Termal sulardan niyə lazımınca istifadə etmirik?

Ukraynanın
Truskavets şəhərinin sağlamlıq zonası adlandırılmasının əsas səbəbi termal və
mineral sulardan turizmin inkişafı məqsədi ilə istifadə olunmasıdır. Həmin ölkədə
səfərdə olarkən bu faktın bir daha şahidi olduq. Şəhərin sanatoriya və otelləri,
pansionatlar və s. turizm obyektləri turistlərə tibbi turizm xidmətini yüksək səviyyədə
təklif edirlər. Keçən il 6 min azərbaycanlının Truskavetsə müalicə və istirahətə
yollandığını nəzərə alsaq, eyni təbii potensiala malik ölkəmizə turist cəlbinin
aşağı səviyyədə olması, bu istiqamətdə infrastrukturun formalaşmaması təəssüf
doğurur.
Ölkəmizin
ərazisinin termal, mineral və sənaye əhəmiyyətli su ehtiyatları ilə zəngin
olması isə təbii ki, iqtisadiyyatın, xüsusən də turizmin inkişafı üçün geniş
imkanlar açır. Xüsusən ölkəyə turist cəlbində böyük rol oynaya biləcək termal
suların respublika ərazisində geniş miqyasda yayılmasına baxmayaraq, onlardan nəinki
sağlamlıq turizmi məqsədi ilə, hətta təssərrüfatın müxtəlif sahələrində istifadə
olunması səviyyəsi qənaətbəxş deyil.
Ekologiya
və Təbii Sərvətlər Nazirliyinin məlumatına istinad etsək, Azərbaycanda da yüksək
temperatura malik böyük termal su yataqları mövcuddur. Böyük Qafqaz, Abşeron
yarımadası, Şamaxı-Qobustan, Xəzəryanı, Quba, Lənkəran-Masallı zonaları,
Kür-Araz ovalığı termal su mənbələri ilə zəngindir. Mütəxəssislərin fikrincə,
ölkəmizdə geotermal sulardan həm məişətdə, həm də yaşayış məntəqələrinin
istilik təchizatında, istixana təsərrüfatının qızdırılmasında istifadə oluna
bilər. Təəssüf ki, qiymətli mənbələrdən lazımınca istifadə edilmir. Bir çox ölkələr
xüsusən, turizm sektorunda inkişafa məhz sağlamlıq turizmini inkişaf etdirərək
nail olduqları halda, bizdə bu sahənin xüsusi inkişafından danışmaq hələ ki
mümkün deyil.
"İstisu” axıb gedir
Uzağa getməyək, cənub bölgəsində hələ sovet dövründə məşhur olan
"İstisu”yun demək olar ki, əvvəlki şöhrətindən
əsər-əlamət qalmayıb. Elə rayonda olarkən "İstisu axıb gedir” təəssüfünü eşitdik.Cənub rayonlarında turizmin inkişafını təmin etmək
üçün müalicəvi turizm şəhərciyinin salınması nəzərdə tutulsa da, prosesin yaxın
zamanda həyata keçəcəyi gözlənilmir. Rayon İH-dən aldığımız məlumata görə, əlaqədar
təşkilatlara müraciətlər ünvanlanıb və ilkin razılıq əldə olunub: "Rayonda
turizmin inkişafı rayon iqtisadiyyatının əsas sahələrindən birini təşkil edir.
Bu səbəbdən bütün regionu əhatə edən və bir mərkəzdən idarə olunan Turizm
İstirahət Şəhərciyinin "İstisu” zonasında salınması ilə bağlı irəli sürülən təklif
reallaşmaq ərəfəsindədir. İlk növbədə Masallıya turizmlə bağlı sərmayə cəlb etmək
lazımdır ki, həmin sanatoriya tikilsin”.
İl ərzində Masallıya 25 min
turist gəlir. 30-a yaxın turizm obyekti var. Ancaq turizm mövsümü yalnız yay
aylarını əhatə edir: "Bu müddətdə ciddi gəlir əldə etmək mümkün deyil. Qış və
müalicəvi turizmi əhatə edəcək sanatoriya tikilsə, zonada ilboyu turizmi
inkişaf etdirmək olar. Ancaq bu gün müalicəvi əhəmiyyətə malik "İstisu” istifadəsiz
halda axıb gedir. Biz 800-1000 nəfərliksanatoriya tikilməsi üçün 10
hektar sahə ayırmışıq. "İstisu” borular vasitəsilə həmin əraziyə gətiriləcək və
insanlar onun möcüzəvi faydasından ilboyu yararlanacaqlar. Turistin gəlməsi
üçün isə ilk növbədə infrastruktur formalaşmalıdır. Bakı-Astara istiqamətindəki
yol da turistin gəlişinə mane olur. Artıq çəkilişi 3-4 aya başa çatacaq
magistral yol təhvil veriləndən sonra Bakıdan Masallıya 2 saata çatmaq mümkün
olacaq. Bu, regionda turizmin inkişafına böyük kömək olacaq”.
Dövlət Proqramı olmalıdır
Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin Milli Ekoloji Kəşfiyyat Xidmətinin kompleks hidrogeologiya və mühəndis
geologiyası ekspedisiyasının baş geoloq əvəzi Rüstəm Hüseynov Azərbaycanda
termal su mənbələrinin geniş yayıldığını qeyd etsə də, onlardan səmərəli
istifadə olunmadığını bildirir. Belə ki, ölkənin termal su ehtiyatı
respublikamızın bütün bölgələrində qeyri-bərabər yayılıb: "Termal su ehtiyatı
gündə 420 min kub metrdir. Bu tip su mənbələri əsasən Kür-Araz ovalığında, Lənkəran-Talış,
Samur-Dəvəçi düzənliyində, Xaçmaz rayonu ərazisində geniş yayılıb”. Dünya təcrübəsində
termal suların tərkibindəki komponentlərdən asılı olaraq müxtəlif istifadə
istiqamətlərinin olduğunu deyən geoloq ölkəmizdə bu istifadə sahələrindən o qədər
də geniş bəhrələnmədiyimizi təəssüflə bildirir: "Yəni termal sular primitiv
üsullarla, məsələn, hamam və ya vannalar kimi tətbiq olunur. Ancaq dünya
miqyasında termal sulardan temperaturundan asılı olaraq istilik və elektrik
enerji mənbəyi, müalicə, sanatoriya və kurort məqsədləri və s. üçün istifadə
olunur. Lənkəran-Talış zonasında "İstisu” sanatoriyası var. "Haftonu”
sanatoriyası sovet dövründə ümumittifaq sanatoriyası səviyyəsində idi. Goranboy
rayonu ərazisində gilli sudan istifadə olunur. Düzdür, bu, dövlət səviyyəsində
deyil, yalnız insanların özünün istifadə səviyyəsindən asılı olaraq işlədilir”.
Nazirlik
rəsmisi bu sahədə genişmiqyaslı Dövlət Proqramının olmadığını bildirir: "Turizmin
bu sahəsi kompleks şəkildə inkişaf etməlidir. Ekoturizm, arxeoloji və termal çərçivədə
palçıq vulkanları, Naftalan və s. termal mənbələr inkişaf etməlidir. Bu sahənin
inkişafı ilə bağlı dövlət özəl sektorun fəaliyyətinə daha geniş imkan açıb.
Onlar da maliyyə imkanlarından asılı olaraq istifadə edirlər”.
İnfrastruktur yaradılmalıdır
Azərbaycan
Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviriMüzəffər
Ağakərimov məsələyə
optimist yanaşmağa çalışır: "Son illərdə
Azərbaycanda termal və sağlamlıq turizmi inkişaf mərhələsindədir. Naftalan,
Qalaaltı, Masallı, Naxçıvan və s. sağlamlıq məkanlarında bu istiqamətdə otellər
fəaliyyət göstərir. Ölkəmiz turizmin bu sahəsini inkişaf etdirmək üçün böyük
potensiala malikdir. Azərbaycanın təbiəti, iqlimi, coğrafi mövqeyi sağlamlıq
turizmini inkişaf etdirməyə imkan verir. Hazırda Masallıda "İstisu”, Naxçıvanda
"Duzdağ” sağlamlıq turizmi bu turizm növünün inkişafında mühüm rol oynayır. Bu
gün ölkəmizdə 1500-dən çox mineral məkanlar var. Həmin qaynaqlardan səmərəli
istifadə etmək lazımdır. Eyni zamanda, palçıq vulkanlarından müalicə məqsədilə
yararlanmaq lazımdır”.
M.Ağakərimov
bildirir ki, sağlamlıq turizmini inkişaf etdirmək məqsədi ilə infrastruktur
yaradılmalı, yeni sağlamlıq məkanları müəyyənləşdirilməli, yollar çəkilməli,
elektrik, qaz və su təchizatı təmin edilməlidir: "Ölkəmizdə bu sahəni yüksək səviyyədə
inkişaf etdirmək üçün ixtisaslı kadrlar da hazırlanır. Həmçinin Turizm və
Menecment Universitetində bu sahə ilə bağlı elmi işlər yazılır. Əsas bu sahənin
inkişafına təkan verməkdir. Azərbaycan elə bir ölkədir ki, onun nəinki ümumi
turizm potensialı mövcuddur, həm də müxtəlif turizm növlərini, o cümlədən
sağlamlıq və termal turizmini inkişaf etdirmək üçün bütün imkanları var”.
Tanıtımlara ehtiyac
Düzdür,
demək olmaz ki, ölkəmizdə bu istiqamətdə işlər görülmür. Məsələn, Azərbaycanda
artıq Termal və Sağlamlıq Turizm Assosiasiyası yaradılıb. Ölkəmiz Dünya
Sağlamlıq Turizmi Assosasiyasında təmsil olunur. Bu platforma vasitəsi ilə
turizmin bu növünü həm ölkəmizdə, həm də xaricdə tanıtmalıyıq.
Azərbaycan Sağlamlıq və Termal
Turizmə Dəstək Assosiasiyasının idarə heyətinin üzvü Ceyhun Aşurov qurum olaraq əsas
məqsədlərinin mövcud vəziyyəti qabardıb beynəlxalq standartların tətbiqi ilə
daha keyfiyyətli xidmət təklif etmək olduğunu söyləyir: "Termal turizmin
inkişafı ilə bağlı ölkədə müəyyən işlər görülüb və bu istiqamətdə fəaliyyət
davam edir. Bu yaxınlarda Lənkəran zonasında yeni termal otelin açılacaq. Eləcə
də ölkənin başqa regionlarında termal mənbələrdən istifadə olunur. Məsələn, "İstisu”
qaynağı buna misaldır. Həmçinin Qalaaltıdakı kükürdlü su mənbəyi Avropanın
termal şəhərlər xəritəsinin siyahısındadır. Bu da sağlamlıq turizminin bir məhsuludur”.
C.Aşurovun sözlərinə görə, sağlamlıq turizmi üçün şəraitin olması ümumən turizm
sektorunda turistlər üçün çeşid yaradır. Yəni ölkəyə gələn turistlər müalicə ilə
yanaşı, dincəlir, həmçinin digər turizm məhsullarından istifadə edirlər:
"Sağlamlıq turizmi mövsümilik məsələsində daha dayanıqlıdır. Çünki bu turizm
xidmətindən ötrü gələnlər ölkədə 10-12 gün qalırlar. Ancaq 14 gün qalmaları
tövsiyə olunur”.
C.Aşurov
hesab edir ki, təkcə ölkə sakinlərini deyil,
xarici ölkə turistlərini də ölkəmizdə turizmin bu marşrutuna cəlb etmək
üçün tanıtımlar olmalıdır: "Bir çox dünya ölkələri məhz bu məhsulları ilə dünya
miqyasına çıxır və tanınırlar. Təbii ki, bazarı maraqlandırmaq lazımdır. Bu sahədə
məşğul olan turizm şirkətlərinə bazarı tanıtmaq və əlaqələr yaratmaq lazımdır.
Düzgün tanıtım olandan sonra bu sahədə təbii ki, artım və inkişaf olacaq və
seqment düzgün tanınacaq”. Xidmət səviyyəsinin yüksəlməsinə gəlincə,
turizmçinin sözlərinə görə, artıq bununla bağlı müəyyən addımlar atılır: «Peşə
məktəblərində, böyük otellərin nəzdində treninqlər keçirilir. Sadəcə, gələn
turistlərin sayı ilə xidmət personalının və açılan otellərin sayı üst-üstə
düşmür, bu da bəzi problemlər yaradır. Düşünürəm ki, bu istiqamətdə işlər
inkişaf etdikcə problemlər də aradan qalxacaq”.
Mütəxəssislərin
dediklərinə inansaq, yaxın gələcəkdə bizim ölkəmizdə də turizm sektorunda
sağlamlıq turizmi ayrıca bir qola, həm də gəlirli bir xəttə çevrilə bilər. O şərtlə
ki, termal mənbələrdən əhəmiyyəti üzrə istifadə olunsun. Təkcə dövlət deyil,
investorlar da öz diqqətini bu sahədən əsirgəməsin.
Təranə
Məhərrəmova
