət borcu, təxminən 9 milyard dollara çatıb. Bu
məbləğdən 1 milyard 370 milyonu yalnız son 1 ildə formalaşıb. Ermənistan, demək
olar, 29 il ərzində 7 milyard 403 milyon dollar borc toplayıb, təkcə son 1 ildə
isə bu hakimiyyət Nikol Paşinyanın başçılığı altında borcu 1 milyard 370 milyon
dollar artırıb. Üstəlik, həm daxili, həm də xarici borc artır.
Üç ildə Ermənistandan, təxminən 4 milyard dollar çıxıb.
Müharibənin nəticələri ölkənin iqtisadi və sosial vəziyyətinə təsir
göstərməkdə davam edir. Ermənistanın iqtisadi inkişafının yeganə yolu qonşuları
ilə siyasi və iqtisadi münasibətləri normallaşdırmaqdır. Əks təqdirdə, böhran
idarəolunmaz hala gələcək.
Azər NURİYEV