• cümə axşamı, 28 mart, 15:10
  • Baku Bakı 16°C

Tənha ahıllar üçün günərzi xidmət mərkəzləri

12.06.19 10:00 2383
Tənha ahıllar üçün günərzi xidmət mərkəzləri
Təqaüdçü insanlara, tənha ahıllara sosial dəstəklə yanaşı, onların mənəvi-psixoloji dünyaları üçün müxtəlif layihələrin həyata keçirilməsi də artıq qabaqcıl ölkələrin sosial siyasətlərində əsas yer tutur. Yaşlılar üçün kitabxanaların yaradılması, səyahətlərin təşkili, könüllülər kimi işə cəlb olunması, məşğulluqlarının təmin edilməsi və s. kimi layihələr üçüncü yaş dövrünü yaşayan insanların ömrünü uzatmağa, onları tənhalıqdan xilas etməyə, səhhətlərinə, psixoloji durumlarına yardım etməyə hesablanıb.

Ölkələr təqaüdyaşlı insanların sosial rifahları üçün atdıqları addımlarla yanaşı, mərhəmətə, xeyriyyəçilik ənənələrinə, xeyirxahlığa söykənən layihələri də birgə həyata keçirirlər. Məsələn, Rusiyada ahıllar üçün universitetlərin qəbul elan etməsi, tənha qocaların tanışlıqları məqsədi ilə səyahət klublarının yaradılması, yaddaşlarının bərpa olunması üçün dil kurslarının fəaliyyəti buna gözəl misaldır. Bizim ölkəmizdə də sosial siyasətin əsas istiqamətlərindən biri ahıl insanların sosial müdafiəsinin gücləndirilməsinə yönəlib. Ölkə qanunvericiliyinə əsasən, 70 yaşına çatmış vətəndaşlar ahıl hesab olunurlar.

Dövlət başçısının 2019-cu il 1 iyun tarixli sərəncamı sosial xidmətlər sistemində yeni bir istiqamət kimi, ahıllar üçün də günərzi xidmətlərin təşkilinə imkan yaradıb. Sərəncamın icrası çərçivəsində 5 rayonda ahıllar üçün günərzi xidmət mərkəzlərinin yaradılması nəzərdə tutulub.

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində həmin kateqoriyadan olan şəxslər stasionar şəkildə xidmətlərlə təmin edilirlər. Həmçinin əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamayan, özünəqulluq qabiliyyəti olmayan tənha ahıllara evlərində sosial-məişət xidməti göstərilir. Nazirliyin məlumatına görə, yeni günərzi mərkəzlərində isə tənha ahıllara yarımstasionar şəkildə sosial-məişət, tibbi, mədəni və s. xidmətlər göstərilməsi, asudə vaxtlarının səmərəli təşkili və s. istiqamətlərdə işlər aparılacaq.

Əmək və ƏhalininSosial MüdafiəsiNazirliyiDövlət Sosial Müdafiə Fondunun Sosial xidmətlər və proqramlarşöbəsinin müdiri Vüqar Behbudov"Kaspi”yə açıqlamasında ölkəmizdə tənha yaşayan ahıllara evdə sosial xidmət göstərildiyini bildirir. Belə ki, nazirliyin 1100-dən çox işçisi tərəfindən 11 min qocaya evdə məişət xidməti göstərilir: "Bizim Qocalar evimiz var. Tənha yaşayan insanlara qulluq göstərilsin deyə, onlar qocalar evinə yerləşdirilir. Elə qocalar da var ki, onlara evdə məişət xidməti göstərilir. Bəziləri gün ərzində özləri heç nə edə bilmirlər və qocalar evinə də düşmək istəmirlər. Bu cür insanlara alternativ xidmət göstərilir. Biz də həmin qocalara gün ərzində xidmət göstərmək üçün qərara aldıq ki, günərzi mərkəzi yaradılsın və ahıllar orada asudə vaxtlarını mənalı keçirsinlər. Uzun illər işləyib evdə qalan insanlar üçün işsiz qalmaq daha böyük zərbə olur. Onlar həmin mərkəzlərdə gün ərzində vaxtlarını keçirsələr, bir-birləri ilə ünsiyyətdə olsalar, onlar üçün daha effektiv olar. Təbii ki, həmin mərkəzlərə sırf ehtiyacı olanların gəlməsinə diqqət yetiriləcək”.

Şöbə müdirinin bildirdiyinə görə, ilkin olaraq 5 günərzi mərkəzinin yaradılması nəzərdə tutulur. Bu günlərdə isə pilot layihələrin yaradılması ilə bağlı elanlar veriləcək: "İstəyirik ki, sosial sahədə təcrübəsi olan təşkilatlar təkliflərlə çıxış etsinlər. Mərkəzlərin əsasən Bakı, Sumqayıt, Gəncə kimi iri şəhərlərdə yaradılması nəzərdə tutulub. Gələcəkdə daha hansı istiqamətlərdə yaradılması üçün təklifləri nəzərə alacağıq. Bu, pilot layihə olduğu üçün birdən-birə öhdəçiliyi boynumuza götürüb bütün ölkəni əhatə edə bilməyimiz real deyil. Biz uşaqlar üçün də günərzi mərkəzləri yaratmışıq. Bu işdə özümüz üçün də təcrübə lazımdır”. V.Behbudovun sözlərinə görə, mərkəzlərdə ahılların asudə vaxtlarının mənalı keçməsindən ötrü kitabxanaların yaradılması, müxtəlif oyunların keçirilməsi, səyahətlərin təşkili və s. nəzərdə tutulur. Həmçinin ahılların məşğulluqları da nəzərə alınacaq. Gün ərzində ahıllar üçün müəyyən qidaların təşkili də istisna deyil. Şöbə müdiri pilot layihənin həyata keçirilməsi üçün beynəlxalq təcrübənin də öyrənildiyini deyir: «Bu yaxınlarda beynəlxalq tədbirdə iştirak etdim. Tədbirə bir çox ölkələrin nümayəndələri qatılmışdı. Təbii ki, onların da təcrübəsindən istifadə etməklə öz nümunəmizi yaratmağa çalışırıq. Çünki bizim ahıllarla onların ahıllarının həyat tərzi, yaşayışı və s. arasında fərqlər var. Məsələn, dünyanın hər yerində qocalar evi pullu, bizim ölkəmizdə isə pulsuzdur. Ancaq xidmət olaraq onların fəaliyyətini öyrənmişik».

Şöbə müdiri, həmçinin Kanada təcrübəsi üzərində də düşünüldüyünü deyir. Belə ki, Kanadada uşaq evi və qocalar evini birləşdirmək fikri irəli sürülüb. Nəticə isə gözləniləndən də yüksək olub. Yaşlılar sevgi dolu nəvələrini tapıblar, ata-anasız uşaqlar isə ilk dəfə valideyn sevgisi və qayğısı hiss ediblər.

Həkimlər həmin yaşlıların bütün həyati funksiyalarının yaxşılaşdığını, gözlərinə işıq gəldiyini və yaşam güclərinin artdığını müəyyən ediblər. Uşaqlardakı sıxıntı, qorxu, kədər, güvənsizlik hissi isə şıltaq səs-küylə əvəz olunub. Kimsə heç vaxt sahib olmadığı ailəyə sahib olub, kimsə nəvələrlə əhatələnib: "Ancaq bilmirik ki, bizim qocalar uşaqları necə qəbul edər. Ona görə də bir qədər tərəddüd keçiririk”.

Mərkəzlərə insanların yerləşdirilməsinə gəlincə, şöbə müdiri bildirir ki, yerlər icarəyə götürüləcək: "Yəni layihə olaraq verəcəyik, təşkilat özü yeri təklif edəcək. Biz də ahıllar üçün yerin uyğun olub-olmadığını qiymətləndirəcəyik. Bizim o qədər binamız yoxdur. Prezidentin sərəncamına əsasən, 58 uşaqlar üçün reabilitasiya mərkəzi, 58 icma əsaslı reabilitasiya mərkəzi, 10 peşə reabilitasiya mərkəzi daxil olmaqla 100-dən çox mərkəz yaradacağıq”. Mərkəzlərdə ahılların məşğulluqları da nəzərə alınacaq. Qocaların nəyə marağı varsa, ilkin olaraq həmin məşğulluq növləri tətbiq ediləcək: "Gələcəkdə tələbata uyğun olaraq məşğulluq növləri dəyişə də bilər. İlkin olaraq mərkəzə ahıl tənhalar cəlb olunacaq. Çünki ahılların sayı çoxdur. Təkcə tənhalar 10 mindir. Hələlik qanunvericiliyə uyğun mərkəzlərin yaradılması ilə bağlı elanlar hazırlanır. Yəqin ki, ayyarıma layihənin icrasına başlanılacaq”.
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər