• şənbə, 20 Aprel, 05:06
  • Baku Bakı 15°C

Təməli maddiyyata yox, mənəviyyata dayanan ailə - Ailə

13.03.20 11:00 3881
Təməli maddiyyata yox, mənəviyyata dayanan ailə - Ailə
Rəşad Baxışov: "Əvvəlcə evlilik məqsədimiz olmayıb deyə, özümüzü olduğumuz kimi tanıtmışıq”
Afaq Baxışova: "Doğru zaman, doğru insan, doğru məkan – evlilik üçün bu "üçlük” birlikdə olmalıdır”
2010-cu ildə dostluqla başlayan münasibətləri 2013-cü ildə evliliklə nəticələnir. Hazırda 6 yaşında, Ahu adında bir qızları var.
"Ailə” rubrikamızın budəfəki qonaqları "Markaman” şirkətinin təsisçisi Rəşad Baxışov və həyat yoldaşı Afaq Baxışovadır.
Cütlüyümüzün tanışlığı marketinqlə bağlı seminarlarda yaranıb. Rəşad deyir ki, həmin dövrdə təlimçi olduğu seminarlardan birinə Afaq da iştirakçı kimi qatılıbmış: "Düzü, tanışlığımızın necə olması detalları ilə yadımda qalmayıb, çünki təxminən 2010-cu ildən danışıram. Üstündən 10 il keçib deyə, bəzi məqamları xatırlamıram. Sonra mən bir işlə bağlı Türkiyəyə gedəsi oldum və əlaqəmiz sosial media üzərindən davam etdi. O zaman sevgi münasibəti, evlilik düşüncəsi yox idi, sadəcə iki tanış kimi danışırdıq. Yəni tamamilə iş münasibəti idi. Türkiyədən qayıtdıqdan sonra da ortaq dostlarımızın vasitəsilə görüşürdük. Məsələn, ad günləri, nə isə tədbir olanda, görüşürdük. Hətta, bir dəfə dostlarla birlikdə Gürcüstana gedib Yeni ili birlikdə qeyd etdik. Belə-belə, daha yaxın dost olmağa başladıq, boş vaxtlarımızı birlikdə keçirirdik. Hər şeyi zaman özü etdi, biz məqsədli şəkildə heç nə etmədik və bu gün, yəni 10 mart bizim nişan günümüzdür. 7 ildir ki, bu həyat yolunda birlikdə addımlayırıq”.
Afaq da münasibətlərində hər şeyin zamanla yarandığını bildirir: "Heç nə ilk görüşdən yaranmadı. Zamanla aramızda bir doğmalaşma oldu. Mənim üçün insanın şəxsi keyfiyyətləri çox önəmlidir. Rəşadı tanıdıqca, onun xasiyyəti, düşüncələri xoşuma gəlirdi. Həmçinin elə bir yaş dövründə idik ki, yeniyetmə sevgi düşüncələri ilə yox, yetkin insan kimi yanaşırdıq. Hər addımımızda məntiqlə düşünürdük”.

"Evlən mənimlə” yazılan bir ətir hədiyyə etdim”
Rəşad deyir ki, o qədər çəkingən imiş ki, evlilik təklifini dilinə gətirə bilməyib və fikrini bir ətirlə ifadə edib: "Bu addımı Afaqın sosial mediada yazdığı statusdan sonra atmaq qərarına gəldim. Dəqiq bilmirəm, o statusu yazanda məni, yoxsa başqasını nəzərdə tutmuşdu. Amma mən öz üzərimə götürmüşdüm (gülür). "Dünya malı dünyada qalar” deyimi var. Afaq bunu yazıb, ardınca da qeyd etmişdi ki, "elə bəziləri mal gəlib, mal da gedəcək”. Bu sözləri oxuyandan sonra düşündüm ki, görəsən, məni nəzərdə tutur? Ondan sonra qərara gəldim ki, addım atım. Amma necə edəcəyimi bilmirdim. Üzərində ingiliscə "merry me” yəni "evlən mənimlə” yazılan bir ətir hədiyyə etdim. Düşünün, hətta, sual da deyildi, konkret əmr kimi çıxırdı (gülür)”.

Afaq bu məqamda gülərək, "mal” söhbətində Rəşadı nəzərdə tutmadığını, başqa məsələ ilə bağlı o statusu yazdığını deyir: "Əslində, o statusun Rəşadla əlaqəsi yox idi. Amma yaxşı ki, yazmışam, bir nəticəsi olub (gülür). Ətri hədiyyə edəndə isə artıq məsələni anlamışdım. Birini sevirsənsə, mütləq bunu dilə gətirib demək məcburiyyətində deyilsən. Şəxsən özüm, sözlərdən çox əməllərə fikir verənəm. Sevgini dilə gətirmək yox, hiss etdirmək lazımdır”.

Bəzi adətlərimizi qoruyub saxlamalıyıq
Toy adətlərindən danışarkən Rəşad bildirir ki, bəzi ənənələri saxlamaq lazımdır: "Nişan və toy adətlərinin heç birini aşırı dərəcədə etmədik. Yəni bacardığımız qədər çalışdıq ki, hər iş qaydasında olsun. Bu cür yanaşmanın düzgün və ya yanlış olması hər kəsin öz dəyər anlayışına qalıb. Hazırda elə dövrdə yaşayırıq ki, heç bir dəyər tanınmır. Belə olanda da həyatın marağı olmur. Bu gün bir çox gəncimiz adətlərimizdən uzaq yaşayır. Hamısını da olmasa, məncə, bəzi adətlərimizi qoruyub saxlamalı, onlara riayət etməliyik”.
Afaq deyir ki, hər addımımızda niyyət önəmlidir, əsas olan hansı işi nə niyyətlə görməyimizdir: "Xonçaların çox və bahalı olması əsasən görüntü üçündür. Burada niyyət kiməsə bunu göstərməkdir. Göstəriş üçün yaşamamalıyıq. Nəyinsə yaxşı olmağını istəyiriksə, bunu özümüz üçün etməliyik. Ailə quracaq xanımların bu mövzuda xüsusi tələblər irəli sürməsi, məncə, düzgün deyil”.

Mənfi görmək istədiyin nüans varsa...
Bir-birini tanıma müddətindən danışarkən Rəşad deyir ki, münasibətləri dost kimi başladığı üçün bu proses tam səmimi şəkildə keçib: "Bəzi insanlar evlilik niyyəti ilə münasibət qurarkən müəyyən qədər ehtiyatlı olmağa, mənfi tərəflərini göstərməməyə çalışırlar. Amma bizdə əvvəlcədən evlilik məqsədi olmayıb deyə, özümüzü olduğumuz kimi tanıtmışıq. Yəni 2010-cu ildən tanış idik, 2013-cü ildə evləndik. 3 ildə bir-birimizin bütün mənfi və müsbət keyfiyyətlərini görmüşdük və evlilikdən sonra bir-birimizdə ciddi dəyişikliklər kəşf etmədik. Həmçinin insanın yanaşmasından da çox şey asılıdır. Əgər mənfi görmək istədiyin bir nüans varsa, onu mütləq mənfi görəcəksən”.
Səmimi olmaq lazımdır
Afaq isə insanların özlərini tanıdarkən səmimi olmamalarının növbəti mərhələdə ailənin dağılmasına şərait yaratdığını deyir: "Əslində, ailələrin dağılmasının səbəbləri çoxdur. Məsələn, bir-birini tanımadan ailə qurmaq, evləndikdən sonra bəzi problemlərin yaranmasına gətirib çıxardır. Gərək özünü olduğun kimi tanıdasan ki, qarşı tərəf də necə biri ilə ailə qurduğunu bilsin. Bundan başqa, maddiyyata önəm verib ailə qururlar, sonra da işlər yolunda getməyəndə ilk çıxış yolunu boşanmaqda görürlər. Ona görə də maddiyyata yox, mənəviyyata dayanıqlı ailə qurmaq lazımdır”.

Evimizin olmasını istərdik, amma...
Cütlüyümüz 7 ildir evli olsalar da, hələ də evləri yoxdur. Bu isə bəzi ailələrdə problemə səbəb olan nüansdır. Yəni bəzi xanımlar evlilik zamanı bəyin evinin olmasına fikir verirlər. Afaq deyir ki, xanımlardan çox, onların ailələri bu tələbi irəli sürür: "Açığı, mənim də ailəm bu mövzuda narahat idi. Rəşadı tanıdığım, ona güvəndiyim üçün bu məsələdə bir problem yaşamadıq. Başımıza nə gələcəyi bəlli deyil. Evi olan biri ilə evlənib, sabah evsiz qala bilərsiniz. Yəni həyatda heç nəyin sığortası yoxdur. Lakin bu cür tələbi olanları da qınamıram. Biz evləndiyimiz gündən kirayədə yaşayırıq. Təbii ki, evimizin olmasını istərdik. Çünki qazancımızın böyük hissəsi ev kirayəsinə gedir. Evimiz olsa, daha yaxşı olardı, amma kirayədə yaşamaq da münasibətimizə mənfi təsir etmir”.
Valideynlik məsələsinə gəlincə isə Rəşad qeyd edir ki, qızları Ahunun tərbiyəsində Afaqın rolu daha çoxdur: "Etiraf edirəm ki, burada əsas valideynlik işi Afaqın üzərindədir. Mən işlə bağlı olaraq səhər çıxıram, axşam gəlirəm. Elə vaxt gəlirəm ki, onda Ahu yatmış olur. Ona görə, fürsət tapan kimi onunla vaxt keçirməyə çalışıram”.

Evliliyin məsuliyyətini dərk etsinlər
"Evlənmək istəyən gənclərə məsləhətiniz nədir” soruşanda Rəşad gülə-gülə "evlənməsinlər” dedi: "Təbii ki, bu, bir zarafatdır. Gənclərə onu məsləhət görə bilərəm ki, ilk olaraq evliliyin məsuliyyətini dərk etsinlər. Bundan başqa, evlənən şəxslərin əsəbləri yerində olmalıdır. Çox tez hövsələdən çıxmamalıdırlar. Bir-birlərini anlamağa çalışsınlar. Yaxşı olar ki, evliliyi 30 yaşdan sonraya saxlamasınlar”.
Afaq isə məsləhətlərini daha çox xanımlara ünvanladı. Tövsiyə etdi ki, xanımlar ailə qurmaq üçün tələsməsinlər: "Həyatda əsas məqsədləri evlənmək olmasın. İlk olaraq özlərini maddi cəhətdən təmin edə biləcək statusa malik olsunlar. İş həyatında müəyyən təcrübə qazansınlar, daha sonra ailə haqqında düşünsünlər. Nə qədər ki, subaydırlar, bundan düzgün istifadə etsinlər. Evləndikdən, üstəlik, uşaq sahibi olduqdan sonra nələrisə etmək çətin olur. Doğru zaman, doğru insan, doğru məkan – evlilik üçün bu "üçlük” birlikdə olmalıdır”.
Günel Azadə

banner

Oxşar Xəbərlər