• cümə, 19 Aprel, 18:01
  • Baku Bakı 24°C

Torpaqlarımızın işğalından bəhs edən “Həsrət” filmi sosial şəbəkədə

26.02.20 10:30 3395
Torpaqlarımızın işğalından bəhs edən “Həsrət” filmi sosial şəbəkədə
Rüfət Şahbazov: "Hər bir rejissorun karyerasında bir neçə belə film olmalıdır”
Bu gün Xocalı faciəsindən 28 il ötür. Hər birimiz Xocalıda yaşananları dilə gətirir, o hadisələri xatırlayır, nə unudur, nə də unutdururuq.

Dünən gecə "Youtube”-da vətən həsrəti mövzusunda gənc rejissor Rüfət Şahbazovun "Həsrət” adlı qısametrajlı filmi yerləşdirildi. Ssenarisi ötən il yazılan və çəkilişlərə də ötən ilin sonlarında başlayan yaradıcı heyətin filmi indi təqdim etməsi heç də təsadüfi deyil. Film müharibə nəticəsində ev-eşiyini itirmiş və vətən həsrəti ilə yaşayan insanlara həsr olunub.


R.Şahbazov filmin əsas məqsədinin vətən həsrəti ilə yaşayan və bu həsrətlə dünyasını dəyişən insanların yaşadıqları hissləri tamaşaçılara çatdırmaq olduğunu deyir: "Mənim tanıdığım elə insanlar var ki, "torpağım” deyərək dünyadan köçüblər. Torpaqları işğal altında olan o insanlar öz torpaqlarında ölməyi arzulayırdılar. İndi torpaqları işğal altında olan insanlar babalarının, atalarının, doğmalarının qəbirlərini görmək arzusundadırlar. Bu il Xocalı hadisələrindən 28 il ötür. Torpaqları işğal altında olan və torpağına bağlı olan insanlar üçün vətən həsrəti çox çətin və ağrılı bir dərddir. Bu filmi də məhz onlara ithaf etdim. Kənardan baxanda sadə mövzu kimi görünsə də, özünü həmin insanların yerinə qoyduqda, onların dərdinin əslində çox böyük olduğunu dərk edirik. Filmdə təqdim olunan bu mövzu hər zaman öz aktuallığını qoruyub saxlayır. Filmin müəyyən hissəsi yaşanmış hadisələrdən ilhamlanaraq qələmə alınıb”.

Rejissor deyir ki, filmi çəkərkən ilkin olaraq festivallara göndərmək istəsə də, festivallarla maraqlanmağa və filmi göndərməyə kifayət qədər zamanı olmayıb. O, digər tərəfdən isə, düşünüb ki, filmin məqsədi vətəndaşlarımızın onu daha çox izləməsi və həmin insanların dərdinə şərik olmaqdan ibarətdirsə, niyə bunu yerli vətəndaşlara təqdim etməsin. Bunun üçün də rejissor filmi Xocalı faciəsi günü "Youtube”-a yerləşdirməklə kifayətlənib: "Vacib deyil ki, film hardasa festivalda mükafat qazansın. Önəmli olan çəkdiyim məhsulun vətəndaşlara təqdim olunmasıdır. İstəyirik ki, bu həsrətə son qoyulsun. Filmin yalnız sonunda musiqidən istifadə olunub”.


Rejissorun sözlərinə görə, filmdə rol alan aktyorlar bu işdən heç bir maddi təmənna güdməyiblər: "Kino bazarında "bu kadra çəkiləndə 5 manat qazancım olacaq, yoxsa nəyimə lazımdır?” deyə düşünməyən ürəkli insanlardan ibarət komanda ilə işlədik. Filmin posterini hazırlayan Amir Nəzərov da heç bir qonorar almadı. Filmin ssenarisini yazdım və çəkiliş günü Bakıda qar yağdı. Artıq çəkiliş məkanını danışmışdıq. Havanın soyuq keçəcəyini düşünmürdük. "Xəzər” televiziyası və "Kaspi global prodakşn” bizə kömək oldu. Texniki cəhətdən dəstək verdilər. Texnikanı götürüb çəkilişə çıxdıq. Özümüz qalın geyindik, texnikanın da zərər görməməsi üçün lazımi tədbirləri gördük. Bakıdakı çəkilişdən sonra Xızıya yola düşdük. Filmin xronometrajına belə təbiət kömək etdi. Biz bu filmi mənəvi ləzzət alaraq işlədik. Hər dəfə belə filmlər çəkəndə, aktyorlarda belə fikir yaranır ki, mən də öz peşəmlə bağlı vətən üçün əlimdən gələn nəyisə etdim. Hər insanın içində belə bir hiss olur”.

"Həsrət” filmi yumor olmadığı, əyləncədən bəhs etmədiyi üçün rejissor hesab edir ki, o, kifayət qədər izlənməyəcək: "Filmin daha çox paylaşılmasını və insanlara daha çox çatmasını istəyirəm. 11 dəqiqəlik qısa film televiziya məhsulu deyil, Azərbaycanda heç kim 11 dəqiqəlik filmə görə kinoteatra getməz. Əslində təqdimat da keçirə bilərdim. Sadəcə olaraq belə qısametrajlı filmə görə insanları dəvət etmədim. Hər kəs evində oturub filmi izləyə bilər. İndi növbəti layihə üzərində işləyirik. O da bu mövzudadır və inşallah, 3-4 belə filmlərimiz hazır olduqdan sonra onları kinoteatrların birində nümayiş etdirəcəyik. Önəmli olan tamaşaçının bu filmə baxıb alqışlamağı deyil, sadəcə olaraq bu ideyanın insanlara çatması və nümayiş olunan dərdə hamının şərik olmasıdır”.

Serial çəkən rejissorların film çəkməyə o qədər zamanı olmadığı haqda sual etdikdə isə, Rüfət Şahbazov deyir ki, rejissor üçün bunun fərqi olmamalıdır: "Serial - mənim daxil olduğum və Azərbaycanda ilk başlayan dönəmdən bir parçasına çevrildiyim sahədir. Amma film bizim həyatımızdır. Hər bir rejissoru tarixdə saxlayan onun çəkdiyi seriallar deyil, filmləridir. Rejissor üçün düşündürücü və daima aktual olan filmlərin olması çox yaxşıdır. Düzdür, komediya filmləri də çəkirəm və o filmlərin izlənmə sayı çox olur. O filmlər dövrümüzün insanlarının əylənməsi, dincəlməsi üçün nəzərdə tutulub. Ancaq bəzi filmlər var ki, onlar nəinki indiki, bundan sonrakı dövrdə yaşayan insanlar üçün də nəzərdə tutulub. Biz o filmlərdə tarixə düşə bilərik. Hər bir rejissorun karyerasında bir neçə belə film olmalıdır”.

Qeyd edək ki, "Həsrət” filmində xalq artistləri Qurban İsmayılov və Həmidə Ömərova rol alıb. Həmidə xanım Natəvan, Qurban İsmayılov isə Üzeyir rolunu canlandırır. Simvolik olaraq Üzeyir və Natəvanın da vətən həsrəti çəkdiyini göstərməyə çalışan rejissor, epizodik rolları Valeh Əhmədov, Rasim Cəfər, Mənsurə Əhmədova, Elnur Kərimov və Günay Pirizadəyə həvalə edib. Filmin quruluşçu rəssamı Vüqar Qurbanov, operatoru Emil Qarayev, prodüseri Amiran Babayev, səs rejissoru Ariz Əhmədlidir.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər