• cümə axşamı, 28 mart, 23:41
  • Baku Bakı 13°C

Tonoyanın ordu “konsepsiyası” Ermənistan reallığından uzaq utopik fərziyyələrdir

13.06.20 19:07 2090
Tonoyanın ordu “konsepsiyası” Ermənistan reallığından uzaq utopik fərziyyələrdir
Ermənistanın Müdafiə naziri David Tonoyanın müxtəlif mənbələrdən köçürərək "konsepsiya” adı altında dərc etdiyi və erməni ictimaiyyətinə sırıdığı fikirlərinə ən düzgün qiyməti elə Azərbaycan Müdafiə Nazirliyi verdi. Sözün həqiqi mənasında açıqlamada deyildiyi kimi, "Xarici borcun dövlət büdcəsini üstələdiyi, iqtisadiyyatının isə xarici ianələr və "marafonlar”dan əldə olunan vəsaitlər hesabına formalaşdığı bir ölkənin müdafiə nazirinin bu cür çıxış etməsi absurddur. D.Tonoyanın səsləndirdiyi fikirlərin Ermənistan miqyasında praktiki olaraq həyata keçirilməsi mümkün deyil. Buna nə Ermənistanın iqtisadiyyatı, nə də hərbi potensialı imkan vermir.

D.Tonoyanın bu addımı Nikol Paşinyanın köhnə komandanın nümayəndələrini bir-bir müxtəlif bəhanələrlə "təmizləyərək” yerinə öz adamlarını yerləşdirdiyi bir vaxtda kreslosunu saxlamaq üçün göstərilən cəhddən başqa bir şey deyil. Bir növ suda boğulanın saman çöpündən mədəd umması kimi.

Ermənistan ordusunun məqsədlərindən danışan işğalçı ölkənin müdafiə naziri utanmazcasına bu barədə fəlsəfi fikirlər yürütməyə çalışır. Əslində isə bu "konsepsiya” onun iki il bundan əvvəl Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının yığıncağında oxuduğu, başqa mənbələrdən, hərbi-strateji vəsaitlərdən oğurladığı nəzəri fərziyyələrin toplusudur. "Stroybatda” xidmət edən "dahi hərbçinin” daxili auditoriyaya sırımaq istədiyi bu fərziyyələrin Ermənistan reallığı ilə heç bir bağlılığı, düşmən ordusunun mövcud durumu ilə uzlaşması yoxdur.


Bir rus misalında deyilir ki, sənin fiziki, maddi və mənəvi imkanlara sığmayan planların elə arzular olaraq qalır. Yəni, Tonoyanın səsləndirdiyi fikirlər utopiyadır, xəyaldır, onun yerinə yetirə bilməyəcəyi, Ermənistan səviyyəsində reallaşdırılması mümkün olmayan planlardır. Bunu nəzərə alaraq işğalçı ölkənin müdafiə nazirinin konsepsiyasına ciddi yanaşmaq da düzgün deyil. Əl açıb dilənməklə ordu saxlayan, ianələr hesabına ölkə iqtisadiyyatını bir təhər dizi üstə saxlayan, keçirilən marafonlar sayəsində varlanan, korrupsiyaya qərq olmuş məmurları olan bir dövlətin müdafiə nazirinin belə açıqlamaları gülüş doğurur. Məhz ona görə də bu konsepsiyanı yalnız yumoristik bir novella kimi qəbul etmək daha düzgün olardı.

İşğalçı ordunun vəzifələrinə həsr edilən fikirləri də qeyd etmək lazımdır. Ermənistan ordusunun məqsədlərindən, qarşısında duran vəzifələrindən danışan Tonayanın ya tarixi bilgisi zəifdir, ya da ki, faktları danması erməni xislətinin bariz təcəssümüdür. Əminəm ki, onun bu xisləti imkan versəydi tarixdə heç zaman daimi yaşayış yeri olmayan, torpağı bilinməyən, daima xainliklə istəklərinə nail olan, vətəni olmayan bir xalqın nümayəndəsi qüdrətli ordudan danışmazdı. Çünki daim quldurluqla, terrorçuluqla, separatizm yolu ilə, günahsız insanların qanını tökərək var olmağa çalışan ermənilər indi sahib olduqları "dədə-baba yurdlarını da”, qonşulardan işğal nəticəsində qoparmaqla əldə ediblər. Terrorçuların yaratdığı Ermənistan ordusunun qarşısına bir tapşırıq qoyulub: separatizmi dəstəkləmək, işğalçılıq siyasətini davam etdirməklə "böyük Ermənistan” xülyasını gerçəkləşdirmək. Ancaq nə az, nə çox, cəmi 500 il yubanıblar. Çünki müasir zamanda nə dünya qanunları, nə beynəlxalq hüququn norma və prinsipləri, nə də xalqımız işğal edilmiş ərazilərimizdə ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək. Əminəm ki, hər cəhətdən düşmən üzərində üstünlüyünü qoruyub saxlayan və daha da yüksəldən Ordumuz düşmənə yetərli dərslər verərək yerini göstərəcəkdir. Necə ki, bunu 2016-cı ilin Aprel döyüşlərində və 2018-ci ilin Günnüt əməliyyatında çox göz etmişdir.

"Tonoyan konsepsiyasında” gülünc olan bir də odur ki, 2019-cu ildə ordularında qazanılan "uğurlardan, alınan təyyarələrdən, artırılan əmək haqqından” ağız dolusu danışarkən nədənsə unudur ki, məhz elə erməni mütəxəssislərin gəldiyi nəticəyə və deputatların təqdim etdiyi hesabata görə 2019-cu il işğalçı ordu üçün ən biabırçı, ən uğursuz, ən çox qeyri-döyüş itkiləri, cinayət hadisələri ilə, intiharlarla, fərariliklə zəngin bir il oldu. Yəqin ki, bunu Paşinyan da, erməni xalqı da gözəl bilir.

Tonoyanın çıxışında "maraqlı” məqamlardan biri də bizi özlərinə hədəf gördüklərini bəyan etməsi, eyni zamanda, işğal edilmiş ərazilərimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələri bölmələrinin fəaliyyətindən dəm vurması, burada yerləşdirilən işğalçı bölmələrin xidmətinə qiymət verməsidir. Bu isə öz növbəsində Ermənistanın Azərbaycan ərazilərini işğal etməsinin bir daha rəsmi şəkildə etiraf olunmasıdır. Bu məqam da diqqətdən kənarda qalmamalıdır. Tonoyanın təqdim etdiyi "konsepsiyanı” oxuyarkən belə bir təəssürat da yaranır ki, o, özü də yazılardan bixəbərdir. Yəqin ki, köməkçilərinin oradan-buradan, dərsliklərdən köçürüb təqdim etdiyi yazını başı şəxsi biznesinə qarışan Davidin oxumağa vaxtı belə olmayıb. Belə olmasaydı fikirlərdə bu qədər sıçrayışlar gözə dəyməzdi. Yeni silah-sursatdan, tankdan, topdan danışan müəllif elə oradaca da yeməyin keyfiyyətində qazandığı yenilikdən danışır. Necə deyərlər, heç hənanın yeridir. Yemək-içmək hara, tank-tüfəng hara.


Yeni silahların alınmasından danışan Tonoyan texnikanın optimallığından, istifadədə və texniki xidmətdə effektivliyindən, daha çox yerli istehsala üstünlük vermək lazım olduğundan bəhs etməklə ustalıqla və hiyləgərliklə əsas məsələni ört-basdır etməyə çalışır. Bu dedikləri sadəcə uşaq bəhanələridir. Necə deyərlər, pişiyin əli ətə çatmayanda iyindən xoşlanmadığını deyir. Əlacları qalır kustar üsulla hazırlanan "super müasir erməni texnologiyasına”.

Amma reallıq ondan ibarətdir ki, Azərbaycan Ordusu üzərində üstünlük əldə etmək üçün yox, sadəcə ona bir az da olsa yaxınlaşmaq üçün belə, ermənilərə lazım olan silah sistemlərini, raket komplekslərini, aviasiya vasitələrini və digər hərbi məhsulları əldə etmək üçün, nəinki dünyada dilənçiliklə pul yığmaqla məşğul olan, ianələr toplayan erməni diasporuna, hətta Ermənistan dövlətinin belə iqtisadi gücü, potensialı yetərli deyil. Onlar çox dəqiq bilirlər ki, Azərbaycanın təkcə hərbi xərcləri Ermənistanın dövlət büdcəsindən çox üstündür.

Təmas xəttində erməni hərbi kəşfiyyatının bizim qüvvələrə nəzarət etməsindən, Hava Hücumundan Müdafiə Qüvvələrinin döyüş növbətçiliyindən, səsdən sürətli uçmağa nail olan pilotlardan, Ermənistan silahlı qüvvələrinin modernləşdirilməsi planlarından, döyüş bacarıqlarının təkmilləşdirilməsindən, yeni texniki vasitələrdən, yeni yanaşma metodlarından, döyüş tapşırığının təşkili üçün avtomatlaşdırılmış müasir idarəetmə sistemlərindən bəh-bəhlə danışan Tonoyanın yazdıqlarını oxuduqda aydın olur ki, o, özü belə yazdığı fərziyyələrə, uydurduğu yeniliklərə inanır və başqalarının da buna inanacağını düşünür. Amma deyirlər, sən saydığını say, gör fələk nə sayır. Belə ki, 2016-cı il Aprel döyüşlərində və 2018-ci ilin Günnüt əməliyyatında Azərbaycan Ordusu Tonoyanın təriflədiyi erməni ordusunun necə "qüdrətli olduğunu” ona və dünyaya nümayiş etdirdi. Bu hadisələr zamanı D.Tonoyan nazir müavini, daha sonra isə nazir kreslosunda əyləşmişdi.

"Konsepsiya”da Tonoyan özü də boynuna alır ki, Ermənistan ordusunda illərlə yığılıb qalmış, kök salmış problemləri həll etmək üçün hazırkı sistem gücsüzdür, əlacsızdır. Onda belə bir sual doğur. İllərdir özü bu qurumda rəhbər vəzifədə "işləyən” "dahi strateq” niyə bu problemlərin həlli ilə məşğul olmayıb, nöqsanları aradan qaldırmayıb?! Əksinə, o özü bu nöqsanların yığılıb qalmasına və kök salmasına imkan verib, şərait yaradıb?! Yəqin ki, bunu ondan N.Paşinyanın komandası və erməni cəmiyyəti bir gün soruşacaq. Görəsən, indi yeni metodlar, yeni yanaşmalar, yeni qüvvələr olmadan bunları həll etməyin mümkünsüzlüyünü deyən Tonoyan onda nəyin və kimin arxasında gizlənəcək.

Ancaq insafən desək, hər bayramda, əlamətdar gündə ölkənin hərbi-siyasi rəhbərliyinin təkrar-təkrar səsləndirdikləri bu fikirləri dinləməkdən erməni xalqı da artıq boğaza yığılıb. Bu gün qonşu ölkə cəmiyyəti real olaraq anlayır və başa düşür ki, halva-halva deməklə ağız şirin olmur. Deyirlər, danışırlar, təklif edirlər, lakin nöqsanlar və problemlər yerində sayaraq qalır. Çünki cinayətkar, korrupsioner rejim mümkün olan hər şeyi söküb, satıb, yeyib üstündən də su içib. Erməni xalqına, erməni ordusuna isə ancaq problemlər, nöqsanlar qalıb.

Bu gün yazdığı "konsepsiyanın” arxasına sığınaraq kreslosunu qorumaq üçün dəridən-qabıqdan çıxan D.Tonoyan özü də bilir ki, sadaladığı problemlərin həllinə onun özünün gücü və ümümilikdə ölkəsinin potensialı yetərli deyildir. Odur ki, hələ uzun illər onun dilə gətirdiyi ideyalar elə realizə olunmayan xülyalar, sadə xalqa, daxili auditoriyaya hesablanmış növbəti nağıl olaraq qalacaqdır.

Sözardı: "Mauqli” nağılındakı qocalıb, haldan düşmüş canavarın vida mahnısı təsiri bağışlayan "Tonoyan konsepsiyasının” sonlarında torbada gizlədilən pişiyin qulaqları görünməyə başlayır. Ermənistan ordusunun "gücündən, qüdrətindən, bacarığından, peşəkarlığından” ağzı köpüklənənədək utanmadan danışan Tonayan sonda ən asan və sərfəli yolu təklif edir: Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının qanadları altına sığınmaq. Əcəba, Ermənistan ordusu bu qədər güclüdürsə, onda bu təşkilatın kölgəsində olmaq belə bir "qüdrətli ordunun” nəyinə gərək? Haqsız yerə dirəşmək və əliboş blef etmək də erməni xislətinin bir xüsusiyyətidir ki, Tonoyan da bundan məharətlə bəhrələndi.
İsa İsmayılov
Hərbi jurnalist




banner

Oxşar Xəbərlər