Texnologiyanı yaradan insanın, texnologiyanın əsirinə çevrilməsi... - Kitab rəfi
Nərmin
Seyidova: "Özünüzü kəşf etməyin vaxtı gəlib çatıbsa, bu kitabla yol xəritənizi
cızmağa başlaya bilərsiniz”
"Kitaba etibar et, o, ən yaxşı dostdur” deyirlər.
Çünki kitablar axtardığımız sualların cavablarını tapmaqla yanaşı, təfəkkürümüzü
qidalandırır, intellektual istirahətimizə kömək edir və dünyagörüşümüzü
artırır. Asudə vaxtlarımızı səmərəli keçirməyin ən yaxşı yolu mütaliədir.
Mütaliə insanın fikirlərinin inkişafında, dünyagörüşünün genişlənməsində böyük
rol oynayır. Amma nəzərə alsaq ki, vaxtımız dəyərlidir və ona görə də, həmin
zamanı bizə məsləhət olunan kitabı oxuyaraq keçirsək, daha faydalı olar. "Kitab
rəfi” adlı rubrikamızın qonağı "Rabitəbank”ın
PR meneceri Nərmin Seyidovadır. Müsahibimiz məktəb vaxtlarından mütaliə
edir. Deyir ki, ona klassiklərdən daha çox, yeni dövrün yazıçıları, mistik janr
maraqlı gəlir.
Həmsöhbətimizin
gənclərə məsləhət gördüyü ilk kitab Dan Braunun "Başlanğıc” əsəridir. Kitab həmsöhbətimizin
sevdiyi kimi mistik-triller janrındadır: "Yəqin hər kəs "Kod Da Vinçi”ni
oxumasa belə, adını bilir. Mütləq ki, həmin əsəri sevənlər, bu əsəri də ən azı
onun qədər sevəcəklər. Romanda dünyaca məşhur
alimin – Edmond Kirşın, canlı yayımda Tanrının olmadığını sübut edəcək tutarlı
faktları danışmasına hazırlıq zamanı, onun ani qətli üzərindən başlayan bir macəra
əks olunur. Alimin dostu və müəllimi, əsərin baş qəhrəmanı Lenqdonun onun
isbatının axtarışı macərası üzərindən oxucuya çox güclü ismarıclar verilir. Rəqəmsal
dövrün, texnoloji inkişafın ən pik zamanında insanların idarə olunmasının necə
asan olduğu göstərilir. Romanın sonunda Lenqdonun axtarışında olduğu isbatın,
tam əks gözlənti olduğu üzə çıxır. Texnologiyanı yaradan insanın, bu gün
texnologiyanın əsirinə çevrilməsi və əslində tanrının var olması ilə bağlı bir
nəticəyə varılır. Kitab necə dəyərlər, birnəfəsə oxunacaq qədər güclü yazılıb!
Səhifəsi çoxdur, amma oxumağa, vaxt xərcləməyə dəyər!”
Müsahibimizin ikinci ən çox sevdiyi kitab məşhur
ingilis yazıçısı Oskar Uayldın "Dorian Qreyin portreti” əsəridir. Gənc PR mütəxəssisi
deyir ki, bu da elə rahat anlaşılan kitablardan deyil və bir balaca fərqli
istiqamətlərə yozularaq, dərc olunduğu dövrdə böyük rezonanslar yaradıb: "Lakin
bu gün bu əsər bir daha böyük maraq və rəğbətin mərkəzində olan əsərlərdəndir.
Bu roman ingiliscə yazılan ən güclü 100 roman siyahısına daxildir. Həmişə gözəl
qalmaq üçün öz ruhunu iblisə satan bir gəncin faciəvi taleyindən bəhs edir. Məşhur
rəssam Bezil, Dorianın portretini çəkir. Gənc və yaraşıqlı Dorian öz gözəlliyinə
vurulur və heç bir zaman portretdəki məsumluğunun itməyəcəyini düşünür.
Yaraşıqvə məsumluluğuna arxalanaraq, daxilindəki iblislə və xeyirxahlığın mübarizəsində
iblisə məğlub olur. Hər məğlubiyyət portretdə onun simasının dəyişilməsinə yol
açır. Əsər çox güclü və fəlsəfi aforizmlərlə məşhurdur. Fəlsəfəni sevənlər mütləq
bu əsəri oxumalıdırlar”.
Müsahibimizin tövsiyə etdiyi son kitabı isə özünü kəşf
etmək istəyənlərə kömək olacaq. Həmsöhbətimiz deyir ki, məhz bu kitabla yol xəritənizi
cıza bilərsiniz: "Bir də əlavə olaraq, bu gün biznes mühitinin var olduğu dövrdə,
elmi kitablar da çox dəbdədir və önəmlidir. Mütləq ki, bu gün artıq şirkətin
brend olmasından öncə, fərdlərin brend olması daha mütləq və daha önəmlidir. Məşhur
olmaq, adını brend etmək istəyən və yaxud buna sadəcə marağı olan oxuculara
birmənalı olaraq amerikalı marketinq mütəxəssisi Cynthia Johnsonun "Platform”
kitabını məsləhət görürəm. Özünüzü kəşf etməyin vaxtı gəlib çatıbsa, bu kitabla
yol xəritənizi cızmağa başlaya bilərsiniz”.
Aygün Əziz