Terrorçuların sığınacağı - TƏHLİL
Qərb mediası yazır ki, Ermənistanda terrorçuların
qəhrəmanlaşdırılması regionda sülhə təhlükədir. Günahsız insanları, uşaqları
qətlə yetirmiş terrorçuların fəaliyyəti vəsf edilir, gələcək nəsilləri onların
davamçısı olmağa sövq edirlər.
İllər uzunu terroru dövlət siyasətinə, ideologiyasına çevirən
Ermənistan öz ampluasındadır. 44 günlük müharibədən nəticə çıxarmayan qonşu
dövlət gah rus sülhməramlılarının yerləşdiyi ərazidən, gah da sərhəddən
hərbçilərimizə qarşı təxribatlar törədir. Bundan əlavə, terrorçuluqda ittiham
olunan şəxslərə sığınacaq verir, onları qəhrəman obrazında qələmə verir.
Məsələn, götürək Qarabağdakı son olayı. Ermənistan parlamentinin deputatları,
erməni kilsəsinin nümayəndələri bir neçə gün əvvəl Azərbaycan və Rusiya
hərbçilərinin olduğu posta əl qumbarası atan terrorçu Norayr Mirzoyana dəstək
məqsədilə "xeyriyyə aksiyası”na başlayıb. Hələ bu azmış kimi, Birləşmiş Ştatlar
kimi bir dövlət mahiyyəti terror üzərində qurulan Ermənistanı demokratiya adı
altında keçirilən sammitə dəvət edir. Terrora qarşı mübarizə aparan, terrorun
qurbanı olan Azərbaycan və Türkiyə kimi dövlətlər isə sammitə dəvət olunmur.
Belə görünür ki, 30 il davam edən ikili standartlar hələ də aradan qalxmayıb.
Lakin təqdirəlayiq haldır ki, artıq Qərb mediasında Ermənistanın
terrorçu mahiyyəti barədə məqalələr dərc edilir.
"Daha neçə türk diplomatı
həlak olacaq?”
Dünyaca məşhur "Eurasia Review" nəşrində dərc olunan
məqalədə erməni terroru, bu terrorçulara dəstək verilməsi pislənilir, bunun
bütün Cənubi Qafqazda gərginlik yaradacağından bəhs edilir. Müəllif yazır ki,
oktyabrın sonunda Ermənistan mətbuatı ASALA üzvü, terrorçu Hampiq Sasunyanın
ABŞ-dan Ermənistana ekstradisiya edildiyi barədə məlumat yayıb. 2021-ci ilin
martında şərti azadlığa buraxılana qədər, Sasunyan 1982-ci ildə Los-Ancelesdə Türkiyənin
baş konsulu Kamal Arıkanı qətlə yetirdiyinə görə Amerika həbsxanasında ömürlük
həbs cəzası çəkirdi. Məqalədə vurğulanır ki, sosial şəbəkələrin erməni
seqmentində Sasunyanın Ermənistana ekstradisiya edilməsi xəbəri sevinclə
qarşılanıb. O, ASALA və JCAG-ın bir çox digər üzvləri ilə birlikdə Ermənistanda
milli qəhrəman kimi qəbul edilir. Həm ASALA, həm də JCAG bir çox ölkədə, o
cümlədən ABŞ-da rəsmi olaraq terror təşkilatı kimi tanınır. Bu təşkilatların
dünyanın 22 şəhərində törətdiyi terror aktları nəticəsində 31-i diplomat
olmaqla, azı 58 Türkiyə vətəndaşı həlak olub. Bu terror aktlarının dalğası o
həddə çatıb ki, 1983-cü il iyulun 31-də "Washington Post” belə bir sual verdi:
"Daha neçə türk diplomatı erməni terror qruplaşmalarının fanatik qatillərinin
əli ilə həlak olacaq?"
Günahsız insanların qətlinə
təəssüflənməyən ermənilər
Nə bu terror qruplaşmalarının üzvləri, nə də onlara dəstək verən Ermənistan
sakinləri heç vaxt günahsız insanların qətlə yetirilməsindən
təəssüfləndiklərini bildirmədilər. "Hampiq Sasunyan hələ həbsdə olarkən
Ermənistanın "Hay Zinvor” hərbi jurnalına müsahibəsində özünün "əsgər”
olduğunu, Qarabağda - yəni Azərbaycan ərazisində döyüşmək istədiyini bildirib.
Bu da onun islaholunmaz terrorçu olduğuna dəlalət edir”, - deyə Azərbaycan XİN
mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Sasunyanın azadlığa buraxılmasını
nəşrə şərh edərkən bildirib. Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju
Bilgiçin isə yazılı açıqlamasında "Türkiyə ABŞ hakimiyyətinin Sasunyanın
işi ilə bağlı qərarını pisləyir. Biz bu addımı terroru təşviq etmək məqsədi
daşıyan ciddi səhv hesab edirik" deyib.
Terrorçu "Milli
qəhrəman"
Bu reaksiyaya baxmayaraq, Ermənistan hakimiyyəti və cəmiyyəti terrorçulara
"milli qəhrəman" kimi baxmaqdan, küçələrə, məktəblərə və digər
müəssisələrə onların adlarını verməkdən, onların "şərəfinə” abidələr
ucaltmaqdan əl çəkmir. ABŞ-da yerləşən erməni diaspor təşkilatı "Erməni
Gəncləri Federasiyası” "Twitter”də "erməni qəhrəmanı Hampiq Sasunyan azaddır və
öz vətənindədir” xəbərini yayıb. Sasunyanın terror aktlarının tərənnüm edilməsi
Ermənistan üçün ilk belə hal deyil. Məsələn, ASALA liderlərindən olan Monte
Melkonyan türk diplomatlarının qətlinə və Azərbaycanla müharibədə iştirakına
görə erməni millətçiləri tərəfindən təqdir olunur. 1980-ci ildə Melkonyan
Afinada türk diplomatı və onun 14 yaşlı qızını öldürüb. Melkonyan Fransa
həbsxanasından çıxandan sonra Ermənistana gedib və Azərbaycanın dinc əhalisinə
qarşı törədilən vəhşiliklərdə iştirak edib. Ən böyük vəhşiliyi isə 1992-ci ildə
Xocalıda törədib. Ermənistanda onun şərəfinə abidələr ucaldılıb, təhsil
ocaqları və xeyriyyə fondlarına adı verilib. Onun basdırıldığı qəbiristanlıqda
ASALA-ya xatirə abidəsi ucaldılıb.
Onlar anlamırlar ki...
ASALA-nın Fransadakı fəaliyyətinə mənsub Varujan Karapetyan Parisin
Orli hava limanında törədilən partlayışa görə 20 ilə yaxın Fransa həbsxanasında
yatdıqdan sonra Ermənistanda milli qəhrəman elan edilib. Hücumun qurbanı təkcə
türk diplomatları olmayıb: iki Türkiyə vətəndaşından başqa, insidentdə dörd
fransız, bir amerikalı və bir isveçli ölüb. Amma bu, erməni siyasətçiləri və
ziyalılarına onun vaxtından əvvəl azadlığa buraxılması, ən yüksək səviyyədə
qəhrəmanlaşdırılması istiqamətində fəaliyyətə başlamasına mane olmayıb.
Günahsız dinc insanları, uşaqları qətlə yetirmiş Sasunyan, Melkonyan və
Karapetyan kimi terroristlərin qəhrəmanlaşdırılması davam edir. Onların terror
taktikası vəsf edilir, gələcək nəsilləri onların davamçısı olmağa sövq edirlər.
Qərb nəşri sonda yazır: "Onlar anlamırlar ki, faciə özlüyündə daha
çox faciə, zorakılıq doğurur. 44 günlük müharibədən sonra sülhün qorunub
saxlanması fonunda Ermənistan artıq keçmişin qanlı xatirələrindən əl çəkməli və
dinc gələcək üçün yaranan tarixi şansdan yararlanmalıdır”.
Azər NURİYEV