Təsadüflərin qarşılaşdırdığı cütlük – Ailə
Elçilikləri uğurlu olmur,
buna görə, "qız qaçırma” üsulu ilə ailə qururlar və bu gün çox xoşbəxtdirlər.
Evliliyin heç nəyi məhdudlaşdırmadığını, sadəcə hər şeyin öz çərçivəsində gözəl
olduğunu deyirlər. Ailə qurarkən həyat təcrübəsinin mühüm rol oynadığını
düşünürlər. Evliliyi həyatın ən çətin imtahanı kimi qiymətləndirirlər. "Ailə”
rubrikamızın budəfəki qonaqları "ARB24”-ün
aparıcısı Rəhman Rəsulov və xanımı Nərmin Rəsulovadır.
İlk olaraq onlar haqqında
qısa məlumat verək. R.Rəsulov 1987-ci ilin 7 fevralında Sumqayıt şəhərində
anadan olub. 2004-cü ildə elə həmin şəhərin 26 saylı orta məktəbini bitirdikdən
sonra Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyoru fakültəsində
ali təhsil alıb.
N.Rəsulova da 1991-ci ildə
17 iyulda eyni şəhərdə doğulub. Ali təhsilini ilk olaraq Bakı Dövlət
Universitetinin kimya fakültəsində bakalavr səviyyəsində alıb. Daha sonra
Azərbaycan Dövlət İqtisad Universitetində biznesin idarə edilməsi fakültəsini
magistratura səviyyəsində oxuyub. Bir müddət bank sahəsində çalışsa da, hazırda
işsizdir. Cütlüyümüzün Rəsul adında oğlan, Ayla adında qız övladları var.
Təsadüfi
tanışlıq
Tanışlıqlarından danışan
Nərmin hər şeyin sadəcə təsadüf olduğunu deyir: "Rəhmanla eyni şəhərdə yaşayıb,
eyni məktəbdə oxusaq da, hətta, bir müddət eyni məhəllədə qalsaq da,
bir-birimizi tanımamışıq. Mən Rəhmandan dörd sinif aşağı oxumuşam. Məktəbdə
hamı ondan danışırdı. Deyirdilər ki, filan kanalda işləyən o oğlan bizim məktəbi
bitirib. Sonra mən "ASAN xidmət”də Rəhmanın bacısı ilə birlikdə könüllü kimi
fəaliyyət göstərirdim. Bacısı vasitəsilə tanış olduq. Amma bunlar təsadüfi
görüş idi. Könüllülük müddəti bitdikdən sonra bankda işlədiyim dövrdə də Rəhman
banka kimi gəlib çıxdı. Sözün açığı, özüm də bu gəlişi arzulayırdım (gülür)”.
Rəhman isə tanışlıqlarının
maraqlı olduğunu və Nərmin xanımı görmək üçün müxtəlif bəhanələrlə onun iş
yerinə getdiyini deyir: "Əvvəlcə bacımın vasitəsi ilə tanış olduq. Amma o, bizi
bilərəkdən tanış etməyib. Sonra Nərmin başqa işə keçdi. Bankda işlədiyini
öyrəndim. Gələcək həyat yoldaşımın fəaliyyət göstərdiyi şöbəyə kredit bəhanəsi
ilə yaxınlaşdım. Elə hər şey də bundan sonra başladı”.
"Gözlərinə
baxanda nə isə hiss etməsəydim...”
Rəhmanın artıq formalaşmış
düşüncə tərzi və görünüşünün də Nərminin ürəyincə olması, bu tanışlığın davam
etməsinə şərait yaradıb: "Adam bir-birinin gözlərinə baxanda hər şeyi hiss
edir. Bu dost, iş və həyat yoldaşı məsələsində də belədir. Əgər Nərminin
gözlərinə baxanda nə isə hiss etməsəydim, sonra banka qədər onun ardınca
getməzdim. Görüşlər, söhbətlərlə gördüm ki, Nərmin istədiyim xanımdır. Ən əsası,
hiss edirdim ki, bu düşüncə birtərəfli deyil. Sən demə qarşı tərəf də belə
fikirləşirmiş”.
"Nikah
olmasa, bu addımı atmazdım”
Münasibətlərində bütün ilk
addımların Rəhmana məxsus olduğunu deyən Nərmin bildirir ki, elçilikləri uğurlu
olmayıb və Rəhman onu qaçırmaq məcburiyyətində qalıb: "Ailəm bizim izdivacımıza
razı deyildi. Uğursuz elçilikdən sonra nə qədər cəhd etsək də, onları heç cür
razı sala bilmədik. Sonra Rəhman qaçmağı təklif etdi və mən başqa çıxış yolu
görmədiyim üçün bu addımı atmaq məcburiyyətində qaldım. Nikah olmasa, təbii ki,
bu addımı heç vaxt atmazdım. Onu qeyd edim ki, yaxşı ki, bu riskə getmişəm. Çünki
bu addımı atmasaydım, ailəm razı olmayacaqdı və bu gün mən bəlkə də uduzmuş
olacaqdım”.
"Yolda
başına torba keçirib qaçırmadım”
Rəhman deyir ki, normal
adətlərlə evlənmək üçün bütün mümkün vasitələrdən istifadə edərək ailəni yola
gətirməyə çalışıblar: "Qaçırma üsulu ilə evlənməyin tərəfdarı olmasam da, bu
yola əl atmaq məcburiyyətində qaldım. Kinolardakı kimi yolda başına torba keçirib
qaçırmadım (gülür). İkimizin də razılığı oldu. Çünki Nərminin ailəsində müəyyən
qaydalar var idi. Hansı ki, o qaydalara əməl etsəydik, yəqin, hər ikimiz subay
qalacaqdıq. Amma bütün vasitələrdən mümkün qədər istifadə etdim ki, normal
adətlərlə evlənək, lakin alınmadı. Mənim ailəmin qərarı birmənalı idi. "Necə
istəyirsən, elə et” dedilər. O ki qaldı barışığa, təxminən 1 ilə yaxın Nərminin
ailəsi ilə əlaqə olmadı. Sonradan hər şey yoluna düşdü. Çünki nə mən, nə də
ailəm üz çevriləsi adamlar deyilik. Barışdıq, indi də normal gediş-gəlişimiz
var”.
"İkimizin
də toyla bağlı arzuları vardı”
Qaçmaq yolu ilə evlənmək
üçün tərəflər arasında olan güvən məsələsinə də toxundular. Rəhman deyir ki,
bu, bir anda verilmiş qərar deyildi: "Uzun-uzadı söhbətlər, müzakirələr artıq
bizdə yetəri qədər inam yaratmışdı. El dilində desək, bircə, qızı qaçırmaq
qalırdı. Qaçırmamışdan əvvəl gizlin şəkildə "ASAN xidmət”də nikaha daxil olmaq
üçün ərizə də yazmışdıq. Biz toy da etdik. Çünki ikimizin də toyla bağlı
arzuları var idi. Baxmayaraq ki, toyda ancaq mənə yaxın adamlar iştirak edirdi,
amma bütün hər şey planlaşdırdığımız kimi oldu”.
Sonsuz
güvən
"İnanırsınız, hələ də özümə
inandırıcı gəlmir ki, mən bu addımı necə atdım” deyən Nərmin xanım bu qərarın
çox çətin və məsuliyyətli olduğunu deyir: "Daha uğurlu şəxsi həyat naminə bu
riskə getdim. Qərarımdan peşman deyiləm. Nə yaxşı ki, belə qərar vermişəm. Bu
gün hər şey ürəyimcədir. Güvən məsələsinə gəlincə isə bu, sonsuz idi. Buna
səbəb isə Rəhmanın sözünə sadiq biri olmasıdır. Yəni hər dəfə gizli görüşümüz
zamanı daha da əmin olurdum. Məsələn, növbəti görüşümüzə hansı vədi verirdisə,
mütləq əməl edirdi. Görüş vaxtına 1 dəqiqə də olsun gecikmirdi”.
"Xoşuma
gəlməz boşanaram” düşüncəsi
Rəhman düşünür ki, bir
insanı tanımaq üçün müddətin fərqi yoxdur: "Bu, bir həftə də ola bilər, bir gün
də. Çünki adicə bir saat kiminləsə oturub çay içib söhbət edərkən, necə bir
insan olduğu, sənin istədiyin adam olub-olmadığını təyin edə bilirsən. Amma
yenə də yanılmaq məsələsi var. Çünki indi bəzi şeylərdə razılaşdığın detallarla
bir müddət sonra razılaşmaya da bilərsən. Yəni belə insanlar az deyil.
İstənilən halda riskə gedirsən. "Xoşuma gəlməz boşanaram” düşüncəsi boşanma
statistikasında özünü göstərir. Söhbət nəsil artırmaqdan da getməməlidir. Onu dərk
etməlisən ki, yeni həyat axarına daxil olursan. Əyləncən də, səyahətin də
olmalıdır. Bütün bunları evlənəcəyin adamla, dostlarını və valideynlərini
yaddan çıxarmamaq şərti ilə edəcəksən. Qarşı tərəf də bunları dərk edəcək
keyfiyyətdə biri olmalıdır. Xırda anlaşmazlıqlar onsuz hər ailədə olur. Bunları
aradan qaldırmaq mümkündür”.
"Ondan
romantika tələb edəndə...”
"Evliliyin dadı-duzu arada
olan mübahisələrdir” desək, yanılmarıq. Nərmin xanım deyir ki, sözlərinin
üst-üstə düşmədiyi məqamlar demək olar ki, hər dəfə eyni mövzularla bağlı olur:
"Bir-birimizə dərin hörmət və ehtiramla yanaşırıq. Ona görə elə ciddi
mübahisələrimiz olmur. Düşünürəm ki, ailə həyatı qurmağa hazırlaşan biri,
mütləq qarşı tərəfin ona necə dəyər verməsinə diqqət etməlidir. Çünki evlilik
elə bir şeydir ki, bu gün yola getməsən, sabah boşana bilmirsən. Ümumiyyətlə,
bu düşüncə ilə yaşamaq özü yanlışdır. Bizdə isə mübahisələr hər zaman eyni
situasiyalara görə olur. Rəhman çox hövsələsiz adamdır, suallarıma ətraflı
cavab vermir. Mən isə geniş cavab xoşlayanam. Digər tərəfdən, həyat yoldaşım
romantik deyil. Ondan romantika tələb edəndə "o romantik kinolara az bax”
deyir. Amma bir məsələ də var ki, Rəhman ondan inciməyə icazə vermir. Aramızda
nəsə narazılıq olanda bir-birimizə bir az vaxt veririk. Əsəblər sakitləşir,
sonra oturub danışırıq, səhvlərimizi başa salırıq. Düzdür, gələn dəfə yenə eyni
məsələdə mübahisəmiz düşür və düşəcək də. Çünki mən həmişə ondan ətraflı cavablar
tələb edib, romantik olmağını istəyəcəyəm”.
Ana
kimi yüksək qiymət
Əslində, bu cavabla Nərmin
Rəhmanın bəzi mənfi xüsusiyyətlərindən də bəhs etmiş oldu. Bir az da Nərminin
mənfi xüsusiyyətlərindən danışaq: "Bir hadisə ilə bağlı milyon dənə sual verməyindən
başqa, bəyənmədiyim xasiyyəti yoxdur. Amma arada fikirləşirəm ki, bütün
qadınlar belədir. Başa düşmürəm ki, bir sualla cavab ala biləcəkləri hadisənin
içindən niyə çoxlu suallar çıxarırlar (gülür)? Nərmini ana kimi çox yüksək
qiymətləndirirəm. Pis qiymətləndirməyə haqqım da yoxdur. Artıq 2 övladımız var,
Nərmin onlarla daha çox vaxt keçirir. Mənə elə gəlir ki, nəticə pis deyil.
Uşaqlar daha az xəstələnirlər və səliqə-sahmanları hər zaman yerində olur.
Deməli, beş ballıq cədvəllə 5+ qiymət vermək olar”.
10
ballıq sistemlə 10
Nərmin isə həyat yoldaşını
10 ballıq sistemlə qiymətləndirib ən yüksək xalı verdi: "Rəhmanın müsbət
keyfiyyətləri çoxdur. Ailəyə qarşı diqqətcildir. Uşaqlarla çox vaxt keçirir,
onların tərbiyəsində yaxından iştirak edir. Yəni ata kimi öz üzərinə düşən
bütün məsuliyyətləri layiqincə, hətta deyərdim daha artıq yerinə yetirir. 10
ballıq sistemlə, ona elə 10 verirəm”.
Hər
şey öz çərçivəsində olmalıdır
Bəzi ailələr evləndikdən
sonra subay vaxtı yaşadıqları əyləncəli sosial həyatın bitdiyini deyir. Amma
Rəhman bəy elə düşünmür: "Vallah, evlilik heç nəyi məhdudlaşdırmır. Biz tez-tez
dostlarla ailəvi də görüşürük, tək-tək də vaxt keçiririk, səyahətə də gedirik.
Sadəcə, hər şey öz çərçivəsində olmalıdır. Əlbəttə ki, mən günlərlə evə
gəlməsəm, kimlərləsə istirahət etsəm, bu, doğru olmaz. Hər şeyin başında diqqət
dayanır. Deyərdim ki, dostlarıma da, ailəmə də kifayət qədər vaxt ayıra
bilirəm”.
Gələcəklə bağlı xəyallar qurarkən...
Son olaraq cütlüyümüzdən
ailə qurmaq istəyən gənclərə tövsiyələrini soruşduq. Rəhman qeyd edir ki,
ailəni ailə edən qarşılıqlı anlaşma, kənardan ailəyə olunan təsirləri yoluna
qoymaq bacarığıdır: "Məncə, 25 yaşından sonra ailə qurmaq daha uğurludur.
Hərçənd, elə insanlar da var ki yaşı çox olmasına baxmayaraq
keyfiyyətsizdirlər. Ətrafı dərk etmək, baş verən hadisələrə reaksiya verə
bilmək bacarığı bu məsələdə böyük rol oynayır. Bunlar hamısı təcrübədir. Həyat
təcrübən kifayət qədər varsa, ailə də qurub saxlaya bilərsən, biznes də qurub
uğur qazana bilərsən. "Pis olar boşanaram” düşüncəsindəsinizsə, ümumiyyətlə,
ailə qurmağı bir müddətlik unudun. Gəzin, yeyin-için, kef edin. Bu dediklərim
məsləhət deyil. Şəxsi fikir, təcrübəmdir. Gələcəklə bağlı xəyallar qurarkən, bu
arzulara gələcək həyat yoldaşını və övladlarını da daxil etməlisən”.
100
ölçün, 1 biçin
Ailə
qurarkən yüz ölçüb, bir biçmək lazım olduğunu deyən Nərmin, evlilikdə sevgi və
hörməti əsas sayır: "Təbii ki, bunlar varsa, yalan olmayacaq. Bu zaman hər iki
tərəf bir-birinə dürüst davranacaq. İnsan, düşüncə tərzi eyni olan birisi
qarşısına çıxan zaman ailə qurmalıdır. Ailə qurmaq inanın ki, həyatınızın ən
çətin imtahanıdır. Ona görə, yüz ölçün, bir biçin. Sevib, sevilin, bir-birinizə
dəyər verin. Onda ailəniz heç nəyə baxmayaraq, qorunacaq”.
Günel Azadə