Təşəbbüs var, amma maliyyə yoxdur
Ermənistanın İrana olan ümidləri elə ümid olaraq da qalacaq
İran və Ermənistan arasında illər uzunu münasibətlərin hansı
səviyyədə olmasını analiz etməyə ehtiyac yoxdur. SSRİ dağıldıqdan sonra İranın Ermənistan
üçün hansı rolu oynadığını bu ölkənin o vaxtkı prezidenti Levon Ter-Petrosyan
bir sözlə ifadə etmişdi - xilaskar. O illərdə işğalçı siyasəti üzündən
sərhədləri qapalı olan Ermənistana məhz İran hər cür dəstək göstərdi. Sonrakı
illərdə də bu proses ən yüksək səviyyədə davam etdi. Lakin illər keçir və bu
münasibətlər zamana və vaxta uyğun dəyişməyə başlayır. İqtisadi çətinliklər
içində çabalayan İran daha əvvəlkitək qonşusuna yardım edə bilmir.
Cazibəli, ancaq
perspektivsiz
Yeri gəlmişkən, Ermənistanın baş naziri Nikol Paşinyanın İran səfəri
zamanı bir sıra iqtisadi layihələr barədə bəyanatlar səsləndirildi. Məsələn,
2000-ci illərin sonlarından bəri müzakirə olunan Ermənistan-İran sərhədində - Meğridə
neft emalı zavodunun tikintisi layihəsini götürək. Ermənistanda İran nefti ilə
işləyəcək neft emalı zavodu yaratmaq ideyası İrəvan üçün cazibəli görünsə də,
perspektivsizdir. Düzdür, ölkənin zəif iqtisadiyyatı üçün təxminən 5 milyard
dollar dəyərində olan layihə açıq bir iqtisadi bum ola bilər.
Layihə üçün iki ssenari
Layihə müəllifləri iki ssenarini nəzərdən keçirirlər. Birincisi, neft
kəmərinin çəkilişi, ikincisi, mövcud qaz kəmərinin həm də neftin vurulması üçün
istifadə edilməsi. Ancaq ABŞ-ın İrana qarşı sanksiyaları səbəbindən layihənin
reallaşması dalana dirənib. Ermənistanın pulu yoxdur, amma anlaşılmaz bir
məntiqlə İranın layihə ilə maraqlanmalı olduğunu düşünür. Lakin İran
banklarının sanksiyalar kontekstində bu sövdələşməni həyata keçirmək imkanları
yoxdur.
Milyonlarla dollar lazımdır
Qaz boru kəməri ilə neft vurulmasına gəlincə, bunun da bir sıra
əmmaları var. Texniki cəhətdən borudakı qazı neftlə əvəz etmək mümkündür, amma
bu elə də ucuz başa gəlməyəcək. İdeyanı reallaşdırmaq üçün on milyonlarla
dollar lazımdır. Bu xərci isə hələlik nə İranın, nə də Ermənistanın çəkmək
imkanı var.
Problem təkcə investisiyalarda da deyil. Lap investisiya tapılsa
belə, hazır məhsulun satış problemi yaranacaq. Ermənistan neft məhsulları
bazarı belə böyük bir layihənin xərclərini geri qaytarmaq üçün çox kiçikdir. İran
bazarında da benzin ölkə hökuməti tərəfindən subsidiyalaşdırılır və çox
ucuzdur. Bütün bunlar Tehran və İrəvanın iyirmi ildir müzakirə etdikləri bahalı
və mənasız bir layihənin kimə və nəyə lazım olduğu sualını ortaya atır. Bu,
"qarşılıqlı faydalı əməkdaşlığın" yeganə nümunəsi deyil.
Çəkilişini gözləyən
elektrik xətti
Bir sıra ekspertlər hesab edirlər ki, İrəvan və Tehranın Paşinyanın
Tehranda müzakirə etdiyi Ermənistan-İran yüksək gərginlikli elektrik xəttinin
tikintisini sürətləndirmələri daha yaxşı olardı. Lakin bu layihənin də tamamlanma
müddəti daim təxirə salınır. Halbuki hər iki ölkə üçün elektrik xətləri neft
emalı zavodu üçün müvəqqəti planlardan daha vacibdir. Fakt budur ki, Ermənistan
uzun müddətdir ki, İrandan aldığı qazın müqabilində elektrik enerjisi verir. Bir
neçə ildir başqa bir elektrik verilişi xəttinin çəkilməsi gündəmdədir, amma bu
istiqamətdə heç bir addım atılmır. Qarabağın erməni işğalından azad edilməsi də
ermənilərin ucuz elektrik enerjisi əldə etmək planını pozub.
İran fantastik layihələrdən
bezib
Görünür, İran tərəfi artıq İrəvanın təklif etdiyi fantastik
layihələrdən bezib. "Tərəfdaşlar” Şimal-Cənub marşrutu boyunca avtomobil
və dəmir yolu, İran-Avropa qaz kəməri və s. layihələrini müzakirə etmək üçün xeyli
vaxtdır səy və pul xərcləyirlər. İrəvanın bu marşrutları öz ərazisində tikməyə
pulu yoxdur. On illərdir erməni tərəfinin bununla bağlı fantaziyaları bitmir. Ancaq
İran artıq özü üçün müəyyən nəticələr çıxarıb. Belə ki, İranin Ermənistandakı
səfiri gələcək əməkdaşlıq üçün milyardlarla dollarlıq utopik layihələrə yox, bitkiçilik,
heyvandarlıq və balıqçılığa diqqət ayırmağa başlayıb. Onun fikrincə, bu sahələr
iki ölkə arasında ticarətin artmasına töhfə verəcək. Səfir deyib ki,
Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyü İran üçün böyük imkanlar açır
və Ermənistan-İran birgə müəssisələrinin yaradılması nəinki iki ölkənin
iqtisadiyyatının inkişafına kömək edəcək, həm də İranın Aİİ ölkələrinə ixracını
artıracaq.
Azərbaycan real iş görür
Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan İranın ticarət,
sənaye və mədən naziri Əlirza Razm Hüseyni ilə görüşdə daha da irəli gedib. O,
Ermənistanda birgə müəssisələrin yaradılmasının İrana qarşı sanksiyaların
aradan qaldırılmasına və ticarət dövriyyəsinin indiki 400 milyon dollardan 1
milyard dollara çatdırılmasına kömək edəcəyini bildirib. Deyib ki, erməni iş
adamları İran mallarını Rusiyaya daşımağı asanlaşdırmağa hazırdırlar. Amma ermənilər
unudur ki, Azərbaycan artıq Rusiya ilə əlaqələr üçün İrana daha qısa və ucuz
yol təqdim edib. Üstəlik, Bakı artıq bu məqsədlə yarım milyard dollardan çox
vəsait ayırıb ki, bunun da 500 milyon dolları Tehrana Rəşt-Astara dəmir yolunun
tikintisi üçün verilən kreditdir.
Əsrin dələduzluğu cəhdi
Amma erməni nazir öz dediyini deyir. O, İran tərəfinə əsrin
dələduzluğunu - İran müəssisələrinin istehsal zəncirinin son mərhələlərinin
Ermənistana keçirilməsini ciddi şəkildə təklif edir. Bu nou-hau nəticəsində məhsullar
erməni malı sayılacaq və sanksiyalara baxmayaraq, dünyanın hər yerinə problemsiz satıla biləcək.
Bu cür malların siyahısına tikinti materialları, kənd təsərrüfatı, neft-kimya məhsulları
daxildir.
Bir məqam unudulmamalıdır ki, Ermənistan bazarı çox kiçik və
perspektivsizdir. Əhalinin alıcılıq qabiliyyəti də zəifdir.
Taqətdən düşmüş İran
Sanksiyalar nəticəsində taqətdən düşmüş İran da əvvəlki iqtisadi
canlılıq səviyyəsindən çox uzaqdır. Bəllidir ki, İran 90-cı illərdə Ermənistanı
yanacaq, sürtkü yağları və tikinti materialları, ərzaqla təmin etməklə onu
xilas etdi. O illərdə bu dəstək praktiki olaraq Rusiyanın dəstəyindən az
deyildi. Aydındır ki, hər iki ölkə İrəvana mümkün qədər çox təsir göstərməyə
çalışırdı. Ancaq onilliklər keçdi və bu gün Ermənistanla ticarətin həcminə görə
Tehran ən vacib iqtisadi sahələri ələ keçirməyi bacaran Moskvadan xeyli geri
qalır. Bununla belə, İran-Ermənistan ticarət dövriyyəsi hətta ən zirvədə olanda
belə 400 milyon dolları keçə bilməyib.
Azər
Nuriyev