• cümə, 29 Mart, 09:57
  • Baku Bakı 5°C

Tonqal, musiqi festivalı, at yarışları...

21.11.20 11:05 2507
Tonqal, musiqi festivalı, at yarışları...

Mütəxəssislər Şuşada turizmin müxtəlif növlərinin inkişafı üçün geniş imkanlar olduğunu bildirirlər
28 il öncəyə qədər Şuşada yaşayanlar, yaxud bu şəhəri gəzib-görənlər gözəlliyindən, səfalı təbiətindən, termal sularından, tarixi-mədəni abidələrindən o qədər ağızdolusu danışırdılar ki, adam, Şuşada olmaq, hər yerini qarış-qarış gəzmək, görmək istəyirdi. Ancaq torpaq düşmən tapdağında idi və bir vaxtlar öz adı, məşhurluğu olan Şuşanın turizm imkanlarından istifadə edə bilmirdik. 28 ildən sonra Azərbaycan ordusu Şuşanı da işğaldan azad etdi. İndi biz nəinki o torpaqlara gedə, o gözəllikləri görə bilərik, eyni zamanda Şuşaya turist də cəlb edə bilərik.

Təbii ki, bunun üçün müəyyən qədər vaxt lazım olacaq. Yəqin ki, müəyyən infrastruktur qurulandan sonra turizm sektorunun inkişafı istiqamətində də işlərə başlanılacaq. Bəs Şuşada hansı turizm növlərini inkişaf etdirə bilərik? Şuşanın turizminin əvvəlki şöhrətini qaytarmaq üçün hansı işləri görməliyik?
Turizm eksperti Rəhman Quliyev deyir ki, Şuşanın turizmini brendləşdirmək lazımdır: "SSRİ dönəmində Şuşa, turistlərin üzünə açıq idi, keçmiş SSRİ ölkələrindən Şuşaya böyük turist axını olurdu. Bildiyiniz kimi, Şuşa termal suları ilə də zəngindir. Bu sular müalicəvi əhəmiyyətə malikdir. Bunun turist axınında rolu böyük idi. Şuşada termal sanatoriyalar inşa edib turistlərin ixtiyarına verə bilərik. Yenə həmin turizmi ərazidə qurmaq mümkündür. Bu ərazidə turizmin inkişafı üçün Şuşanı Azərbaycan turizmində brendləşdirmək lazımdır. Necə ki, "Türkiyədə istirahət” deyəndə, Antalya və Bodrum, Fransada "Disneyland”, Amerikada Mayami nəzərdə tutulur, Azərbaycan turizmi deyəndə də, Şuşa yada düşsün. Hesab edirəm ki, Şuşada turizm işinin qurulmasına bir neçə il ərzində nail olmalıyıq. Vaxt itirməməliyik və ən qısa zamanda bunun üzərində işləyib yoluna qoymaq lazımdır”.

R.Quliyevin sözlərinə görə, ərazinin təhlükəsizliyinin təmin olunması da turist cəlb edilməsində önəmli rola malikdir: "Pandemiya və müharibəyə qədər Azərbaycana gələn turistlərin bizim ölkəni seçmələrinin bir səbəbi də ictimai asayişin yüksək səviyyədə qorunub saxlanmasını bilmələri idi. Turistlər səfər edərkən getdikləri ərazinin təhlükəsizliyindən əmin olmaq istəyirlər. Bunun üçün də biz yaxın illərdə regionda bütün təhlükəsizliyi tam təmin etməliyik. Şuşada insanlarımızın yaşaması da, bir növ təhlükəsizliyin təminatçısı olacaq, turistlərdə böyük inam yaradacaq ki, bəli, Şuşa, Kəlbəcər, Qubadlı, Zəngilan, Laçın təhlükəsiz yerdir ki, Azərbaycan sakinləri yaşayır. Bu işlərin hamısı bir-biri ilə vəhdət təşkil edir”.

Ekspert bildirdi ki, Şuşada maraqlı festivallar təşkil olunması turizmə böyük töhfə verə bilər: "Söhbət Şuşadan gedirsə, Cıdır düzündə çox gözəl festivallar təşkil edə bilərik. Məsələn, Novruz bayramında böyük tonqal festivalı keçirmək olar. Kabab festivalı da çox maraqla qarşılanar. Kənd təsərrüfatı ilə məşğul olan şəxsləri, fermerləri ora dəvət edərik. Şəhər əhalisinin özü üçün də maraqlı olar, yerli turistlər də festivala xüsusi maraq göstərəcəklər. Çal-çağır, yallı və digər milli rəqslər, milli mətbəx və s. bir yerdə insanları festivala cəlb edəcək. Fermerlər öz qoyunlarını gətirib kəsirlər, kabab edirlər, hər kəsə çörəkarası kabab satırlar, ət və digər kənd təsərrüfatı məhsullarının satışını aparırlar. Yəni bu kimi gözəl festivallar yarada bilərik. Cıdır düzündə at yarışları çox böyük maraqla qarşılanar. Bu yarışlar fərdi, bir az həvəskar formada olmalıdır. At sürməyi bacaran turistlərimiz üçün bu yarışı təşkil etmək olar. Yəni müxtəlif cür yarışlarla insanları cəlb edərik. Bütün bu işləri qurduqdan sonra isə Şuşanın turizminin dünya bazarında təşviqinə də başlamalıyıq, reklamını aparmalıyıq. Dünyanın turizm sərgilərində Şuşanın turizmini tanıtmalıyıq”.

Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov deyir ki, Şuşada turizmin müxtəlif növlərini inkişaf etdirmək olar: "Sovet dövründə Şuşanın turizm potensialı çox yüksək idi. O ərazidə həmkarlar ittifaqının sanatoriyası yerləşirdi. Çox sayda insan istirahət üçün Şuşaya üz tuturdu. Şuşanın istirahət etmək, insanları qəbul etmək üçün yaxşı potensialı var idi. Təbii gözəlliyi, tarixi abidələri, muzeyləri və s. bir çox səbəblərə görə, Şuşanı turizm incisi adlandırmaq olar. Deyərdim ki, Şuşa Qarabağın turizmində ilk yerlərdən birini tutur. Müəyyən infrastrukturu qurandan sonra Şuşada turizmin müxtəlif növlərini inkişaf etdirmək olar. Azərbaycan Turizm Assosiasiyası idarə heyətinin üzvləri ekspertlərlə birlikdə bu sahədə müəyyən işlər görməyə çalışır. Marşrut proqramları, turizm potensialının incəlikləri araşdırılır. Həm daxili, həm də xarici turizmin inkişafı üçün müxtəlif layihələr hazırlayır”.
M.Ağakərimovun sözlərinə görə, Şuşada turizmin inkişafına təkan verəcək bütün işlər mərhələli şəkildə aparılmalıdır: "İnfrastruktur düzələndən sonra, Şuşada müxtəlif tipli otellərin inşasına start verilməlidir. Turist axınını təmin etmək üçün qalma yerləri cəhətdən problem yaşanmamalıdır. İlk növbədə ekoloji otellər tikilməlidir.
Digər tərəfdən, biz təkliflə çıxış edəcəyik ki, Şuşada Azərbaycan Turizm və Menecment Universitetinin və Bakı Turizm Peşə Məktəbinin filialları da açılsın. Bu, həmin ərazidə turizm kadrları hazırlamaq üçün lazımdır. Şuşa və yaxın ərazilərdə yaşayan gənclər həmin tədris müəssisələrində oxuyub turizm məkanlarında işləmək imkanı əldə edə bilərlər.
Və ilk olaraq Şuşada 5-6 turizm şirkəti açılmalıdır. Təkcə Şuşada deyil, Ağdamda, Kəlbəcərdə də açılması lazımdır”.

M.Ağakərimov deyir ki, Şuşanın termal suları turizm üçün geniş imkanlar yaradır: "Sağlamlıq turizmini Şuşada çox gözəl inkişaf etdirmək olar. Hələ sovet dövründə istirahət etmək, yaxud öz sağlamlıqlarını bərpa etmək üçün Şuşada "Turşsu”, Kəlbəcərdə "İsti su” sanatoriyasına gedənlərin sayı hesabı yox idi. Bu işləri yenə qurmaq, o ad-sanı qaytarmaq mümkündür. İnfrastruktur düzələndən sonra turizm mütəxəssisləri ilə bir yerdə monitorinq keçiriləcək, Şuşanın turizm imkanları araşdırılacaq, lazım olan bütün işlər görüləcək. Bütün bu işləri görmək üçün yaxşı mütəxəssislərimiz var”.

M.Ağakərimov deyir ki, həm yerli insanlar, həm də xarici turistlər Şuşanın gözəlliklərini mütləq görməlidir: "Şuşanın turizminin inkişafı çox vacibdir. Biz Şuşada xaricilərə Qarabağın gözəlliklərini göstərəcəyik, tarixini danışacağıq. Qarabağın kimə məxsus olduğunu, o ərazidə qədim dövrlərdə azərbaycanlıların yaşadığını danışacağıq. Dövlətin qayğısı ilə infrastruktur qurulandan, turizm üçün şərait yaradılandan sonra biz ərazidə turizmin inkişafı üçün işlərə başlayacağıq”.

AzTA-nın müşaviri bildirdi ki, infrastruktur qurulandan sonra isə əsas yük reklam və təbliğat işinin üzərinə düşəcək: "İnfrastruktur qurulandan sonra Qarabağın təbliğatı üçün çox işlər görməliyik. Həm yerli, həm beynəlxalq sərgilərdə, həm də diaspor və səfirliklər vasitəsilə biz Qarabağın turizm potensialını təbliğ edəcəyik. Həmin ərazilərdə həm xristian alban məbədləri, həm də müsəlman məscidləri var. Eyni zamanda müxtəlif xalqların, millətlərin bir yerdə yaşaması üçün şərait yaradılıb. Azərbaycan tarix boyu müxtəlif etnik qrupların bir yerdə yaşadığı məskən olub. Biz həmin ərazidə etnik turizmi də inkişaf etdirə bilərik. Mədəni-tarixi turizmi də inkişaf etdirmək olar. Azərbaycan tarixi haqqında marşrutlar hazırlaya bilərik. Bunları hazırlamaq çətin deyil, əsas odur ki, lazım olan infrastruktur düzəlsin”.
Aygün
banner

Oxşar Xəbərlər