• cümə, 19 Aprel, 08:18
  • Baku Bakı 13°C

Tolstoyun “Anna Karenina” romanında həyat ağacı: romanın finalında dünyanın mifopoetik modelinin təsviri

29.04.19 12:30 1028
Tolstoyun “Anna Karenina” romanında həyat ağacı: romanın finalında dünyanın mifopoetik modelinin təsviri
L.Tolstoyun "Anna Karenina” romanının bədii tamlığı haqqında bir neçə nəsil filoloqların düşüncələri əsasında romanın fenomenini yaradan "sonsuz dolaşıq labirintlər”ini tapmaq mümkün olmuşdur. Romanın leytmotivləri tapılmış, "Anna Karenina”nın tematik tamlığı tədqiq edilmiş, romandakı iki paralel süjet xətlərini birləşdirən açar sözlər qeydə alınmışdır. Müasir tədqiqatçıların diqqətini Anna və Levinin romandakı süjet xətlərinin ən yüksək həddə – daimi həqiqətdə birləşməsi haqqında mifoloji sətiraltı mənası cəlb edir, V.Y.Vetlovski, Q.Y.Qalaqan, A.Q.Qrodetskinin araşdırmalarında Tolstoyun romanında şifrələnmiş arxaik süjetlər gözdən keçirilir.
Mətnin dərin semantikasının aşkarlanması bədii motivlərin və obrazların mifoloji kontekstdə nəzərdən keçirilməsindən sonra mümkün olur. Y.M.Meletinskinin (Yeliazar Moiseyeviç Meletinski, 1918-2005. Filoloq, mədəniyyət tarixçisi. Nəzəri folklor tədqiqat məktəbinin banisi – X.N.) fikrincə mifologizm pafosu "gündəlik hadisələrdə gizlənən və hər hansı tarixi dəyişikliklər zamanı dəyişikliyə məruz qalmayan daimi və əbədi prinsiplərin aşkarlanması”ndan ibarətdir. Bu məqalədə "Anna Karenina” romanının mətnində "gizlənən”, əsərin finalının yeni təfsirinə imkan verən bir çox mifologemləri aşkara çıxarmağa cəhd edəcəyik.
"Anna Karenina” romanının açar səhnələrindən biri Boloqomdakı çovğun səhnəsi hesab edilir. Tədqiqatçılar səhnənin simvolizmini birmənalı olaraq qeyd edərək onun qədim rus agioqrafiyası ilə (Agioqrafiya müqəddəs şəxsiyyətlərin həyat tərzi. Agioqrafik ədəbiyyat ilk xristian şəhidləri haqqındakı əhvalatlar əsasında meydana gəlmişdir – X.N.) əlaqəsini göstərmiş – çovğunu qədim rus həyatında ehtiras-çovğunu obrazı ilə əlaqələndirmiş, çovğun "dinamikası” qatarında baş verən hadisələrin, "Annanın daxili aləmində baş qaldıran hərəkətin” statikliyini gözdən keçirmişlər. Tədqiqatçılar A.S.Puşkinin "Əcinnələr”i ilə Boloqomdakı "insanı yoldan edən çovğunla birləşən əcinnə oyunları haqqındakı təsvirlər”lə dolu səhnələrin daxili əlaqəsini sübut ediblər.
Daha bir vəziyyəti qeyd etmək lazımdır. Annanın son günü ilə bağlı epizodda Boloqomdakı çovğun gözlənilmədən "güclənir”: "...onun qəlbində tufan vardı, hiss edirdi ki, həyatın dəhşətli nəticələrə gətirib çıxara biləcək dönüş nöqtəsində dayanıb...”
Annanın "eşq macərası” (Kiti "onun macərasının qəhrəmanını” tanımaq arzusundadır) çovğunun vasitəsilə kompozisiya halqasında kilidlənir. Çovğunla məhdudlaşan sərhəddən kənarda Annanın həyatı bitir. Əcinnə müəmması ünsürləri Anna üçün yeganə həqiqətə çevrilir.
Romanın əsas süjetlərindən birinin Boloqomdakı səhnə olduğunu düşünsək, o zaman şübhəsiz ki, ikinci süjetin kitabın finalında, Levinin həyatın mənasını dərk etdiyi epizod olduğunu söyləyə bilərik. Anna çovğun ünsürü ilə, Levin ildırım ünsürü ilə, şimşəyin sındırdığı palıdla bağlıdır. Əvvəlki ildırım səhnəsi olan epizod əsaslı məna yükü daşıyır. Həmin səhnəyə diqqət edək. Romanın səkkizinci hissəsinin əsas mövzusu həyat həqiqətlərini axtaran Levinin mənəvi böhranıdır. Levinin yeni bilgilər əldə etdiyi gün olduqca ətraflı təsvir edilib. Belə hesab edilir ki, romanın finalının bədii dünyasını yaradan detallar əsaslı məna yükünə malikdir. "Levin qarşısına baxdıqda sürü, ardınca qara atlara qoşulan arabasını gördü, sürüyə yaxınlaşan arabaçı isə çobanla nə barədəsə danışdı”.
Qeyd edək ki, Levinin gördüyü dünya, sürü və çobanların olduğu Bibliya təsvirlərini xatırladır. Adama elə gəlir ki, bu ani idilliyaya Sergey İvanoviç Koznışev və Katavasovla slavyanların balkan müharibəsindəki missiyası barədə baş tutacaq ağır söhbət qarşı gələ bilər. Amma söhbət göy qübbəsinin, uşaqların, arıların, çiçəkli cökələrin, təravətli balın, çörək və tərəvəzin sonsuz məkanı fonunda davam edir. Pətəklərin sahibi – ikona təsvirli siması olan qoca "Əlində balla dolu fincan saxlayan çal düşmüş qara saqqalı, cod, gümüş saçlı, yaraşıqlı qoca tərpənmədən dayanmış, nəvazişlə və sakitcə cənaba tərəf baxırdı...”. Qocanın təsviri ikonada gördüyümüz müqəddəsin təsvirini xatırladır.
1859-cu ildə A.N.Afanasyev (Aleksandr Nikolayeviç Afanasyev, 1826-1871. Folklor araşdırmaçısı, tarixçi, ədəbiyyatçı, slavyan xalqlarının mədəniyyət tədqiqatçısı – X.S.) tərəfindən "rus xalq əfsanələri” nəşr edilib. Tolstoy bu nəşri oxumuş və sevmişdi. Topluda müqəddəslərin Rusiyada yolçu görünüşündə dolaşdığı "Peyğəmbər İlya və Nikola” adlı rəvayət var: "Bir dəfə Peyğəmbər İlya Nikola ilə gedirdi... talada... gəzərkən ətrafı seyr edirdilər...”. Əsərin pətəklikdəki kulminasiyasında şimşəyin sındırdığı palıd təsvir edilir və Kitinin, dayənin və uşağın möcüzəli xilası olan günün sonunda isə ildırım çaxır.
Yuxarıda sadalanan detalları bir yerə toplasaq romanın finalının tam dəqiq mifopoetik mənzərəsini əldə etmiş olarıq. Rusiyanın kilsə və folklor ənənələri Incildə adı qeyd edilmiş peyğəmbər İlyanı bütpərəst Perunun sələfi hesab edirdilər. "Slavyan ənənələrində peyğəmbər İlya hər şeydən əvvəl şimşək, yağış, eləcə də bərəkət, yay məhsulla əlaqələndirilən personaj olaraq çıxış edir”. "Xalq inanclarına görə Müqəddəs peyğəmbər İlya qüdrəti ilə hətta mələklər üzərində də hökm edir, şimşəklə xristian dünyasının bütün azğın və xəyanətkar qara qüvvələri üzərində guruldayır. Öz alovlu, bəzən də daşdan olan oxları ilə qaranlıq aləmin ruhlarını heyrətləndirir”. İlya Perunda müqəddəs ağac olan palıd hesab edilir. Şimşəyin vurduğu palıd obrazı ("birdən hər şey alovlandı, bütün yer yandı və sanki göyün qübbəsi parçalandı”) "Peyğəmbər İlyanın alovlu doğuşu” ikonası ilə əlaqəlidir və romanın bədii dünyasında onun varlığı haqqında danışmağa imkan yaradır.
Romanın "sonsuz dolaşıq labirintində” daha bir mühüm əhəmiyyət kəsb edən paralel aparmaq olar. Seryoja Karenin qədim patriarxlar haqqındakı dərsi atasına danışarkən adları səhv salır. "Canlı şəkildə səmaya qalxmış Yenoxdan başqa onların heç birini tanımırdı”. Yenox "hdi-cədiddə onun sevimli siması olduğundan və Yenoxun səmaya çəkilməsi ağlında uzun düşüncələr zənciri yaratdığı üçün o, əvvəlki dövrdə adları yaxşı xatırlayırdı, indi isə tamamilə unudub. A.N.Veselovski yazır: "İnanırdılar ki, ölümdən qurtulan İlya və Yenox yenidən peyda olacaq; bir çox şərhçilər Apokalipsisin bir hissəsinə məhz bu cür məna verirdilər... İlya hələ də yaşayır və kimsə onu tanımır; Yenox da sağdır və insanlar arasında dolaşır, onu da kimsə tanımır”. Məhz iki peyğəmbər Yenox və İlya diri halda göyə çəkiliblər. İlyanın səmaya çəkiləndən sonrakı taleyi haqqında deyilir ki, "cənnətdə əməli salehləri müşayiətçisidir və günahkarların ruhunu cəhənnəmdən xilas edir... o, quş kimi bütün dünyanı dolaşır və ilahinin müdaxiləsi gərək olduğu yerlərdə peyda olur”.
Yenotun məhz romanın beşinci hissəsində xatırlanmasının öz mənası var və əgər onu romanın finalında gözəgörünməz halda iştirak edən peyğəmbər İlya ilə əlaqələndirsək, xüsusi məna kəsb edəcək. Məhz bu iki peyğəmbərə Annanın "günahkar qəlbi”ni xilas etmək müvəffəq olur. Buna görə də Seryoja təkcə Yenoxu xatırlayır, amma o "ilahi müdaxilə” edərək Konstantin Levinin qəlbini imana gətirməyə müvəffəq olur.
Tolstoyun romanının mifoloji sətiraltısını nəzərdən keçirərkən daha bir vəziyyəti nəzərə almaq lazımdır: slavyan ənənələrində palıd ağacı dünyanın universal konsepsiyasını təmsil edən dünya ağacıdır, onun həyat ağacı variantı isə həyat haqqındakı mənalarının dolğunluğu ilə mifoloji təsəvvürü aktuallaşdırır. V.N.Toporovun (Vladmiri Nikolayeviç Toporov, 1928-2005. Rus, Sovet linqvisti, filoloq – X.N.) fikrincə, köhnə "dünya ağacı” dövründə "yeni dövrün kosmosuna duruş gətirən işarəli, işarəsiz xaos” mövcud idi.
Arılar dünya ağacının orta (yer) hissəsi ilə əlaqəlidir. "Arı Tanrının dünyasında İlahinin yaratdığı varlıqlar arasında o qədər müqəddəsdir ki, hətta vahiməli peyğəmbər İlyanın özü də şimşəyi ilə arı pətəyini vura bilmir. Arının sancdığı insan xalq arasında günahkar bəndə hesab edilir”. Romanda arının xilas edilməsi epizodu iki dəfə təkrarlanır: əvvəlcə Levin saqqalına ilişmiş arıdan "ehtiyatla qurtuldu”, sonra Sergey İvanoviç Koznışev ehtiyatla "arını balın içərisindən çıxardı”. "Canlı su”yun məcazi adları olan bal və şərab dirilişin emblemləridir”. Ola bilər ki, məhz bu səbəbdən Levinin mənəvi dirilişi pətəkliyin, balın, çörəyin fonunda baş verir.
Levinin dünyası alt-üst olur, amma hər şeyi etiraf etdikdən sonra həyatı bütün mənası ilə əldə edir. Arı pətəkləri də saxlanan rus malikanəsinin real məkanı, nəhəng palıd ağacı ucalan meşə, ev, tarla müqəddəs məkana çevrilir və V.N.Toporovun təbirincə "müqəddəs məkanlar üçün yer əldə edilir, onların vasitəsilə həyat, varlıq öz ali mahiyyətini ortaya çıxarır”.
Beləliklə, Tolstoyun romanında müxtəlif mənalı qatların birləşməsi baş verir: bir tərəfdən Tolstoyun "Russkiy vestnik”in redaktoru, "Anna Karenina”nın səkkizinci hissəsini jurnalda dərc etməkdən imtina edən Mixail Katkovla baş verən ziddiyyətləri xatırlamaq lazımdır. Buna formal bəhanə Tolstoyun Balkan müharibəsinə hakimiyyətin rəsmi versiyası ilə təzad yaradan münasibəti əsas götürülürdü. Amma kəskin müasir problemlərin fonunda dünyanın universal zamandan kənar, mərkəzi həyat ağacı olan modeli yaranır.
Annanın süjet xətti "həyat kitabı” motivi ilə yekunlaşır. "Həyəcan, yalan və qəddarlıqla yazılan kitabı oxuduğu şam işığı həmişəkindən daha işıqlı yandı, qaranlığa qərq olmuş hər şeyi işıqlandırdı, titrədi, tutqunlaşdı və həmişəlik söndü”. Həyat kitabının motivi roman boyu davam edən inkişaf dinamikasına malikdir. Romanın birinci hissəsində Levin Puşkinin "Xatirələri”ndən sitat gətirərək ("Nifrətlə oxudun mənim həyatımı”) əsas qəhrəmanın həyatı haqqında rəvayəti bitirir. Nəzərə almaq lazımdır ki, məhz "İncil”də adı keçən peyğəmbər Yenox səmadakı həyat kitabı ilə əlaqəlidir. Amma bu mifopoetik süjet ayrıca araşdırma tələb edir, elə Anna ilə Levinin bağlı olduğu "gözqamaşdırcı işıq” süjeti kimi.
Natalya Yevgenyevna Şukina
Mənbə: "Puşkinskiye çteniya” elmi forumu
Rus dilindən tərcümə edən: Xatirə Nurgül

banner

Oxşar Xəbərlər