• çərşənbə axşamı, 19 mart, 17:59
  • Baku Bakı 8°C

Təyyarə ilə sərnişindaşıma qaydalarına dəyişiklik edilib

24.07.21 15:30 286
Təyyarə ilə sərnişindaşıma qaydalarına dəyişiklik edilib
"Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”da dəyişiklik edilib.
Kaspi.az-ın məlumatına görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən Azərbaycana uçuşlar edən bütün aviadaşıyıcılar əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri aşağıdakı şərtlərlə reysə qəbul edirlər:
- Yaşı 18-dən yuxarı sərnişinləri – yalnız COVID-19 pasportu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında;
- Yaxın qohumu Azərbaycan Respublikasının vətəndaşı (valideynlərindən biri, bacısı, qardaşı, əri, arvadı və ya övladı, babası, nənəsi və nəvəsi) olan sərnişinləri, o cümlədən belə sərnişinlərin ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) – qohumluq dərəcəsini təsdiq edən sənəd və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında;
- 18 yaşınadək (1 yaşınadək uşaqlar istisna olmaqla) sərnişinləri – yalnız uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında.
Azərbaycan Respublikasının vətəndaşları, həmçinin diplomatik pasport sahibləri, Azərbaycan Respublikasında xarici ölkələrin diplomatik nümayəndəliklərinin və konsulluqlarının rəhbərləri, əməkdaşları və onların ailə üzvləri, Azərbaycan Respublikasında iş icazəsi olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq icazəsi olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər və onların ailə üzvləri (arvadı (əri), himayəsində olan valideynləri və 18 yaşına çatmamış uşaqları, habelə 18 yaşına çatmış sağlamlıq imkanları məhdud uşaqları), habelə ölkəyə girişinə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi icazə verilmiş sərnişinlər – müvafiq təsdiqedici sənədlər və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında aviareyslə daşınacaq.
1 yaşınadək uşaqlar üçün COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd tələb olunmur (uşağın yaşı uçuş tarixinə müəyyən edilir).
Bu Qaydalarla müəyyən olunmuş tələbləri pozaraq həyata keçirdiyi hər bir reysdə sərnişinlərin sayı 3 (üç) və daha çox olan və ya ardıcıl olaraq həyata keçirdiyi 3 (üç) reysin hər birində bu cür sərnişinlər olan aviadaşıyıcılar tərəfindən Azərbaycan Respublikasına uçuşların həyata keçirilməsinin müvəqqəti dayandırılması Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi tərəfindən təmin ediləcək.
banner

Oxşar Xəbərlər