• çərşənbə axşamı, 23 aprel, 21:03
  • Baku Bakı 20°C

“The Financial Times” qəzetində - fotolar

14.05.13 08:18 1521
“The Financial Times” qəzetində - fotolar
Dünyanın ən qabaqcıl biznes xəbər və informasiya qəzeti olan “The Financial Times”in redaksiyasında olarkən mətbu orqanla tanışlığımız xəbər otağından başladı. Ucu-bucağı görünməyən və ayrı-ayrı mərtəbələri əhatələyən otaqlarda gündəlik qəzet və əlavələri hazırlanır. Xəbər otağının baş tərəfində redaktor və jurnalistlər oturur. İkinci dərəcəli redaktorlar isə digər bir cərgədə yerləşərək buraxılış redaktoru funksiyasını daşıyırlar. Böyük video ekranların altında qəzetin əsas komandası yer alıb. Onlar qəzetin baş səhifəsində çıxan materiallara cavabdehlik daşıyırlar. Eyni zamanda, qəzetin ana səhifələrində yerləşən materiallara görə məsuliyyət də onların üzərinə düşür.
Qəzetin dünya xəbərləri ilə bağlı şöbəsi də həmin zalın ayrı bir küncündə yerləşir. Heç kəsin bir-biri ilə bircə kəlmə danışmağa nə vaxtı var, nə də icazəsi.
Digər mərtəbədə isə qəzetin gündəlik hazırlanan beş buraxılışına məsul olan heyət yerləşir. Belə ki, qəzet gündəlik olaraq Böyük Britaniya, ABŞ, Asiya, Avropa və Yaxın Şərq ölkələri üçün hazırlanır. Materiallar bu redaksiyada yığılır, sonra isə onu yayırlar və həmin ölkələrdə dərc olunaraq paylanır.
Qəzetin əməkdaşı Martin Malliqan dünyanın ən nüfuzlu qəzetinin - “Financial Times"ın tarixindən söz açır:
Dəqiqlik, diqqətlilik
- “Financial Times” 1888-ci il fevralın 13-də biznes xəbərləri və informasiya təşkilatı kimi insanlara tanınıb. Qəzet əvvəlcə "London Financial Guide" adlandırılıb və işinə 1888-ci il yanvarın 9-da başlanıb. FT Pearson PLC-ə məxsusdur. İlk gündən qəzet maliyyə elitasının nümayəndələrinə keyfiyyətli işgüzar informasiya çatdırmağı qarşısına məqsəd qoyur. Qəzetin əsası Şeridan qardaşları tərəfindən qoyulur. O zaman mövcud "The Times" qəzeti keyfiyyətli mətbuat nümunəsi sayılsa da, auditoriyanın tələbatını tam ödəyə bilmirdi. Oxucu təlabatını ödəməyə çalışan “Financial Times” əvvəldən sarımtıl-çəhrayı rəngli kağızda çap edilirdi, çünki o, daha ucuz idi.
O vaxtdan etibarən "Financial Times" qəzetinin səhifələrinin rəngi dəyişməyib və bu imic onun vizit kartına çevrilib.
- Qəzetin on-line versiyası nə vaxtdan fəaliyyət göstərir?
-1995-ci ilin mayında qəzetin "FT.com" saytı istifadəyə verilib. 2002-ci ilədək on-line materiallara giriş açıq idi, lakin bu cür siyasət qəzetin çap versiyasına tələbatı azaldırdı. Ona görə şirkət rəhbərliyi sayta girişi pullu abunə yolu ilə həyata keçirməyə qərar verdi. Hazırda qəzet dünyanın 24 ölkəsində ingilis dilində çıxır. Onun tirajı təxminən 360 min nüsxə təşkil edir. Qəzetin orta hesabla bütün dünyada gündəlik 2,2 milyondan çox oxucusu var.
- Materialların yeniləşməsi gün ərzində neçə dəfə baş verir?
- Başlıqlar on-line versiyada hər saatdanbir yenilənir. Hər saatdаn bir hansısa material verilir və hər saatın sonuna qədər başlıq müəyyənləşməli və yeniləşməlidir.
- Dediniz ki, qəzetin gün ərzində 5 buraxılışı nəşr olunur. Buraxılışlar bir-birindən nə ilə fərqlənir? Yoxsa qəzetlərdə eyni materiallar yer alır?
- Hadisədən asılı olaraq materiallar yenilənir. Bəzən mövzu eyni olur və onun ətrafında baş verən genişlənmələr, yenilənmələr və əlavələr əksini tapır.
- Qəzetin uzun illərdən bəri öz nüfuzunu qoruyub saxlamasının sirrini necə izah edərdiniz?
- Dəqiqlik, diqqətlilik və faktlara söykənmək - bu keyfiyyətlər qəzetin nüfuzunun əsasıdır. Bizim qəzetimizin şüarı “Nə qorxu, nə də güzəşt”dir.
İnsanlar həyatlarının müxtəlif sahələri ilə bağlı bizdən etibarlı məlumat gözləyir. Təqaüdlər, ölkədəki vəziyyət, gələcəyə baxış və s. təhlilləri onlar bizdən əldə edirlər. “Financial Times” beynəlxalq qəzet olduğuna görə bütün dünyada olan durumu işıqlandırır. Dünyada baş verənlərlə maraqlanmaq üçün bu, ən yaxşı mənbədir. Müxtəlif ölkələrin vəziyyəti ilə bağlı məlumatlar əldə etmək üçün insanlar bu qəzetə müraciət edirlər. FT həmçinin insanların gələcək planlarını müəyyənləşdirir – harasa köçmək istəyənlər, bahalı bir şey almaq istəyənlər, daşınmaz əmlak sahibi olmaq, sərmayə yatırımı etmək arzusunda olanlar, banklara depozit qoymaq istəyənlər bu qəzeti oxuyurlar. Bu qəzet gündəlik olaraq müxtəlif cəmiyyətlərdə liderlərin, o cümlədən Barak Obamanın stolunda yer alır.
Proses davam edəcək
- Qəzetin aylıq abunə haqqı və gündəlik satışı neçəyədir?
- Aylıq abunə haqqı 100 funtdur. Qəzetin qiyməti isə 2.50 funtdur. FT.com saytının 4,5 milyon qeydiyyatdan keçmiş istifadəçisi, və 285.000-dən çox digital abunəçisi, həmçinin 600,000 ödəyən istifadəçi var. FT-in təkcə Çində 1,7 milyondan çox qeydiyyatdan keçən istifadəçisi var. Qəzetin dünya üzrə ümumilikdə 2500 işçisi çalışır. Onun 600 nəfəri redaktor ştatıdır. Ancaq hazırda maliyyə çətinlikləri üzündən onlarla işçi qəzetdən ixtisar edilib. Artıq 3 aydır ki bizə təzə direktor təyin edilib. Onun heç bir siyasi mövqeyi yoxdur. O, yalnız kommersiya baxımından addımlar atmağa çalışır.
- Bəs dünyada baş verən qlobal iqtisadi böhran qəzetin satışına nə qədər təsir edir?
- Belə proqnozlar edə bilərik ki, qəzetlərin oxucuları azalacaq. Kağız formasında qəzet oxuyanların sayı getdikcə azalır. Abunəçilərin və kağız formasında qəzet oxuyanların sayında bu, hiss olunur. Biz proses davam edəcək – biz buna əminik. Artıq bu proses ABŞ-da baş verib, 5-10 faiz azalma müşahidə olunur. Həmçinin ABŞ-da bir neçə qəzeti çap edən yerlər bağlanıb. Ancaq bu proses Böyük Britaniyaya hələ o dərəcədə təsir etməyib. Bəzi çətinliklər yaşanır, amma rəqəmlərdə bu o qədər də özünü əks etdirməyib. Qəzet artıq internetlə rəqabət apara bilməz. Əvvəllər insanlar qəzetlərə müraciət edərkən xəbərləri, o cümlədən şərhləri, analizləri öyrənmək istəyirdilər. İndi internet mövcud olduğuna görə artıq dünyanın hər hansı nöqtəsində baş verən bir hadisəni oxumaq istəyirlər.
Lakin internet vasitəsilə qloballaşdırma elə bir vəziyyətə gətirəcək ki, qəzetlərin məzmunu dəyişəcək. Artıq qəzetlər təkcə xəbərləri dərc etməyəcək, həm də onları təhlil edəcək, peşəkar jurnalistlər tərəfindən məqalələrin yazılmasını təmin edəcək. Hazırda oxuyanlar - əsil həvəskarlardır. Onlar bu peşəni anlayan və dəyər verən insanlardır. Şükür ki, hələ dünyanın hər yerində belə oxucular qalmaqdadır.
Təranə Məhərrəmova
Bakı-London

banner

Oxşar Xəbərlər