• cümə axşamı, 28 mart, 18:03
  • Baku Bakı 13°C

Test, yoxsa yazılı və ya şifahi imtahan? - Polemika

10.06.17 09:30 8558
Test, yoxsa yazılı və ya şifahi imtahan? - Polemika
Bəlkə də həyatımızın ən həyəcanlı, stressli anlarını imtahanlarda yaşayırıq. Əslində ömür yolumuza nəzər salsaq, görərik ki, doğulandan qəbir evinə qədər imtahan veririk. Çünki həyat özü başdan-ayağa imtahandır. Çalışmaq lazımdır ki, hansı imtahandan kəsilsək də, həyat imtahanından keçək. Ona görə ki, bu imtahanın təkrarı yoxdur. Amma həyatda hər il təkrar olunan imtahanlar da var. Hansı ki, tələbə və şagirdlərin təhsil həyatında heç sevmədikləri dövrdür. Universitetlərimizdə həm test, həm yazılı, həm də şifahi üsulla imtahanlar götürülür. Bu dəfə həmsöhbətlərimizdən imtahanın hansı üsulla götürülməsinin daha məqsədəuyğun olduğunu soruşduq. Cavablar birmənalı olmadı. Amma hər üç müsahibimiz hansı üsulla olursa-olsun, təki obyektivlik qorunsun - məqamında həmfikir oldular.
"Məni şifahi imtahan etsələr, əlaçı olardım”
Yetər Kərimli - tələbə
Yetər üçüncü kursda oxuyur və artıq neçə ildir imtahanlarını yazılı olaraq verdiyini deyir. Amma o, düşünür ki, burada könüllülük prinsipi olsa, daha yaxşı olar. "Yəni kim istəyir şifahi, kim istəyir yazılı, kim istəyir testlə versin. Məncə, sistem bu cür qurulsa, daha yaxşı olardı”.
Y.Kərimli deyir ki, əgər seçim özünün olsa, bütün imtahanları şifahi formada verər: "Müəllimi tanıyıb-tanımamağımdan asılı olmayaraq, şifahi imtahanı seçərdim. Çünki universitet dərsinin materialları qısa olmur. Tutaq ki, sual "Füyuzat” jurnalının yaranması ilə bağlı ola bilər. Bu sualla bağlı neçə səhifəlik istəsən material tapa bilərsən. Sən bu mövzunu geniş araşdırırsan, materialları toplayırsan, mükəmməl səviyyədə öyrənirsən, gəlirsən imtahana və qarşında bir A4-lük səhifə var. Bilmirsən fikirlərini necə yığıb-yığışdırıb qısa yazasan. Ona görə də yazılı imtahanı bu aspektdən uğurlu hesab etmirəm. Məsələn, mən seminarlardan 10 qiymət alıram. Amma imtahanda əlaçı yox, zərbəçi oluram. Çünki yazılı imtahanda fikrimi tam yazıb bitirə bilmirəm. Lakin həmin müəllimlər məni şifahi imtahan etsələr, əlaçı olardım”.
Testə gəlincə isə, Yetər bu sistemi uğurlu hesab etmir: "Ona görə ki, test savad göstəricisi deyil. Universitetə qəbul imtahanını testlə verdiyimizdən bilirəm ki, test sadəcə əzbərləməkdir. Testlərə düzgün cavab vermək hələ o demək deyil ki, tələbə o dərsi tam qavrayıb. Yenə də vurğulayıram ki, imtahan könüllülük prinsipi əsasında olsa, daha yaxşı olar. Bu zaman imtahana daha yaxşı və stressiz hazırlaşmaq olar. Bu halda imtahan verən şəxs potensialının və biliyinin hansı səviyyədə olduğunu daha yaxşı göstərə bilər. Amma testlə yazılı imtahanı müqayisə edəsi olsaq, testə baxanda yazılı imtahan daha yaxşıdı. Yəni, yazılı imtahan zamanı müəllim təxminən tələbənin mövzunu hansı səviyyədə qavradığını bilir. Test mənə ədalətsiz sistem kimi görünür. Asan üsuldur, amma biliyimizi və düşüncələrimizi inkişaf etdirmək baxımından yazılı imtahanın tərəfdarıyam”.
"Test imtahanlarının müsbət cəhətləri daha çoxdur”
Qoşqar Bəylərov - jurnalist
Qoşqar isə testi effektiv üsul hesab edir. Əsas ona görə ki, burada insan faktoru olmur və şəffaflıq təmin olunur: "25 ildir ki, ölkəmizdə test imtahanı tətbiq edilir. Bəziləri, xüsusən də yaşlı nəsil testi yazılı imtahanlardan fərqli olaraq şagirdləri (tələbələri) əzbərçiliyə öyrəşdirdiyi və nəticədə savadsızlığın artması kimi qiymətləndirirlər. Bu müəyyən mənada doğru fikir olsa da, tam olaraq reallığı əks etdirmir. Çünki test imtahanlarının müsbət cəhətləri daha çoxdur. Əsas üstünlüyü isə burada insan faktorunun olmamasıdır. Bu o deməkdir ki, burada heç bir neqativ haldan söhbət gedə bilməz. Yəni yoxlama fərqli düşüncəli mütəxəssislər tərəfindən yox, konkret sistem tərəfindən aparılır”.
Q.Bəylərov hesab edir ki, yazılı imtahanlarda isə əksinə, insan faktoru olduğuna görə neqativ hallar qaçılmazdır: "Məsələn, aydındır ki, şagirdin (tələbənin) hüsnxətt bacarığı olmaya bilər. Buna görə də öz fikirlərini ətraflı yazsa belə, müəllim onu oxumaqda çətinlik çəkdiyinə görə, emosiyalarına hakim ola bilməyib aşağı qiymət yaza bilər. Deməli, bəzi hallarda yazılı imtahanlarda gözəl xətt məntiqli məzmunu üstələməyi bacarırsa, bu özü də qeyri-obyektivlik hesab olunur.Yaxud, yazı işini yoxlayan zaman mütəxəssisin psixoloji, zehni və ya hər hansı başqa bir problemi ola bilər və bu həmin yazının aşağı qiymətləndirilməsinə gətirib çıxarar.Digər bir hal da ola bilər ki, mütəxəssis yazı işini yoxlayan zaman məsələyə şəxsi aspektdən yanaşar. Bu zaman aydın olduğu kimi, yazı işi həmin aspektlə üst-üstə düşərsə, yüksək, zidd olarsa. aşağı balla qiymətləndiriləcək. İmtahanlarda ən əsas meyar obyektivlik olmalıdır. Düşünürəm ki, test sisteminin bəzi çatışmazlıqları olsa belə, yazılı imtahanlardan daha obyektivdir”.
"Yazılı imtahan daha keyfiyyətlidir”
Leyla Əfqan - tələbə
Leyla da obyektivliyin təmin olunması üçün test üsulunu daha effektli hesab edir: "Yəni tələbə müəllimlə üzbəüz olmur, müəllim onu istədiyi kimi "ilişdirə” bilməz. Tələbənin və ya şagirdin taleyi müəllimin insafına qalmır. Test obyektivlik baxımından digər üsullardan üstündür. Çünki kasıbın da, varlının da uşağı oxuya bilir. Amma deyərdim ki, bu üsulun da öz mənfi tərəfləri var. Məsələn, test uşağı konkret əzbərçiliyə yönəldir. O, dərsi tam qavramadan, sadəcə mexaniki olaraq əzbərləyir. Və testi müəyyən sistemləşdirilmiş bir şəkildə edirlər. Uzun müddət test üsuluna alışan şagird və ya tələbə düzgün cavabı variantlar arasından düz olmayanları çıxaraq tapır. Yəni o, burada düşünmür, sadəcə ona təqdim olunan variantlar arasında düzgün olanı tapır. Test məncə, biliyin, savadın göstəricisi deyil. Əgər qarşındakı müəllim obyektiv olsa, mən üzbəüz imtahanı seçərdim. Çünki bu zaman insanın düşüncələrini ifadə etməsi üçün şansı daha yüksək olur”.
Leyla əlavə edir ki, obyektivlik cəhətdən yaxşı olsa da, test hazırkı dövrdə savad göstəricisi deyil: "Bunu deməyə əsasım da var. Bəzi rastlaşdığım hallara əsasən tam əmin olmuşam ki, test qarşındakı insanın bilik səviyyəsinin göstəricisi deyil. Belə ki, imtahana heç nə bilmədən gedib, yanındakı yoldaşından köçürüb yüksək, həmçinin yaxşı oxuyanın da imtahanda həyəcandan aşağı bal yığdığını görmüşəm. Ona görə bu mənim üçün əsas deyil. Və bu tip bəzi məsələləri göz önünə alaraq deyə bilərəm ki, yazılı imtahan daha keyfiyyətlidir. Təbii ki, obyektiv şəraitdə keçirilərsə”.
Günel Azadə
banner

Oxşar Xəbərlər