Tikinti şirkətinin rəhbərləri həbs edilib
"İdeal-V” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxslərinin
qanunsuz əməlləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə
Baş İdarəsində başlanmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, istintaq zamanı
cəmiyyətin direktoru Çingiz Məmmədovun həmin vəzifədə işləyərkən cəmiyyətin
təsisçisi və faktiki rəhbəri İsa Məmmədovla qabaqcadan əlbir olub cinayət
əlaqəsinə girərək qulluq mövqeyindən istifadə edib rəsmi sənədlərə bilə-bilə
yalan məlumatlar daxil etməklə cəmiyyət tərəfindən Bakı şəhəri, Nəsimi rayonu,
D.Əliyeva küçəsi 717-ci məhəllədə inşa olunmuş çoxmərtəbəli yaşayış binasında
mənzilləri təkrarən ayrı-ayrı şəxslərə sataraq 3 milyon 206 min 310 manat
məbləğində özgə əmlakını aldatma və etibardan sui-istifadə etməklə ələ
keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.
Onlar Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla
dələduzluq), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən
sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri təqsirləndirilən şəxs
qismində cəlb olunmaqla vətəndaşlara vurulmuş ziyanın ödənilməsi barədə
dəfələrlə xəbərdarlıq edilmələrinə baxmayaraq, bundan yayındıqlarından
barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə vətəndaşlara dəymiş ziyanın ödənilməsinin
təmin edilməsi məqsədilə təqsirləndirilən şəxslərə məxsus əmlakların müəyyən
olunaraq üzərlərinə həbs qoyulması istiqamətində zəruri istintaq-əməliyyat
tədbirləri davam etdirilir.