• çərşənbə, 24 Aprel, 14:29
  • Baku Bakı 27°C

Təqaüdçülər turizmi

04.12.20 14:16 508
Təqaüdçülər turizmi
Və ya yaşlıların səyahətini necə təşkil etməli?
Rusiyada yaşlı nəsl turizminin inkişafı ilə bağlı şərtlər müzakirə olunur. Belə ki, turizmin başqa növlərinə ölkə daxilində diqqət yetirilsə də, təqaüddə olan və bu yaşa çatan insanlara ünvanlanan turistik məhsullar, demək olar ki, yoxdur. Xüsusən ölkə əhalisinin sürətlə qocaldığı bir vaxtda buna ehtiyac olduğu qeyd edilir.
Rusiyada təklif irəli sürülüb
Rusiya statistikasına görə, 2021-ci ildə yaşlı insanlar əhalinin 26.7 faizini, daha doğrusu 39.5 milyonunu təşkil edəcək. 2030-cu ildə 60 yaşdan yuxarı rusiyalıların sayı 32.2 milyon, 2050-ci ildə 37.1 milyon olacaq. Buna görə də, bazarda turizm biznesinin xüsusi təkliflərinə ehtiyac yarana bilər. "Bizdə "Uşaq turizmi” anlayışı var. "Turizmin inkişafı üzrə Strategiyada "Gənclik turizmi” anlayışı da yaranıb. Ancaq heç yerdə yaşlı adamların turizmi haqqında danışılmır” - deyə Dövlət Dumasının sədr müavini İrina Yakleva əlaqədar təşkilatları təkliflər üzərində işləməyə çağırıb. Onun sözlərinə görə, əhalini ölkənin daxilində istirahətə istiqamətləndirmək lazımdır: "Hesab edirəm ki, bu, ölkənin bütün gözəlliklərini görmək, vaxt tapıb gedə bilmədikləri ərazilərə səyahət etmələri üçün yaxşı fürsətdir. Əminəm ki, onlar bu təklifi dəyərləndirəcəklər”.
Həmçinin sağlamlıq, mədəni, ekoturizm, dini, kruiz turizmləri yaşlı adamlar üçün əlçatan ola bilər. "Səyahət – reabilitasiya üçün unikal vasitədir. Maraqlar üzrə ünsiyyət dairəni genişləndirmək, həyat eşqini yüksəltmək, əhval ruhiyyəni qaldırmaq üçün yaşlı insanlara xüsusən faydalıdır. Biz onlara uzun illər gərgin əməklərindən sonra istirahət təklif edirik. Onlar dörd divar arasından çıxıb, baha olmayan qiymətə ölkənin hüdudları çərçivəsində səyahət edə biləcəklər. Bu, onlara zövq verəcək. Həmçinin ölkə turizminin müxtəlif sahələrinin inkişafına yol açacaq. Nə üçün onlar termal sulardan istifadə, meşələrdən, təbiətdən zövq almaq üçün ölkə xaricinə getsinlər? Bizdə turizm üçün bütün məhsullar var”.
Məlumatlara görə, Rusiya əhalisinin yaşlı nəslinin cəmi 12 faizi səyahət edir. Sorğular zamanı məlum olub ki, bu, təkcə onların maddi vəziyyətləri ilə əlaqəli deyil, həmçinin turoperatorların onları qane etməyən şərtləri ilə bağlıdır. Ölkə hazırda qocalıq turizminin az-çox mövcudluğuna görə, hələ sovet dövründən qalan sanatoriya və istirahət evlərinə minnətdardır. Həmçinin Moskva təqaüdçüləri üçün çay kruizləri və Moskva ətrafına tanışlıq turları mövcuddur.
Artıq Kareliyada qocaların səyahətinə dəstək istiqamətində ilkin addımlar atılıb. Turizm şirkətləri təqaüdçülərə müəyyən güzəştlər nəzərdə tutan paketlər hazırlayıb. Bir-iki gün davam edən marşrutlar təşkil olunub. Hətta mərkəzdə Kareliya üzrə 800-dən artıq təqaüdçünü birləşdirən "Səyahətçilər klubu” yaradılıb ki, onların rahatlığını və təhlükəsizliyini təmin etməyə kömək etsin.
Bundan əlavə, Rusiyada "Yaşlı nəsil - 2020-2024 federal layihəsi də işlənir ki, məqsəd bu kateqoriyadan olan vətəndaşların həyat keyfiyyətlərini yüksəltmək və onlara mənəvi dəstək olmaqdır. Hələlik bu cür proqramın hansı məbləğə başa gələcəyini söyləmək çətindir. Ona görə, proqramı reallaşdırmaq üçün öncə pilot layihə həyata keçiriləcək.
Bəs bizim təqaüdçülər?
Bizim təqaüdçülərlə bağlı vəziyyət necədir? Ömür boyu özünü ailəsinə - övladına, nəvələrinə həsr edən insanlarımız, heç olmasa ahıl yaşa çatandan - təqaüdə çıxandan sonra səyahət etmək haqqında düşünürlərmi?
Bir neçə 65 yaş üstü təqaüdçülərlə söhbət edib onların istirahətlərini necə keçirmələri ilə maraqlandıq. Cavablar birmənalı olmadı. Səyahətə "yaşa və ya xəstəliyə görə” gedə bilmədiklərini deyənlərlə yanaşı, maddi vəziyyəti, turizm marşrutlarının büdcələrinə uyğun olmaması, sərfəli paketlərin yoxluğu və turizmin, xüsusən regionlarda yaxşı təşkil edilməməsinə görə istirahətdən vaz keçdiklərini söyləyənlər oldu. Aralarında, evində istirahətə üstünlük verdiklərini deyənlər də tapıldı.
67 yaşlı Feyruz Quliyev ta sovet dövründən səyahət etməyi xoşladığını deyir: "Tikintidə mühəndis işləmişəm. Məzuniyyət vaxtları ailəmlə Yaltaya, Soçiyə, Krıma, Truskavetsə istirahətə gedərdim. Həm müalicə alardıq, həm də o səfalı məkanları gəzərdik. Demək olar ki, uzun illər o yerlərə istirahətə getmişik. Sonra vəziyyət dəyişdi, SSRİ dağıldı, bir çox iş yerləri də bağlandı. Bəzi "ənənələrimizlə” də vidalaşdıq. İndi vaxtımı daha çox nəvələrimlə keçirirəm. Əlbəttə, pul olsa yenə gedərəm, amma daha o imkan yoxdur. Təəssüf ki, sovet dövründə sanatoriyalara getmək daha asan idi, indi buna şərait də yoxdur. Qocaların bu sarıdan çətinliyi var”.
70 yaşlı Züleyxa Nəcəfova tibb sahəsində çalışıb. Rəfiqələri və ailəsi ilə xarici ölkələrə səyahətlər edib. İndi xəstəliyi üzündən heç yerə gedə bilmir: "Bütün postsovet ölkələrini gəzmişəm. Avropa ölkələrində də çox olmuşam. Səyahət etməyi həmişə həyatımın ayrılmaz hissəsi hesab etmişəm. Bu, məni qocalmağa qoymayıb, cavan və gümrah saxlayıb. Təəssüf ki, artıq yaş öz sözünü deyir. Səhhətimdə problem olduğu üçün uzaq yol gedə bilmirəm. Yayda övladlarımla İsmayıllı, Oğuz, Masallı rayonlarını gəzməyə gedirik”. Z.Nəcəfova deyir ki, ölkəmizin səfalı bölgələri çoxdur. Turizm marşrutları inkişaf etsə, ölkə daxilində hərəkət edə bilərlər: "Elə bölgələrimiz var ki, görməmişik. Amma oralara getmək çətinliyi var. Bəzən adi marşrut tapmaq olmur. Gecələmək üçün "harda qalasan ki, ucuz başa gəlsin” deyə düşünürsən. Belə problemlər həll olunsa, biz də təqaüdümüzə uyğun marşrutlar seçərik”.
Rüstəm Əliyev isə yaşının 72 olmasına baxmayaraq aktivdir. Pedaqoji işlə məşğul olub. Bu gün də ölkə daxilində istirahət etməyi xoşlayır. Amma ölkədə turizmin təşkili onu qane etmir: "Xarici ölkələrə çox səyahət etdiyimdən, mənim üçün müqayisə aparmaq asandır. Bizim çox füsunkar rayonlarımız var. Onların turizmini inkişaf etdirmək olar. Gedirsən, heç bir şərait olmur. Otellər çox bahadır. Evlərin də şəraiti, bəzən uyğun gəlmir. İnsanların cibinə uyğun ucuz hotellər olmalıdır. Yaxşı olar ki, sağlamlıq turizminin inkişafına daha çox fikir verilsin. Masallıda istisu boşuna axıb gedir. Lənkərandakı termal otel isə çox bahadır. İnsanlarımız bu cür müalicələr almaq üçün Ukraynaya, Türkiyəyə, Sloveniyaya gedirlər. Bu sərvətlərin hamısı özümüzdə var, onları inkişaf etdirmək lazımdır ki, insanlar istifadə etsin”. R.Əliyev ümid edir ki, işğaldan azad edilən torpaqlarımızda tezliklə turizm inkişaf etdiriləcək. "Qarabağın dilbər guşələrinə istirahətə gedərik. Biz yaşlı insanların artıq ölkə daxilində gəzib istirahət etməsi məqsədəuyğundur. Bunun üçün də təkliflər olmalıdır. Sanatoriyalara, rayonlara və s. paketlər təqdim olunmalıdır”.
68 yaşlı Sərvinaz Süleymanova ümumiyyətlə, səyahət etməyi xoşlamır. Onun üçün ən gözəl istirahət evində olmaqdır: "İnstitut qurtarsam da, heç vaxt işləməmişəm. Özümü ailəmə, uşaqlarıma həsr eləmişəm. İndi də nəvələrimin qayğısını çəkirəm. Onlarla vaxt keçirmək mənim üçün dünyanın ən gözəl istirahətidir”.
Aktual turizm istiqaməti
Sual yaranır: bəs ölkə turizminin inkişafı istiqamətində görülən işlərdə əhalinin bu kateqoriyasına şamil edilən hansısa güzəştlər yer alırmı? Və ya turizm şirkətləri öz fəaliyyətlərində yaşlı insanlarımızı nəzərə alan güzəştlər edirlərmi? Bizim turizm marşrutları arasında sırf qocalar üçün nəzərdə tutulan məhsullar varmı?
Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının (AHTTSA) prezidenti Ruslan Quliyevyaşlıların turizm marşrutunu hal-hazırda aktual turizm istiqaməti adlandırır: "Eyni zamanda qeyd edim ki, müxtəlif ölkələr - məsələn Skandinaviya ölkələri, Avropa ölkələri yaşlı nəslin istirahəti üçün müəyyən addımlar atır. Biz bunu "bütün yaş qrupu turizmi” adlandırmışıq. Yaşı 65 üzərində olan təbəqə üçün müxtəlif ölkələrdə sosial paketlər nəzərdə tutulur. Həmin vətəndaşların ölkə daxilində və xaricdə istirahətlərini təşkil edirlər. Bizim də hədəfimiz ondan ibarətdir ki, orta və yaşlı nəslin sağlamlığı ilə bağlı Naftalan, İstisu, Qalaaltı və s. istiqamətlərdə istirahət etmələri üçün paketlər, turizm marşrutları təşkil olunsun. Eyni zamanda, daxili turizmdə yaşlı təbəqə üçün marşrutların yeni bir istiqamət kimi işlənməsi vacibdir. Biz də düşünürük ki, klassik dəyərlərə sadiq qalaraq, innovativ yanaşmalarla yeni markalaşma siyasətinin həyata keçirilməsinə çalışaq. Ümumiyyətlə, hesab edirik ki, hər bir turizm növündə nəsillərarası bölgüyə imkan vermək olmaz. Bunların hamısı paralel məhsullar və eyni bazara xitab edir”.
"Luna Travel” Turizm Agentliyinin direktoru, hüquqşünas Rəhman Quliyev məsələyə optimist yanaşır: " Ümumiyyətlə, nəzərə alsaq ki, yaxın gələcəkdə işğaldan azad olunan bölgələrimizdə termal sular ətrafında müalicəvi sanatoriyalar inşa ediləcək, onda məsələnin həllinə ümidlə baxmaq olar. Eyni zamanda, hazırkı termal sanatoriyaların fəaliyyətinin, bir növ yaşlı nəslin turist marşrutuna salınması məqsədəuyğun olardı”. Turizmçi hesab edir ki, bununla yanaşı, yaşlı nəsil arasında sorğu keçirib turizmin daha hansı növündən istifadə etmək istəklərini öyrənmək yaxşı olar: "Yaşlı insanların istəklərini öyrənib gələcəkdə onlara uyğun proqramlar hazırlamaq olar”.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər