• cümə, 29 Mart, 19:53
  • Baku Bakı 14°C

Təxribat

22.01.19 10:30 3103
Təxribat
Hər məlumat bilik demək deyil. İnformasiya bolluğu, çoxlu kitablar oxumaq, müəyyən məsələlər haqqında demək olar ki, hər şeyi öyrənmək yenə də "bilmək" anlamına gəlmir. Bilgi deyilən şey həmin məlumat bazasını emal etmək, ona yön vermək bacarığıdır. Əlbəttə, həqiqi bilginin təməli informasiyadır. Lakin bu, sadəcə təməldir, yəni qazılmış və yarımçıq qalmış xəndək. Onun üzərində bina inşa etmək isə hər məlumat sahibinin, hər informasiya bankirinin işi deyil.
Xəbəri bilgiyə çevirmək dahilikdir. Elm məhz belə yaranır. "Hər oxuyan alim olmaz" ifadəsinin altında yatan məna məhz budur. Məlumatla biliyin arasındakı fərq o qədər görünməz və dərindir ki, bəzən bu iki nəsnə hətta bir-biriylə ziddiyyət təşkil edir. Zaman-zaman bir şey haqqında başqalarına nisbətən az məlumatı olan şəxslər həmin sahənin aparıcı simasına və hətta banisinə çevrilirlər. Əlbəttə ki, hər yerdə olduğu kimi, burada da çox və az bilməyi şərt kimi ortaya qoymaq yanlış və ədalətsizdir. Lakin bu fakt mövcuddur və onu inkar etmək artıq gecdir. Məsələn, dünya klassik musiqisinin sütunlarından sayılan məşhur rus bəstəkarı Rımski-Korsakov konservatoriyada eyni zamanda həm oxumuş, həm də dərs demişdir. Maraqlıdır, insan öyrənmədiyi şeyi necə öyrədə bilər? Ancaq, göründüyü kimi, bu mümkündür. Deməli məsələ informasiyanın nə kəmiyyətində, nə də keyfiyyətindədir. Məsələ onun emal edilməsindədir. Bu, bəzilərinin dediyi kimi, özününküləşdirmə deyil. İnformasiya necə özəlləşə bilər? Belə fikrə gəlmək olar ki, xəbər, məlumat, yəni informasiya axını təbii və bizim əlimizdə olmayan şeylərdir. Biz istəsək də, istəməsək də oxuyuruq, öyrənirik. Lakin, gəlin görək, yaradıcı məfkurə sahibi olan dahilər nə oxuyur, hansı məlumatlarla işləyir? Onların əlində bizim bilmədiyimiz gizli kitablarımı var? Əlbəttə yox. Onlar da bizim oxuduğumuzu oxuyur, ancaq bizim kimi oxumur. Biliklərin emalı insan beyninin həm də bir anbar, məlumat deposu olmadığına dəlalət edir.
Elm ilk növbədə cəsarət və təxribatdır. "Təxribat" sözü ərəb dilində "xərab" sözü ilə eyni kökdəndir. Mövcud olanı alt-üst etməyə, dağıtmağa "təxribat" deyilir. Xatırlatmaq yerinə düşərdi ki, tarix boyu bütün dahilər öz zamanında və öz çevrəsində "təxribatçı" adlandırılıb. İctimai, siyasi və sosial anlamda təxribatın mahiyyəti neqativdir. Ancaq bu anlamda da tarixdəki çevrilişlərin, ictimai formasiyaları dəyişdirən inqilabların, köləlikdən azadlığa gedən xalqların, millətlərin hərəkətinin kökündə məhz böyük təxribatlar dayanır. Elmi-mənəvi-əqli təxribatla ictimai-siyasi-sosial, yəni bir mənada fiziki təxribatı fərqləndirən bir neçə amil vardır. Əvvəla, ikincilər mütləq şəkildə qanla bitir. Ancaq birincilərdə buna ehtiyac yoxdur. İkincilərin nəticəsi əsasən bir hökmün digəriylə əvəz olunmasına gətirib çıxarır. Birincilərdə isə, ümumiyyətlə hakimiyyət deyilən bir şey yoxdur. Və ən ümdəsi, ikincilərdə təxribatçı mütləq şəkildə dağıtdığının, alt-üst etdiyinin, yəni xarab etdiyinin yerində öz düzənini, necə deyərlər, öz hakimiyyətini qurmalıdır. Elə düyün də burada çözülür. Birincilərin, yəni elmin, mənəviyyatın, əqlin təxribatı artıq özü başlı-başına bir quruluş deməkdir. Yəni burada dağıtmaq eyni zamanda qurmaq anlamına gəlir. Çünki burada dağılan, tökülən daşlar hara düşsə, orada yeni binalar yaranacaq. Çünki elm və mənəviyyat fərdin toplum üzərindəki hər hansı bir üstünlüyü haqqında heç bir bilgiyə sahib deyil və bu sahədə belə bir düşüncə hədəf olaraq götürülməyib. Mənəviyyatda ümumiyyətlə hədəf olmaz. Bu elə cəbhədir ki, burada qalib və məğlub yoxdur. Fərdlərin düşüncə prosesi məlumatları qavrayib, onları yönəltməklə düz mütənasibdir. Məsələn, eyni mətnə sahib olan, hətta toxunulması, dəyişdirilməsi qeyri-mümkün olan səmavi-dini kitablar hər oxucuya başqa cür yön verir. Əslində isə, kitablar oxucuya yox, oxucu kitablara yön verir. Xüsusilə də müqəddəs elan edilmiş kitabların mücərrədliyi buna geniş meydanlar açır. İllər boyu gözümüzün önündə olan, təkrar-təkrar oxuduğumuz, hətta tamamını hifz elədiyimiz surələr, ayələr, kəlmələr birdən-birə, məsələn, Mövlananı oxuduğumuz zaman alt-üst olur, kökündən qopub yerlə-yeksan olur. Deməli, Mövlana Rumi burada kim oldu? Əlbəttə, ən böyük təxribatçı. Ancaq onun xarab etdiyi nəsnə Qurani-Kərim deyil, bizim düşüncələrimizdir. Fundamentalistlər Nəsimini ona görə "kafir" elan edirlər ki, Nəsimi onların yönləndirdiyi məlumatları alıb tamamilə başqa istiqamətə yönləndirir. Ayə həmin, surə həmin, ancaq Nəsiminin yanaşması onlara sərf eləmir. Çünki dediyimiz kimi, mənəviyyət cəbhəsində üstünlük və qalibiyyət yoxdur -- zira, üstünlük olan yerdə alçaqlıq, qalibiyyət olan yerdə isə, məğlubiyyət vardır. Kim kimdən niyə üstün olsun, kim kimi niyə məğlub etsin? Bunlar hamısı insan nəfsinin kədərli və qaranlıq vadilərindən qopan və təəssüf ki, işıqdan daha güclü və insan beyninə hüzurdan daha dərin nüfuz edən şeylərdir.
Elmdə və incəsənətdəki qütbləşmənin, ayrılığın, dini, milli, irqi bölünmənin və hətta düşmənçiliyin səbəbləri də məhz xəbərin bilgiyə çevrilməməsindədir. Böyük tanrıça Amadey Motsartın son əsəri olan möhtəşəm "Rekviem"in ədəbi mətninə diqqət yetirsək görərik ki, burada sətiraltı və sətirüstü xaç yürüşlərindən söhbət gedir. Əlbəttə, Motsartın bundan xəbəri olsa da, bunu o istəməmişdi. Çünki ona belə bir ideoloji mətn maraqlı deyildi. Əksinə, ölümqabağı, ağır və müəmmalı xəstəlik içərisində masson lojasından gələn yardımlarla acından ölməməyə çalışan böyük bəstəkar həm də ideya baxımdan səlibçi ola bilməzdi. Bu gün də "Rekviem"in ədəbi mətni heç kimdə heç nə çağrışdırmır. Onu ölməz edən onun füsunkar və ilahi yüksəklikdəki musiqisidir. Ancaq zamanında bu mətn kimlərəsə lazım idi. Bilirsiniz niyə? Çünki Motsartın sağlığında, elə bu "Rekviem" yazılan vaxt Osmanlı qoşunları Vyananın qapılarına dayanaraq, eyni məzmunlu mehtər marşları oxuyurdular. Amadey Motsart özünün məşhur "Rondo"sunu, başqa bir adla "Türk marşı"nı da məhz elə bu dövrdə yazmışdı. Amma və lakin, nə o mehtər marşlarını oxuyanlara Vyana lazım idi, nə də "Rekviem"i çalanlara Fələstin. Elə belə də oldu. Bu gün o marşlar da, o "Rekviem" də yalnız səhnələrdən eşidilir və insanları qan tökməyə, amansızlığa, fatehliyə deyil, mənəviyyata, düçüncəyə, gözəlliyə səsləyir. Həmişə belə olub - dünyəvi hakimiyyət və iddialar tarixin boş qutularına atılıb. Bu gün Çingizin də, Napoleonun da yalnız hərəkətsiz, quşların bəyaz pisliyindən təmizlənmək üçün yağışı gözləyən daş heykəlləri qalıb. İddiaları uğrunda "uf" demədən axıtdıqları milyonlarca məsumun qan çeşmələrindən isə geriyə ancaq acı xatirələr, söyüş, qarğış qalıb. Bir zaman Lüdviq Van Bethoven də Napoleonçu olmuşdu. Az sonra yanlışını anladı və ona həsr etdiyi 3-cü simfoniyasının üz qabığından Bonapartın adını vəhşi və çılğın bir şəkildə silib atdı. Bəli, Bethovenin də, Nəsiminin də heykəllərini quşlar pisləyir. Ancaq o heykəllərin yağış suyuna ehtiyacı yoxdur. Onları anlayan və sevən milyonların göz yaşı o heykəlləri yuyub təmizləyir. Heç o dahilərə heykəl qoymağa da ehtiyac yox idi. Çünki insan heykəlləri antik dövrdən bəri hakimlərin özlərinə və yaxınlarına ölümsüzlük məqsədilə yondurduqları daşlar olmuşdur. Ancaq nə fayda? Vatikan meydanı yüz illər boyu gəlib-getmiş papaların heykəlləri ilə doludur. Onlar isə qəbiristanlıq effekti yaradır. Buna görə də ziyarətçilərin heç birini maraqlandırmır onların kimliyi. Onlar Mikelancelonun daxildə, Berrininin isə xarici meydanda yaratdıqları sənət möcüzələrinə baxırlar. Çünki həmin dahilər o papaların da bilgi sahibi olduqları informasiyaları emal etməklə məşğul idilər. Onlar məhz təxribatçı idilər. Ancaq onların xarab etdikləri şeyin yerində böyük sənət inciləri, digərlərinin isə qorumaq istədikləri şeyin yerində viranələr, kin, nifrət, kiçiklik qaldı. Bəli, məhz kiçiklik! Nə qədər qəribə və təxribatçı görünsə də, gəlinən nəticə budur ki, dini, irqi və milli düşünmək kiçiklikdir.
Yəni belə düşünənlər kiçilmir, kiçiklər belə düşünür. Bütün yaradılış hekayələrinə baxsaq görərik ki, əvvəl mövcud olan vəhdətdir. Kəsrət, yəni ayrılıma sonradan yaranan prosesdir. Yəni ayrılıq olmaya da bilərdi. İrqlərin, millətlərin rənglərin fərqi təbii mövcudiyyətdir. Sadəcə təbiətdən ibarət olan nəsnələrə fəlsəfə yükləyib, onları məqsədli və planlı şəkildə ayırmağın başqa adı yoxdur; kiçilmək və kiçiltmək. Məsələn, bütün dünyada hər kəsin sevdiyi, Afrikadakı almaz mədənində çalışan bədbəxt zəncinin də, ucqar dağ kəndində quruculuqla məşğul olan xoşbəxt kolxozçunun da eyni həyəcanla dinlədiyi Frederik Şopeni sadəcə polyak bəstəkarı adlandırmaq böyük səhv olardı. Şopen polyak folklorundan bəhrələndi. Polonezlər, polkalar yazdı. Ancaq o həmin bu milli-etnik bilgi qaynağını emal etdi. Bütün Yer kürəsində alternativ bir həyat mənbəyi olaraq, yeni və paralel tarix yaratdı. Bu gün biz niyə Şopen çalırıq? Yobazlar deyəcəklər ki, "gavur musiqidir, çalmayın. Xaçpərəstlərin mənəvi hökmranlığıdır, uymayın!" Elə bilirsiniz demirlər? Eynilə bu cür və bundan da betər sözlər deyirlər. Ancaq Bax, Şopen və digərləri bütün dünyada musiqi təmayüllü təhsil ocaqlarında məcburi proqram olaraq, tədris edilir. Kim məcbur edir dünyanı Şopen çalmağa? Bax bu, həmin mənəvi hakimiyyətdir. Yobazlar düz deyir. Ancaq onlar anlamırlar ki, bu hakimiyyət torpaqları fəth etmir, dinləri dəyişdirmir, dövlətləri yıxmır, qan tökmür... Elə bunları anlamadıqları üçün də yobazdırlar. Dediyimiz kimi, bir olanı bölmək, ayırmaq, uzaqlaşdırnaq böyük insan düşüncəsini kişiltmək deməkdir. Bəzən bizi dünyaya açılmağa qoymayan şey bizim ifrat və inadçı milliliyimizdir. Buna ehtiyac varmı? Bizim milli kimliyimiz bizim dərimizin rəngi kimi, dilimiz kimi, relyefimizdən gələn ümumi xarakterik keyfiyyətlərimiz kimi bir şeydir.
Biz istəsək də, onu itirə bilmərik. Ancaq ona xüsusi bir məna yükləyərək, düşüncə və məfkurə yaradıcılığının meydanını daraltmaq bizə böyüklük yox, məhz kiçiklik gətirəcək. Başa düşməyə çalışmaq lazımdır ki, məsələn, Klod Mone fransız olsa da, Parisin yağmurlu sabahlarını kətana köçürsə də, o bunu fransız xalqı "ucalsın” deyə etmirdi. Sebastian Bax alman olsa da, alman folkloru başqa şey idi, Baxın musiqisi başqa! Bu gün də Qərb musiqisində müxtəlif xalqların milli musiqi alətləri mövcuddur. Ancaq bizim milli musiqi alətlərimiz kimi onlar da sadəcə milli-etnik çərçivələr daxilində mövcuddurlar. Unutmayaq ki, indi bütün dünyada olduğu kimi, bizim ciddi və professional musiqi janrlarında istifadə etdiyimuz violin, piano, fleyta kimi alətlər də bir zaman foklorik musiqi alətləri idi. Ancaq onlar böyük düşünən insan fenomenlərinin zəhməti sayəsində milli-etnik əsarətdən qurtuldular. Və heç də səbəbsiz deyil ki, bu gün bütün dünyada piano, violin, fleyta çalınır, tar, ney, kamança yox. Çünki biz hələ böyük düşünə bilmirik. Eyni ucalığa yüksələn şərqlilər, qərblilər, şimallılar, cənublular məhz bundan, bu mənəvi insan fiqurundakı vahid enerjidən istifadə ediblər. Eyni dinləri müxtəlif məzhəblərə parçalayan da milli və coğrafi amillərdir. Necə deyərlər, dinin öz parçaladığı yetmədi, bir də dinin özünü parçaladılar! Bölündükcə kiçilmək adi fiziki qanundur. İnsan böyük düşünəndə nə olur? Sadəcə beyinlər bir qədər üşüyür, vəssalam! Çünki, insan məfkurəsi açıq havaya çıxır, öz mənasız və məzmunsuz tikanlı məntiqini alt-üst edərək, sərhədləri dağıdır, özü-özünə qarşı təxribat törədir. Bəli, üsyan, təxribat insanın öz məfkurısində baş verməlidir. Çünki dünyanı Şərqə, Qərbə, müsəlmana, buddistə, zənciyə, ingilisə, türkə bölən və ən əsası, bu bölgünü təbiət hadisəsi olmaqdan çıxarıb, onu dərin və uzunmüddətli ziddiyyətə çevirən nə təbiətdir, nə Allah. Bunu edən yalnızca insan düşüncəsidir. Kiçik, mühafizəkar, cəsarətsiz və ölümlü insan düşüncəsi. Bəli, ölümlü olan, yəni fani olan nə dünyadır, nə insan həyatı. Fani olan yalnız və yalnız insan düşüncəsi, insan əfkarıdır. Çünki insanlar kimi, elm sahələri də, sənət əsərləri də, dövlətlər də, ideologiyalar da ölüb gedir. Yəni fani olur. Onları əbədi edən isə, yenə də insandır, insan məfkurəsidir. Əbədiyyətin əsil mənası, əsl məzmunu olan insan!
Fəxrəddin Salim
banner

Oxşar Xəbərlər