• cümə, 29 Mart, 16:16
  • Baku Bakı 14°C

Teledərslərin daha hansı növlərini şagirdlərə təklif edə bilərik?

31.03.20 10:15 2327
Teledərslərin daha hansı növlərini şagirdlərə təklif edə bilərik?
Qoşqar Məhərrəmov: Şagird və valideynlər "Təhsil mənim məsuliyyətimdir” tezisini qəbul etməlidirlər

Şagirdlərin teledərslərə və onlayn dərslərə cəlb edilməsi onların üz-üzə təhsilini tam əvəz etməsə də, dərsdən kənar qalmamaları üçün bir vasitə sayılır. Ancaq uşaqlar bu dərslərə bəzi hallarda laqeyd yanaşır, TV qarşısında teledərsləri izləmək həvəsində olmurlar. Üstəlik, valideynlər hazırkı duruma uyğun ev şəraitində onların asudə vaxtları üçün məşğuliyyət tapmaqda çətinlik çəkir və telefon və planşetdən ayıra bilmirlər. Çətin durumu necə yola verməli?
Landau Məktəbinin biolgiya müəllimi, təhsilin idarəedilməsi üzrə mütəxəssis Qoşqar Məhərrəmovla müsahibədə bu kimi suallara aydınlıq gətirməyə çalışdıq.
- Pandemiya ilə bağlı evdə qalmağa məcbur olan şagirdlərə keçirilən teledərslərin və onlayn dərslərin əhəmiyyətini necə izah edərdiniz?
- Koronavirusa görə məktəbə gedə bilməyən şagirdlər üçün təhsilin tək mənbəyi bu onlayn dərslərdir. Təhsil Nazirliyinin bu təşəbbüsü çox təqdirəlayiqdir. Çünki bir çox insanların evində internet yoxdur. Həmçinin hər ailənin kompüteri yoxdur. Valideynlər övladlarına təhsil vermək iqtidarında deyil. Amma inanırıq ki, daxili motivasiyası yüksək olan şagirdlər bu teledərslərdən istifadə edir, müvafiq mövzulara qulaq asaraq dərsləri öyrənirlər.
- Dərslərin hazırlanma və təqdim olunma səviyyəsi sizi qane edirmi?
- Bu dərslər bütün mövzuları əhatə etmədiyindən, şagirdlər çətinlik yaşayırlar. Bəzi şagirdlər müəyyən qədər irəlidə, bəziləri geridədir. Yəni teledərslər bütün şagirdlərin ehtiyacına xitab etmir, amma heç bir təhsil mənbəyi olmamağından yaxşıdır. Əlbəttə, təkmilləçməyə ehtiyacı var. Hazırkı vəziyyət məni qane etmir. Teledərslər distant təhsilin asinxron növünə aiddir. Biz teledərslərin sinxron növünü şagirdlərimizə təklif edə bilərik. Yeni bir televizya kanalı açıb səhərdən axşamacan bütün mövzuları əhatə edə biləvcək şəkildə dərsləri təşkil etmək olardı. Və yaxud yeni bir platforma hazırlayıb, müəllimlərin öz şagirdlərinə televiziya və ya internet yolu ilə dərs vermələrini təmin edə bilərdik. Hazırda bunu bütün ölkə miqyasnda tətbiq edə bilmədiyimizə görə, telekanallardan bu mənada daha təkmil formada və canlı şəkildə necə istifadə edə bilərik? Məsələn, müəllimlər dərsləri mühazirə tipli keçirlər. İnteraktivliyi bir qədər artırmaq olsaydı, daha yaxçşı olardı. Hesab edirəm ki, şagirdlər teledərsi izləyib, canlı yayımda müəllimə sual verə bilsələr, daha effektli olar. Video hazırlayıb telekanal vasitəsilə təqdim etmək də bir versiyadır. Bu sinxrondan bir az geri qalmış olur. Ona görə, hesab edirəm ki, bu dərsləri gün ərzində və uzun müddətdə və şagirdlərin məzmun etibarı ilə qaldıqları yerə uyğun olaraq keçirilsə, daha yaxşı olar. Bu, dünyada geniş yayılmış təcrübədir.
- Ayrı-ayrı məktəblərdə müəllimlər də bəzən siniflər və fənlər üzrə onlayn dərslər keçirlər. Valideynlər bu dərslərin bütün fənləri əhatə etməməsi və təşkili ilə bağlı məlumatlandırmanın düzgün olmadığından şikayətlənirlər. Yəni şagirdlər məlumatsız olduğundan, dərslərə hazırlaşa və ya qrupa vaxtında qoşula bilmirlər. Bu metodu necə təkmilləşdirmək olar?
- Bu, bütün müəllimlərə aid deyil. Bir çox müəllim bunu etmir. Dərs verən müəllimlər daha çox internet, kompüterdən istifadəni, onlayn metodu bilən, motuivasiyası yüksək olan müəllimlərdir. Həmin müəllimlər öz resurslarından və valideynlərin resurslarından istifadə edərək onlara "Zoom Cloud Meetings” kimi platformalar və ya "whatsapp” vasitəsilə səslər göndərirlər. Müəllimlərin bu təşəbbüsü daha alqışalayiqdir. Çünki heç bir mənada televiziyada danışılan dərs, şagirdi nəzərə alaraq danışlan dərs deyil. Bu baxımdan müəllimin öz şagirdlərinə dərs keçməyi televiziya dərsindən daha yaxşıdır. Çünki müəllim o şagirdləri tanıdığı, onların qaldığı yeri, ehtiyaclarını və hər birinin özünəməxsus xüsusiyyətlərini bildiyi üçün öz onlayn dərsində bunları nəzərə alaraq tədris edir. Teledərsdə isə belə bir şey mümkün deyil. Ancaq bu avantajlı və avantajsız quruplar üçün fərq əmələ gətirən vəziyyətdir. Yəni kompüter və internet resursu və bacarığı olmayan müəllimlər həmin dərsləri keçə bilmir. Bu mənada, hazırkı vəziyyəti təkmilləşdirmək üçün dediyim kimi, gün boyunca teledərslərin sayını və canlı olmağını təmin etmək olar. Digər bir problem bu öhdəliyin artıq valideynlərin və şagirdlərin məsuliyyətindən asılı olmasındadır. Yəni onlar həmin dərslərə qatılacaqlarmı? Şagird və valideynlər "Təhsil mənim məsuliyyətimdir” tezisini qəbul etməlidirlər. Teledərsləri icbari etmək mümkün olmadığı üçün bu məsələ şagird və valideynlərin məsuliyyətindədir. Onlar özləri bu məsuliyyəti hiss edib, dərslərdə iştirak etməlidirlər. Çünki hazırda başqa yolu da yoxdur. Hazırkı proqrama görə, mart və aprel ayları üçün bütün fənləri əhatə edəcək mövzular keçilməlidirsə, həmin mövzuları siniflərə görə keçmək durumundayıq. Bu, təhsil işçiləri olaraq bizim vəzifə borcumuzdur. Mən işlədiyim Landau Məktəbində bunu həyata keçirirəm. Harda qalmışıqsa, oradan dərslərimizə davam edirik. Dövlət məktəblərində də bu qayda ilə həyata keçirilir. Teledərslərin keçirilməsi ilə bağlı həm mediada, həm TV-lərdə məlumat verilir. İmkan olduğu qədər izlənməlidir. Əgər izlənmə imkanı yoxdursa, demək, o şagirdlər avantajsız qruplardadır. İmkan var, ancaq izlənilmirsə, bu, artıq məsuliyyət məsələsidir. Təhsilverənin də işi bütün fənləri və mövzuları əhatə etməkdir.
- TV-nin qarşısında oturub həvəslə hər hansə zorakı filmi və ya əyləncəli verilişi izləyən uşağı nə üçün teledərslərə görə ekran qarşısında əyləşdirmək çətindir?
- Bu situasiyanı uşaqları təşvişə salmadan izah etmək lazımdır. Teledərslərin və onlayn dərslərin məktəbin əvəzi olduğunu mütləq qeyd etməli və uşaqlar dərslərə qoşulmalıdırlar. Şagirdlər bunu başa düşdükdə, dərslərdə iştirak edəcəklər. Onların həvəssizliyini də şagirdlər müəllimlərin, valideynlərin köməyi və öz qüvvələri ilə aradan qaldırmağa çalışmalıdırlar. Bunun ardınca normal dərs prosesinə qayıdanda, e-dərsliklərdən istifadə etməklə, bəlkə, daha inkişaf etmiş halda məktəbə geri qayıtmalıdırlar. Bu, üz-üzə təhsilə dəstək mahiyyəti daşıyan bir təhsildir.
- Valideynlər həmçinin uşaqlarının əlindən, belə deyim, təngə gəldiklərindən gileylənirlər. Sizcə, uşaqların başlarının qatılması üçün asudə vaxtlarını başqa hansı məşğuliyyətlərlə təmin etmək olar?
- Uşaqlar həqiqətən evdə çox çətin bir situasiyadadırlar. İstədikləri kimi çölə çıxa, yaşıdları ilə oynaya bilmirlər. Evdə sıxılırlar, enerjilərini hara xərcləyəcəklərini də bilmirlər. Valideynlər də narahatdır. Anca bu uşaqlara valideynlərin empatya ilə yanaşması, bu durumu başa düşməsi və normal qəbul etməsi lazımdır. Valideynlər uşaqları ilə məsələn, kitaboxuma, oyun oynama və s. kimi müəyyən fəaliyyətlər təşkil etməlidirlər. Madam ki, valideynlər də, şagirdlər də evdədirlərsə, günü vaxtlara bölüb proqram hazırlamalı və uşaqlar da bu proqramın hazırlanmasında iştirak etməlidirlər. Əgər uşaqlar da bu hazırlıqda iştirak etsələr, onda daha demokratik bir ev mühiti yaranar. Uşaqlar da bu proqramı qəbul edərlər. Oyunlar oynamaq, nəsə düzəltmək, evin təmizliyi, yemək bişirmə, dərslər oxumaq, birlikdə cizgi filmi izləmək və uşaqların yaşına uyğun film izləyib müzakirə etmək onların vaxtının daha səmərəli keçməsinə səbəb olar. Ancaq valideynlər situasiyanı öz axarına buraxarlarsa, onda televizorun, kompüterin qarşısında daha da mənfi enerji ilə dolacaqlar və bu da evin ab-havasına ciddi mənada problemlər yaradacaq. Valideynlər bu məqamda çox iradəli olmalı, övladlarını teledərslərə cəlb etməlidirlər. Uşaqlar valideynlərinin ciddiliyini gördükdə onların dediklərinə əməl edəcəklər. Əgər valideynlər məsələni ciddiyə almasalar, uşaqların əksəriyyəti televiziyadan dərsləri öyrənməyin tərəfdarı olmayacaqlar. Şagirdlərin arasında motivasiyası olan azdır. Bu məsələdə valideynlərin ciddiyyətindən çox şey asılıdır. Onlar bu işə ciddi yanaşmalı və situasiyanı nəzarətdə saxlamalıdırlar.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər