• cümə, 19 Aprel, 18:22
  • Baku Bakı 24°C

Torpağın bitdiyi, dənizin başladığı nöqtə

28.05.21 13:00 1309
Torpağın bitdiyi, dənizin başladığı nöqtə
Şah Dili burnu ekoturizm baxımından turistlərə unikal imkanlar təklif edir


"Bura torpağın bitdiyi, dənizin başladığı yerdir”. Portuqaliyalı şair Luis Kаmоens bu sözləri Portuqaliyada yerləşən məşhur "Kabo do Roka” (Cabo da Roca) burnu haqqında deyib. Bu gün Portuqaliyaya gedən turistləri ölkənin gözəl təbiəti, qədim qalaları, monastırları, Ronaldo kimi ulduz futbolçunun vətəni olması ilə yanaşı, Avropanın ən qərb nöqtəsində yerləşməsi də maqnit kimi çəkir. "Roka burnu” - Avrasiya materikinin ucqar qərb nöqtəsini təşkil edir. Qədim Roma dönəmində burnu "Promontorium Magnum”, böyük coğrafi kəşflər zamanı isə "Lissabon burnu” adlandırıblar. Bura gələn turistlərin üzünü küləyin xəfif mehi oxşayır, Atlantik okeanının coşqun dalğalarının səsindən ruh alırlar. Portuqaliyaya səfər edən turistlərə məsləhət görülməli olan "10 ən yaxşı yer” siyahısında "Roka burnu” "Özünə hörmət edən səyyah üçün mütləq görülməli yer” kimi birincilik qazanıb. Turistlər qayalıqların üzərində dayanaraq həmin məkanı saatlarla seyr edir, günəşin sarı şəfəqlərinin okeanda qərq olmasını zövqlə izləyirlər.
Ərazidə suvenir mağazası, kofesinin qoxusu ətrafa yayılan, müxtəlif fast-food təklif edən restoran fəaliyyət göstərir. Bu nüanslar da turistlərin cəlbinə xidmət edir. Ölkənin turizm agentlikləri hər gün "Roka burnu”na turistlərin səyahətini təşkil edirlər. Otellərin qeydiyyat masasında da "Roka burnu”na səyahətlə bağlı broşürlər yer alır. Bir sözlə, Avropanın bitdiyi nöqtəni turistlərə təqdim etmək üçün "Roka burnu”nun hərtərəfli reklamı aparılır. İki il öncə Portuqaliyada olarkən 40 "avro” ödəyərək "Roka burnu”nu səyahət etməyə can atan turistlər arasında mən də vardım...

Bizim də "burnu”muz var
Reportaja məşhur "Roka burnu” ilə başlamağım səbəbsiz deyil. Çünki Azərbaycanın da cənub-şərq sahillərinin bitdiyi, Abşeron yarımadasının Xəzərlə kəsişdiyi bir nöqtə var - Şah Dili burnu. Ərazi çox zaman "Qartalın dimdiyi” kimi tanınır.
Şah Dili burnunun daxil olduğu ərazi – Abşeron Milli Parkı ölkə Prezidentinin 2005-ci il 8 fevral tarixli sərəncamı ilə Abşeron Dövlət Təbiət Yasaqlığının bazasında yaradılıb. Əsas məqsəd ətraf mühitin mühafizəsi, ondan səmərəli istifadə edilməsi, nəsli kəsilməkdə olan nadir flora və fauna növlərinin qorunması, ekoturizmin inkişaf etdirilməsi, turizm və istirahət zonalarının yaradılması, ekoloji monitorinqin həyata keçirilməsi və əhalinin ekoloji cəhətdən maarifləndirilməsinin təmin edilməsidir. Sadəcə, belə bir parkın fəaliyyəti kifayət qədər təbliğ olunmadığından paytaxtın iki addımlığında ekoturizm imkanlarının olmasından çoxlarımız xəbərsizik.
Qeyd edim ki, Abşeron yarımadasının cənub-şərq qurtaracağını görmək üçün Zirə qəsəbəsinə - Abşeron Milli Parkına gələn turistlərin sayı az deyil. Hazırda yerli turistlər üstünlük təşkil edir. Səbəb təbii ki, pandemiya səbəbindən ölkəyə əcnəbi turistlərin gələ bilməməsidir. Ərazinin "Şah Dili” adlanması ilə bağlı rəvayət də mövcuddur. Belə ki, əvvəllər bura yüksək mənsəbli əyanlar, o cümlədən şahlar (xanlar) ova gələrmiş. Ona görə də buranı yerli əhali "Şah Dili” adlandırır.
Şah Dili burnu Azərbaycanın materikdə yerləşən ən ucqar şərq nöqtəsi, ərazisində sahəsinə görə ən böyük dilidir. Dil cənuba doğru dənizin içərisinə uzanıb və ərazisi bütünlüklə Abşerona daxildir. Ensiz və uzun formaya malikdir. Ərazi əsasən qumsaldır. Dəniz səviyyəsindən elə də hündür deyil. Bu səbəbdən şor qrunt suları səthə yaxındır. Şor gölməçələr və bataqlaşmış ərazilər geniş yer tutur və dənizdən əsən küləyin təsirinə məruz qalır.
Milli Parkın əlverişli coğrafi şəraiti var. Parkın ərazisi 783 hektardır. Abşeron Milli Parkı Azərbaycanda mövcud olan ən kiçik milli parkdır. Milli parkın torpaq örtüyü yaxşı inkişaf etməyib. Ərazi əsasən, dəniz sahili qumluqlarla örtülüb. Abşeron Milli Parkında bitki örtüyünün növ tərkibi və fitokütləsi xeyli azdır.
Milli parkın girişindən yarımadanın son nöqtəsinə qədər olan məsafə 8 km-dir - 6 km avtomobil, son 2 km isə piyada marşrut üçün nəzərdə tutulub. Parkın girişindən başlayaraq turistlərin məlumat əldə etməsi üçün lövhələr vurulub. Parkın ərazisi, flora və faunası haqqında lövhələrdə ətraflı bilgilər yer alıb. Buruna doğru irəliləyən yolda dənizin xeyli geri çəkildiyi müşahidə olunur. Ərazidə ara-sıra qoyulan skamyalarda turistlər əyləşib dincələ bilərlər. Uşaqların əyləncəsi üçün də az-çox şərait düşünülüb. Turistlər piyada məsafəni qət edərək mütləq torpaqla suyun kəsişdiyi nöqtəyə ayaq basır, foto və videolar çəkir və bundan məmnunluq duyurlar. Məhz bu nöqtə ilə təmasda olmaq üçün parka gəlməyə dəyər.

"Qırmızı kitab”ın sakinləri

Abşeron Milli Parkının direktoru Etibar İbrahimov Milli parkın flora və faunasının çox zəngin olduğunu qeyd etdi. Buranı digər parklardan fərqləndirən əsas özəlliklərdən biri ərazidə "Qırmızı kitab”a düşən heyvanlar – dəniz suitisi və ceyranların olmasıdır: "Xəzər suitisi endemik növdür. Parkın yalnız su akvatoriyasında yay aylarında az sayda müşahidə edilir. 17-18 il əvvələdək burun deyilən hissədə, adanın uc hissəsində quruda görünüb, lakin Xəzərdə qeydə alınan tərəddüdlər (təbii proses olan suyun azalması) səbəbindən quruya çıxmağa şərait olmadığından son illər sözügedən hissədə müşahidə olunmur. Xəzərin Azərbaycan sektorunda aparılan monitorinqlərə görə, yay aylarında dərin su əhatəsində olan adalarda quruya çıxması qeydə alınır”. Parkın ərazisinə eksperiment üçün Şirvan Milli Parkından beş baş ceyran gətirilib. Amma 4 ilə yaxın vaxt keçməsinə baxmayaraq, artım qeydə alınmayıb: "Ərazinin daha kiçik olması, dənizdə suyun çəkilməsi ilə yem bazasının azalması və ərazidə olan yırtıcı heyvanların - canavar və çaqqalın təqibi artımın olmamasına səbəb yarada bilər”- deyə direktor izah edir.
Parkın ərazisində ekoturizmin inkişafı üçün geniş imkanlar var. Turistlərin istirahəti üçün "besedka”lar gözə dəyir. "ABAD”ın fast-food təklif edən səyyar iaşə obyekti də fəaliyyət göstərir. Adətən parka gələnlərə özləri ilə su, yemək və s. ərzaqlar gətirmələri tövsiyə edilir. Ancaq parka səyahət edən turistlərin sayının çoxluğunu nəzərə alsaq, mövcud infrastrukturu daha da inkişaf etdirməyə, səyahətçilərin istirahəti üçün daha yaxşı şərait yaratmağa ehtiyac var. Hərçənd Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ərazidə infrastruktur obyektlərinin qurulması, restoran və kafelərin fəaliyyət göstərməsi təbiəti mühafizə baxımından uyğun hesab edilmir. Mətbuata verdikləri açıqlamalarda bu, qəbul olunmuş konsepsiyaya əsasən, Milli Park və digər təbiət ərazilərində təbiətə daha az müdaxilə ilə əlaqələndirilir. Parka səyahətə gələn yerli turistlərlə söhbət zamanı isə onların istirahətləri üçün mövcud şəraitin normal olmaması üzə çıxır.
Parkın direktoru mövcud şəraitə adekvat olaraq infrastrukturun inkişafının vacib olduğunu bildirir. Belə ki, ziyarətçi sayı artdıqca bu məsələlərə tələbat da artır: "Tələbat nəzərə alınaraq Ramazan bayramı günlərindən başlayaraq parkda ABAD-la ilkin razılaşma əsasında səyyar iaşə xidmətinin göstərilməsi qərara alınıb. Hələlik ziyarətçilər yalnız həftə sonlarında bu xidmətdən istifadə edir. Əgər digər günlərdə də ziyarətçi sayı artsa, gündəlik xidmətə keçmək mümkün olacaq. Hazırda yalnız oturacaq köşklərinin (besedka) sayında azlıq müşahidə edilir, yaxın vaxtlarda bu tipli oturacaq nöqtələrinin artırılması nəzərdə tutulur. Parkda
ziyarətçilərin piknik etməsi üçün şərait var. Oturacaq köşklərində yer olmasa belə, dəniz kənarında özünüzlə götürdüyünüz bir örtüyü yerə salaraq dincələ bilərsiniz. Ekoturizmin də ən önəmli xarakteri elə budur. Paytaxtın yaxınlığında üç tərəfdən dənizin əhatəsində olmaq, ən təmiz havadan, bol oksigendən "qidalanmaq” yalnız Abşeron Milli Parkında mümkündür”.
E.İbrahimov Milli parkla bağlı təbliğat işlərinin son illərdə daha da intensivləşdiyini bildirir. Belə ki, sosial media üzərindən (fb və instaqram) iş aparılır: "Bütün milli parklar haqda məlumatlar yerləşdirilən nationalparks.az saytı fəaliyyət göstərir. Son 1 ildə park haqda məlumatlar toplanmış 10 minədək buklet paylanılıb. Pandemiyayadək Təhsil Nazirliyi "Məktəblinin dostu” layihəsi ilə birgə vaxtaşırı məktəbli turları təşkil edilib, bir il ərzində isə bu və digər layihələr əsasında virtual görüşlər və turlar reallaşdırılıb. Media qurumları ilə də nazirliyin xətti ilə əməkdaşlıq edilir, verilişlər, reportajlar, məlumat xarakterli süjetlər, parkda keçirilən tədbirlərlə bağlı xəbərlər yayımlanır. Təbliğat işlərinə bloqerlərin də cəlb edilməsi üçün tədbirlər görülür. Təxminən 2 ay əvvəl "Amerikasayağı Bakı” səhifəsində park haqda qoyulan VLOG 10 minlərlə izləyici cəlb edib. Təbliğat işlərinin nəticəsi olaraq turizm agentlikləri, fərdi bələdçilərlə əməkdaşlığımız yüksək səviyyədədir. Demək olar ki, hər həftə sonları turist qruplarının gəlişi ilə bağlı sifarişlər alırıq. Yeni operatorların da müraciətləri daxil olmaqdadır. Turist sayı, son bir ili müqayisə etsək, dəfələrlə artıb. Şənbə və bazar günləri 200-300- dək ziyarətçi qəbul edirik”.

Milli Parkdan daha çox zövq almaq üçün...
Ümumilikdə Milli parkın ərazisi ekoturizm üçün unikal məkandır. Bura dənizlə təbiətin, nadir heyvanat aləmi ilə bitki aləminin harmoniyasından və təmiz havadan ibarətdir. Ancaq Milli Parkı ən azı Türkiyənin Ege bölgəsindəki Dilək Yarımadası və Böyük Menderes Deltası Milli Parkı səviyyəsinə qaldırmaq, turistlərin istirahətini və təbiətlə təmasını təşkil etmək üçün çox işlər görülməlidir. Yerli və xarici turistlərin cəlbində qonşu ölkələrin təcrübəsi mühüm amillərdir. Ən əsası, parkın ərazisində heyvanların olduğunu nəzərə alıb təhlükəsizlik məsələlərinə diqqət yetirilməli, məlumat əldə etmək üçün turistlər bələdçi ilə təmin edilməli, mühafizə olmalıdır.
Milli parka yerli turist şirkətləri marşrutlar təşkil edə, ərazinin təbliğatını gücləndirə bilərlər. Məsələn, maraqlandığım iki turizm şirkətinin ölkədaxili marşrutlarına Abşeron Milli Parkının daxil edilmədiyini öyrənə bildim. Nəzərə almaq lazımdır ki, yerli sakinlər qədər əcnəbi turistlər üçün də Azərbaycan torpaqlarının bitdiyi – cənub-şərq sahilləri maraqlı ola bilər. Turistlərə tarixi məkanlar, dəniz turizmi, haykinq, triking, kempinq, macəra turizmi ilə bərabər ekoturizm də maraqlıdır. Xüsusən, əgər orda torpağın bitdiyi, dənizin başladığı nöqtə varsa...
Səyahətçi
Təranə Məhərrəmova


banner

Oxşar Xəbərlər