• çərşənbə axşamı, 16 aprel, 14:44
  • Baku Bakı 19°C

“Televiziyadan sosial şəbəkəyə keçməklə, itirmədim, qazandım” - Fenomen

28.10.19 11:36 1450
“Televiziyadan sosial şəbəkəyə keçməklə, itirmədim, qazandım” - Fenomen
Onu uzun müddət televiziyada keyfiyyətli musiqi verilişlərinin, eyni zamanda özünəməxsus radio aparıcısı kimi tanısaq da, daha sonra ifaçı kimi mahnıları ilə qəlbimizə yol tapdı. "Oppalara”, "Yalnız səni gözlədim”, "Qızım”, "Həyat yoldaşımsan”, "Mənə sən lazımsan” və digər mahnıları ilə yerli və xarici izləyicilərinin sevimlisinə çevrildi. 2 illik fasilədən sonra fərqli ampluada və fərqli formatda yenidən qarşımıza çıxdı. Bəli, "Fenomen” rubrikamızın qonağı aparıcı kimi tanıdığımız, ifaçı kimi sevdiyimiz, bəstəkar kimi mahnılarının vurğunu olduğumuz Murad Arifdir. O, "Youtube”da nümayiş etdirdiyi "Popumuz var” verilişi ilə yenidən tamaşaçılarını təəccübləndirməyi bacardı.
Müsahibimizlə bu gün sosial şəbəkələrin bizə yaratdığı imkanlardan və Murad Arifin bu imkanlardan necə yararlanmağından danışdıq.
- İlk dəfə sosial şəbəkə ilə tanışlığınız nə zamandan yarandı?
- 2004-cü ildə keçirilən bir forum vasitəsi ilə tanış oldum. O zamanlar sosial şəbəkə deyilən bir anlayış yox idi. Forumda biz müəyyən insanlarla tanışlıq yaradır, ünsiyyət qurur, mövzuları müzakirə edirdik. Sosial şəbəkələrin ilkin forması məhz elə forumlar idi. Daha sonra bunlar sosial şəbəkə səviyyəsinə çatdı.
- Bu gün sosial şəbəkələrin yaratdığı imkanlar sizi qane edirmi?
- Sosial şəbəkələrin yaratdığı imkanlar məni tamamilə qane edir. Mühafizəkar ölkə və cəmiyyətlərdə sosial şəbəkələr ifadə azadlığına şərait yaradır. Bundan başqa, bu şəbəkələr bizə geniş imkanlar təqdim edir ki, onların sayəsində biz hansısa kanal rəhbərinin minnətini, xahişini götürmək məcburiyyətində qalmırıq. Misal üçün, mən klipimi çəkdirirəm, tam müstəqil şəkildə sosial şəbəkədə yerləşdirirəm və birbaşa olaraq oradan tamaşaçıya təqdim edirəm. Heç kimdən də asılı deyiləm. Sosial şəbəkələr mənim və mənim kimi ifaçıların yaradıcılığını nümayiş etdirmək üçün geniş imkanlar yaradır. Bu baxımdan, sosial şəbəkələrin mövcudluğunu yüksək qiymətləndirirəm.

- Sizin "Youtube”da yerləşdirilən kliplərinizin izlənmə sayı rekord həddə çatır. Ancaq bəzən görürük ki, keyfiyyətsiz mahnılar belə çox izlənilir. Belə olduğu halda, keyfiyyətli mahnının izlənmə sayı ilə keyfiyyətsizin izlənmə sayı bərabərlik təşkil edir. Bu mövzuya münasibətiniz necədir?
- "Youtube”da yerləşdirilən mahnıların izlənmə sayını keyfiyyətin göstəricisi hesab etmək düzgün deyil. Mahnının izlənmə sayı ilə keyfiyyətin heç bir əlaqəsi yoxdur. Misal, üçün mənim "Oppallara” mahnımın 21 milyon baxış sayı var. Bu, Azərbaycan əhalisi üçün böyük göstəricidir. Belə olduğu halda, ortaya bir sual çıxır: Bu mənim ən keyfiyyətli mahnımdırmı? Əlbəttə ki, yox.

- Bəs sizin keyfiyyətli hesab etdiyiniz mahnılarınız hansılardır?
- "Sevgililər”, "Saçların”, Dilarə Kazımova ilə birlikdə səsləndirdiyim "Yanız səni gözlədim” mahnılarımı daha keyfiyyətli hesab edirəm. Ancaq kütlənin öz zövqü var. Kim hansı mahnını dinləyirsə, halal xoşları olsun.

- Murad bəy, istərdik, sosial şəbəkədə fenomenə çevrilən "Popumuz var” verilişindən danışaq. Bu veriliş hansı zərurətdən yarandı?
- "Popumuz var” içimdəki jurnalist qurdunu öldürmək üçün yaratdığım layihə idi. Televiziyadan ərizəmi yazıb çıxdım. İki ildən çoxdur ki, televiziya verilişi aparmıram, aparıcılıq etmək istəmirəm. Aparıcılıq qabiliyyətimi hardasa tətbiq etməli idim. Bunun üçün "Youtube”da belə bir layihəyə başladım.

- Verilişə qonaqları dəvət edərkən nəyə daha çox diqqət edirsiniz?
- Danışmaq istədiyim insanları verilişimə dəvət edib, onlarla mənə maraqlı olan mövzulardan danışırıq. Misal üçün, filan insanı tanımaq istəyirəm, onu dəvət edirəm, onunla maraq dairəmdə olan mövzular əhatəsində danışıram.

- "Filankəsi verilişimə dəvət etsəm, daha çox izlənilərəm” – düşüncəsi ilə dəvət etdiyiniz qonaqlar olubmu?
- Əsla. Mən gündəmdə olan insanları dəvət etmirəm. İnsanları dəvət edirəm ki, gündəm olsunlar (gülürük). Gördüyünüz qədəri ilə, hər yeni veriliş yayımlandıqdan sonra saytlarda orda müzakirə olunan mövzularla bağlı bir çox məqalələr hazırlanır. Daha sonra insanlar verilişlə bağlı fikirlərini qeyd edirlər, orada tənqid də olur, tərif də. Bunun özü bir reaksiyadır. Mən orada bütün jurnalistik imkanlarımı ortaya qoyuram. Hesab edirəm ki, əgər bir insan nəyisə ürəkdən edirsə, mütləq onun yaxşı nəticəsini görür.

- "Popumuz var” verilişini fərqli edən nədir?
- "Popumuz var” verilişində azadlıq var. İnsanlar alışmadığı sərbəstliyi bu verilişdə görə bilirlər. Bu veriliş teleməkanın sıxılmış məhsulu deyil. Mən şəxsi baxışlarımı nəzərə alaraq, ora kimi istədim dəvət edirəm, nə istəyirəm geyinirəm, yeri gələndə kəskin ola bilirəm. Burada müdirim, departament rəhbərim yoxdur. İşə səhər saat 8-də gəlib qol çəkmək kimi bir məsuliyyətim də yoxdur. Kefim istəyəndə verilişimi çəkirəm, istəməyəndə deyirəm ki, veriliş olmayacaq. Misal üçün, bu yaxınlarda böyük masştablı "Səs Azərbaycan” layihəsinə dəvət almışam. Bu, lisenziyalı bir layihədir. Format etibarilə məni bura uyğun bildilər. Mart ayının 29-na kimi "Səs Azərbaycan” yarışmasında münsif kimi iştirak edəcəyəm. Bu səbəbdən "Popumuz var” verilişini çəkməyə imkan yoxdur. Əlimdə iki veriliş var, onların da montajı bitdikdən sonra təqdim edəcəm. Bir də yeni verilişi 2020-ci ildə zamanım olanda çəkəcəyəm. "Popumuz var” verilişində böyük bir fasilə olacaq. Elə sizin vasitənizlə bildirim ki, qarşıdan gələn aylarda "Popumuz var” verilişi olmayacaq.

- Verilişdə nümayiş olunan Top 10-luğu necə təyin edirsiniz? Burada yer tutan reperləri və gənc ifaçıların mahnılarını, demək ola ki, biz nə televiziyada, nə də sosial şəbəkələrdə görürük.
- 15 il radioda musiqi redaktoru, musiqili veriliş aparıcısı olmuşam. Telekanallarımızdan fərqli olaraq ölkəmizin istedadlı gənclərini üzə çıxarmağa çalışıram. İstedadlı gəncləri axtarıb tapır, onları araşdırır, "Youtube” kanallarına baxıram. Bəzən olur ki, şəxsi əlaqələrim vasitəsi ilə o mahnıları əldə edirəm. Hər şey istəkdən asılıdır. Bu gün davamlı olaraq televiziyada və radiolarda eyni simalar və eyni səsləri görürük. Ölkəmizdə o qədər istedadlı gənclər var ki, sadəcə olaraq bizim mətbuatımız onları araşdırmağa tənbəllik edir. Efirlərimiz yeni simalara, yeni adlara, xüsusən də gənclərə qarşı mühafizəkardır. Aparıb radiolara mahnı təqdim etdikdə, mahnının nədən bəhs etdiyinə, keyfiyyətinə belə baxmırlar. Soruşurlar ki, sən kimsən, nəçisən? Əgər heç bir titulun yoxdursa, o mahnı ya gündə bir dəfə radioda veriləcək, ya da heç verilməyəcək. Allah sosial şəbəkələri çıxaranların canını sağ eləsin, onlar olmasaydı, istedadlı gənclərimiz nə edərdi?

- Sosial şəbəkələrin rəqabətdə televiziyanı üstələdiyi deyilir. Sizin bu mövzuda fikirləriniz maraqlıdır.
- Təkcə bizdə deyil, bütün dünyada eyni proses gedir. İnsanlar bu gün evə gedib televiziyanı açıb, filan verilişə baxmaq istəmirlər. Gözləyirlər ki, maraq dairələrində olan veriliş "Youtube”a yerləşdirsin, rahat ortamda, rahat məkanda açıb internet vasitəsi ilə baxsınlar. Bu günün tamaşaçısı hər hansı bir verilişi izləmək istəyirsə, bunun zaman və məkan anlayışı qalmır. Bu, zamanın texnoloji diktəsidir, bizim kefimizlə olan bir şey deyil.

- İnsanlar sizin verilişinizi izlədiyi halda, siz kimləri izləyirsiniz?
- Yurdumun o qədər dəyərli, istedadlı insanları var ki.

- Hər bir yeni işin ilki çətin ərsəyə gəlir. Çıxdığınız, cığırı olmayan bu yeni yolda hansı çətinliklərlə üzləşdiniz?
- Yeni başlayanda, hər verilişimdə öz formatımı axtarırdım. Diqqət etsəniz görərsiniz ki, mənim birinci verilişimlə onuncunun arasında ideoloji, ağırlıq fərqləri var. Getdikcə mövzularım da, qonaqlarım da ciddiləşməyə başladı. Hiss etdim ki, verilişdə müzakirə olunan mövzular cəmiyyətdə öz əks-sədasını doğurur. Və müzakirə olunan məsələlər öz həllini tapmağa başladı. Gördüm ki, bu veriliş əyləncədən kənara çıxır. Bu verilişdə artıq ciddi addımlar atılmağa başladı. Əslində mən bunu hədəf seçməmişdim.

- Yola çıxarkən qarşınıza nəyi hədəf qoymuşdunuz?
- Maraqlı insanlarla maraqlı söhbət etmək istəyi ilə yola çıxmışdım. Az əvvəl qeyd etdiyim kimi, jurnalist qurdunu öldürmək üçün başladım. Böyük məqsədlərim yox idi. Bir də gördüm ki, "Popumuz var” verilişi hər kəsin dilindədir və Murad Arif bu gün həmin verilişə müəyyən müddətlik "stop” deyir. Bir az güc yığdıqdan sonra təzədən gələcəyəm.

- Verilişin əvvəlində qeyd olunur ki, "Popumuz var” televiziyalar üçün deyil. Birdən, televiziyalardan belə bir təklif gəlsə, onda necə?
- 3 telekanal "Popumuz var” verilişi üçün israrlı şəkildə mənə cəlbedici təkliflər edib. Heç birini qəbul etmədim. Çünki "Popumuz var” verilişi yalnız "Youtube”da yayımlansa, yaxşıdır. Onun duzu elə "Youtube”dadır. Nə vaxtsa gələcəkdə bəlkə televiziyada lisenziyalı bir layihə etdim. Əgər hökmən bir veriliş aparmaq istəyirəmsə, elə "Popumuz var”ın aparıcısı olmağa üstünlük verirəm.

- Yəni deyirsiniz ki, sizi bir daha aparıcı kimi efirdə görməyəcəyik?
- Təəssüf ki, məni bir daha efirdə aparıcı qismində görə bilməyəcəksiniz. Bu gün məni heç müğənni qismində də efirlərdə çox görmürsünüz. AzTV, İTV və çox az hallarda ATV telekanallarına çıxıram. Mən verilişlərə gedib, orada fonoqramla da mahnı oxumuram. Bu şeylərə artıq 2 ilə yaxındır ki, "yox” demişəm.

- Nə üçün televiziyalardan incik düşmüsünüz?
- Bu incimək məsələsi deyil. İnsan inkişaf etməlidir, bir yerdə qalmaqla inkişaf etmək mümkün deyil. Bəlli səviyyəyə çatdıqdan sonra nələrdənsə imtina etməlisən ki, daha çoxunu əldə edəsən. Mən televiziyada verilişlərin çoxuna çıxmaqdan imtina edərək daha böyük nailiyyət əldə etdim. Gözlənilən, arzu olunan, tamaşaçıların darıxdığı bir simaya çevrilməkdəyəm. Bu mənim üçün çox qiymətlidir. Yeni mahnımı səhər, günorta, axşam verilişlərində çıxıb ifa etməkdənsə, onu çox maraqlı və keyfiyyətli bir kliplə "Youtube”a yerləşdirirəm və İnstaqramda, Facebookda ajiotaj yaradır. Daha sonra mətbuat nümayəndələri bu haqda saytlarda xəbərlər dərc edir. Bunun effekti daha böyükdür, nəinki televiziyada kimsə sənin yanında soğan qovursun, sən də çıxıb oxuyasan ki, "Mənə sən lazımsan”. Hər şeyi keyfiyyətli şəkildə təqdim etmək lazımdır. Mən televiziyadan uzaqlaşmaqla daha çox qazandım, nəinki itirdim.

Xəyalə Rəis



banner

Oxşar Xəbərlər