• cümə axşamı, 28 mart, 12:52
  • Baku Bakı 16°C

Təmin edilməyən müyəssərlik - Fotolar

22.11.18 10:00 6210
Təmin edilməyən müyəssərlik - Fotolar
Müstəqil Azərbaycanın hər bir vətəndaşının hüquq və vəzifələri ilk növbədə Konstitusiya ilə tənzimlənir. Əsas Qanunumuzun 24-cü maddəsində insan və vətəndaş hüquqlarının, azadlıqlarının prinsipləri əks olunub. Qeyd edilib ki, hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları var. Eyni zamanda vurğulanıb ki, hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini əhatə edir.Yəni, hüquqlardan sui-istifadəyə yol verilmir. Bununla yanaşı, Konstitusiyanın 25-ci maddəsində hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi, kişi ilə qadının eyni hüquq və azadlıqlarının olduğu vurğulanıb.
Bu mənada Azərbaycanda əlilliyi olan vətəndaşlara da münasibət bərabərdir və əlillərin hüquqları digər qanunlarla tənzimlənir. Xüsusən də "Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsaslarını və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrini müəyyən edir. Bu qanunun "Əlilliyi olan şəxslər üçün müyəssərlik” adlı III fəslinin 12-ci maddəsi "Müyəssərlik üçün şərait yaradılması”na həsr olunub. Burada qeyd olunub ki, dövlət əlilliyi olan şəxslərə müstəqil həyat tərzi keçirmək və həyatın bütün aspektlərində hərtərəfli iştirak etmək imkanının yaradılması üçün, onların digərləri ilə bərabər səviyyədə fiziki mühit, nəqliyyat, informasiya və rabitədən, o cümlədən informasiya-kommunikasiya texnologiyaları və sistemlərindən, əhaliyə açıq olan və ya təqdim olunan digər obyekt və xidmətlərdən istifadəsinin təmin olunması üçün zəruri tədbirlər görür.
Eynilə qanunun 13, 14, 15, 16 və 17-ci maddələrində "İnfrastruktur obyektlərinin layihələndirilməsi və tikintisi zamanı əlilliyi olan şəxslərin tələbatının nəzərə alınması”, "İnfrastruktur obyektlərinin əlilliyi olan şəxslərin istifadəsi üçün uyğunlaşdırılması”, "Yaşayış binalarının əlilliyi olan şəxslərin istifadəsi üçün uyğunlaşdırılması”, "Mədəniyyət və idman obyektlərinin əlilliyi olan şəxslərə müyəssərliyinin təmin edilməsi”, "İnfrastruktur obyektlərinin və yaşayış binalarının əlilliyi olan şəxslərə müyəssər olmasına dövlət nəzarəti” kimi məsələlər öz əksini tapıb.

Düzdür, son illər "Bakubus” MMC və digər sərnişindaşıma şirkətləri marşrut xətlərinə müasirtipli avtobuslar buraxıblar. Həmin avtobuslarda əlilliyi olan şəxslər üçün müəyyən imkanlar var. Eləcə də "Bakı Metropoliteni” QSC-nin yeni tikilən stansiyalarında əlil vətəndaşların hərəkəti üçün şərait yaradılıb. Bakı Nəqliyyat Agentliyi tərəfindən isə Bakı şəhərinin mərkəzindəki bəzi küçələrdə səkilər, bardürlər yenidən qurulub, əlilliyi olan vətəndaşların səkiyə qalxıb düşməsi, ümumiyyətlə sərbəst hərəkəti üçün şərait yaradılıb. Lakin bütün bunlar yetərli deyil. Təəssüflər olsun ki, qanunun müvafiq bəndlərində əks olunan tələblərin hamısı yerinə yetirilmir. Nəticədə əlilliyi olan şəxslərin, o cümlədən hərəkət etmə, görmə məhdudiyyəti olan vətəndaşların ictimai yerlərdə, çoxmərtəbəli binalarda, idarə və müəssisələrdə sərbəst hərəkəti qeyri-mümkün olur.

Misal üçün, bu günlərdə bir təqdimat mərasimində iştirak edirdim. Təqdimatın keçirildiyi ünvan Bakı şəhərinin mərkəzində - son illərin quruculuq nişanəsi sayılan "Qış parkının” yaxınlığında idi. Həmin ərazidə Füzuli küçəsindən Şəmsi Bədəlbəyli küçəsinə, həmçinin "Qış parkı”na keçmək üçün yeraltı keçid var. Bu yeraltı keçiddə görmə, yerimə məhdudiyyəti olan vətəndaşların sərbəst hərəkəti üçün şərait yoxdur. Belə ki, yeraltı keçidin giriş və çıxışında pilləkənlər və günün hər hansı vaxtında işlədiyinə rast gəlmədiyimiz eskalatorlar quraşdırılıb.
Həmin pilləkən və eskalatordan keçidə enəndə içəridə daha bir pilləkənlə rastlaşırıq. Hansı ki, əlil arabasında olan, yaxud görmə məhdudiyyətli istənilən vətəndaş üçün bu pilləkənlər, eskalatorlar keçilməz sədlərdir. Düzdür, həmin ərazidə başqa bir yeraltı keçiddə əlil və uşaq arabasının hərəkəti üçün panduslar quraşdırılıb. Ancaq bu panduslarda da maililik, hündürlük o səviyyədədir ki, əlilliyi olan şəxslərin oradan da istifadəsi qeyri-mümkündür.
Əgər biz ətrafımıza baxsaq, eyni mənzərəni, yəni şəraitsizliyi köhnə və yeni tikilən çoxmərtəbəli binalarda, ali və orta məktəblərdə, idarə və müəssisələrdə də görə bilərik. Bu, qanunun tələblərinin tam yerinə yetirilməməsi, əlilliyi olan şəxslərin bir vətəndaş kimi hüquqlarının pozulmasıdır.

Mövzu ilə bağlı fikirlərini "Kaspi”yə bölüşən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Jalə Əliyeva cari ilin may ayında parlamentdə "Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunun qəbul olunduğunu diqqətə çatdırıb. Qeyd edib ki, qanun layihəsi hələ Milli Məclisin müvafiq komitəsində müzakirə olunarkən əlillərlə işləyən qeyri-hökumət təşkilatları da prosesə cəlb olunub, onların iradları, təklifləri, fikirləri öyrənilib: "Müzakirələrdə iştirak edən QHT təmsilçiləri əlilliyi olan şəxslərlə bağlı narahatedici məqamları, irad və təkliflərini səsləndirdilər. Müzakirələrdə əlillərin sərbəst hərəkəti, nəqliyyatdan istifadəsi üçün şəraitin yaradılması və bundan irəli gələn digər məsələlər də diqqətə çatdırıldı. Vətəndaş cəmiyyətinin, əlil vətəndaşlarımızın da fikir və təklifləri nəzərə alınmaqla qanunvericiliyə dəyişiklik edildi. Ümumən müzakirələr, səsləndirilən fikirlər bir daha təsdiq edir ki, Azərbaycanda əlilliyi olan şəxslərə dövlətin böyük qayğısı var. Bu qəbildən olan insanlar digər vətəndaşlarımız kimi dövlətin diqqətini öz üzərlərində hiss edirlər. "Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunun qəbul olunması da bu diqqət və qayğının daha bir nümunəsidir. Əgər Bakıda kiçik bir gəzintiyə çıxsaq, son illər şəhər infrastrukturunda əlilliyi olan şəxslər nəzərə alınmaqla bir sıra dəyişikliklərin həyata keçirildiyini müşahidə edə bilərik. Bir sıra idarə və müəssisələrdə, hətta Milli Məclisin binasında da əlilliyi olan şəxslər nəzərə alınaraq xüsusi panduslar quraşdırılıb. Təbii ki, bütün problemlər birdən-birə aradan qalxmır. Zamanla özünü göstərən digər çatışmazlıqlar da aradan qaldırılacaq. Bu istiqamətdə böyük iş gedir”.

Əlil Təşkilatları İttifaqının (ƏTİ) prezidenti Davud Rəhimli də bildirib ki, ətraf mühitin əlilliyi olan insanlar üçün uyğunlaşdırılması, onların sərbəst həyatının təmin olunması əsas şərtlərdən biridir. Onun sözlərinə görə, bu şərtlər və tələblər həm beynəlxalq, həm də yerli qanunvericilikdə öz əksini tapıb: "Azərbaycan 2008-ci ildə BMT-nin "Əlillərin hüquqları haqqında” Konvensiyaya qoşulub. Həmin Konvensiyanın "İstifadə imkanları” adlı 9-cu maddəsi bilavasitə əlillərə müstəqil həyat tərzi keçirmək və həyatın bütün aspektlərində hərtərəfli iştirak etmək imkanının yaradılmasına həsr olunub. Bu Konvensiyaya qoşulan dövlətlər əlilliyi olan şəxslərin, digər vətəndaşlarla bərabər səviyyədə, fiziki mühit, nəqliyyat, informasiya və rabitədən, o cümlədən informasiya-kommunikasiya texnologiyaları və sistemlərindən, habelə həm şəhər, həm də kənd rayonlarında əhaliyə açıq olan və ya ona təqdim olunan digər obyekt və xidmətlərdən istifadəsini təmin etməli, bu istiqamətdə zəruri tədbirlər görməlidirlər. Azərbaycan dövləti də Konvensiyaya qoşulmaqla belə bir öhdəliyi üzərinə götürüb. Əlilliyi olan vətəndaşlarımızla əlaqəli Azərbaycanda da bir sıra qanunlar qəbul olunub. Həmin qanunlarda da həm universal dizayn, ətraf mühitin əlillərə uyğunlaşdırılması, müyəssərlik və sair bu kimi məsələlər öz əksini tapıb. Bundan başqa, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sifarişi əsasında Əlil Təşkilatları İttifaqı tərəfindən ətraf mühitin əlilliyi olan insanlara uyğunlaşdırılması, müyəssərliyin təmin olunması üçün qaydalar hazırlanıb. Müyəssərliyin hansı formada olmasını özündə göstərən bu qaydalar təsdiqlənməsi üçün Nazirlər Kabinetinə təqdim olunacaq. Ən nəhayət, "Şəhərsalma və Tikinti Məcəlləsi”nin 57-ci maddəsinin 57.2.7 bəndində göstərilib ki, ümumi istifadə üçün nəzərdə tutulmuş tikinti obyektləri əlillərin və hərəkət imkanları məhdud digər şəxslərin istifadəsi ilə bağlı zəruri infrastruktura malik olmalıdır. Bütün bunları sadalamaqla qeyd etmək istəyirəm ki, məsələnin qanunvericilik tərəfi həllini tapıb. Lakin real işə gəldikdə bəzi problemlər hələ də özünü göstərməkdədir”.

ƏTİ prezidenti deyib ki, ətraf mühitin əlilliyi olan şəxslərə uyğunlaşdırılması zamanı bütün növ əlilliyi olan şəxslər nəzərə alınmalıdır. Onun fikrincə, 10-15 il bundan öncə qeyd edilən sahədə yalnız epizodik işlər görülməyə başlanılıb: "Yeraltı keçidlərdə, bəzi binaların qarşısında müəyyən işlər görüldü, panduslar, bahalı qurğular quraşdırıldı. Təəssüf ki, bu işlər standartlara uyğun şəkildə həyata keçirilmədi. Həmin vasitələrdən əlilliyi olan şəxslər sərbəst şəkildə istifadə edə bilmirlər. Sanki görüntü xətrinə, "üzərimizə düşən öhdəliyi yerinə yetirdik” demək üçün iş görüldü. Əlilliyi olan vətəndaşı bir kənara qoysaq, əliuşaqlı, fiziki sağlamlığı tam yerində olan bir qadın uşaq arabası ilə o panduslardan istifadə edə, yeraltı keçidə rahatlıqla enib qalxa bilməz. Hələ mən onu demirəm ki, şəhərin mərkəzində bir çox yeraltı keçidlərdə quraşdırılan eskalatorlar da işləmir. Bundan başqa, əlilliyi olan şəxslər üçün baha qiymətə xaricdən alınıb yeraltı keçidlərdə quraşdırılan bir sıra qurğular da fəaliyyətsizdir. Əlillər onlardan istifadə qaydalarını belə bilmirlər. Görmə məhdudiyyəti olan vətəndaşların şəhərdə rahat hərəkəti üçün də şərait yoxdur. Səsli işıqforların quraşdırılmasına, xüsusi hərəkət zolaqlarının olmasına böyük ehtiyac var. Bakı Nəqliyyat Agentliyinin, ASAN Xidmət Mərkəzlərinin əlilliyi olan şəxsləri nəzərə alaraq gördüyü işlər təqdirəlayiqdir. Amma ümumilikdə götürsək ətraf mühitin əlilliyi olan şəxslərə uyğunlaşdırılması, onların evdən işə, gəzməyə və sairə sərbəst gedib qayıtmaları üçün kompleks tədbirlər həyata keçirilməlidir”.

Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədr müavini Reyhan Cəfərova da bizimlə söhbətində qeyd edib ki, əlilliyi olan şəxslərin, o cümlədən görmə məhdudiyyətli insanların Bakı şəhərində, xüsusən də ictimai nəqliyyatda sərbəst hərəkəti qeyri-mümkündür. O, bununla bağlı müvafiq qurumlara təşkilat adından çoxsaylı müraciətlər edildiyini dilə gətirib: "İndiyə qədər olunan müraciətlər nəzərə alınaraq, metronun yeni tikilən stansiyalarında gözdən əlillərin hərəkəti üçün xüsusi sarı zolaqlar yaradılıb, istiqamətverici xətlər çəkilib. Qatarların hərəkət istiqamətlərini göstərən yazıların iri hərflərlə müxtəlif rənglərdə yazılması da müsbət haldır. Gözdən əlillər üçün bu böyük əhəmiyyət daşıyır. Sözsüz ki, çatışmayan cəhətlər də çoxdur. Gözdən əlillər üçün stansiyaların xəritəsi müfəssəl surətdə işlənməyib, yerdəki sarı zolaqlar-xətlər sona qədər aparılmayıb. Həmin xətlərin bir qismində yarımçıqlıq var, bir qismi isə səhv quraşdırılıb. İstərdik ki, bu kimi işlər görülən zaman müvafiq qeyri-hökumət təşkilatlarının da tövsiyələri nəzərə alınsın, fikirləri dinlənilsin. Yeni, müasir sərnişin avtobuslarında dayanacaqların səslə xatırladılması var. Amma bəzən sürücülər tərəfindən o səsli xatırlatma söndürülür ki, bu da gözdən əlillərə problemlər yaşadır. Dayanacaqlarda naviqasiya sistemi də gözdən əlillər üçün uyğunlaşdırılmayıb. Gözdən əlillər hansı avtobusun dayanacağa yaxınlaşdığını bilmirlər. Halbuki, inkişaf etmiş bir çox ölkələrdə gözdən əlillər mobil telefon vasitəsilə həmin naviqasiya sisteminə qoşulur, dayanacağa yaxınlaşan avtobusun nömrəsini, yaxud hansı marşrutun hansı istiqamət üzrə hərəkət etdiyini bilirlər. Bakı şəhərində müasir səsli işıqforların quraşdırılmasına böyük ehtiyac var. Bir-iki ünvanda quraşdırılan bu tipli işıqforlar düzgün işləmir, səs qarışır, çaşqınlıq yaradır. Nəticədə gözdən əlillərin hərəkəti yenə də məhdudlaşır. Son illər bardurlərdə dikdirlərin aşağı salınmasını müsbət hal kimi dəyərləndirmək olar. Ancaq bu proses də bütün küçə və prospektləri əhatə etmir, yaxud qurulanlar da gözdən əlillər üçün düzgün istiqamətverici rol oynaya bilmir”.

Rufik İSMAYILOV
Yazı 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə Ombudsmanın "Hüquqlar – hamı üçün!” mövzusunda elan etdiyi müsabiqəyə təqdim edilir







banner

Oxşar Xəbərlər