Terrora qarşı 20 illik “müharibə” - ŞƏRH
ABŞ-ın
terrorla mübarizə adı altında başlatdığı kampaniya nəinki ciddi effekt verdi, əksinə,
müdaxilə etdiyi bölgələrdə uzun illərdən bəri davam edən qeyri-sabitlik, mütəmadi
baş verən terror aktları və s. özü üçün də ciddi problemlərə səbəb oldu
20 il
bundan öncə Birləşmiş Ştatlarda yaşanan 11 sentyabr hadisələri ilə dünyanın düzəni
isə uzun müddətə pozulmuş oldu. Sentyabr terroru ilə ABŞ-ın xarici siyasəti
ciddi surətdə dəyişikliyə uğradı, ardınca terrorizmlə mübarizə adı altında hərbi
əməliyyatlar start götürdü. İlk olaraq Əfqanıstana, sonra da İraqa müdaxilə
olundu. Ən önəmli olan odur ki, ABŞ-ın terrorla mübarizə adı altında başlatdığı
kampaniya nəinki ciddi effekt verdi, əksinə, müdaxilə etdiyi bölgələrdə uzun
illərdən bəri davam edən qeyri-sabitlik, mütəmadi baş verən terror aktları və
s. onun özü üçün də ciddi problemlərə səbəb oldu. Tək Əfqanıstanda milyardlarla
dollar sərf edib dünyəvi dövlət qurduğunu elan etsə də, günlərin bir günü bəlli
oldu ki, bütün bunlar sabun köpüyündən başqa bir şey deyil.
Aydın
olmayan məqsəd
ABŞ-ın
Əfqanıstanda məqsədi bəlli olmadığından bu cür problemlər yaşadı. Bu da 20
illik müdaxilənin bəlkə də "ilkin günahları" ola bilər. Qərb ekspertlərindən
birinin ifadə etdiyi kimi, ABŞ başa düşmədi ki, Əfqanıstanda dövlət və
demokratiya qurmaq 20 ilin işi deyil. Bu, uzunmüddətli bir prosesdir. Əfqanların
Amerikaya münasibəti sonrakı hadisələrin gedişindən asılı olacaq. Bununla belə,
ABŞ-ın etibarına zərbə vurulduğu irəli sürülsə də, onun mühüm ittifaqlarına
uzunmüddətli zərərin dəyib-dəymədiyini müəyyən etmək hələ tezdir.
8 trilyon
dollar
Yeri gəlmişkən,
dünyaca məşhur və hesabatı əksər ölkələr tərəfindən qəbul edilən "Costs of War”
(müharibənin qiyməti) mərkəzi son 20 ildə terrorla mübarizədə Birləşmiş
Ştatların maliyyə və insan itkilərini təqdim edib. Braun universiteti tərəfindən
hazırlanan hesabatdan bəlli olub ki, terrorizmlə qlobal müharibə, təqribən bir
milyon insanın həyatına son qoyub və başlandığı vaxtdan indiyə qədər 8 trilyon
dollara başa gəlib. 2011-ci ilin 11 sentyabrından bəri başladılan hərbi əməliyyatlarla
bağlı hesabatda İraq, Suriya, Əfqanıstan, Pakistan, Somali və digər regionlarda
ABŞ-ın sərf etdiyi maliyyə və canlı qüvvə sarıdan itkiləri hesablanıb.
Hesabatda, necə deyərlər, Yaxın Şərq və Mərkəzi Asiyada, Afrikada müddətsiz "əbədi
müharibələr”lə bağlı dolğun məlumatlar əks olunub. Beləliklə, son 20 ili əhatə
edən hesablamalara görə, 929 min insan həlak olub ki, onların 387 mini mülki şəxsdir.
Həlak olanların 207 mini hərbçi və polis, 301 min isə yaraqlılara aiddir. Hərbi
münaqişələr nəticəsində ABŞ-ın 15 min hərbçisi həlak olub.
İqtisadi
itkilər
ABŞ hökuməti
Əfqanıstan və Pakistandakı hərbi əməliyyatlara 2,3 trilyon, İraq və Suriyadakı
qarşıdurmalara 2,1 trilyon, Somalidə və Afrikanın digər bölgələrində 355
milyard dollar sərf edib. 2001-ci ildən bəri ABŞ daxili təhlükəsizlik tədbirlərinə
1,1 trilyon dollar xərcləyib, bu da daxildə və xaricdəki terrorizmlə mübarizəyə
sərf olunan birbaşa xərcləri 5.8 trilyon dollara çatdırıb. Ancaq bu rəqəm
müharibənin bütün xərclərini əks etdirmir. On minlərlə Amerika əsgəri cəbhə
bölgəsindən şikəst, yaralı olaraq geri döndü və bir çoxu federal hökumətdən
asılı adamlara çevrildilər. Bu veteranlara əlillik və tibbi xidmət üçün ödəniləcək
xərc 2050-ci ilə qədər hazırkı 465 milyard dollardan 2,2 trilyon dollara yüksələcək
ki, bu da müharibələrin ümumi iqtisadi xərclərini
8 trilyon dollara çatdıracaq.
Hətta belə
ehtiyatlı hesabat da...
Hesabatda
2001-ci ilin 11 sentyabrından sonrakı müharibələrin xərclərinə, o cümlədən
Müdafiə Departamenti və Dövlət tərəfindən ayrılan xərclərə ümumi bir fikir bildirmək
üçün bir neçə fərqli mənbə təqdim edilir. Bura Pentaqon üçün əsas əməliyyat
büdcəsinin artırılması, kreditlər üzrə faiz ödənişləri, veteranlara dəstək və
Daxili Təhlükəsizlik Departamentinə terror hücumlarının qarşısının alınması
üçün ayrılan xərclər daxildir. Hətta belə ehtiyatlı hesabat da ABŞ-ın xərcləri
haqqında tam təsəvvür yaratmır: hesabatın 8 trilyon dollarlıq ümumi rəqəmi nə
humanitar yardımları, nə müharibə bölgəsindəki iqtisadi inkişafa xərclənən
pulları, nə də böyük məbləğdə gələcək faiz ödənişlərini nəzərə alır.
Nəticə də
odur ki...
Qlobal
terrorizmə qarşı mübarizənin astronomik maliyyə xərcləri nəinki müharibənin
özünün təsirsiz olduğunu sübut edir, həm də cari xərclərlə Amerika rəsmilərinin
ilkin bəyanatları arasındakı uyğunsuzluq səbəbindən təzadlıdır. İraq müharibəsi
bunun bariz nümunəsidir. Əslində, ABŞ-ın 11 sentyabr hadisələrindən bəri
iştirak etdiyi bir sıra qarşıdurmalardan yalnız biri olan İraqın işğalı
trilyonlarla dollara başa gəldi, Yaxın Şərqdə sabitliyi pozdu, ABŞ-ın əziyyət çəkdiyi
qarşıdurmalar yaratdı və bütün dünyada insanların həyatına son qoydu. Mövcud
hadisələr vəziyyətin nəzarətdən çıxdığını təsdiqləyir. Nəticə də odur ki,
ABŞ-ın özündə də hərbçi, siyasətçi və ziyalılar həyəcan təbili çalmaqdadır.
Beləliklə,
ABŞ Əfqanıstanda 20 illik işğala son qoysa da, münaqişələr heç vaxt bitməyəcək.
Bu gün cavabını gözləyən çoxlu suallar var - 11 sentyabr hadisələrindən sonra
20 il davam edən müharibədə ABŞ nəyə nail oldu? Bir milyon insanın ölümündən və
trilyonlarla dollar israfdan kimsə nə isə qazandımı? Kim itirdi və itirməyin dəyəri
nə qədərdir? Yəqin ki, nə vaxtsa bu suallara cavab verən tapılacaq.
Kamran Nur