• çərşənbə axşamı, 02 iyul, 01:16
  • Baku Bakı 21°C

Tələsik, yoxsa etibarlı sülh? - TƏHLİL

29.06.24 05:44 555
Tələsik, yoxsa etibarlı sülh? - TƏHLİL

Ermənistan baş naziri Nikol Paşinyan iki od arasında qalıb. Paris və Vaşinqtonun hansının sözünə qulaq asmalı olduğunu götür-qoy edir. İrəvanın düşdüyü alovda yanmaması üçün xilas yolu Bakının tələblərini qeyd-şərtsiz yerinə yetirməsindən keçir.

Azərbaycan və Ermənistan arasında sülh sazişi mətninin razılaşdırılması ilə bağlı təkliflər mübadiləsinin 10-cu raundu reallaşıb. Detallar açıqlanmasa da, tərəflərin fikir ayrılıqlarının qaldığı məsələlər məlumdur. Rəsmi Bakının əsas tələbi Azərbaycana qarşı ərazi iddialarının əksini tapdığı Ermənistan Konstitusiyasının dəyişdirilməsidir. Lakin rəsmi İrəvan bu addımı atmaq istəmir, əksinə, "tələsik sülh formulu" ideyasını irəli sürür. 

Məlum formulun əsas tezislərinin hansı mərkəzlərdən qaynaqlandığı da məlumdur. Diqqət edək: iyunun 20-də ABŞ Dövlət katibi Antoni Blinken növbəti dəfə Prezident İlham Əliyevə zəng edib. O, ABŞ-nin iki ölkə arasında münasibətlərin normallaşdırılması prosesinə dəstəyini davam etdirməyə əzmli olduğunu vurğulayıb və tərəfləri tezliklə sülh müqaviləsini imzalamağa dəvət edib. Rəsmi açıqlamadan da göründüyü kimi, Vaşinqton sülh müqaviləsinin "tezliklə" imzalanmasını istəyir. Lakin, sülh yolunda başlıca əngəlin hansı yolla aradan qaldırılmasının yollarını göstərmir. 

ABŞ-nin sülh layihəsi

Bu məsələ ilə bağlı Vaşinqtonun planlarını Blinkenin əvəzinə keçmiş Minsk Qrupunun amerikalı həmsədri olmuş Ceyms Uorlik açıqlayır. Onun sözlərinə görə, Ermənistan Konstitusiyasına düzəlişlər İrəvan və Bakı arasında çərçivə mahiyyəti daşıyacaq sülh sazişinin bağlanması üçün ilkin şərt olmamalıdır: "Bəli, gələcəkdə nə vaxtsa Konstitusiya dəyişdirilməlidir. Amma hamı bilir ki, Ermənistanda bunu etmək asan deyil. Belə bir şərt müqavilənin bağlanmasına mane olacaq". Uorlik bildirir ki, bu məsələ ikitərəfli razılaşma əsasında sənəddə "Konstitusiyaya dəyişikliyin gələcəkdə mümkünlüyü"nün qeyd edilməsi ilə həll oluna bilər. Bəli, dəyişdirilməsi yox, məhz mümkün olması. İrəvanın bu illər ərzində "mümkün" olaraq qeyd etdiyi heç bir razılaşmaya əməl etmədiyi faktdır.   

Vaşinqtonu tələsdirən səbəblər

Bəs nədir Vaşinqtonu bu dərəcədə tələsdirən səbəblər? Bu sualın cavabını da elə ABŞ-nin keçmiş diplomatı cavablandırır. Vaşinqtonun İrəvandakı keçmiş baş diplomatı Con Heffern etiraf edir ki, onun və ABŞ-nin Ermənistandakı bütün səfirlərinin vəzifəsi Ermənistanın siyasi kursunun Qərbə çevirməsini təmin etmək idi. Göründüyü kimi, bu missiya istər işğal dövründə, istərsə də Azərbaycanın tarixi zəfərindən sonra yaşanan geosiyasi proseslər fonunda dəyişməz olaraq qalır. İndi ABŞ-nin bu məsələdə NATO-dan müttəfiqi olan Fransa kimi rəqibi ortaya çıxıb. Onların hər ikisinin əsas missiyası Ermənistanı Qərbə yönləndirmək olsa da, ortada kiçik bir "əmma" var. Fransa üçün Qərb Avropa, ABŞ üçün isə okeanın o tayıdır. Paris Ermənistanı silahlandırmaqla sülhə əngəl olmağa, gərginlik fonunda Cənubi Qafqazda özünə yer etməyə çalışır. Vaşinqton isə, öz məqsədinə "tələsik sülh formulu" vasitəsi ilə nail olmağa cəhd edir. 

“Müttəfiqlər”in Cənubi Qafqaz davası 

Qərbin bu iki mərkəzi arasındakı qarşıdurma elə amerikalı keçmiş diplomatların (əslində Vaşinqton üçün "keçmiş diplomat" ifadəsi bir qədər ritorikdir. Çünki keçmiş səfirlərin hər birinin diplomatik fəaliyyətdən sonra çalışdığı mərkəzlərin Dövlət Departamentindən asılı olduğu, onun müəyyənləşdirdiyi tezislər əsasında bəyanatlar verdikləri məlumdur - A.Ə) bəyanatlarından da açıq hiss edilir. Uorlik Parisin Ermənistana "Sezar" artilleriya sistemləri verməsini hədəfə alaraq Fransanın indiki məqamda yanlış addım atdığını bildirir: “Ermənistanın Fransadan və ya başqa ölkələrdən silah almaq hüququ var. Lakin biz sülh müqaviləsi imzalamağa yaxın olduğumuz ərəfədə Fransanın bu addımı Ermənistanla Azərbaycan arasında münasibətlərdə qıcıq yaradır. Fransa sülh sazişi imzalandıqdan sonra Ermənistanla silah tədarükü ilə bağlı müqavilə bağlamalı idi. Təəssüf ki, biz sülh sazişinə yaxınlaşdıqca belə bir addım çaşqınlıq yaradır və danışıqları daha da çətinləşdirir”. 

Vaşinqtonun ikili oyunu

Vaşinqtonun sülh formuluna yanaşması ilə bağlı rəsmi açıqlamalar üzdə məqbul kimi görünsə də, aysberqin görünməyən tərəfləri də var. Ancaq Bakı üçün bu görünməzliyin mahiyyəti artıq sirr deyil. Çünki ortada 30 illik nəticəsiz danışıqlar təcrübəsi və bağlı qapılar arxasında ortaya qoyulan mövqe var. Elə Vaşinqtonun diplomatik emissarlarının səsləndirdikləri fikirlər, Konqresin bir çox üzvlərinin ortaya qoyduğu mövqe bu qənaətə gəlmək üçün əsasdır. Məsələn, Uorlik "ermənilərin Dağlıq Qarabağa qaytarılması məsələsi sülh müqaviləsinin tərkib hissəsi olmalıdır", "onlara Azərbaycanın tərkibində hər hansı status verilməlidir" kimi bəyanatlarını xatırlatmaq kifayətdir ki, Vaşinqtonun bölgə ilə bağlı siyasətinin əsl mahiyyəti anlaşılsın. Yaxud, bu günlərdə ermənipərəst Adam Şiffin təşəbbüsü ilə 47 konqresmen "Qarabağdakı erməni mədəni, tarixi və dini obyektlərinin qorunub saxlanılması üçün tədbirlərin görülməsi"nə dair dövlət katibi Antoni Blinkenə məktub ünvanlayıb. Bu siyahını uzatmaq da olar.  

İrəvanın yeganə çıxış yolu 

Göründüyü kimi, Ermənistan baş naziri Nikol Paşinyan iki od arasında qalıb. Paris və Vaşinqtonun hansının sözünə qulaq asmalı olduğunu götür-qoy edir. Lakin İrəvanın düşdüyü alovda yanmaması üçün xilas yolu Bakının tələblərini qeyd-şərtsiz yerinə yetirməsindən keçir. Bu şərtlərin nələrdən ibarət olduğu isə Prezident İlham Əliyev Blinkenlə son telefon danışığında bir daha qarşı tərəfin diqqətinə çatdırıb. Hazırda regionda sülh təmin edilib, sülh müqaviləsinin əsasını təşkil edən prinsiplərin və onun mətninin təşəbbüskarı da Azərbaycandır. Danışıqlar ikitərəfli əsasda aparılmalı və normallaşma prosesi, sülh gündəliyinin irəli aparılması səyləri bu çərçivədən kənara çıxmamalıdır. Ən əsası isə, sülhün irəli aparılması üçün  Ermənistanda Konstitusiya, müvafiq qanunlar və ölkədaxili normativ-hüquqi aktlar əsasında Azərbaycana qarşı olan ərazi iddialarına son qoyulmalıdır. Bir sözlə, Bakı üçün "tələsik sülh formulu" məqbul deyil. Azərbaycana qarşı bu istiqamətdə göstərilən və planlaşdırılan təzyiqlər isə əvvəllər olduğu kimi bu dəfə də heç bir nəticə verməyəcək.  

Azad Əliyev

banner

Oxşar Xəbərlər