• cümə axşamı, 28 mart, 23:47
  • Baku Bakı 13°C

TOLSTOYÇULUQ

16.01.17 16:33 6526
TOLSTOYÇULUQ
MAKS NORDAU
Əgər cinayət cəmiyyət içində böyük risk sayılmasaydı, Tolstoyun fikrincə mövcud olan pis adamları içlərindəki mənasız instinktləri dəf etməkdən və nə yaxşılığa, nə də pisliyə meylli olan böyük əksəriyyət insanları cinayətkar olmaqdan nə çəkindirərdi? Əlbəttə ki, Tolstoyun "əsl həyat, var olan həyatdır" nəzəriyyəsi yox. Cəmiyyətin əsas fəaliyyəti bütün üzvlərini xəstələrdən, qatilliyə meylli olanlardan, pislərdən, həmçinin normal insan tipindən uzaq, onun-bunun hesabına yaşayan, pis instinktlərini təmin etməkdən ötrü qarşısına çıxan istənilən adama təcavüz edənlərdən qorumaqdır. Əgər normal insanlar onlara qarşı çıxmasaydılar, sonuncular çox güman ki, çoxluq təşkil edər, hakimiyyət əldə edər və o zaman nəinki cəmiyyət, hətta bütün bəşəriyyət məhvə məhkum olardı. Tolstoyun etikasında şərə qarşı çıxmamağın mənfi tərəfi ilə yanaşı, müsbət tərəfi də var: əzizləri sevmək lazımdı, onlardan ötrü hər şeyi qurban verməyi bacarmaq lazımdır, hətta həyatından da keçməli, onlara ancaq yaxşılıq edilməlidir. Anlamaq lazımdır ki, xeyirxah adam ancaq boynuna düşən yaxşılıqları, mütləq olunmalı şeyləri etməyi düşünür. Əgər yaxşılıqdan ötrü kimsə canını fəda edirsə, bundan ötrü ona təşəkkür etmək lazım deyil. Ancaq xeyirxahlıq etməyi bacaranlar yaşayırlar. Sədəqə vermək yox, hər şeyi qardaş kimi bölmək lazımdır. Kimin ki iki geyimi var, onlardan birini geyimi olmayana verməlidir. Biz buna qarşı çıxırıq: sədəqə ilə bölüşmə arasındakı bu cür fərqləndirmə boş şeydir. Bir adamın digərindən heç bir zəhmət çəkmədən, havayı aldığı hər bir şey sədəqədir və mənəviyyat hissinə ziddir. Xəstə, yaşlı, zəif, əmək qabiliyyətindən məhrum adamlara köməklik göstərmək və onları ac qoymamaq lazımdır. Bu, bizim borcumuzdur. Lakin bunu edən zaman təbii olaraq içimizdə qəribə bir hiss yaranır. Əmək qabiliyyətli bir adama sədəqə vermək günah və özünü aldatmaqdır. Əgər əmək qabiliyyətli insan iş tapa bilmirsə, təbii ki, bu düzgün qurulmamış iqtisadi şəraitdəndir. Heç kəs bu qeyri-normal iqtisadi şəraiti ona-buna sədəqə verməklə dəstəkləməməli, əksinə bu vəziyyəti düzəltmək, yoluna qoymaq uğrunda əllərindən gələni etməlidirlər. Bu halda sədəqə verməklə ancaq sədəqə verənin vicdanı susdurulur. O, özünün birbaşa vəzifəsi – qeyri-normal ictimai quruluşu dağıtmaq vəzifəsindən yayınır. Əmək qabiliyyətli insan əgər işdən tənbəlliyinə görə boyun qaçırırsa, sədəqə onu tamamilə korlayır və onun sağlam qalmaq, mənəviyyatı üçün vacib olan gücünü işə sərf etmək həvəsini öldürür. Bu minvalla əmək qabiliyyətli insana verilən sədəqə hər iki tərəfi alçaldır və həm alan, həm də verən adamın mənəviyyatını zəhərləyir.
Sədəqə verən və ya qardaş kimi nəyisə bölüşən zaman özünü büruzə verən sevgi, ona diqqətlə nəzər yetirəndə əslində heç sevgi deyil. Sevgi ilkin və ən sadə formasında (mən burada cinsi sevgini nəzərdə tutmuram. Ümumiyyətlə, bir canlının digər canlıya (bu, insan olmaya da bilər) sevgisindən danışıram) eqaistik instinktdir. Bu eqaistik instinkt sevdiyini məmnunetmə yox, özünü məmnunetmədir. Sonrakı inkişafındasa əksinə, özünü unudaraq, sevdiyinin səadətini düşünməyi nəzərdə tutur. Cəmiyyətə zidd instinktlərə tabe olmayan normal insan digər insanlarla ünsiyyətdə olmağı sevir. Beləliklə, özünü onlardan uzaqlaşdıran əməllərdən qaçır, əksinə, onlara xoş olacaq işlər görür ki, özünə diqqət cəlb eləsin. Bundan başqa, əzablar haqqında təsəvvürü olan normal insan, beyninə təsir etməsindən asılı olaraq, başqalarının əzabları da az və ya çox ağrı duyur. Yəni ki, təsəvvür nə qədər çoxdursa ağrı hissi də bir o qədər güclüdür. Lakin duyğularla qavranılan təsəvvürlər, öz gözlərinlə gördüyündən fərqlənir. Bu duyğuların yaratdığı əzab daha dərin, daha əzablıdır. Bundan qaçmaq üçün insan özgələrinin əzablarını duymaqdan qaçır və ya onları görməməyə çalışır. Yaxınlarına qarşı bu cür sevgi, yuxarıda deyildiyi kimi, əsl eqoizmdir. Çünki o, əzabları uzaqlaşdıraraq, öz nəşə və həzzini artırır. Tolstoyun dediyi sevgi isə, çox güman ki, eqoistik deyil. Onun məqsədi yaxınlarının, doğmalarının əzablarını azaltmaq, sevincini artırmaqdır. Və beləliklə, o, şüursuz ola bilməz. Çox dəqiqliklə əzizlərinizin nəyə ehtiyacı olduğunu, onlara nəylə kömək edə biləcəyinizi ölçüb-biçmək lazımdır. Özün-özündən, adətlərindən və baxışlarından uzaqlaşmalı, yardım etməyə çalışdığın adamın halına yanıb, dərdinə içdən şərik olmalısan. Bu yardıma, iltifata öz gözlərinlə yox, onun gözləriylə baxmaq, onun hissləriylə duymaq lazımdır. Tolstoy bu cür edirmi? Yaxınlarına duyduğu saxta sevgini təsvir edən əsərlərində biz bunun tamamilə əksini görürük. "Albert" hekayəsində Delesov ifasına heyran qalıb, yoxsul və köməksiz olduğuna görə yazığı gələrək evinə xəstə əxlaqsız skripka ifaçısını gətirir. O bədbəxti qulluqçusu Zaxarın nəzarəti altında spirtli içkilərdən uzaq saxlamaqla sanki dustaq edir. Birinci gün Albert elə bil ki, bu vəziyyətlə barışır. Amma deyəsən, musiqiçi, görünür, çox darıxır, ürəyi sıxılır. İkinci gün bu xeyirxah adama açıq-aşkar hikkəylə baxır". Deyəsən, o, Delesovdan çəkinirdi. Göz-gözə gələndə üzündə ağrılı qorxu ifadə olunurdu... Ona verilən suallara cavablandırmırdı". Üçüncü gün, axır ki, Albert bu zorakılığa qarşı çıxır. "Siz məni saxlaya bilməzsiz, qışqırır, – mənim pasportum var. Mən sizdən heç nə götürməmişəm, istəsəniz yoxlaya bilərsiniz. Mən polisə gedəcəyəm". Zaxar onu sakitləşdirməyə çalışır, lakin Albert daha da qəzəblənərək, qəribə səslə qışqırır: "Ay haray!" Delesov Alberti buraxır və o, nəsə anlaşılmaz sözlər deyə-deyə qapıdan çıxır. Delesov Alberti ona görə evinə apardı ki, nazik geyimli musiqiçinin şaxtada donub tir-tir əsdiyini görüb kövrəlmişdi. Onu isti mənzilində, dəbdəbəli masanın arxasında, əynində öz xalatında görəndə kefi kökəlmişdi. Bəs Albertə necə, bu, xoş idimi? Tolstoy göstərir ki, Albert bu yeni halında əvvəlkindən daha bədbəxt, daha pisdir. Elə çox pisdir ki, artıq tab gətirə bilməyib hiddətlənərək qaçıb. Delesov kimi məmnun etdi? Özünü, yoxsa Alberti? Bu hekayədə söhbət anormal subyektdən gedir. Bu cür subyektlərə bəzən iltifat, yardım sırımaq lazım gəlir. Onlar bunu dəyərləndirə və anlaya bilmək iqtidarında deyillər. Lakin əlbəttə ki, Delosovdan daha ehtiyatlı, daha qətiyyətli edirlər. Həmin tomun "Knyaz D.Nexlyudovun qeydlərindən, Lütsern" başlıqlı başqa belletrestik əsərində yaxınlarına qarşı sevgi hissinin dəliliyi daha kəskin və şiddətli şəkildə özünü göstərir. Knyaz Nexlyudov Lyütserndə (İsveçrədə şəhər) gözəl bir iyul axşamında "Şveytserhof" mehmanxanasının qarşısında səyahət edən musiqiçinin mahnı oxumasını eşidib, kövrəlmişdi. Müğənni solğun bənizli, balaca, zəif, əldən düşmüş, köhnə sürtükdəydi. "Mehmanxananın yaxşı işıqlandırılmış giriş, pəncərə və eyvanlarında eleqant kişilər, bərbəzəkli xanımlar görünürdü. Hamı yazıq müğənnini dinləyirdi. Lakin o, başındakı furajkanı çıxarıb göstərdiyi sənət əvəzində kiçicik mükafat istəməkçün onlara tərəf uzadanda, heç biri bir qəpik də olsun atmadı... Nexlyudova bu çox ağır gəldi. O, həyəcanlanaraq özündən çıxdı. Çünki müğənni kütləyə pul üçün müraciət etsə də, heç kim ona qara qəpik də vermədi. Hətta bəziləri onu ələ salıb lağa qoyurdular. Bu, onun gözlərində tarixçilərin odlu hərflərlə yazmalı olduğu böyük bir hadisə idi. Özü bu görülməmiş günahda iştirakçı olmaq istəmirdi. Həmin balaca adamın dalınca qaçaraq, ona bir yerdə şərab içməyi təklif etdi. Müğənni razılaşdı. "Burada balaca bir kafe var, sadə yerdi. Gəlin oturaq, – dedi. Nexlyudov gündəliyində qeyd edir ki, bu "sadə" sözü məni sadə kafeyə yox, onu dinləyənlər oturan "Şveytserhof"a getmək fikrinə saldı. Oranın həddindən artıq bərbəzəkli və ona uyğun olmadığını bildirməsinə baxmayaraq, mən elə öz dediyimdə durdum".
O, müğənnini kübar mehmanxanasına apardı. Kelner (xidmətçi) tanınmış qonaqla gəlməsinə baxmayaraq, pis geyinmiş avaraya düşməncəsinə və şübhəli nəzərlərlə baxır. Hər ikisini soldakı ayaqüstü içki içmək üçün olan otağa gətirir. Müğənni çox utandığından getmək istəsə də, bunu gizlətməyə çalışırdı. Knyaz şampan şərabı gətirilməsini əmr edir. Müğənni heç bir zövq almadan, sanki məcburən içir. O, həyatından danışır və sonra birdən deyir: "Mən bilirəm siz nə istəyirsiniz. Siz məni içirib nə günə qaldığıma tamaşa etmək niyyətindəsiniz. Alınmayacaq". Nexlyudovu kelnerlərin özündənrazı görkəmi qıcıqlandırırdı. Yerindən sıçrayaraq müğənniylə birlikdə təmiz kütlənin xidmət göstərildiyi sağdakı otağa keçdi. O, məhz burada olmaq istəyir. Oradakı ingilislər otaqdan çıxdı, kelnerlər əsəbiləşmişdi. Lakin rus knyazına irad etməkdən çəkinirdilər. "İçimizdə ən yazıq görünəni müğənni idi. O, möhkəm qorxmuş və oradan tezliklə çıxıb getməyi xahiş edirdi". Bu balaca adam nə ölü kimi ölü, nə də diri kimi diriydi. Knyaz masanın arxasından qalxıb birlikdə mehmanxanadan çıxanda, o özünü çox xoşbəxt hiss etdi.
Knyaz Nexlyudovun əvvəldən axıra kimi özünü necə mənasız apardığına diqqət yetirin. O, müğənnini şərab içməyə dəvət edir. Lakin onda zərrə qədər idrak olsaydı düşünərdi ki, bu kasıb adama bir butulka şampan şərabındansa bir qab isti yemək və ya beşqəpiklik versəydi daha yaxşı olardı. Müğənni knyazı özünü rahat hiss edəcəyi ayaqüstü içki içilən otağa aparmaq istəyir. Lakin knyaz onun istəyinə heç bir məhəl qoymadan, bu kasıb adamı kübar mehmanxanasına dartıb aparır. Həmin məkanda sürtülmüş, cırıq-cındır geyimində ona dikilən baxışların altında əzilirdi. Sonra knyaz müğənninin içməyə adət etmədiyi ən yaxşı şampan şərabı sifariş edir. Bu ona o qədər az məmnunluq gətirir ki, hətta bu kübar həmsöhbətinin onun içirdib ələ salmaq istədiyini də düşünür. Nexlyudov kelyerlərlə çəkişərək mehmanxananın təmiz zalına soxulur, küçə müğənnisi ilə bir məkanda nahar etmək istəməyən müştərilər dağılışır. Üzbəüz əyləşmiş bu kasıb adamın sanki qaynar köz üstündə oturmasına əhəmiyyət belə vermir.
Nexlyudov yaxınına sevgi göstərdimi? Xeyir. O, müğənnini məmnun edə bilmədi. Yazığa əzab verib, ancaq özü məmnun qalırdı. Guya ki, daşürəkli ingilislərə dərs vermək istəyirdi. Müğənni isə burada ancaq "günah keçisi" rolunda idi. Nexlyudov görülməmiş hadisədən – varlı ingilislərin müğənniyə qəpik də verməməsindən danışsa da, özü onlardan daha pis hərəkət etmişdi. İngilislərin murdar xəsisliyi ola bilər ki, müğənniyə hardasa on beş dəqiqəlik narahatçılıq gətirdi. Lakin Nexlyudovun qonaqlığı yazığa düz bir saat əzab verdi. Knyaz bir anlıq da olsun bunun müğənniyə xoş olub-olmadığını düşünmədən yalnız öz hisslərini, duyğularını götür-qoy edirdi. Bu yumşaqqəlbli xeyirxah, əslində, qorxulu, qəddar, eqoist adamdır.
Həssas mistikin əzizinə qarşı duyduğu şüursuz sevgisi baş tutmur. Çünki o, əzizinin mənəvi tələbatlarının öyrənilməsindən doğmayıb. Mistikin xoşuna şit antropomorfizm (insanaxas olan xassə və xüsusiyyətlərin xarici təbiət qüvvələrinə və başqa varlıqlara aid edilməsi) gəlir. O, öz duyğularını özgələrinə – tamamilə başqa cür duyan adamlara keçirir. Zülmətdə yaşadıqları üçün köstəbəklərə hədsiz yazığı gəlir. Bəlkə də, gözündən yaş axıdaraq onların yuvasına elektrik xətti çəkilməsini arzulayır. Özü gözü görən canlı olduğundan köstəbək yaşayan şərtlər altında yaşasaydı çox əzab çəkməli olardı. Lətifələrdən birində deyilir ki, soyuq qış günündə uşaq akvariuma isti su töküb. Çünki ona elə gəlib ki, qızıl balıq üşüyür. Yumoristik yazılarda tez-tez tropik qurşaqda yaşayan zəncilər üçün isti geyim toplayan xeyriyyə cəmiyyətlərindən danışılır. Tolstoyun sevgisi praktikada özünü belə göstərir. Onun etik tezislərindən biri nəfsin (şəhvətin) öldürülməsidir. Onun fikrincə, qadınlarla istənilən münasibət mənəviyyatsızlıqdır. Nikah özü də azad cinsi əlaqələr kimi günahlıdır. "Kreyser sonatası" bu tezisin tam və parlaq ifadəsidir. Əsərdə qatil Pozdnışev deyir: "...təriflənən bal ayı başladı... Mənasız, utandırıcı və ən əsası darıxdırıcı, həddindən artıq darıxdırıcıdır. Bu, eynən həmin şeydi ki, mən siqaret çəkməyi öyrənəndə ürəyim bulanır, qaytarmaq istəyirdim, lakin udqunur, hamıya guya bundan dəhşət çox zövq aldığımı göstərirdim. Siqaret çəkməkdən zövq almaq elə bunun kimi sonradan olacaq. Əvvəlcə ər qadınına bu "əskikliyi" öyrətməlidir ki, sonradan ondan məmnun qala bilsin.
Hansı əskiklik? Axı siz ən təbii insani xüsusiyyətdən danışırsınız!
Təbii? Təbii?.. Yox, deyərdim ki, əksinə, bunun qeyri-təbii olduğu nəticəsinə gəlmişəm. Bəli, tamamilə qeyri-təbii. Uşaqlardan soruşun, qızlardan soruşun".
Sonra Pozdnışev həyat qanunlarından əsl sayıqlama olduğunu ifadə edir: "Əgər insanın məqsədi xeyir, sevgi, hər nə istəsəz, olsa, əgər bəşəriyyətin məqsədi varsa, bu peyğəmbər kəlamlarında da var ki, bütün insanlar bir sevgidə birləşirlər, bəs bu məqsədə nə mane olur? Ehtiras mane olur. Ehtiraslardan ən pisi, ən güclüsü və ən möhkəmi cinsi, şəhvət sevgisidir. Və buna görə də, əgər ehtiraslar məhv olsa, onlardan sonuncu – ən güclüsü şəhvəti sevgi də məhv olacaq. Peyğəmbərlik kəlamları düz çıxacaq və bütün insanlar birləşəcək, insanlıq məqsədinə çatılacaq və yaşamaq üçün heç bir məqsəd olmayacaq". İsanın sözləri (Matfey, 28): "Mənsə sizə deyirəm, hər kim ki qadına tamahla, həvəslə baxsa, öz ürəyində onunla artıq zina etmişdir". Pozdnışev bunu qadınına da şamil edir. Hər bir ali təbəqədə doğulmuş subyekt kimi Tolstoyun daxilində də iki fərqli insan yaşayır. Bunlardan biri digərinin avaralığını görür və mühakimə edir. O, Pozdnışevin dilindən bu sözləri çıxarmaqla bütün nəzəriyyəsinin mənasızlığını dərk etdiyini sübut edir: "Axı mən, deyəsən, dəliyəm". Lakin Tolstoy öz adından danışdığı "İncilin qısa şərhi"ndə özünü sıxsa da deyir: "Yeddinci nəsihətin pozulması bu qənaətdən ortaya çıxır ki, guya qadın fikiki sevginin – tələbatın təmin edilməsi üçün yaranmış və guya sonuncu deyilən bir qadından digərinə keçdikcə daha çox zövq verirmiş. Nəfsdən, tamahdan yaxa qurtarmaq üçün, Ata nəsihətinin kişinin qadın gözəllikləri qarşısında əriməsindən ibarət olmadığını yadda saxlamaq lazımdır... "Ailə səadəti" romanında o həmçinin sübut edir ki, hətta sevib nikaha daxil olan ər və arvad ailədə, az qala, düşmənə çevrilir, ilkin hisslərin uzun müddət saxlamaq cəhdləri heç nə vermir. Bir əsrlik təcrübənin ziddinə duran nəzəriyyəni aydınlaşdırmaq, əlbəttə ki, gərəksiz olardı. Ancaq ağıldankəm bir adam əksini düşünə bilər. Bunu nəzərdən keçirmiş hər bir normal düşüncəli adam bunun ağılsızlıq olduğunu yəqin edər.
Lakin Tolstoyun ən qatı düşməni elmdir. "Tövbə"də ondan şikayət edərək elə hey lağa qoyur. O, xalqa yox, ali təbəqələr və kapitalistlərə xidmət göstərir. O, protoplazma (heyvan və bitki orqanizmi hüceyrəsinin əsasını təşkil edən maddə – X.A.) və spektral analiz kimi boş və lazımsız işlərlə məşğuldur. Heç vaxt məsələn, necə yaxşı mişar və balta düzəltmək olar, çörəyi daha yaxşı necə bişirmək olar, ziyanlı və xeyirli içkiləri, göbələkləri seçmək haqqında düşünməyib. Və ötəri olaraq hiss edirik ki, Tolstoyun bu misalları çox uğursuzdur. Çünki bütün bunlarla elementar gigiyena və ya mexanika, onsuz da, məşğuldur. Ədəbi vərdişlərinə tabe olaraq elmə aid fikirlərini, düşüncələrini yaratdığı obrazlarda dilə gətirmək istəmişdi. "Maarifin bəhrələri" adlı komediyasını da məhz bu məqsədlə yazmışdı. Axı bu komediyada o nəyi lağa qoyur? Anlaşılmazlığa, müəmmaya inanan və dəhşət içində bakteriya axtaran bədbəxt axmaqları! Spiritizm (müxtəlif zahiri üsullarla ruhlarla, ölülərin ruhu ilə əlaqə düzəltmək mümkün olduğu haqqında mistik təsəvvür) və kübarların qəzetlərdən öyrəndiyi xəstəlik yaradan mikroorqanizmlərlə bağlı avam məlumatlar – elm deyəndə Tolstoy məhz bunları başa düşürdü. Və oxlarını tuşladığı elm budur. Sözün əsl mənasında elm bu cür təcavüzlərdən qorunmağa ehtiyac duymur. Simvolistlərin və onlara yazığı gələn tənqidçilərin təbiətşünaslığa etdiyi məzəmmətləri qeyd edərək, sübut etdim ki, bütün bu boşboğazlıqlar ya uşaqcasınadır, ya da ki, şərəfsizlikdir. Tolstoyu şərəfsizlikdə ittiham etmək olmaz. O, hər zaman səmimidir. Lakin məzəmmətləri, həqiqətən də, uşaqcasınadır. Elm haqqında kor bir adamın güllər haqqında danışdığı kimi danışır. Çox güman ki, onun mahiyəti, məqsədləri, məşğul olduğu metod və predmətləri haqqında heç bir anlayışı yoxdur. O bizə Qüstav Floberin (fransız yazıçısı – 1821-1880) iki axmağını – Buvar və Peküşeni xatırladır. Onlar müəllimsiz, rəhbərsiz əllərinə düşən kitablardan, xırda məlumatlardan zarafatlaşa-zarafatlaşa bütün elmlərin müdrikliyinə varmışdılar. Və yeri gəldi-gəlmədi, min bir axmaqlıq göstərə-göstərə onlardan istifadə edib, sonra da elmi yalançılıq və boş şeylərlə məşğul olmaqda ittiham etmək hüququna malik olduqlarına hesab etmişdilər. Flober Buvar və Peküşe obrazlarını yaratmaqla ürəyindəkiləri çox çirkin halda boşaltmış, Tolstoysa elmə – bu məğrur, soyuq gözələ olan acığını "Maarif bəhrələri" əsərində hansısa axmaqları təsvir etməklə silib atdı. Bu yanaşmada iki psixopat – Tolstoy və Flober eyni şeyi sayıqlamaq baxımından oxşardırlar.

Rus dilindən tərcümə edən:
Xanım AYDIN

banner

Oxşar Xəbərlər